Month: Yanvar 2018

  • Milli Məclisin yeni ildə ilk iclasının vaxtı müəyyənləşdi

    Milli Məclisin yeni ildə ilk iclasının vaxtı müəyyənləşdi

    Azərbaycan Milli Məclisinin 2018-ci ildə ilk plenar iclasının və komitələrin tətildən qayıtma tarixi müəyyənləşib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, yaz sessiyasında MM-in ilk plenar iclası fevralın 1-də baş tutacaq.

    Parlamentin komitələri isə tətildən yanvarın 5-dən etibarən qayıdacaq, iclaslara isə yanvarın 10-dan etibarən başlanacaq.

  • Qısqanc ər 22 yaşlı həyat yoldaşının qanını tökdü

    Qısqanc ər 22 yaşlı həyat yoldaşının qanını tökdü

    Ötən gün axşam saatlarında Neftçala rayonunun Xəzərkənd kəndində bıçaqlanma hadisəsi baş verib.

    Median.Az-ın Virtualaz.org-a istinadən məlumatına görə, kənd sakini, 22 yaşlı Aysel Həmidova ağır bıçaq xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Yaralının vəziyyəti ağır olduğundan hazırda onun üzərində cərrahiyyə əməliyyatı aparılır.

    Gənc qadının 23 yaşlı həyat yoldaşı Emin Tapdıq oğlu Əliyev hadisəni törətməkdə şübhəli bilindiyi üçün polis tərəfindən saxlanılıb.

    Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Qaxda 19 yaşlı qız nişan günü özünü asdı

    Qaxda 19 yaşlı qız nişan günü özünü asdı

    Qax rayonunun Üzümlü kəndində intihar hadisəsi qeydə alınıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, kənd sakini, 19 yaşlı Sürəyya Əhməd qızı Əbdürrəhmanovanın meyiti yaşadığı evin həyətində yerləşən tövlədə asılmış vəziyyətdə aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

    Məlumata görə, S. Əbdürrəhmanovanın bu gün nişanı olacaqmış.

    Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

  • Bərdədə xəstəxanadan qaçmaq istəyən şəxs faciəvi şəkildə öldü

    Bərdədə xəstəxanadan qaçmaq istəyən şəxs faciəvi şəkildə öldü

    Bərdə rayonunda orta yaşlı kişi özünü xəstəxananın pəncərəsindən yerə atıb.

    Median.Az Report-a istinadən bürosu xəbər verir ki, Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alan Vəliyev Marif Hüseyn oğlu tibb müəssisəsindən qaçmaq məqsədi ilə birinci mərtəbədən yerə atılıb.

    Bu zaman xəstənin başı yerə dəydiyindən o, ağır kəllə-beyin travması alıb. Yaralı bu dəfə Reanimasiya şöbəsinə yerləşdiriləsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

    Xəstəxanadan verilən məlumata görə, Marif Vəliyev ilk öncə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən yol kənarında yıxılmış vəziyyətdə tapılaraq xəstəxanaya gətirilib. Özünü normal aparmayan xəstə həkim nəzarətinə götürülərək Travmatologiya şöbəsinə yerləşdirilib. Məhz bundan sonra xəstə gecə saatlarında müalicə aldığı palatanın pəncərəsini açaraq qaçmağa cəhd göstərib.

    Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

    Faktla bağlı Bərdə Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

    Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

    Bu gündən bütün vergi ödəyiciləri malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim etməlidir.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən ƏDV ödəyiciləri və ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər təqdim etdikləri mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri isə 2018-ci il 1 yanvar tarixindən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.

    Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmamış şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.

    Beləliklə, bu gündən başlayaraq elektron qaimənin bütün vergi ödəyiciləri üzrə tətbiqindən sonra, əlavə dəyər vergisində olduğu kimi, digər vergi növləri üzrə də malların satış dövriyyəsi tam şəkildə elektron qaydada nizamlanacaq və prosesə vergi orqanları tərəfindən nəzarət ediləcək.

    Elektron qaimə-fakturaları vergi ödəyiciləri iki üsulla hazırlaya bilirlər: “Onlayn rejimdə” – vergi ödəyicisi, İnternet Vergi İdarəsinin “e-Qaimə” altbölməsinə daxil olur və “onlayn” rejimdə elektron qaimə-fakturasını tərtib edərək, digər vergi ödəyicisinə təqdim edir. “Oflayn rejimdə” – vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatını və digər zəruri proqramları “İnternet Vergi İdarəsi”ndən öz kompüterinə yükləyir, qaimə-fakturaları bu proqram vasitəsilə internet istifadə etmədən hazırlayır və həmin faylı proqram vasitəsilə imzalayaraq sistemə yükləyir.

