Month: March 2018

  • Arvadını döyüb, qabırğalarını sındırdı – 8 martda

    8 mart günü ər arvadını döyərək qabırğalarını sındırıb.

    Yenicag.az xəbər verir ki, hadisə Bakının Sabunçu rayonu ərazisində baş verib. Bayram günü ərlə arvad arasında mübahisə düşüb. Mübahisə zamanıda əri 43 yaşlı Əvəzova Şəfiqə Yaqub qızını döyərək qabırğalarını sındırıb.

    Faktla əlaqədar araşdırmalar aparılır.

  • Azərbaycanda qadın avtobus sürücüsü: “Qorxuram, amma sərnişinlərə hiss etdirmirəm” – FOTO

    “Diqqətsiz adam, hər sahədə diqqətsiz olur, qadın və ya kişi fərq eləmir. Əgər sən öz ailəni, özünü düşünürsənsə, yaşamağını istəyirsənsə, qarşıdan gələni də özün qədər istəməlisən”

    Elə peşələr var ki, onlarla yalnız kişilərin məşğul olduğunu görməyə adət etmişik. Buna baxmayaraq, bəzi qadınlar da var ki, bütün əziyyətləri gözə alır, qadına yad olan bir sahəni seçir və bununla da ailələrini dolandırmağa çalışırlar.

    Sputnik Azərbaycan bu gün oxucularını belə peşələrdən biri ilə məşğul olan Nisə Əliyeva ilə tanış edəcək. Tovuz rayonu Qovlar şəhər sakini olan Nisə xanım 9 ildir ki, mikroavtobus sürücüsü kimi çalışır. 57 yaşlı bu xanım özünə məxsus “QAZel” markalı avtomobillə insanlara xidmət göstərir.


    Nisə Əliyeva sürücülük peşəsini məcburiyyətdən seçdiyini deyir: “Ali təhsilliyəm. Texnologiya İnstitutunu bitirmişəm. Sovetlər vaxtı sovxozda operator işləyirdim. Hər gün sovxozun ümumi məlumatlarını rayonun birinci katibinə məruzə edirdim. Sonra kolxoz dağıldı, həmkarlar təşkilatında çalışdım. Lakin maddi çətinliklər məni öz işimi qurmağa məcbur elədi”.

    “Əvvəl briqada yaratdım. Mövsüm vaxtı gedib Şəmkir rayonunun istilikxanalarında qablaşdırma işləri görürdük. Yol uzaq olduğundan gedib-gəlmək üçün sürücü tuturduq. Elə olurdu, sürücünün işi çıxırdı, gəlmirdi, biz də qalırdıq yollarda. Ona görə də qərara gəldim ki, əgər bu işi seçmişəmsə, elə bir maşın da alım, işçilərim yolda qalmasın”, — deyə əlavə edir həmsöhbətimiz.

    Əvvəllər də avtomobil idarə etməyi bacardığına görə, Nisə xanıma mikroavtobus sürmək çətin gəlməyib. Bəzən gün ərzində 14-15 saat sükan arxasında olmağa məcbur qalsa da, yorulduğunu hiss etməyib. Daim sərnişinlərinin təhlükəsizliyi üçün çalışır.

    Xanım sürücü danışır ki, indiyə qədər yüngül qəza belə, keçirməyib: “Diqqətsiz adam, hər sahədə diqqətsiz olur, qadın və ya kişi fərq eləmir. Əgər sən öz ailəni, özünü düşünürsənsə, yaşamağını istəyirsənsə, qarşıdan gələni də özün qədər istəməlisən. Hər dəqiqə diqqətli olmalısan. Bəlkə də bu səbəbdəndir ki, heç bir hadisə törətməmişəm. Heç kimə də arzu etmərəm ki, yolda hər hansı bir hadisəylə üzləşsin”.
    Daim yolda olduğundan çox hadisələrlə rastlaşmış N.Əliyeva, bəzən onları yada salanda belə, qorxu hissi keçirdiyini deyir: “Yolda hər cür hadisələri görmək olur. Bəzən getdiyin yerdə bir maşın qarşına keçib “avtoşluq” və ya təhlükəli ötmə əməliyyatı edir. Özüm qorxsam da, təhlükəni heç vaxt sərnişinlərə hiss etdirmirəm. Elə bir həmin anlarda Allah bir güc-qüvvət verir mənə. Özümü itirməyib vəziyyətdən çıxıram”.

