Month: January 2018

  • “Müğənni ilə ailə qurmaq ağıllı addımdır” – Cavanşir Məmmədov

    Əməkdar artist Cavanşir Məmmədov “5/5” verilişinin qonağı olub.

    İfaçı müğənni ilə ailə quranları qınayanlara münasibət bildirib:

    “Əslində müğənni ilə ailə qurmaq ağıllı addımdır. Çünki müğənni studiyadan çıxandan sonra özünə qarşı o qədər diqqətli olur ki… Ayağı büdrəyən kimi hamı bilir və saytlar yazır. Tanınmamış adam hara gedir, hardan gəlir heç kim bilmir. İnsan özü düzgün olandan sonra yüz adam içinə girsə də, kişi kimi girib, kişi kimi çıxacaq”.
    ///Axşam.az

  • Pakistan mətbuatında 20 yanvarla bağlı məqalə dərc edilib

    Pakistanın “National Herald Tribune” qəzetində “20 Yanvar – Qara Yanvar və Azərbaycanın müstəqilliyi” sərlövhəli məqalə dərc olunub.

    Azərbaycanın Pakistandakı səfirliyindən Metbuat.az-a verilən məlumata görə, məqalənin girişində Azərbaycanın Pakistandakı səfirliyinin 22 yanvar tarixində Pakistan Daxili İşlər Nazirliyi və İslamabad Polisi ilə birlikdə şəhidləri anma tədbirinə hazırlaşdığı, eyni zamanda Pakistan-Azərbaycan Media Forumu tərəfindən 18 yanvar tarixində İbn Xaldun Akademiyasında bu səpkidə bir tədbirin keçirildiyi ilə bağlı məlumat verilir.

    Daha sonra 20 Yanvar hadisələri ilə bağlı hissəyə keçən müəllif, ölkəmizdə həmin dövrdə baş qaldırmış etirazı yatırmaq və Azərbaycan xalqına “dərs vermək” məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik erməniləşmiş Sovet qoşunun Bakıya girdiyi, dinc əhalini atəşə tutduğu, tanklarla qabağına keçən hər şeyi əzib keçdiyi bildirilir. Bu qanlı və dəhşətli hadisə nəticəsində aralarında qadın və uşaqların, digər millətlərin də nümayəndələrinin olduğu 130-dan çox insanın həlak olduğu, 700 nəfərin yaralandığı və 841 nəfərin həbs edildiyi vurğulanır.

    Bildirilir ki, bütün təzyiqlərə baxmayaraq növbəti gün Azərbaycan SSR-in Moskvadakı Nümayəndəliyinə gələn məhz ümummilli lider Heydər Əliyev, həyatına olan təhlükəni də gözə alaraq, ilk dəfə olaraq qətliamın baş verməsində Sovet rəhbərliyini açıq şəkildə həmin dövrdə ittiham edir və hadisəni dünya ictimaiyyətinin diqqətinə çatdırır.

    Məqalədə 1990-cı ilin 22 yanvar tarixində bir milyondan çox insanın şəhidləri dəfn etmək üçün küçələrə çıxdığı və bundan sonra Azərbaycanda 40 günlük ümumi tətilin elan olunduğu diqqətə çatdırılır və bunun Azərbaycan neftindən asılı olan Sovet iqtisadiyyatına ciddi zərər yetirildiyi qeyd olunur. Həmçinin, hadisəyə olan beynəlxalq reaksiyaya da toxunulur və beynəlxalq təşkilatların hesabatları vurğulanır.

    Müəllif 20 Yanvar hadisələrinin Azərbaycan tarixində dönüş və qurur nöqtəsi olduğunu bildirir, təzyiqlərə və çətinliklərə baxmayaraq Azərbaycan xalqının əzmlə mübarizə apardığına və nəticədə 1991-ci ildə öz müstəqilliyinə qovuşduğuna diqqət çəkilir.

    Sonda, Azərbaycan Prezidentinin sərəncamı ilə “20 Yanvar Şəhidləri” ailələrinin dövlət himayəsi altına alındığı və onların hər cür ehtiyaclarının qarşılandığı qeyd olunur, Azərbaycan xalqının da öz qəhrəman oğullarını və qızlarını unutmayaraq hər il yüz minlərlə insanın Şəhidlər Xiyabanını ziyarət etdiyi bildirilir.