    Qeyd edək ki, bu barədə İnternet vergi idarəsində yerləşdirilmiş “Elektron qaimə-fakturanın istifadəçi təlimatı”nda da ətraflı məlumat verilib.

    E-qaimənin tətbiqinin vergi orqanları və vergi ödəyiciləri üçün bir sıra üstünlükləri var. E-qaimə inzibatçılıq xərclərinin azaldılmasında, məlumat mübadiləsinin çevikliyinin artırılmasında və aparılan əməliyyatlarda şəffaflıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Elektron qaimə-fakturanın tətbiqinin digər üstünlüyü isə mətbəə xərclərinin və vaxt itkisinin azaldılmasıdır. Bu sistemin tətbiqi nəticəsində heç bir mətbəəyə müraciət etmədən və əlavə vaxt itkisinə yol vermədən birbaşa internet vasitəsilə real vaxt rejimində elektron qaimə-fakturanı hazırlayıb malın (işin, xidmətin) alıcısına təqdim etmək mümkündür.

    Elektron qaimə-faktura sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşdirilməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmin olunmasına xidmət edir.

    Sahibkarların bir-birlərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunması vahid elektron baza formalaşdırır və bu, sahibkarlar arasındakı münasibətlərin hüquqi şəkildə tənzimlənməsinə kömək edir.

  • Gənc qız ölümündən bir neçə saat əvvəl ərə getdi

    Gənc qız ölümündən bir neçə saat əvvəl ərə getdi

    ABŞ-ın Konnektikut ştatında gənc qız ölümünə bir neçə saat qalmış ərə gedib.

    Median.Az-ın “The Sun” nəşrinə istinadən məlumatına görə, Devid Moşer 2016-cı ilin dekabr ayında nişanlısı Xezer Lindsiyə evlilik təklifi etməyə hazırlaşırdı.

    Qıza süd vəzisinin xərçəngi diaqnozu qoyulmasına baxmayaraq Devid öz fikrindən daşınmayıb.

    Xezer il ərzində xəstəliklə mübarizə aparıb və 2017-ci ilin sonunda Devidlə ailə həyatı qurub, lakin 18 saat sonra, dekabrın 22-də, xəstəxanada vəfat edib.

    Xezerin rəfiqəsi onun cəsarətindən danışaraq bildirib ki, Devidə olan sevgisi Lindsiyə ölümdən qorxmamağa güc verirdi.

  • 12 yaşlı Üsəma bin Laden öldü

    12 yaşlı Üsəma bin Laden öldü

    “Əl-Qaidə” terror təşkilatının bədnam lideri, ABŞ xüsusi təyinatlıları tərəfindən bir neçə il əvvəl Pakistanda öldürülmüş Üsəma bin Ladenin eyniadlı nəvəsi Üsəma naməlum şəraitdə ölüb.

    Median.Az xəbər verir ki, bu barədə “Al Arabia” telekanalı sosial şəbəkələrin ərəb seqmentinə istinadən bildirir.

    Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri Üsəma bin Ladenin oğlu və terror irsi üzrə varisi Həmzə bin Ladenin anasına və bacılarına göndərdiyi məktubu paylaşıb. Məktub həmzənin anası Hayriyə Sabara və bacılarına ünvanlanıb. Orada deyilir:

    “Əziz anam, qoy Allah onu və mənim əziz qardaşlarımı qorusun, qoy Allah özü onları, mənim əziz bacılarımı hifz etsin. Ürək ağrısı və Allahın iradəsi ilə mən bizim mərd, şəhid qəhrəmanımızın, Üsəma bin Ladenin nəvəsinin… oğlumuz Üsəmanın ölümü ilə bağlı başsağlığımızı paylaşıram”.

    12 yaşlı Üsəmanın kim tərəfindən və hansı şəraitdə öldürüldüyü deyilmir.

  • İranda etirazçılar polisə hücum etdi: Ölən var

    İranda etirazçılar polisə hücum etdi: Ölən var

    İranda etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşmalar davam edir.

    Median.Az-ın Reuters-ə istinadən məlumatına görə, Nəcəfabad şəhərində aksiya iştirakçılarının polisə atəş açması nəticəsində bir polis ölüb, üçü isə yaralanıb.=

    * * * * *

    İranda hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı ölənlərin sayı 12-yə çatıb.