    Nisə Əliyeva işinin, əsasən mövsümi olduğunu, daha çox yay, payız aylarında çalışdığını bildirir. Həftədə bir günü isə öz ailə üzvlərinə həsr etdiyini, onları gəzintiyə çıxardığını deyir.

    Budəfəki qəhrəmanımızın ən böyük arzusu isə Qarabağla bağlıdır. O, torpaqlarımızın düşmən işğalından azad edilməsini səbirsizliklə gözləyir. Deyir ki, qələbə xəbərini eşidən gün ailəsi ilə birlikdə gedib Qarabağda qurban kəsəcək.

  • Sürücülər YDM-lərdə ikiqat aldadılır – həm keyfiyyətdə, həm də ölçüdə

    Bir sıra YDM-lərdə benzinə qat-qat ucuz olan mayelər qatılır

    Azərbaycanda əksər yanacaqdoldurma məntəqələrində yanacağını keyfiyyətinin aşağı olması sürücüləri narahat edən əsas problemlərdən biridir. Məhz keyfiyyətin aşağı olmasının səbəbindən Azərbaycanda avtomobillər 5-10 min kilometr getməmiş mühərrikin gücü azalır, benzin sərfiyyatı isə normadan çox artır. Avtomobil mütəxəssisləri məsləhət görür ki, bu kimi durumlarla üzləşməmək üçün daim eyni və güvəndiyiniz məntəqədən benzin almaq lazımdır. Müxbirimizin bu günlərdə yanacağın keyfiyyəti ilə bağlı paytaxt sürücüləri arasında keçirdiyi sorğudan da bəlli olub ki, onlar bu məsələdən çox narazıdırlar. Ölkədə Avro-4 standartına keçiddən sonra keyfiyyətin yaxşılaşacağı gözlənilsə də, bütün YDM-lərdə vəziyyət eyni deyil.

    Bəs görəsən, müvafiq dövlət qurumları tərəfindən ayrı-ayrı şirkətlərə məxsus yanacaqdoldurma məntəqələrində benzinin keyfiyyəti, oğurluq halları yoxlanılırmı? YDM-lərdə yanacağın az vurulması ilə bağlı Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə də ittihamlar var. İddia edilir ki, bu qurum YDM-lərlə anlaşma şəraitində sürücülərin aldadılmasına göz yumur…

    Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda hər hansı yoxlama-monitorinq tədbirləri həyata keçirilmir: “Bildiyiniz kimi, ölkə ərazisində sahibkarlıq obyektlərində aparılan yoxlamalar dayandırılıb. Amma buna baxmayaraq, təbii ki, bu sahədə vəziyyət araşdırılır, müəyyən təhlillər aparılır. Sertifikat orqanları məhsulları sertifikatlaşdırarkən, həmçinin digər maraqlı təşkilatlar məhsulların keyfiyyətinə özləri nəzarət etmək məqsədilə bizim laboratoriyalara müraciət edir, məhsullarını təqdim edirlər. Daha sonra bu məhsulların keyfiyyəti araşdırılır. Bu baxımdan Azərbaycanda istehsal edilən məhsulların keyfiyyətində heç bir problem yoxdur, keyfiyyətə uyğundur. Biz laboratoriya nəticələrinə istinad edərək bunu deyirik. Şikayətlər varsa, mən narazı qalan sürücülərimizdən xahiş edirəm ki, bizə müraciət etsinlər, hansı yanacaqdoldurma məntəqələrindən narazıdırlarsa, nümunələr təqdim etsinlər. Biz həmin nümunələri laboratoriyalarda yoxlayaq. Bu halda konkret fakt üzrə danışmaq imkanımız olacaq. Amma ümumilikdə Azərbaycanda 2021-ci ilə qədər yoxlamalar dayandırılıb”.