  • Allahla yanaşı, bu sözlər də böyük hərflə yazılacaq – Yeni orfoqrafiya qaydaları

    İddia edilir ki, Allah, Quran sözlərinin böyük hərflə yazılması ilk dəfə təklif olunur. Birincisi, Allah və Quran sözləri orfoqrafiya lüğətinin əvvəlki nəşrində də böyük hərflə yazılıb. İkincisi, Allah sözü ilə ekvivalent olan Tanrı, Rəbb sözlərinin də ilk hərflərinin böyük hərflə yazılması daha məqsədəuyğundur”.

    Bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli deyib.

    B.Məhərrəmlinin sözlərinə görə, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanıb və ictimaiyyətə geniş müzakirə üçün təqdim olunub. Orfoqrafiya qaydaları yalnız geniş müzakirədən sonra təsdiq olunmaq üçün Nazirlər Kabinetinə göndəriləcək:

    “Son zamanlar mətbuatda bu qaydalarla bağlı müzakirələr aparılır, həm haqlı, həm də haqsız fikirlər səsləndirilir. Hətta bəzi tanınmış ziyalılar yeni orfoqrafiya lüğətinin və qaydalarının tərtibinə ehtiyac olmadığını bildirirlər. Xatırladırıq ki, Azərbaycan Respublikasının 2002-ci il 30 sentyabr tarixli “Dövlət dili haqqında” Qanununun 13-cü bəndinə əsasən orfoqrafiya lüğəti 5 ildən bir dəyişdirilməlidir. Yəni orfoqrafiya lüğətinin dəyişdirilməsi dövlətimizin qanunu ilə tənzimlənir. Dilçilik İnstitutu bu işi özbaşına həyata keçirə bilməz. Əgər yeni orfoqrafiya lüğəti tərtib edilirsə, həmin lüğətin əvvəlində orfoqrafiya qaydaları da verilməlidir. Bu, hər zaman belə olub. Həmin qaydalar da Nazirlər Kabineti tərəfindən təsdiq edilir”.

    B.Məhərrəmli qeyd edib ki, “Orfoqrafiya lüğəti”nin sonuncu, 2013-cü ildə çap olunmuş 110 563 sözdən ibarət 6-cı nəşrində yol verilən qüsurları aradan qaldırmaq üçün yeni orfoqrafiya lüğətinin tərtib olunmasına ehtiyac var:

    “Uzun müddətdir mətbuatda həmin lüğət kifayət qədər tənqid edilmişdir. Çünki həmin lüğətdə artıq dilimizi tərk etmiş ərəb və fars sözləri, süni sözlər, arxaik sözlər, dialekt sözləri yer alıb. Həmin lüğətdə dilimizə daxil olan yeni sözlər öz əksini tapmayıb. Yeni orfoqrafiya lüğətinə iki minə yaxın yeni sözün daxil edilməsi nəzərdə tutulur. Təəssüf ki, mətbuatda bu məsələ ilə bağlı bəzən qərəzli münasibət də öz əksini tapır, verilən informasiyalar reallığı əks etdirmir, elmi dəlillərə əsaslanmayan, həqiqətə uyğun olmayan məlumatlar yayılır. Məlumatlarda göstərilir ki, guya bu qaydalar artıq təsdiqlənmişdir. Halbuki “Yeni orfoqrafiya qaydaları” hələ layihə səviyyəsindədir. Bu qaydaların müzakirəyə verilməsinin məqsədi odur ki, ictimaiyyət yeni qaydalarla tanış olsun və ona münasibət bildirsin, nəticədə, layihə ilə bağlı dəyərli fikirlər sonda nəzərə alınsın. Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu yeni qaydalarla bağlı təklifləri, müsbət fikirləri mütləq nəzərə alacaq, bütün tənqidi mülahizələri təhlil edəcək və ortaq qərar qəbul edəndən sonra Nazirlər Kabinetinə təqdim edəcək. Biz razıyıq ki, qaydalarda kifayət qədər müzakirə olunmalı, izaha ehtiyacı olan məsələlər mövcuddur. Ancaq bu məsələləri səbrlə, təmkinlə həll etmək lazımdır. Bu qaydaların müzakirəsi adı altında Dilçilik İnstitutuna hücum etməyə isə heç bir lüzum yoxdur”.

    B.Məhərrəmli bildirib ki, sosial şəbəkələrdə orfoqrafiya qaydaları ilə bağlı Dilçilik İnstitutunda çalışan alimlərimizin təhqir dolu ifadələrlə alçaldılması nə mədəniyyətimizə, nə də mənəviyyatımıza yaraşan hadisədir.

