Binəqədi rayonu Mehdiabad qəsəbəsi ərazisində “Opel” markalı minik avtomobili 27 yaşlı oğlanı vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Xalq artisti Aygün Kazımova şou-biznesdə küsülü olduğu bir çox məşhurlara barışıq jesti edib. A,Kazımova müəllimi, bəstəkar Vaqif Gərayzadəni ad günü münasibətilə təbrik edib və paylaşdığı videoya əməkdar artist Tünzalə Ağayeva, Röya Ayxan, müğənnilər Samir Bağırov, Natavan Həbibi, Elnarə Xəlilova və aparıcı Kamran Həsənlini işarələyib. 2002-ci ildə Heydər Əliyev Sarayında keçirilən “Gələrsiz-görərsiz” konsertindən olan videoda Kazımovanın küsülü olduğu bir çox məşhurlar yer alıb.
Qeyd edək ki, A.Kazımova əməkdar artist Tünzalə Ağayeva, Röya Ayxan və aparıcı Kamran Həsənli ilə uzun illər idi ki, küsülü idi.//lent.az
Azərbaycanın Xalq artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Yuri Baliyev vəfat edib. Bu barədə Trend-ə teatrın mətbuat xidmətindən bildiriblər.
O, uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib.
Y.Baliyev 23 aprel 1949-cu ildə anadan olub. 1975-ci ildə Yaroslavl şəhərinin teatr məktəbinin aktyor fakültəsini bitirib. 1975-ci ildən S.Vurğun adına Rus Dram Teatrında aktyor kimi çalışıb. Bu illər ərzində teatr səhnəsində 60-dan çox rol oynayıb. Onun yaratdığı Ayı (A.P.Çexov, “Ayı”), Bernardo (L.de Veqa, “Xitroumnaya vlüblennaya”), Rasputin (R.İbrahimbəyov, “Petlya”), Çingizxan (M.Şaxanov, “Çingizxanın sirri”), İxtiyar (N.Xəzri, “Burla Xatun”), Şamrayev (A.P.Çexov, “Qağayı”), Professor (N.Rəsulzadə, “Nonsens”) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Y.Baliyev bir neçə filmdə də çəkilib. “Ovsunçu”, “Babək”, “Salandar”, “Tehran-43” və s. filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynayıb.
Biləcəridə yerləşən “Məmmədoğlu servisi”ni demək olar ki, bütün avtosürücülər tanıyır. Bura kişilərin məkanıdır.
Qarajlara bənzər dəmir qapılı iri anqarlar küçəyə baxır, üzərində anqarın nömrəsi və ustanın adı yazılır.
Geniş dəmir darvazanın arxasında böyük sahə açılır, burada da anqarlar var. Bizim yolumuz 47 nömrəli anqaradır. Burada Bakıda, demək olar ki, yeganə qadın avtoçilingər işləyir.
Nüşabə xanımın başı qarışıqdır – həm müştərilər, həm də “uçenikləri” (şagirdləri) başına yığılıb.
Bu gün işi də çoxdur: yeni mal gəlib, qarajın müdiri ehtiyat hissələrini anbara yığmağa gedib.
“Axır vaxtlar məndən müsahibə istəyənlərə imtina etmişdim”, – Nüşabə Ağayeva deyir. Onun haqqında bir neçə media orqanı video-süjet hazırlayıb.
“Bir də, görüsən, kimsə gəlib mənə salam verir: “Biz sizinlə Facebook-da dostluqdayıq”. Bəs mən nə bilim, mənim dostluğumda üç mindən çox dostum var, mən haradan sizi tanıyım?”
Qaraj
Geniş qarajın sahəsi dəmir-dümür, avtohissələr, alətlərlə dolu olsa da, səliqəlidir. Hər bir əşyanın öz yeri var.
“Buranı özünüz səhmanlayırsınız?” – Nüşabə xanımdan soruşuram. “Yox, bəs şagirdlər nə üçündür? – gülümsəyərək cavab verir və gənc oğlana işarə edir, – Bunun, bax, 18 yaşı var.