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu sahədə ciddi problemlərin olduğunu dilə gətirdi: “Hər həftə bizə yanacağın keyfiyyəti ilə bağlı bir-iki telefon zəngi daxil olur. Hətta ən prestijli, brend yanacaqdoldurma məntəqələrindən də şikayət daxil olur. Şikayətlərdə ən çox səslənən odur ki, yanacaq keyfiyyətsizdir. Bəzən elə olur ki, yanacağı boşaltdıqdan və avtomobilə başqa yanacaq tökdükdən sonra işləməyə başlayıb. İkinci problem odur ki, yanacaq az vurulur və litrdə əksik olur. Sürücülər bildirir ki, yanacaq çənlərindən avtomobilə 3 metr uzunluğunda şlanqlarda olan yanacağın hamısı avtomobilin çəninə doldurulmur. Halbuki sayğacdan keçir və ona görə sürücüdən ödəniş alınır. Üçüncüsü, sürücülərin sayğaca nəzarət etməsinə imkan verilmir. Daim deyirlər ki, avtomobili litri göstərən cihazdan qabağa sür. Məqsəd odur ki, sürücü sayğacı görməsin. Sürücülər onu da iddia edirlər ki, yanacaqdoldurma məntəqəsinin işçiləri cəld bir şəkildə müəyyən düymələrə basır və daha az yanacağın avtomobilin çəninə yığılmasına çalışırlar. Bəzi yanacaqdoldurma məntəqələri haqqında belə iddialar da yayılır ki, hər axşam işçilər rəhbərliyə əlavə pul da verirlər. Bu isə sürücülərin cibindən oğurlanan pullardır”.

    Ekspertin sözlərinə görə, digər bir məsələ odur ki, çox zaman yanacaq əvəzinə hava vururlar: “Yay aylarında bu hallar daha geniş yayılır. Tələblərdən biri də odur ki, yanacaqdoldurma məntəqələrində ölçü qabları olmalıdır. İstənilən istehlakçı pul verib o qabları ala, avtomatın düzgün işləyib-işləməməsini yoxlaya bilər. Lakin bu ölçü qabları ya yanacaqdoldurma məntəqələrinin əksəriyyətində yoxdur, ya da onu gözdənuzaq bir yerə qoyurlar.

    Yanacaqdoldurma məntəqəsində işləmiş bir nəfərin dediyinə görə, yanacaq vurulan avtomatların içində “çörək boltu” deyilən bir bolt var, onu sağa-sola hərəkət etdirəndə istehlakçını aldatmaq mümkündür. Buna dövlət orqanları nəzarət etməlidir. Həmin boltun nə qədər fırladılması özü də yanacağın ölçüsünə təsir edir.

    Digər bir problem isə çənlərin dibində qalan suyun avtomobillərin benzin çəninə vurulmasıdır. Bu da avtomobillərin sıradan çıxmasına gətirib çıxarır”.

    E.Hüseynov onu da vurğuladı ki, sahibkarlıq obyektlərində yoxlamaların dayandırılması müsbət hal olsa da, bundan sui-istifadə olunur və istehlakçıların hüquqları pozulur: “Biz yoxlamaların qadağan olunmasının tərəfdarıyıq. Əslində bu yaxşı bir cəhətdir. Cənab prezident bu qərarı verəndə düşünürdük ki, istehlakçılar sahibkarların verdiyi rüşvətlərin də üzərinə gəldiyi bahalı qiymətlərdən xilas olacaqlar. Ancaq indi ortaya çıxan mənzərə odur ki, yoxlamaların dayandırılmasından sui-istifadə edirlər. Yanacaqdoldurma məntəqələrində də ictimai nəzarət funksiyası yoxdur”.