    İnstitutun direktor müavini əlavə edib ki, müzakirəyə verilən qaydalar 69 maddədən ibarətdir. Əvvəlki lüğətdə isə 38 maddə verilmişdi. Ancaq həmin maddələr yazımızda ortaya çıxan bir sıra sualları cavablandıra bilmirdi:

    “Məsələn, apostrof işarəsi orfoqrafiyamızda ləğv olunandan sonra cürət, məşəl, vüsət tipli sözlərin sətirdən sətrə keçirilməsi məsələsində bir anlaşılmazlıq yaranmışdı. İndiki qaydalarda yazılır ki, həmin sözlər sətirdən sətrə cü-rət, mə-şəl kimi keçirilməlidir. Bu izah da mövcud anlaşılmazlığa son qoyur. Mətbuatda iddia olunur ki, yeni orfoqrafiya qaydalarında Baş Nazir sözünün ilk hərflərinin böyük hərflə yazılması təklif edilir. Halbuki “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində bu qayda verilmişdir, yəni həmin qayda heç də yeni deyil. Eyni zamanda iddia edilir ki, Allah, Quran sözlərinin böyük hərflə yazılması ilk dəfə təklif olunur. Birincisi, Allah və Quran sözləri orfoqrafiya lüğətinin əvvəlki nəşrində də böyük hərflə yazılmışdır. İkincisi, Allah sözü ilə ekvivalent olan Tanrı, Rəbb sözlərinin də ilk hərflərinin böyük hərflə yazılması daha məqsədəuyğundur. Yəni bu tipli məlumatlar sübut edir ki, bəzi insanların əvvəlki qaydalardan xəbəri yoxdur”.

    Qeyd edək ki, Rəbb və Tanrı sözlərinin böyük hərflə yazılması yeni orfoqrafiya qaydaları layihəsində öz əksini tapıb.

  • Bu avtobusların fəaliyyəti dayandırılacaq

    134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.

    Fatmayı bağları (Çimərlik) – “Azadlıq prospekti” metrostansiyası istiqamətində hərəkət edən 134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. 

    Bakı Nəqliyyat Agentliyindən “Ölkə.Az”a verilən məlumata görə, dəyişikliyə əsasən bu marşrut xətti üzrə avtobuslar Fatmayı bağları (Çimərlik) – “Sədərək” ticarət mərkəzi (son dayanacaq) istiqamətində hərəkət edəcək. Dəyişikliklə əlaqədar olaraq daşıyıcıya sərnişin tələbatına uyğun olaraq marşrut üzrə avtobusların sayının artırılması ilə bağlı göstəriş verilib.

    Qeyd edək ki, dəyişiklik edilməsinə səbəb 134 nömrəli marşrutun hərəkət sxemi Goradil (Fatmayı) bağları – “Azadlıq prospekti” metrostansiyası istiqamətində təşkil edilmiş 108 nömrəli müntəzəm marşrutun hərəkət sxemi ilə (“Azadlıq prospekti” metrostansiyasından Goradil qəsəbəsinə “Dəniz” marketə qədər) 76% (29.68 km)  üst-üstə düşməsidir. Məlumat üçün bildiririk ki, eyni səbəbdən 155 nömrəli marşrut xətti isə tamamilə ləvğ edilib. Sərnişin axını nəzərə alınaraq, ləğv edilən 155 nömrəli marşrut xətti üzrə mövcud olan nəqliyyat vasitələri 108 nömrəli marşrut xəttinə əlavə olunmaqla xətt üzrə avtobus sayı artırılacaq.
    Yanvar ayının 21-dən 134 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sınaq məqsədi ilə yenilənmiş hərəkət sxemi üzrə sərnişinlərə xidmət edəcək. Elə həmin tarixdən 155 nömrəli marşrut xətti üzrə avtobusların fəaliyyəti də dayandırılacaq.

  • 20 Yanvar günü hansı yollar bağlanacaq — Vaqif Əsədovdan AÇIQLAMA

    “20 Yanvar günü şəhərin mərkəzi yol və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq”.

    Bunu “Ölkə.Az”-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. 

