Month: March 2018

  • Qadın məktəbin mühafizəçisini döydü — BAKIDA QƏRİBƏ OLAY

    Bakıdakı 316 saylı orta məktəbdə valideynlərdən biri məktəbin mühafizəçisiylə dalaşıb.

    Median.Az “Ölkə.Az”a istinadən məlumatına görə, sözügedən təhsil ocağında bir neçə gündür ki, işə başlayan mühafizəçinin kobud davranışları bəzi valideynlərin qəzəbinə səbəb olub.

    Bu gün isə qadın valideynlərdən biri mühafizəçiyə şillə vurub.

    Qeyd edək ki, bir müddət öncə 316 saylı məktəbin direktoru işdən çıxarılıb.

  • “VIP Style Estetik Tibb Mərkəzi”ndə ŞOK FIRILDAQ – 3600 manatlıq kosmetikanı kasıb qadına necə sırıdılar? – TƏFƏRRÜAT

    Endirim kampaniyasına düşdünüz, gəlin sizi gözəlləşdirək…”

    Elə əsl həngamə də bundan sonra başlayıb

    Eyyub Hüseynov: “VIP Style Estetik Tibb Mərkəzi” ilə bağlı artıq 5 ildir ki, rəhbəri olduğum quruma şikayətlər gəlir”

    İradə Cavadova: “Həmin xanım çayına nəsə qatıldığını anladığı vaxt qan analizi verməli və anlaqsız vəziyyətdə olduğunu sübut edib, həmin gözəllik salonundan təzminat da ala bilərdi”

    Doğrudan da son illər gözəllik şirkətlərinin nümayəndələri küçədə, ictimai-iaşə mərkəzlərində, mağazalarda qadınlara yaxınlaşıb, öz xidmətlərini təklif edirlər. Telefonla zəng vuraraq nömrənin guya uduşa düşdüyünü, buna görə də pulsuz kosmetoloji xidmət göstərəcəklərini söyləyirlər.

    Bundan əlavə, sosial şəbəkələrdə səhifələr yaradaraq yalançı reklamlar yerləşdirirlər.

    Məhz bu cür reklamlara inandıqları üçün ildən-ilə estetik klinikalar və gözəllik salonları tərəfindən aldadılan qadınların sayı artır.

    Big.az-ın redaksiyasına müraciət edən Mehriban Əzizova ad-soyadlı xanım “VIP Style Estetik Tibb Mərkəzi” tərəfindən fırıldaqla üzləşdiyini deyib. Belə ki, həmin xanıma zəng edib, endirim kampaniyasına düşdüyünü deyiblər. Daha sonra mərkəzlərinə dəvət ediblər. Elə əsl həngamə də bundan sonra başlayıb: “Həmin xanım başladı ki, bəs siz xüsusi endirim kampaniyasına düşmüsüz. Mərkəzimizə gəlin, sizi gözəlləşdirək. Mən də maraqlandım ki, nə kampaniyadır. Qız dedi ki, üzünüz müayinə olunacaq, daha sonra diaqnoz qoyulub, aparat kosmetalogiyası ilə xüsusi həkim tərəfindən müalicə olunacaqsınız. Nə isə, ora getdim. Məni gülərüz, xoş personal qarşıladı. Özünü Hökumə adı ilə təqdim edən həkim xanım, üzümün bir hissəsinə simmetrik olaraq, xüsusi kremlər vasitəsilə qulluq göstərdi. Daha sonra da mənə həmin firmanın olduqca bahalı kremlərini endirimlə almaq təklifini etdi. Düzü, əvvəlcə tərəddüd etdim, Hökumə adlı həkim-kosmetoloq fasiləsiz danışır, məni yola gətirməyə çalışırdı. Deyirdi ki, Mehriban xanım, narahat olmayın. Biz sizə 50 faiz endirim edərik, siz pulu hissə-hissə ödəyərsiz. Gözəl musiqi fonunda yavaş-yavaş yola gəlməyə başlayırdım… Sonra mənə içməyə çay gətirdilər. Bəlkə də deyəcəklərimə inanmayacaqsınız, vallah, o çayda nəsə vardı, içdim, elə bil, beynim dondu, keyidi… Müqaviləyə necə qol çəkdiyimi və onların mənə vedikləri bir çemodanla – 3 min 600 manat dəyəri olan krem-dərmanlarla özümü küçədə gördüm. Evə çatar-çatmaz ağlım başıma gəldi ki, axı, mən kasıbam. Yoldaşım da işləmir, mən bu qədər pulu necə qaytaracağam? Dəli olmaq həddinə çatdım. Məhsulları qaytarmaq istəyəndə, nə desələr yaxşıdır? Xanım, siz kremlərdən birini açıb, istifadə etmisiz, qaytarmaq mümkün deyil. Doğrudan da, müqaviləyə qol çəkəndən sonra özünü mənə həkim-kosmetoloq kimi sırıyan Hökumə adlı qadın kremlərdən birini açıb, təkrar üzümdə test etmişdi. İndi anlayıram ki, onun bu hərəkəti məqsədli imiş. Daha nə deyim, onları Allaha tapşırıram ki, məni belə çıxılmaz vəziyyətə saldılar. Hələ utanmadan mənə dedilər ki, xeyr, müqaviləyə qol çəkmisən. Səni məhkəməyə verəcəyik. Kim istəyər ki, məhkəməlik olsun? Ərim bilsə, məni öldürəcək, kömək edin…”