Şagirdlər də fərqli olur, eləsi var ki, əlində açarı tutmağı öyrənir, deyir: “Ustayam”, çıxır, gedir. Qalanları ilə mən, mənim ustalarım mənimlə necə ciddi olub, bir o qədər də mən ciddiyəm.”
Buradakı hər anqarda ustalar hərə avtomobilin öz hissəsinə baxır. Nüşabə xanım isə sürətlər qutusu üzrə ustadır.
“O günləri Belarusla danışmışam, avadanlıq almaq istəyirdik. – Nüşabə xanım maşının içinə baxa-baxa danışır, – Dedim ki, ustayam, dedilər: “Maraqlıdır!” Heç onların özündə də qadın usta yoxdur. Hə, qurtardım, get, maşını xoda ver!” – sifarışçiyə deyir.
Ortaboylu, gülərüzdür, onun incə cizgilərini fəhlə kombinezonu da gizlədə bilmir.
Geyimi ilə təzadda qulaqlarındakı sırğalar, barmaqlarındakı üzüklərdir; deyir, işində heç mane olmur.
Qarajın uzaq divarında masa arxasında söhbət edirik. Müşəmbənin üstündə şəkər-qənd qabı, şirniyyatlar var, soyuq havada isə ayaq altındakı spirallı qızdırıcı və qaynar çay ilə isinmək olar: Bu da işığı çox yazır, daha neynəyək, yer betondur, qızışmalıyıq axı.
Yayda yox, yaxşı, sərindir buralar, qışda isə bir az işləyib qaçıram qızdırıcının yanına” – Nüşabə xanımın əynində fəhlə kombinezonunun üstündən hələ isti jilet də var, başında isə toxunma papaq (“Bunun üstünü özüm kəsmişəm ki, saçımı oradan çıxarım”).
Həvəs və öyrənmə
“Öz maşınım var idi, “Ford” markalı. İçində problem var idi, amma heç bir usta təmir edə bilmirdi. Əslində çox cüzi bir problem idi, indi onu mənim yanıma gətirsəydilər, o, mənim üçün 2 vur 2 idi.
Həkimə gedirdim, maşında radioda 106.3, Azad Azərbaycan dalğasına qoşulmuşdum. Aparıcılar maşın və ustalar haqqında danışırdı. Ustalara da sual verirdilər.
Ustaların biri, Vüsal usta danışırdı. Gördüm ki, kim nə sual verir, o, çox məntiqlə, savadla cavab verir.
Verilişdən sonra ustanın telefon nömrəsini götürdüm. Zəng vurdum, dedi “Gəlin!”.
Beş saat gözlədim. Həm usta özü məşğul idi, müştəriləri çox idi, həm də mənim səbrimi sınayırdı – bu qədər dözərəmmi?
Maşınımı düzəltdi, sağ olsun. Uşaqlıqdan özümün həvəsim var idi texnika ilə oynamaq, oğlan xasiyyətim də var idi.
Vüsal ustaya dedim: “İcazə ver, gəlim yanında “uçenik” kimi durum”.
Dedi: “Yox”. Düz 10 gün yalvardım ki, mənə mühərriki öyrətsin. Nəhayət, mənim inadkarlığımdan bezib razılaşdı: “Get, özünə paltar al, sabah gələrsən.”
Sədərəkdən özümə kombinezon aldım, səhəri işə çıxdım. Başıma da yaylıq örtdüm ki, saçım yağa kirlənməsin, benzin iyi gəlməsin, təzə-təzə. İndi heç vecimə də deyil, evə qayıdıb yuyuram.
İl yarım onun yanında şagird qaldım.
İlk günüm yadımdadır: bütün işində lazım olan qayka-boltlar dəmir, başı kəsilmiş yağ qablarına yığılmışdı. Usta yaxınlaşdı, əlini həmin qabların arxasına keçirib, hamısını yerə aşırtdı. “Yığ – dedi, – bunları, hərəsini nömrələrinə uyğun öz qablarına.”