    V.Əsədov deyib ki, yanvarın 20-i səhər saat 08:00-dan mərasim bitənədək, xüsusilə Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti istiqamətində kəsişən küçə və prospektlərdə avtomobillərin hərəkəti müvəqqəti dayandırılacaq.
    Onun sözlərinə görə, 20 Yanvar faciəsi qurbanlarını ziyarətə gələn vətəndaşların təhülkəsizliyini təmin etmək məqsədilə Mehdi Hüseyn küçəsi, Teleteatr binasının yanından, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin, Mətbuat prospekti ilə Mikayıl Müşfiq dairəsinin, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişmələrindən Parlament prospekti-Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək:

    “Həmin gün Parlament prospekti üzrə hərkət edən sürücülərə alternativ yollardan istifadə etməsi tövsiyə edlir. Sürücülərdən xahiş edirik ki, mövcud vəziyyətlə bağlı alternativ yollardan istifadə etsinlər. Eyni zamanda ziyarətçilərin də ictimai nəqliyyatlardan istifadə etməsi arzu olunandır”.

    V.Əsədov 20 Yanvar günü sürücülərin musiqili siqnallardan istifadə etməsinin də qanunla qadağan olunduğunu söyləyib:
    “20 Yanvar xalqımızın faciəsidir. Düşünmürəm ki, vicdanı olan hər hansı azərbaycanlı sürücü 20 Yanvar günü səs-küylü və musiqili siqnallardan istifadə etsin. İlk növbədə bu qanunla tənzimlənir. Əgər Yol Polis əməkdaşları tərəfindən bu cür hallara rast gəlinərsə, dərhal qanunun tələblərinə uyğun olaraq lazımı addımlar atılacaq”. 

    V.Əsədov 20 Yanvar günü sürücülərin avtomobillərdə yüksək səslə musiqiləri də dinləməsinin tövsiyə olunmadığını bildirib.

  • Azərbaycanda vərəmlə bağlı ilk epidemioloji xəritə yaradılacaq

    Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu “Azərbaycan Respublikasında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştamlarının molekulyar-genetik mutasiyalarının tədqiqi” layihəsi Prezident yanında Elmin İnkişafı Fondunun kompleks elmi-tədqiqat proqramları üzrə qrant müsabiqəsinin (EİF-KETPL-2015-1(25)) qalib layihələrinin siyahısına daxil edilib.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Ölkə.Az”a verilən məlumata görə, layihə çərçivəsində aparılacaq tədqiqatın məqsədi – Azərbaycanın müxtəlif regionlarında ağciyər vərəmi olan xəstələrdə rast gəlinən vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyinin tədqiqidir.

    Layihə çərçivəsində 2017-ci ilin aprel ayından elmi işlər başlanıb və davam etdirilir. Layihənin icrasında Elmi Tədqiqat Ağciyər Xəstəlikləri institutunun elmi işçiləri iştirak edirlər. Fəaliyyət çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyətlər, o cümlədən, Azərbaycan ərazisində rast gəlinən vərəm ştamlarının molekulyar-genetik tədqiqi, ölkədə rast gəlinən vərəm ştamlarının izolyantları muzeyinin yaradılması, vərəm mikobakteriyalarının genetik mutasiya xüsusiyyətləri və yayılma intensivliyi, həmçinin dərmanlara davamlılıq spektri göstərilməklə ilk epidemioloji xəritənin tərtibi, vərəm infeksiyasının dərmanlara davamlı formalarının erkən aşkarlanması və vərəmin diaqnostik alqoritminin təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və s. nəzərdə tutulub. 
    Azərbaycanın müxtəlif regionlarında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyinin tədqiqi vasitəsi ilə erkən diaqnostika və epidemioloji nəzarət tədbirlərinin təkmilləşdirilməsi layihənin əsas elimi tədqiqat ideyasıdır.

    Azərbaycanın müxtəlif regionlarında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyinin tədqiqi vasitəsi ilə erkən diaqnostika və epidemioloji nəzarət tədbirlərinin təkmilləşdirilməsi layihənin əsas məqsədidir.

    Layihənin vəzifələri sırasına, Azərbaycan ərazisində rast gəlinən vərəm ştamlarının molekulyar-genetik tədqiqi vasitəsi ilə ölkə üçün spesifik genotipik və mutasiya xüsusiyyətlərin öyrənilməsi, laborator tədqiqatların nəticələrinin analitik təhlili məqsədilə ölkə üzrə məlumat bazasının yaradılması, məlumatların müxtəlif statistik təhlil proqramları vasitəsi ilə analizi və s. daxildir.