    Rəhbərlik etdiyi təşkilata estetik klinikalarla bağlı şikayətlərin həddən artıq çox daxil olduğunu vurğulayan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bəzi şirkətlər qadınları bir günlük pulsuz müalicəyə cəlb edirlər. Şirkətə gedən qadınlara kosmetik xidmət göstərilir:

    “Bundan sonra müştəri ilə 4 saatdan çox söhbət aparılır, onları müqavilə bağlamağa sövq edirlər. Qadınlara 3-4 min manatlıq kosmetik vasitələr verilir və pulun hissə-hissə ödənilməsi təklif olunur. Sonradan həmin kosmetik vasitələrin heç də bu qədər baha olmadığını öyrənən və onları geri qaytarmaq istəyən qadınları isə müqavilə şərtlərini pozmaqda suçlayaraq hədələyirlər.

    Onu da deyim ki, “VIP Style Estetik Tibb Mərkəzi” ilə bağlı artıq 5 ildir ki, rəhbəri olduğum quruma şikayətlər gəlir. Yəni qadınlara zəng edirlər ki, kampaniyaya düşmüsüz, sonra da 3-4 min manatlıq müqaviləyə qol çəkdirib, fırıldaq gəlirlər. Qadınlar da ya qorxularından ya pulu ödəyirlər, ya da bizə müraciət edirlər. Yalvarırlar ki, amandır, ailəmiz heç nə bilməsin. Azad İstehlakçılar Birliyi də həmin malları uğurla, həm də təmənnasız olaraq geri qaytarır və insanların canını bu kimi problemlərdən qurtarır. Ora klinika deyil, adam toplusudur, əhalinin başını yeyirlər. Çox təəssüflər olsun ki, bununla bağlı Baş Prokurorluğa, İqtisadiyyat və Sənaye, Səhiyyə nazirlikləri qarşısında dəfələrlə etdiyim müraciət cavabsız qalıb. Onlar bu kimi hallara göz yumurlar… Azərbaycanda bir qrup adam insanların hüquqlarını pozmaqda və onları aldatmaqda davam edir”.

    Qadınlara aldadıcı reklamların tələsinə düşməməyi tövsiyə edən İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova onları ehtiyatlı olmağa çağırıb.