Getdim, bir-iki qayka açarını gətirib qayka-boltları uyğunlaşdırmağa və qablarına yığmağa başladım. Usta mənə boltu göstərib “Bunun açarını gətir, açım” deyirdi. Hünərim nə idi mən səhv açar gətirim!
İndi işimdə də faydalıdır – heç görməyə, əlimi masanın altına atıram və lazım olan açarı götürürəm.
Uşaqlıqda babamın “Zaporojets” markalı maşını var idi, atamın da, mən gözümü açandan, “nol on bir” maşını, ondan sonra da “Qaz-21”. O vaxtı maşınlar indikindən daha sadə idi.
Atam maşını təmir edəndə, mən həsrət içində idim ki, mən də qatılım.
Təmir vaxtı məni sükanın arxasında otuzdururdu, deyirdi: :”Hə, qızım, mən deyəndə, filan düyməni bas, pedalı bas”. Birinci-ikinci sinifdə oxuyurdum.
Babamın “Zaporojets”inə də marağım var idi. Baxırdım, hansı boltu aça bilirdim, barmaqlarımla açırdım, babamı da izləyirdim: gəlirsə, tez boltu geriyə bağlayırdım.
“Atam mənim bu işdə işləməyimi qəbul etməzdi”
Atamı çox tez itirdim – 37 yaşında rəhmətə getdi. Deyirdi: “Qızım təyyarəçi olacaq”. Amma qismət olmadı, Rusiyada Tibb elmi üzrə oxudum. Bilirəm ki, atam mənim bu işdə işləməyimi qəbul etməzdi.
Bir il hamıdan gizləndim. Heç kim mən nə işlə məşğul olduğumu bilmirdi. Hətta bir dəfə bir qohumum həmin sexə gəldi. Darvazanın bir tayını bağlayıb, içəri keçdim, dedim: “Mənim adımı çəkməyin, məni çağırmayın!”
İndi utanmıram. O vaxt hazır deyildim, özümü usta hiss etmirdim. İndi isə özümə daha əminəm. Mühərrik təmirinə dair sertifikatlarım da var – Moskvadan “Bosch” şirkətinin nümayəndələri gəlib Bakıda seminar keçirmişdi, orada iştirak etmişəm. İndi usta olduğumu fəxrlə deyirəm.
İndi qohumlarım da bilir, heç etiraz etmirlər. Olur, özləri mənə müraciət edir. Hərdən anam deyir: “Ay bala, getdin, özünə iş tapdın!” O da bir ana kimi bütün günü soyuq betonun üstündə dayanıb işləyəcəyim üçün narahatdır.
Sonra sürətlər qutusuna keçdim. O da təsadüfən olub. Vüsaldan ayrılandan sonra bütün servisləri gəzirdim ki, məni işə götürsünlər.
Axırı tanışlıqla biri mənə dedi: “Dizel motorist işləmək istəyirsən?” Dedim: “Hə, istəyirəm!” Səhər isə mənimlə danışan usta yox idi, telefonunu da söndürmüşdü. Sən demə, müdiriyyət onu danlayıb ki, nəyə görə o qızı işə götürmüsən, o, burada işləyə bilməz.
Həmin qaraj şəraitsiz idi, Dərnəgüldə “Elit”lə üzbəüz yerləşirdi. Nə edim, əlacsız qalıb keçdim onun böyründəki servisə, bu da Sərdar ustanın servisi idi.
Gördüm ki, bu ustanın şagirdi maşın sürgününə düşüb maşın sökür. Ustaya “Olar, mən də düşüm, baxım?” dedim. İcazə verdi.
“Qadın nədir, bu iş nədir?”
Düşüb gördüm ki, oğlan əli ilə maşını açmağa calışır.
Dedim: “16 başlığı gətir mənə!” – boltun başına baxıb o saat ölçüsünü bilirəm, ustam çox tələbkar idi.
Mən maşını sökəndə gördüm ki, Sərdar usta çöməlib yuxarıdan mənə baxır. Gördü ki, bu işləri bacarıram. Dedi: “Gəl, mənimlə işlə!”