    Belə iddialar da var ki, bir sıra YDM-lərdə benzinə qat-qat ucuz olan mayelər qatılır ki, bu da keyfiyyəti azaldır.(“Yeni Müsavat”)

  • Generaldan oğlunun Röya ilə sevgili olması xəbəri haqda sərt Açıqlama – ”Oğlumla bu barədə danışmışam”

    Bir neçə gün bundan əvvəl Azərbaycanın əməkdar artisti Röya Ayxanın yeni sevgi münasibətinə başlaması ilə bağlı xəbər yayılmışdı. Yayılan xəbərdə Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman, general-leytenant Bakı korpusunun komandiri Rövşən Əkbərovun oğlu ilə eşq yaşadığı bildirilirdi.

    35 yaşlı müğənninin sevgilisinin özündən yaşca kiçik, 28 yaşlı Telman Əkbərovun olduğu qeyd edilmişdi. Bizim Yol yayılan xəbərlə bağlı Milli Qəhrəman, general-leytenant, Bakı korpusunun komandiri Rövşən Əkbərovla əlaqə saxlayıb.O saytımıza açıqlamasında oğlu ilə bağlı yayılan xəbərin yalan olduğunu bildirib. “Bu jurnalistlərin işi gücü yoxdur.Vətəndən torpaqdan yazın.Bu yalan cəfəngiyatdır. Kim tərəfindən uydurulub, ötürülüb onu da bilirəm. Bu barədə oğlumla da danışmışam, onun Röya xanımla heç bir əlaqəsi yoxdur. Müğənni kimi şəkli ola bilər, məşhur müğənnidi hamı şəkil çəkdirə bilər. Orda mənimlə qoyulan şəkli də, Röyanın qardaşı mənim yanımda xidmət edib. Andiçmə zamanı yanıma gələndə çəkilib. Orda da yüzlərlə valideyn olub, Röya xanım da iştirak edib. Belə cılız söhbətlər lazım deyil.”

    “Mən torpaqlarımızı necə xilas edəcəyimizi fikirləşirəm.Ali Baş Komandanımızın əmrini gözləyirəm. Cənab Prezident nə vaxt əmr etsə biz hazırıq. Hazırda ordumuz çox güclüdür, bundan yazmaq lazımdı.Yoxsa, belə mənasız söhbətlər heç kimə lazım deyil.”- deyə general bildirib.

  • Gənc qız özünü 4-cü mərtəbədən atdı

    Zaqatalada 27 yaşlı qız intihara cəhd edib.

    APA xəbər verir ki, bu gün saat 17 radələrində Zaqatala şəhəri İmam Şamil küçəsində, “Köhnə bazar” adlanan ərazidəki yeddimərtəbəli yaşayış binasının sakini 1991-ci il təvəllüdlü Günay Murad qızı Balayeva özünü dördüncü mərtəbədən yerə atıb.

    Müxtəlif dərəcəli bədən xəsarətləri alan Günay Balayeva travmatikşok vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

    MRX-dan verilən məlumatda bildirilir ki, G.Balayeva son zamanlar əsəb xəstəliyindən əziyət çəkirmiş.

    Faktla bağlı araşdırma aparılır.

  • Orqanizmi toksin və mikroblardan bir günə təmizləyən ÜSUL

    Müasir elmdə “sərbəst radikallar” adlandırılan zəhərli maddələr təbiətdəki çirklənmə nəticəsində tənəffüs yolu, qida və içkilər vasitəsi ilə orqanizmə daxil olur. Bundan başqa, yanlış qidalanma və həzm sisteminin zəifləməsi nəticəsində orqanizmdə toksinlər yığılır.

    Publika.az bu yazıda oxucuları orqanizmi bir günə təmizləməyin qaydası ilə tanış edib.

    Mərhələ 1

    Bütün günü təmizlənmiş və ya ərimiş su içirik. Suya limon şirəsi, təmiz bal əlavə etmək olar. Bu suyu hər yemək saatından əvvəl bir stəkan için.