    Vəkilin sözlərinə görə, tanımadıqları insanların ev və ya mobil telefonlarına zəng edib, onlara endirim kampaniyaları təklif edən satış mərkəzləri, gözəllik salonları faktiki olaraq istehlakçı hüquqlarını pozmuş hesab olunur: “Rabitə Nazirliyi bu məsələyə diqqət ayırmalı və reklam xarakterli zənglərlə bağlı ölçü götürülməlidir. Bir neçə dəfə kosmetik xidmətlər və endirim kampaniyaları ilə bağlı mənə də zəng ediblər. Onların xidmətindən imtina etməklə yanaşı, nömrəmi haradan aldıqları ilə də maraqlanmışam. Axı nəyə görə mənim nömrəm hansısa satış markalarının əlində olmalıdır?! Onlar barədə araşdırma aparmağa vaxtım olmadığı üçün onları ifşa edə bilmədim”.

    Müştərilərə keyidici çay içirdib, hansısa müqaviləyə qol çəkdirilməsi məsələsinə gəldikdə isə hüquqşünas hesab edir ki, xanım tələb olunan məbləği ödəmək məcburiyyətində deyil: “Həmin müqaviləni asanlıqla ləğv etmək olar. Hesab edirəm ki, həmin xanım çayına nəsə qatıldığını anladığı vaxt qan analizi verməli və anlaqsız vəziyyətdə olduğunu sübut edib, həmin gözəllik salonundan təzminat da ala bilərdi. Bu o qədər də sadə məsələ deyil, faktiki olaraq istehlakçı hüquqları kobud şəkildə pozulub. O xanım hüquq-mühafizə orqanlarına və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməklə həmin Mərkəzdə araşdırma aparılmasına nail olmalıdır. Əgər həmin gözəllik salonunun rəhbərliyi cəzalandırılsa, digərləri də bu hadisədən özləri üçün bir dərs götürər. Bu cür dələduzluq üsulu ilə müqaviləyə qol çəkdirmək birbaşa cinayət məsuliyyəti xarakterlidir. Xanım mütləq öz haqqını tələb etməlidir”.

    Bu cür problemlərin tək gözəllik salonları, tibb mərkəzlərində yaşanmadığını qeyd edən İ.Cavadovanın sözlərinə görə, mobil operatorlar, elektron mallar satan mağazalardan da vətəndaşların şəxsi nömrlərinə reklam xarakterli zənglər gəlir. Bu cür aldadıcı reklamların hər sahəni əhatə etdiyini qeyd edən vəkil onlarla mübarizə aparmağın da çox çətin olduğunu bildirib:

    “İnsanların bu cür reklamlara aldanmasının əsas səbəbi maarifləndirmənin olmaması ilə bağlıdır. Kütləvi İnformasiya Vasitələrində aldadıcı reklamlarla bağlı ciddi xəbərdarlıqlar olmalıdır. Xüsusən də televiziyalarda istehlakçı hüquqları ilə bağlı proqramlar olmalıdır, amma bizim telekanalların heç birində bu cür xəbərdarlıqlara rast gəlmirik. Nəticədə isə insanlar satış şirkətlərinin niyyətindən xəbərsiz olur və onların “tor”una düşürlər. Qəzetlər və saytlar zaman-zaman bu kimi məsələlərə diqqət ayırır. Amma məsələ burasındadır ki, qəzet oxuyan insanların böyük əksəriyyəti əhalinin intellektli təbəqəsidir və onlar onsuz da istehlakçı hüquqlarından xəbərdardırlar. Amma televiziyanı uşaqdan – böyüyə kimi hamı izləyir. Ona görə də istehlakçı hüquqları ilə bağlı televiziyalarda aparılan hüquqi maarifləndirmələrin daha effektiv olacağını düşünürəm. Əks halda, mövcud problemlər daha qabarıq formada özünü büruzə verəcək”.

    Qarşı tərəf də münasibət bildirə bilər.

  • Aşiq olanda bədənimizdə nələr baş verir? – İNANILMAZ FAKTLAR

    Median.Az Ailem.az-a istinadən aşiq olan zaman insan orqanizmində baş verən dəyişikliklərdən danışacaq.