Dedim, “Mənə sürətlər qutusunu öyrət, bir-iki ay yanında qalıb öyrənərəm”. Amma artıq dörd ildir ki, burada işləyirəm. İndi də şərikik.
Sərdar Allahverdiyev, deyə bilərəm ki, onun kimi sürətlər qutusunu bilən adam çətin ki tapılar. Çox güclü ustadır. Həm də ki, Qarabağ müharibəsinin veteranıdır.
İki dəfə güllə yarası alıb. Bir qardaşı isə müharibədə şəhid olub, Azərbaycanın Milli Qəhrəmanıdır.
Sərdar ustanın da ustası Azərbaycanda ilk dəfə avtomat sürətlər qutusunu açan Mərdəkandakı rəhmətlik Məşədi usta olub. Sərdar da onun yetirməsidir. Mən də Sərdar ustanın şagirdi olanda Məşədi ustanın da şagirdi oluram.
Sonradan müdiriyyət Sərdar ustanın da yanına gəldi ki, mən burada işləməyim. Mənə bəhanələr tapıb işimdən yayındırmağa çalışdılar. Mənə görə Sərdar usta “Burada mənim sözüm keçmir” sözü ilə həmin sexdən çıxdı.
Mənim işdən qorxmağım yoxdur, Vüsal usta məni belə öyrədib. Sərdar usta da məni öyrədir. Deyir: “Filan maşını çəkərsən?” Deyirəm: “Niyə çəkmirəm, canını da alaram! Ötür içəri!” Ağır maşınları, avtohissələri qaldırmaq üçün həm texnikamız var, həm şagirdlər kömək edir.
Şagird həm öyrənməyə gəlir, həm ustanın əlinin altında köməkçidir.
Mən deyirəm: “Şagirdin günü səhər əlində süpürgə ilə başlamalıdır”.
Sürətlər qutusu maşının mühərrikindən qat-qat çətindir, onun xırdalıqları zərgər işi kimi çoxdur. Dörd il keçib, amma mən yenə də deyirəm ki, heç nə bilmirəm.
Söhbətin arasında Nüşabə xanım fikrini gənc şagirdə yayındırır: “Gəl, sənə çay süzüm! Gəl, utanma!”.
Sonra yenə söhbətə qayıdır.
“Müştərilər olur ki, məni birmənalı qəbul etmirlər. Ölkədən kənarda, çox yerlərdə olmuş adamlar normal qəbul edirlər.
Kişi işləri ilə məşğul olan qadınlar da var.
Elələri də var, “Qadın nədir, bu iş nədir?” deyənlər də olur.
“Get, evdə bozbaşını bişir”, “Qazanını qarışdır” da deyənlər olub.
“Sənin kimilərə ağız açmayıb, öz qazanımı qarışdırmaq imkanlarım olsun deyə bura gəlmişəm” deyirəm.
Ustalar da müxtəlif olur. Olub ki, servisə gələn maşın sürücüləri mənim seximi soruşublar, başqa ustalar da “Bilmirəm!” cavabı verib.
Mənim qadın olduğumu bəzi kişi ustaların gözləri götürmür.
“Dırnaq qaynağı”
Mənim dırnaq qaynağı üzrə Moskva diplomum var, nə qədər şagirdim olub, bu işi onlara öyrətmişəm. Bir il gözəllik salonu saxladım, amma gördüm – yox e, qadınlarla işləmək mənimki deyil.
Bütün alətlərimi payladım. Düzdür, bu yaxınlarda hələ qohumuma dırnaq qaynağı eləmişəm.
Çox yalvardı, toya gedirdi, dedim, yaxşı, işdən çıxıb gələrəm.
Mən bu sənəti öyrənəndə, gəlirli idi. İndi baxıram: iki-üç saat ərzində dırnaq üstündə əlləşirsən, 20-25 manat alırsan. Dəyməz zəhmətinə.
Amma özüm neçə ildir ki manikür etmirəm, yazıq əllərim artıq qayğını xatırlamır.
Maşını on altı il sürürəm. İmtahanımı da özüm vermişəm.