    Layihənin əsas elmi ideyası Azərbaycan ərazisində ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriya ştamlarının genetik xüsusiyyətlərinin tədqiqi və dərmanlara davamlılıq formalaşmış ştamlarının genetik mutasiya xassələrinin öyrənilməsidir. Bu tədqiqatlar nəticəsində əldə olunmuş məlumatlar və laborator nümunələr ölkədə ilk dəfə olaraq vərəm mikobakteriyalarının dərmanlara davamlılıq və genotipik xüsusiyyətləri nəzərə alınmaqla, ölkə üçün ilk epidemioloji xəritənin tərtibi üçün istifadə olunacaq və ölkə ərazisində vərəmə dair epidemioloji nəzarət tədbirlərinin səmərəliliyini artırmağa imkan verəcək.

    Tədqiqat nəticəsində əldə olunacaq göstəricilər ölkədə vərəm infeksiyasının genotipi və genetik mutasiya xassələrini öyrənərək, epidemioloji təhlükəsizlik tədbirlərin təkmilləşdirilməsinə xidmət edəcək. Eyni zamanda, vərəm mikobakteriya ştamlarının konkret regional areala xas genetik mutasiaylara dair məlumatlara əsaslanan ilk epidemioloji xəritənin yaradılması, ölkədə vərəmin profilaktikası və erkən diaqnostikası, həmçinin epidemioloji salamatlılığı üçün böyük əhəmiyyət kəsb edəcək.

    Tədqiqat müddətində aparılacaq laborator müayinələrin müqayisəli təhlili müxtəlif test sisteminin etibarlılıq və effektivliyini müəyyən etməyə imkan verəcək. Vərəm infeksiyasının dərmanlara davamlı formalarının erkən aşkarlanması və vərəmin diaqnostik alqoritminin təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və ölkə üzrə vərəm infeksiyasına epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması ölkədə vərəmə nəzarət fəaliyyətlərinin səmərililiyini artırmaq üçün əhəmiyyətli rol oynayacaq.

  • Leyla Şıxlinskayanın klinikasının baş mühasibinin məhkəməsi başladı

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Şıxlinskayanın klinikasının mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən sabiq baş mühasibi Şəhla Abbasova və klinikanın əməkdaşları – Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva və Polad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    “Ölkə.Az”-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda şahidlər dindirilib. Namiq Mustafayev ifadəsində bildirib ki, Neftçilər xəstəxanasında göz həkimi işləyir. O, Leyla Şıxlınskaya klinikası ilə də əməkdaşlıq etdiyini, əməliyyat etdikdən bir həftədən sonra kassadan pulu aldığını deyib:” Hər əməliyyatın qiyməti var. Məndə əmək haqqı kartı olmayıb. Təxminən ayda 7-8 min manat pul almışam”. 

    Təqsirləndirilən Ş. Abbasova da onun dediklərini təsdiq edib. Deyib ki, rəsmi sənədlərdə həmin şəxsin 180 manat əmək haqqı aldığı qeyd edilib:”Bizdən kart sisteminə keçməyi tələb etmişdilər. Biz də bütün işçilərin adına əmək haqqı kartı açmışdıq. Lakin orada maaş az göstərilirdi”.

    Şahid Pərviz Səmədov isə  uşaq cərrahı olduğunu deyib. Bildirib ki, əmək haqqı kartı olmayıb və aylıq maaş alıb.
    Şahid Nuriyyə Qədirova isə klinikada ginekoloq kimi çalışdığını deyib:”Mən həmişə maaşımı vaxtında almışam. Mənim əmək haqqı kartım olmayıb. Lakin pulumu həmişə vaxtında almışam”.

    İlqar Həsənov isə klinikada mühafizənin rəisi işlədiyini,istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini deyib. Bildirib ki, Nuri Nuriyev adlı şəxs bir gün işdən sonra klinikaya gələrək mühasibatlıq otağına gedib:”Biz də bu haqda baş mühasibə dedik. Bundan iki gün sonra məni adı mühafizəçi işinə təyin etmək istədilər. Mən də buna razı olmadım və ərizəmi yazıb işdən çıxdım”.

    Təqsirləndirilən Ş. Abbasova isə deyib ki, N. Nuriyev onlarda kompüterlə bağlı işləri görən şəxs olub.

    Nuru Nuriyev isə ifadəsində deyib ki, İT sahəsində çalışır. O, işdən sonra həmin otağa getdiyini təsdiq edib:”Məndən Leyla xanım xahiş etmişdi ki, sənədləri kopyalayım. Həmin vaxt audit yoxlama gəlmişdi. Mən də onun dediyini etdim. Həmin otağın açarını Leyla xanım vermişdi. Mən məlumatları aparıb ona verdim və bu haqda heç kimə demədim”.