    İlk növbədə oradan başlayaq ki, aşiq olduğu zaman insanın göz bəbəkləri böyüyür. Birindən təsirlənən zaman simpatiya sinir sistemində oyanma meydana gətirir və bu oyanma nəticəsində göz bəbəklərində böyümə meydana gəlir.

    Xəstəlik hissi

    İnsan aşiq olan zaman iştahasının itməsi və ya xəstələnməsi normaldır. Bu, bir insandan xoşlandığını bildirən siqnallardır. Stress hormonu kortizolun mədədəki qan damarlarını büzüşdürməsini eşq xəstəliyi olaraq adlandırmaq mümkündür. Bu narahatedici vəziyyət çox zaman qarşıdakı insanın yanında özünü daha rahat hiss etməyə başladıqdan sonra zamanla öz-özünə ortaya çıxır.

    Güc hissi

    Uşaqlarını əzən maşını qaldırma gücünə malik olan analar haqqında eşitmisiniz? Eşq və qorxu hissinin birləşməsi fövqəladə vəziyyətlərdə qəfildən insanda təsəvvür edilməyəcək gücə yol açır. Hissi qüvvə adlandırılan bu fenomenin elmi baxımdan araşdırılması demək olar ki, imkansızdır. Çünki araşdırmalar zamanı bu fövqəladə vəziyyətlərin təqlidi çox çətindir. Bu hissi gücü təcrübədən keçirənlər isə sadəcə yeniyetmələr deyil, eyni zamanda, aşiq olan bütün insanlar bu insandan üstün olan gücü hiss edir. Aşiq olan zaman ifraz edilən oksitosin hormonu fiziki ağrıya qarşı dözümlülüyün də artmasına səbəb ola bilər.

    Gözlərini ondan ayırmamaq

    İş stolunda və ya telefonunda sevdiyin insanın şəklinin olması təsadüfi deyil. Sevdiyin insanın üzünə baxma arzusu beyindəki dopamin ifraz edilməsindən qaynaqlanır. Beyində baş verən bu təsir kokain ilə eynidir. Çünki o da içki həzzi ilə bağlı arzu təsirini oyadır. Başqa sözlə desək, tətildə olan zaman çəkdirdiyiniz fotoya baxdıqda enerji yenidən qaynaqlanır və arzu həyata keçmiş kimi bir xoşbəxt hiss yaranır.

    Səs yüksəlməsi

    İlk “vurulma” mərhələsini keçdikdən sonra həmin insana olan bağlılıq və sədaqət yaranır, get-gedə dərinləşir. Bununla bağlı olaraq bədəndə insanın özündən asılı olmayaraq səs tembrinin yüksəlməsi kimi dəyişiklik baş verir. Araşdırmalar sübut edib ki, fiziki olaraq təsirləndiyin kişi ilə danışan zaman qadınların səs tonları daha yüksək və xanımsayağı olur.

    Yanında olmayanda təlaşlanmaq

    Qısa və ya uzun müddət sevdiyin insandan ayrı qaldıqda onun yoxluğu hiss edilir. Bu zaman kortikotropin səviyyəsi yüksəlir, buna bağlı olaraq da depressiya və narahatlıq əlamətləri yaranır. Uzun məsafədə münasibətləri olan cütlüklər bu mənfi hallarla mübarizə aparmalıdırlar.

    Hormonlar qarışır

    Münasibətlərin mehriban vaxtlarında hormonlar darmadağın olur. Həm qadın, həm də kişilərdə kortizol hormonu yüksəlir. Qadınlarda testosteron səviyyəsi yüksəlir, kişilərdə isə aşağı düşür.

    Ürək qırılması

    Araşdırmalar sübut edib ki, qəlb qırılma halı ölümə də səbəb ola bilər. Tibdə buna stressə bağlı olan kardiomiyopatiya deyilir. Bu zaman insan həssas stress təzyiqinə məruz qalır və bu halda dünyanın ən sağlam insanı belə, ürəyi ilə problem yaşaya bilər. Bu simptomlar infarktla oxşardır. Ürək qırılması sindromu ürəyə zərər verdiyi kimi, nadir hallarda ölümə də səbəb ola bilər. Bu cür vəziyyət çox hallarda müalicə edilir.