Fevralın soyuq qarlı günündə sürmə üzrə imtahanımı verdim.
Maşın sürməyi “nol-altıda” qardaşım öyrətmişdi, tez qavradım. Uşaqlıqdan kişi xasiyyətli idim, anam mənə “evin kişisi” deyir.
İndi də, evdə nə problem oldu, mənə müraciət edirlər”.
İnanırsınız ki, bu iş məni elə formalaşdırıb ki, evdə də eləyəm. Evə gedən kimi, anama aşağıdan zəng edirəm ki, qapını açsınlar.
Çay-çörək də artıq masanın üstündədir, “kişi” gəldi.
Nüşabə xanım evli olub, iki uşağı var.
“Oğlum İngiltərədə oxuyub gəldi, indi atasının yanında işləyir, qızım isə hələ oxuyur, o da İngiltərədə. Uşaqlarım müasir fikirlidir, mənim işimi qəbul edirlər”.
“Mənim yaşımda qadına iş tapmaq bir az çətindir”
Həm də, bilirsən, işimin üstünlüyü nədir? Mənim yaşımda qadına iş tapmaq bir az çətindir. İş elanları varsa, oradakı tələblər çox ciddi olur: 25 yaşından artıq olmasın, gözəl xarıcı görünüşlü olsun.
Ay kişinin qızı, deyir, restorana və ya otelə süpürgəçi lazımdır, deyir, “ingilis dilini bilsə, yaxşı olar”. Daha ingilis dilini bilirsə, niyə getsin süpürgəçi işləsin?
İşimi sevirəm, özümü burada tapmışam. Elə “karobkanın içində də öləcəm”.
Çox kobudam, tərs xasiyyətim var.
Belə olmağa məcburam. Bilirsən, tək yaşayıram, kişilərin içində tək işləyirəm. Mən kobud olmasam, acı cavab verməyi bacarmasam, gəlib, mənim boynumda oturarlar.
Belə davranışla özümə hasar düzəldirəm ki, mənim üzərimdən heç kəs keçib məni əzməsin.
Hər qadın belə kişilərin arasında dözə bilməz. Təsirlərə dözən bir kəs lazımdır.
Hamı ilə zərif qadın kimi davransam, gülərüz olsam, mənim bu işdə işləməyim çox çəkməz.
İş yoldaşlarım mənimlə yaxşıdır, məni çox istəyirlər. Məsələn, bu yaxınlarda alətlər mağazasına getmişdim, satıcılardan biri digərinə “Hə, bu, bizim qardaşımızdır” dedi.
Özüm yolda maşın sürəndə, harada qadın və ya yaşlı sürücü görəndə, o yerdən uzaqlaşmağa çalışıram, arxasıyla düşməyim.
Peşəkar sürücü qadınlarımız da çoxdur, amma qeyri-peşəkarların sayı onlardan artıqdır. Biri var, işini aşırtmaqdan ötrü, zəruriyyət olduğu yerdə maşın sürmək, biri də var ki, “mənim maşınım var” xətirinə maşın alanlar.
“Kişi ustanın yanına getməyə çəkinən qadınlar çoxdur”
Bilirsiniz, Allah ağlımızı başımızdan almasın. Çox böyük bir arzum var, təəssüf ki, maddiyyatım buna hələ ki imkan vermir. İstərdim ki, qadınlar üçün maşın servisi açım.
Bizdə kişi ustanın yanına getməyə çəkinən qadınlar çoxdur.
Ya taksi şoferinə, ya həyat yoldaşlarına, qardaşlarına müraciət edirlər ki, onlara kömək etsinlər, maşını təmirə apasınlar.
İstəyirəm, qadınlar əminliklə yanıma gəlsin, maşınlarını təmir edim.
İstək, maraq olandan sonra insan hər bir işə qadirdir.
Mənə deyəndə ki, bu kişi işidir, deyirəm: “Bəs bu yaxşı ustanı da qadın dünyaya gətirib, nəyə görə özü öyrənə bilməsin?”