    Mərhələ 2

    Aptekdən qanqal alın. Bu bitki orqanizmdə mübadilə proseslərini sürətləndirir, təmizləyir və qaraciyərə müsbət təsir göstərir. Qanqal bitkisinin çayını gündə 2-4 dəfə için.

    Mərhələ 3

    Səhər yeməyi zamanı bir desert qaşığı kətan toxumu yemək mədə-bağırsaq traktının işini yaxşılaşdırır. Kətən toxumlarını axşamdan suda isladanda daha yaxşı nəticə göstərir. Alınmış qatı kütlə bağırsağın işini sürətləndirəcək.

    Mərhələ 4

    Hər qida qəbulundan 20 dəqiqə sonra yaşıl və ya başqa bitki çayı için. Bu çaylar qanda şəkərin səviyyəsini normallaşdırır, mədədə iltihabi prosesləri sakitləşdirir, eləcə də qaraciyər və böyrəkləri təmizləyir. Yaxşı olardı ki, hər gün yaşıl çay içməyə adət edəsiniz.

    Mərhələ 5

    Enerji salatı

    Onun hazırlanması üçün lazım olacaq:

    200 qram kələm brokkoli;

    Yaşıl noxud 120 qram;

    40 qram avokado;

    20 qram günəbaxan;

    100 qram təzə xiyar;

    50 qram brınza (pendir);

    50 qram nanə və cəfəri;

    Limon şirəsi;

    Zeytun yağı.

    Hazırlanması:

    İnqrediyentlər doğrayıb yaxşıca qarışdırın, zeytun yağı və limon şirəsi tökün. Salat hazırdır! Bu salat fol turşuları ilə zəngin olduğu üçün enerji balansını bərpa etməyə kömək edəcək.

  • Aktyorun maşınından “8 Mart” hədiyyələri oğurlandı – VIDEO

    Aktyor Elşən Hacıbabayevin avtomobilindən oğurluq edilib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

    Oğrular onun avtomobilinin şüşəsini sındırıblar və maşındakı hədiyyələri aparıblar. E.Hacıbabayev hədiyyələri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ailə üzvlərinə alıbmış.

    Hadisə ilə əlaqədar polisə müraciət edilib. Araşdırma aparılır.

  • Azərbaycanda güclü yağışlar yağacaq – XƏBƏRDARLIQ

    Martın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

    Bu barədə oxu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 7-10, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

    Rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz əksər rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturunun gecə 2-6, gündüz 9-14, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

  • Bayıl sürüşmə sahəsində son vəziyyət açıqlanıb

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bayıl sürüşmə sahəsində son vəziyyəti açıqlayıb.

    ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov oxu.az-a bildirib ki, Bayıl sürüşmə sahəsində ciddi dəyişiklik yoxdur, vəziyyət stabildir.

    Ə. Qaralov bildirib ki, ikinci gün ərazidə olan evlərə ərazidə mayaklar qoyulub, müşahidə aparmaq üçün digər qurğular yerləşdirilib:

    “Topoqrafiq işlər görülür. Əvvəlcədən məlumat verildiyi kimi, çatların uzunluğu təxminən 100-120, dərinlik 5-12 metr arasındadır”.

  • Ruhi Əliyevaya vəzifə verildi – FOTO

    Tanınmış iş xanımı Ruhi Əliyevaya vəzifə verilib.

    Oxu.az xəbər verir ki, o, “Həyat” Fondunun səfiri seçilib.

    Bu barədə məlumat “Hər şey daxil” verilişində yer alıb.

    Belə ki, fondun prezidenti Hacı Nuran Hüseynov canlı efirdə Ruhiyə sürpriz edib:

    “20 ilə yaxın vaxt ərzində Ruhi həmişə yanımızda olub. İnsanlara kömək edib. Ona görə də biz Ruhi xanımı “Həyat” fondunun səfiri seçirik. Birinci səfir odur, başqa səfirlərimiz də olacaq. Təmiz qızıldan olan bu döş nişanını da ona hədiyyə edirik”.

    Ruhi isə bundan xəbərsiz olub. O, həyəcanını gizlətməkdə çətinlik çəkib.