    Cinsi istək

    Münasibətin ilk vaxtlarında cütlüklər bir-birilərinə qarşı çox diqqətli və qayğıkeş olurlar. Lakin bu, uzun müddət davam etmir. Xüsusən də qadınlar üçün bu, elə də asan deyil. Kişilər və qadınlar üzərində aparılan araşdırmalar sübut edib ki, kişilərin cinsi istəyi uzun müddət özünü göstərir, qadınlarda isə bir müddətdən sonra bu nisbət azalmağa başlayır. Əgər libidonun vaxt keçdikcə aşağı düşdüyünü hiss edirsinizsə, bununla bağlı filmlərə baxmaq məsləhətdir.

    Kökəlmək

    “Ailə qurduqdan sonra kökəldi” fikrinə tez-tez rast gəlinir. Xoşbəxt münasibəti olan insanların kökəlməsi mümkündür. Araşdırmalar göstərib ki, ailə həyatı insanları kökəlməyə meylli edir. Başqa bir araşdırma isə sübut edib ki, ailə qurduqdan sonra qadınlar daha yağlı yeməklər və şirniyyatla qidalanmağa başlayırlar. Hətta ailə qurduqları ilk 5 ildə qadınların 10 kiloya yaxın kökəldiyi bildirilir.

    Ömrü uzadır

    Sevdiyiniz insan üzüyü barmağınıza taxdığı vaxt sizin ömrünüz uzanır. Amerika universitetlərindən birinin araşdırmaları sübut edib ki, 40 yaşına ailəli olaraq daxil olan insanların erkən ölüm riski ailəsi olmayan və ya boşanmışlara nisbətən daha azdır. Bununla yanaşı, ailəsi olan kişi və qadınların ürəklərinin daha dözümlü olduğu müəyyənləşib. Xüsusən də kişilərin ürəyi daha sağlam olur və damar xəstəlikləri riski 5 faiz aşağı düşür.

    Yuxu problemi

    Ola bilər ki, onu düşündüyünüz üçün yuxunuz qaçır, yata bilmirsiniz. Yeniyetmələr arasında aparılan araşdırmalar sübut edib ki, aşıq olan zaman yaranan ilk eyforiya halında insan özünü səhərlər və axşamlar daha enerjili, pozitiv hiss edir. Bunun nəticəsində isə yatmaq çətinləşir. Bundan başqa, hormonlarda yaranan inkişaf gün ərzində görülən işlərə adaptasiya olmağı da çətinləşdirir.

    İlham gəlir

    Yazıçıların çoxu ilham qaynağı olaraq depressiyanı göstərsələr də, araşdırmalar sübut edib ki, insan sevən və sevilən müddətdə yaradıcılığının ən yüksək zirvəsində olur. Bunun səbəbi isə aşiq olan insanların çoxunun uzun zaman kəsimlərinə konsentrasiya olmaq, layihələri və ehtiraslarına qarşı bütöv bir yanaşma mənimsəmələri və məqsədə çatma üsullarını dəyişmələridir. Başqa sözlə desək, eşq xəyal gücünü genişləndirir.

    Cinsi macəralar

    Qadınlarla aparılan araşdırma isə göstərib ki, ciddi münasibət yaşadığı vaxtlarda yeni təcrübələr aparmağa daha çox meylli olurlar, arzular qururlar. Bununla yanaşı, cinsi həyatları haqqında təxminləri və xəyal güclərini də işə salırlar.

    Xroniki ağrılar azalır

    Sevgi münasibətləri xroniki xəstəliklərə qarşı yaxşı təsirə malikdir. Dərin sevgi hissləri beyində ağrıkəsici fəaliyyəti göstərən bölgələri hərəkətə gətirir.