İstək insanın içindən gəlməlidir, həvəsi olmalıdır, işindən həzz almalıdır.
Qadın kişi işi ilə məşğul olmaq istəyirsə, bu, təkcə onun istəyindən asılıdır. Bizim qadınlar çox güclüdür, həm də ki dözümlü.//bbc.com
Nurid Əliyev: “Dövlət məmurlarının dəstəyi olmasaydı, Qalib Salahzadənin bu cür əməlləri görməyə hünəri çatmazdı”
Şeyxin qudası Qalib Salahzadə daha bir vətəndaşın mülkiyyət hüququnu qəsb edib, bağ evini özülünə qədər dağıdıb. Zərərçəkmiş Nurid Əliyevin sözlərindən belə aydın olur ki, Bakının Bilgəh qəsəbəsində konstitusiyasının mülkiyyət hüququnu təsbit edən maddəsi fəaliyyətini dayandırıb.
Nurid Əliyevin sözlərinə görə, bağ evi ona babası Nuriddin Məcid oğlu Əliyevdən qalıb. Nuriddin Əliyevə isə həmin bağ evini mərhum prezident Heydər Əliyev bağışlayıbmış: “Babam İkinci Dünya müharibəsinin iştirakçısı olub. Polkovnik, SSR-in əməkdar təyyarəçisi idi. Döyüşdə göstərdiyi cəsarət və qəhrəmanlığa görə ”Qırmızı Döyüş Bayrağı”, “Qırmızı Ulduz” ordenləri ilə təltif olunub. “Lenin”, “Oktyabr inqilabı” ordenlərinin laureatı olub. Dəfələrlə Heydər Əliyev tərəfindən mükafatlandırılıb. 20 ilə yaxın Azərbaycan Mülki Aviasiya İdarəsinin rəisi olub. Bu torpağı babama xidmətlərinə görə ulu öndər verib. Babamdan atama, atamdan da mənə miras qalıb”.
“Qalib Salahzadə dəfələrlə bizə maşınla su gətirərdi”
N.Əliyevin sözlərinə görə, onun bağ evini söküb özünün nənəsinin adına rəsmiləşdirən Qalib Salahzadə onların bağ evinə əvvəllər ara-sıra gəlib: “Atam sağ olanda Qalib Salahzadə dəfələrlə bizə maşınla su gətirərdi. O vaxt belə deyildi, Bakının hər tərəfində daimi su olmurdu, su problemi vardı. Belə gediş-gəlişlərində Qalib Salahzadə atamdan xahiş edirdi ki, ona yaxınlıqda torpaq sahəsi verilməsinə kömək etsin. Atam ona yaxınlıqda torpaq sahəsi verilməsinə kömək etdi. İllər keçdi, atam rəhmətə getdi. Bundan sonra mən bağa evimə az-az gedirdim. Qalib Salahzadə məni Bilgəhdə hər dəfə görəndə ”birdən bağı satmaq istəyərsən, adam ata mülkünü satmaz, bu torpaq sənə babandan qalıb, səndən də uşaqlarına qalacaq” deyirdi.
“Bilir ki, o bağı babama Heydər Əliyev verib”
N.Əliyevin sözlərinə görə, heç vaxt ağlına belə gətirməyib ki, nə vaxtsa Qalib Salahzadə onun bağ evini zəbt edər: “Qalib Salahzadə çox yaxşı bilir ki, bağ babamdan qalıb. Bilir ki, o bağı babama Heydər Əliyev verib. Onun bunları bildiyi halda bu cür qanunsuzluğa qol qoyacağını heç ağlıma belə gətirməzdim. 2012-ci ildə bağ qonşum Seymur Quliyev mənə zəng etdi. Dedi ki, bağ evinin hasarını Qalib Salahzadə söküb. İnanmadım. Dedim ki, bu mümkün olan şey deyil. Əraziyə gəlib hər şeyi aydınlaşdırana qədər də belə idi”.