    Median.Az-ın xəbərinə görə, bu barədə “Associated Press” nəşri məlumat yayıb.

    Qeyd olunur ki, silahlı aksiya iştirakçıları polis bölmələri və hərbi bazaları ələ keçirməyə cəhd ediblər, lakin güc strukturları bütün hücumların qarşısını alıblar.

    * * * * *

    Dekabrın 28-dən davam edən iğtişaşlarda İranda ən azı on nəfər ölüb.

    Median.Az-ın xəbərinə görə, bu barədə France-Press nəşri yerli polisə istinadən məlumat yayıb.

    Bundan əvvəl agentlik dörd nəfərin öldürülməsi barədə məlumat vermişdi.

    Onlardan ikisi İze şəhərində güllələnib, daha ikisi isə Dorudda toqquşma zamanı həyatını itirib. Orada etirazçılar yanğınsöndürən maşını ələ keçirərək təpədən aşağı itələyiblər.

    “Avtomobil yaşlı kişi və yeniyetmənin üzərinə düşüb, hər ikisi ölüb”, – deyə şəhər bələdiyyə rəhbəri bildirib.

  • Sumqayıtda pirotexniki vasitələrdən üç nəfər ağır xəsarət alıb

    Sumqayıtda pirotexniki vasitələrdən üç nəfər ağır xəsarət alıb

    Bayram günü Sumqayıt şəhərində satışı qadağan olunmuş pirotexniki vasitələrdən istifadə nəticəsində üç nəfər ağır xəsarət alıb.

    Median.Az-ın Report-a istiandən məlumatına görə, əl nahiyələrindən xəsarət alan şəhər sakinləri – 42 yaşlı Emin Ağayev, 38 yaşlı Elşad Əliyev və 47 yaşlı İlham Şəfqətov Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

    Həkimlərin dərhal müdaxiləsindən sonra Emin Ağayev və Elşad Əliyevin əli əməliyyat olunub. İlham Şəfqətovun vəziyyəti ağır olduğundan 2 barmağı amputasiya edilib.

  • Bu gündən Azərbaycanda yeni gömrük rüsumları tətbiq olunacaq

    Bu gündən Azərbaycanda yeni gömrük rüsumları tətbiq olunacaq

    Bu gündən Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” ilə bağlı qərar qüvvəyə minib.

    Median.Az-ın “Report”a istinadən xəbərinə görə, bununla bağlı sənədi Baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb.

    Qaydaya əssən, ölkəyə gətirilən minik avtomobilləri üçün (yük-sərnişin avtomobil-furqonları və idman avtomobilləri də daxil olmaqla) rezin şinlərə 15 dollar idxal gömrük rüsumu tətbiq ediləcək.

    Dəmiryol və ya tramvay yollarının təmiri və ya texniki xidməti üçün nəzərdə tutulmuş özügedən və ya özügetməyən nəqliyyat vasitələrinə (məsələn, vaqon-emalatxanalar, kranlar, şpalvuran maşınlar, yoldüzəldən maşınlar, nəzarət-ölçü vaqonları və yola baxış üçün nəqliyyat vasitələri) gömrük rüsumu tətbiq edilməyəcək.

    Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, yalnız sıxılmadan alışan porşenli daxili yanma mühərrikli (dizel və ya yarımdizel), mühərrikinin silindrlərinin işçi həcmi 2500 sm3-dən çox olan, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillərin ölkəyə idxalı zamanı da gömrük rüsumu tətbiq edilmir.

    Sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar-məxsusi olaraq hava limanlarında istifadə üçün gətirilən avtobuslara görə də gömrük rüsumu tətbiq edilməyəcək.

    Digərlərlərinə görə isə mühərrikinin silindrlərinin işçi həcminin hər 1 kubsantimetrinə 0.7 dollar idxal gömrük rüsumu tutulacaq.

    Mühərrikinin silindrlərinin işçi həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan avtomobillərə hər kubsantimetrə görə 0.7 ABŞ dolları gömrük rüsumu tətbiq olunacaq. İstismar olunmuş avtomobillər üçün isə bu rəqəm 1.2 dollar olacaq.

    Mühərrikinin silindrlərinin işçi həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan avtomobillərdən də hər kubsantimetrə görə də 0.7 ABŞ dolları rüsum tutulacaq.