  • Elmar Vəliyev ticarət mərkəzinə görə tarixi binaları sökdürdü – FOTOLAR

    Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev “Ganja Mall” ticarət mərkəzinə görə, tarixi binaları sökdürdü.

    Median.Az xəbər verir ki, Ərazidə yaşayan sakinlərin Unikal.org-a verdikləri məlumata görə, Gəncənin tarixi küçəsi sayılan Cavad Xan(keçmiş Sabir) küçəsində yerləşən 100 ildən artıq yaşı olan tarixi binalar sökülüb.

    Yerində isə “Ganja Mall” ticarət mərkəzi və sözügedən ərazidə yerləşən otel üçün parkinq salınacaq.

    Ərazidə yaşayan sakinlər buna etiraz etmələrinə baxmayaraq, bu gün küçədə yerləşən binaların söküntüsü reallaşıb.

    Məsələ ilə bağlı Unikal.org-a Gəncə şəhər İcra Hakimiyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Həsən Məmmədov binaların sökülmə faktını təsdiqləyib.

    O söküntünün səbəbini belə izah edib:

    “Ərazidə müasir “Ganja Mall” ticarət mərkəzi və otel tikilib. Bunların ətrafında olan, istismara yararsız köhnə binalar isə sökülüb, yerində müasir obyektlərin tikilməsi nəzərdə tutulur”.



  • Gənc qız Bakıda küçənin ortasında ayrıldığı nişanlısı tərfindən döyüldü

    Bakıda gənc qadın küçədə döyülüb.

    Median.Az
    “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, 1991-ci il təvəllüdlü Şölə Məmmədova polisə müraciət edərək bildirib ki, küçədə qarşısını kəsən keçmiş nişanlısı Orxan Əliyev xuliqanlıq zəminində onu döyüb.

    Araşdırma aparılır.

  • BAKIDA DƏHŞƏTLİ OLAY: Lift kabinəsi ilə şaxtanın divarı arasında qalıb öldü

    Bakıda lift ustasını elektrik cərəyanı vurub.

    Median.Az “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə dünən, martın 16-sı saat 16:40 radələrində paytaxtın Aydın Nəsirov küçəsi 54 ünvanında yerləşən hündürmətəbəli binada baş verib.

    Lift ustası, Abşeron rayon sakini, 1983-cü il təvəllüdlü Ədalət Balakişiyev lifti təmir edən zaman onu elektrik cərəyanı vurub. Ə.Balakişiyev müvazinətini itirərək yıxılıb və şaxtada liftin kabinəsi ilə divar arasına düşüb. Orada sıxılaraq ölüb.

  • Mətanətin şpakatı, Günayın Zaurun belinə minməsi, hamam xalatı…-Telekanallarımız bu vəziyyətdədir (FOTO)

    Xəbər verdiyimiz kimi, bu gün ATV telekanalında biabırçı anlar yaşanıb.

    Median.Az Big.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Baxşəliyevin verilişə hamam xalatında çıxıb. Onun bu addımı tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb.

    Qeyd edək ki, bənzər hadisəyə Azərbaycan efirində birinci dəfə rast gəlinmir.

    Aparıcı Mətanət Əliverdiyevanın ətəkdə olmasına baxmayaraq “şpakat” açması, aparıcı Günay Baxşəliyevanın Zaurun belində oturması, Aparıcı Sərxan Kərəmoğlunun verilişində zaman-zaman qadın müğənnilərə qarşı qeyri-etik davranışı, Əli Mirəliyevin rəqqasəni qucaqlayaraq yerə yıxması olduqca müzakirə edilən yayımlardan olub.





  • Həkimlərimizin müalicəsi niyə effekt vermir, qəfil ölümlərin səbəbi nədir?.. – Tanınmış tibb işçisindən hadisə kimi açıqlamalar

    Azərbaycan Tibb Jurnalının baş redaktor müavini Fuad İslamzadə cəmiyyətə o qədər də tanış isim olmasa da, tibb sahəsində, xüsusi ilə tibb elmi ilə məşğul olan kəsim arasında çox məşhur adamdır.