“Qalib Salahzadə bizim bağ evlərini yerlə bir etdi”
N.Əliyev deyir ki, onun torpaq sahəsi ilə yanaşı qonşusu Seymur Quliyevin də bağ evi eyni qaydada zəbt olunub, qonşular birgə məhkəmələrdə mülkiyyət hüquqları uğrunda mübarizəyə qalxıblar: “Həmin günlərdə Qalib Salahzadə qonşum Seymur Quliyevin də bağ evini ələ keçirmək üçün hərəkətə keçmişdi. Bilgəh bələdiyyəsindən bir saxta sənəd ortaya atmışdı ki, guya Seymur Quliyevin bağ evi bələdiyyə torpağıdır, həmin torpağı da bələdiyyə onun gəlininə verib. Həmin sənədin saxta olduğu məhkəmədə təsdiqini tapdı.
Buna baxmayaraq, Qalib Salahzadə Seymur Quliyevin 3 mərtəbəli bağ evini darmadağın etdi. Bu gün də Seymur Quliyev özünün bağ torpaq sahəsinə gedə bilmir. Yola bir darvaza qoyublar və yolu, sadəcə, bağlayıblar. Seymur Quliyevin də, mənim də əlimizdə bağ torpaq sahələrinin mülkiyyətimizdə olmasını təsdiqləyən sənədlər var. Qalib Salahzadə Bilgəhdə özünü qanundan üstün sayır. Mənim barəmdə də 14-cü polis bölməsinə şikayət etmişdi. Bölməyə şikayətdə yazmışdılar ki, guya mən Kubra Mirəbdül qızı Camalovanın torpağını zəbt etmişəm. Bölmədən mənə zəng olundu. Araşdırdılar. Məlum oldu ki, Kubra Camalova Qalib Salahzadənin nənəsidir, illər əvvəl dünyasını dəyişib. Ölən nənəsinin adına saxta sənədlər düzəldiblər.
Buna baxmayaraq, sənədlərin saxtalaşdırılması məsələsini araşdıran olmadı. Bu saxtakarlıq ifşa olunandan sonra Bakı Şəhər İcra Hakimiyyəti ”İnşaatservisez” tikinti şirkətinə sərəncam verdi, bizim torpağı da həmin sərəncamla şirkətə ayrılan torpağa qatmışdılar. Dövlət Reyestr Xidmətindən mülkiyyətimizə olan torpağa çıxarış alınıb. Bundan sonra Qalib Salahzadə bizim bağ evlərini yerlə bir etdi. Mən qonşum Seymur Quliyevlə birlikdə vəkil tutub məhkəməyə müraciət etdik. Uzun sürən məhkəmələrdən sonra haqq yerini tutdu. Qalib Salahzadənin əməllərinə heç də təəccüblənmirəm. Onun necə adam olmasını ən azı bütün Bilgəh bilir.
Məni dəhşətə gətirən Hacıbala Abutalıbovun, Reyestr Xidməti rəhbərliyinin, hüquq- mühafizə orqanlarının hərəkətləridir. Qalib Salahzadə nə qədər qanunları ayaq altına atsa da, sonda o da bizim kimi vətəndaşdır. Dövlət məmurlarının dəstəyi olmasaydı, Qalib Salahzadənin bu cür əməlləri görməyə hünəri çatmazdı. Ona görə də üzümü ilk növbədə bu məmurlara tutub deyirəm – siz məmurlar, Hacıbala Abutalıbov, nə əsasla babamdan qalan, dövlətin verdiyi sənədlərlə mülkiyyətimizdə olan evimi başqalarının ixtiyarına verirsiniz? Vicdan, insanlıq qalsın bir tərəfə. Konstitusiya, qanunlar sizin üçün yazılmayıb? Mənimlə nə qərəziniz var? Sizi yüksək vəzifəyə mənim evimin sökülməsi üçün təyin ediblər? Çox arzulayıram ki, adını çəkdiyim şəxslər bu məqaləni oxuyub suallarıma cavab versinlər. Hər halda, nə vaxtsa cavab verəcəklər. Buna çox inanıram. Konstitusiyamız mülkiyyətin toxunmazlığına təminat verirsə, dövlət şəhadətnaməsi ilə üzərində mülkiyyət hüququm təsdiq edilmiş evimi hansı ixtiyarla söküb yerlə bir etmisiniz?”