    Ş. Abbasova deyib ki, N. Nuriyev həmin görüntüləri kameradan sonradan silib. 

    Proses yanvarın 30-da davam edəcək.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir. Klinikanın fəaliyyəti ilə bağlı açılan cinayət işi ilə bağlı məlum olur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

    Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

    Leyla Şıxlinskaya mətbuata bu işdə heç bir günahının olmadığını bildirib: “Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”.

  • Bakıda axtarışda olan 2 dələduz tutuldu

    Xətai Rayon Polis İdarəsinin əməkdaşları axtarışda olan dələduzu həbs edib.

    “Ölkə.Az”-ın məlumatına görə, 34-cü polis bölməsinin əməkdaşları cinayət məcəlləsinin 178-ci (dələduzluq) və 320 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Mətləb Mahir oğlu İlyasovu həbs edib.

    Digər axtarışda olan şəxsi isə Nəsimi RPİ-nin əməkdaşları həbs edib.

    1985-ci il təvəllüdlü Xədicə Səməd qızı Əhmədovaya cinayət məcəlləsinin 178-ci maddəsi ilə iş başlansada o, istintaq müddətində həbs edilməyib.

    Ancaq istintaq zamanı müstəntiqin çağırışlarından yayındığından axtarışa verilib.

  • YAP-ın ötən il 8 315 436 manat gəliri olub

    2017-ci ildə Yeni Azərbaycan Partiyasının (YAP) gəlirləri 8 315 436 manat olub. FaktXəbər-in məlumatına görə, bu barədə YAP-ın İdarə Heyətinin iclasında bildirilib.

    Qeyd olunub ki, bunun 7 173 280 manatını üzvlük haqları, 1 142 156 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.

    YAP-ın hesabına daxil olan maliyyə vəsaitinin 4 202 663 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əməkhaqqının ödənilməsinə, 713 757 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 42 785 manatı ezamiyyə xərclərinə, 204 302 manatı invertarların alınmasına, 4 419 586 manatı tikinti və təmir işlərinə, 421 317 manatı kommunal və təsərrüfat xərclərinə, 242 535 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 59 930 manatı bank xidmətinə, 50 385 manatı dəftərxana xərclərinə, 38 285 manatı çap işlərinə, 104 986 manatı isə sair xərclərə sərf edilib.

  • Sumqayıt sakinləri 3 nömrəli avtobusdan ŞİKAYƏT edir

    Son vaxtlar Sumqayıt şəhərinin nəqliyyatı sahəsində bir çox iş görülür. Bununla yanaşı isə hələ də şəhər sakinləri bəzi maşrutların fəaliyyətindən razı deyillər və bu tip şikayətlərdən biri də 3 nömrəli avtobusla bağlıdır.

    Şikayətçi olan Sultan Əzimovun yazdıqlarını olduğu kimi sizə təqdim edirik: “Sumqayıt şəhərində 3 nömrəli marşrut avtobusları bərbad vəziyətdə işləyir. İstədikləri intervalı təyin edirlər. 20-25 dəqiqə intervalında gələn avtobuslar camaatı soyuq çöllərdə qoyur. Və avtobuslarda dəhşət sıxlıq olur, buna görə də heç kəs minə bilmir. Şirvan yaşayış massivindən, H.Zeynalabdin (Nasosnu) bazarı adlanan yerə (yol cəmi 3 km-dir) 15 dəqiqəyə hərəkət edirlər. 30-35 dəqiqə qəsəbənin daxilində vaxt öldürürlər yolda. Bilmirik hara şikayət edək. Gediş haqqını da 25 qəpik təyin ediblər. Qiymət artıq, keyfiyyət sıfır. Əvvəllər yaxşı idi, keçən ildən sonra isə hər şey dəyişdi”.

    Qeyd edək ki, 3 nömrəli avtobus barədə şikayətçi tək Sultan Əzimov deyil. Digərləri də marşrut xəttinin intervalının çox olması barədə şikayətlərini bizə qeyd edirlər.

    Məsələ ilə bağlı olaraq “Sumqayıt Nəqliyyat” MMC ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq belə, zəngimizə cavab verən olmadı. Aidiyyəti qurumun mövqeyini işıqlandırmağa hazırıq.//xeberle.com