    Ömrünü bu sahəyə həsr edən F.İslamzadə BakuPost.az-a verdiyi müsahibədə Azərbaycanın səhiyyə sistemiylə bağlı olduqca liginc məqamlara toxunub. Bu müsahibə əslində, tibbin yol xəritəsidir: səhiyyə sahəsində olan problemlərin səbəbi dəqiq ifadə olunub və bunun  qarşısının necə alınması üçün ipucları verilib.

    – Fuad müəllim, ömrünüzün yarısını Azərbaycan Tibb Universitetində və Tibb jurnalının səhifələrinə xərcləmisiz. Həm həkimlərlə, həm tələbələrlə, həm elmi araşdırmalar edən elmi işçilərlə ünsiyyətdə çox olursuz. Azərbaycanda bu gün tibb sahəsində alim və həkimlərimiz ciddi bir uğura imza atıbmı?

    – Sovet İttifaqı dağılan ərəfədə və sonra bir müddət bizim ölkə elmi araşdırmalar baxımından geridə qaldı, ölkəyə tibbi yeniliklər gətirilmədi. Amma son zamanlar tək-tək də olsa, diqqət çəlb edən elmi əsərlər yaranır. Bəzən hətta   Azərbaycanda indiyə qədər işlənilməmiş və tibbi dərsliklərdə belə olmayan araşdırmalara rast gəlirik. Məsələn, elə bizim kafedrada və Elmi-Tədqiqat Pediatriya İnstitutunda antimikrob peptidlər öyrənilir, son 10 il əvvələ kimi bu haqda məlumat yox idi. Bizim əsas qüsurumuz elmi işlərimizin nəticələrini yetərincə təbliğ etməməyimizlə (və ya edə bilməməyimizlə) bağlıdır. Çox vaxt belə bir vəziyyətlə qarşılaşırıq ki, tədqiqatçı elmi işinə dair məqalə və ya dissertasiyalarda özündən əvvəl eyni problem üzrə  ölkədə aparılmış  tədqiqat işləri haqqında heç bir  məlumat vermir. Bəzən hətta elə olur ki, bizə təqdim edilən  məqalələrin elmi tədqiqatın  əsaslandırılmasına  həsr edilən hissəsində müəllifin öz elmi rəhbərinin  1-2 il əvvəl rəhbərlik etdiyi eyni problemə həsr edilmiş işlərə istinad edilmir. Sanki bizim xalqda özününkini bəyənməmək kimi mənfi bir hal yaranıb. Psixologiyada  buna “milli natamamlıq kompleksi” deyilir. Bilmirəm, bəlkə də bu xalqımızın Qarabağ məsələsində məğlub durumda olduğundan irəli gələn ümumi psixoloji  sarsıntının nəticəsidir.

     Yeri gəlmişkən, söylədiyim  fikirlər təkcə elmi-tədqiqat işlərinə yox, bədii ədəbiyyata da aiddir. Mən bu yaxınlarda  qırğız yazıçısı Çingiz Aytmatovun  “Seçilmiş əsərləri”ni oxudum.  Bəlkə də sözlərim başqalarına qəribə görünə bilər. Amma o əsərlərdə bizim yazıçılardan Anarın gənclik illərində yazdığı hekayələrlə, Bayram Bayramovun, İsa Hüceynovun, Əkrəm Əylislinin povestləri ilə müqayisədə üstün bir şey görmədim. Məsələn Ç.Aytmatovun ən geniş təbliğ edilən əsərləri “Gün var əsrə bərabər” povestində  eyni fikirlər  dəfələrlə   təkrar edilir ki, bu da bədii ədəbiyyat üçün böyük qüsur hesab edilə bilər. Şübhə yoxdur ki,  Ç.Aytmatovun əsərləri bütün dünyaya təkcə onun öz səyi sayəsində  yayılmayıb.  Onların tərcümə edilib müxtəlif ölkələrə yayılması və müəllifi  məşhurlaşdırması böyük bir komandanın  zəhmətinin nəticəsidir.  Biz isə təbliğ etmək bir yana dursun, hətta özümüzünkülərə  ilk dodaq büzənlər də özümüz oluruq. Bu gün gənc  yazıçılarımızın böyük bir qrupu  gündəmə gəlməyin yeganə  yolunu özündən əvvəlkiləri  tənqid etməkdə yox,  söymək və təhqir etməkdə görür. Təəssüf ki,  elmimizin təbliğində də  buna bənzəyən hal müşahidə edirik.