Lənkəranda məktəblinin qəfil ölümünün bəzi təfərrüatları məlum olub.
Median.Az Report-a istinadən xəbər verir ki, bu gün günorta saatlarında Cəlilabad şəhər sakini, 2004-cü il təvəllüdlü Məmmədzadə Fərahim Fərhad oğlu avtomobillə Lənkəran şəhərinə gələn zaman qəfil halı pisləşib.
Məktəbli dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, o, ürəktutmasından vəfat edib. Lakin bildirilir ki, F.Məmmədzadənin bu vaxta qədər səhhətindən heç bir problemi olmayıb.
Qeyd edək ki, mərhumun atası Cəlilabad rayonunun tanınmış həkimidir.
Mərhum Lənkəranda fəaliyyət göstərən “İstək” Liseyinin 8-ci sinif şagirdi olub və sabah dərslərin başlaması ilə əlaqadar ora gedirmiş.
Türkiyənin Hatay vilayətində 11 PKK terrorçusu məhv edilib.
APA-nın “Anadolu”ya istinadən verdiyi məlumata görə, Hatay valiliyi əməliyyat haqqında açıqlama yayıb.
Açıqlamada bildirilir ki, vilayətin Arsuz rayonu ərazisində təhlükəsizlik qüvvələrinin keçirdiyi hava dəstəkli əməliyyat zamanı 11 PKK-çı məhv edilib. Terrorçulara məxsus xeyli sayda silah-sursat aşkarlanaraq götürülüb. Bölgədə əməliyyatın davam etdiyi bildirilir.
Bakının Nəsimi rayonunda bir nəfərin boğazı kəsilib.
Median.Az report-a istinadən xəbər verir ki, Salyan rayon sakini, 1985-ci il təvəllüdlü Nəcəfov Nurlan Böyükkişi oğlu Mirqasımov küçəsində restoranda müştəri kimi əyləşərkən qonşuluğunda yaşayan şəxs tərəfindən çölə çağırılıb. Naməlum şəxs N.Nəcəfovun boğazını bıçaqla kəsib.
Yaralı çoxlu qan itirirək 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırlıb. N.Nəcəfov cərrahi əməliyyat olunub.
Lakin onun vəziyyəti ağırdır.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
Şəhərdaxili yolda ağırtonlajlı avtomobil saatda 80-90 kilometr sürətlə hərəkət edir. Görüntülər paytaxtın Nizami rayonunda lentə alınıb.
Eyni istiqamətdə hərəkətdə olan sürücülərdən biri yük avtomobilinin şəhərdə sürətlə hərəkət etdiyini görüb, dərhal onu çəkərək ”Xəzər Xəbər”in votsap nömrəsinə göndərib. Kadrlara baxdıqda da aydın görünür ki, 10 ZH 674 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü təhlükəli vəziyyət yaradaraq, avtomobili minik maşını kimi idarə edir.
O, hətta ”Koroğlu” metrostansiyası yaxınlığındakı körpünün üzərindən də eyni sürətlə keçərək üzü Dərnəgül şossesinə doğru hərəkətinə davam edir.
Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da sürücünün kobud qayda pozduğunu deyir.
Vaqif Əsədov bildirir ki, sosial şəbəkələrdə və internet portallarında yayılan bu cür görüntülər Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən araşdırılır. Qaydaları kobud pozaraq digər hərəkət iştrakçıları üçün təhlükə yaradan bu sürücü aşkar edilərək cərimə olunacaq.
Qeyd edək ki, yük avtomobilləri üçün şəhərdaxili yolda maksimum sürət saatda 60 kilometrdir. Həmin sürücü bu qaydaları pozduğu üçün o, İnzaibati Xətalar Məcəlləsinin 328, yəni ”yolda müəyyən edilmiş sürət həddini aşdığına” görə 50 manat və 2 bal ilə cərimələnəcək./xezerxeber.az