    Etiraf edək ki, bizdə elmi tədqiqat işlərinin  planlaşdırılması və koordinasiyası zəifdir. Bəzi elmi rəhbərlər rəhbərlik vəzifəsini yalnız  əməkdaşlarının  elmi əsərlərinə həmmüəllif olmaqla  bitmiş hesab edirlər. Buna görə çox vaxt yüksək səviyyədə yerinə yetirilmiş işin nəticələrinin təsvir və təqdim edilməsində  çətinlik yaranır.

    Bu gün çox təəssüf ki, elmi işlər ad almaqdan ötrü görülür. Bu, sovetin son illərindən başlayan ənənədir, indiyə kimi də davam edir: özünü göstərmələr, şan-şöhrət həvəsi, özündən danışmalar… Çox vaxt da tədqiqatçılarımızın dissertasiya müdafiəsindən sonra elmi fəaliyyətlərini dayadırdıqlarının şahidi oluruq. Xarici ölkələrdə yüksək səviyyəli mütəxəssis professordan daha yüksək qiymətlən¬dirilir. Bizdə ada, titula önəm verirlər. Mən  öz yaxın adamlarıma həkim lazım gəldikdə heç vaxt məsləhət görəcəyim adamı elmi titullarına görə seçmirəm. Adətən praktik fəaliyyətə görə tanıdığım mütəxəssislərə üstünlük verirəm.

     

    “NORMAL CƏMİYYƏTDƏ NƏ HƏKİM, NƏ DƏ DƏRMAN REKLAM OLUNMALIDIR”

     

    – Bir dəfə efirdə özlərini nomrə 1 həkim kimi təqdim edənlər barədə maraqlı status paylaşdınız. Siz də reklam olunan həkimlərə inanmırsız?

    – Əslində, mən  tibb verilişlərinə baxmıram. Hərdən çay içəndə gözümə dəyir. Düşünürəm ki, normal cəmiyyətdə tibb işçisi reklam olunmamalıdır. Çox gözəl bilirik ki, o reklamlar dövriyyəyə pul müqabilində buraxılır. Özünə nömrə 1 deyən həkimlər üçün mən deyirəm ki, fırıldaq gəlmək üzrə nömrə 1 ola bilərlər.

    Normal cəmiyyətdə nə tibb işçisi, nə də dərman reklam edilməlidir. Pulunu alırlar, özlərinə nömrə gəlirlər, özlərini də nömrə 1 adlandırırlar. Təəssüf ki, insanlar da belə hallara aldanır.

    Yeni  yetişən cərrahlar elan edir ki, filan əməliyyatı Azərbaycanda ilk dəfə mən etdim. Ola bilər o bilmir, amma bilənlər var axı. Hardan götürürlər bu məlu¬mat¬ları? Məsələn, Azərbaycanda böyrək köçürülməsi ilk dəfə 70-ci illərdə Mirməmməd Cavadzadə tərəfindən həyata keçirilib. Bu günkü cərrahi texnika ilə və şəraitlə böyrək köçürülməsi əməliyyatı elə də çətin deyil. Kimsə böyrək köçürür, çıxır efirə, aparıcıya özünü təqdim edir. O da bilmir, deyir ki, Azərbaycanda ilk böyrək köçürməsi əməliyyatını edən filan həkim. Axı bu işi xeyli əvvəllər  o qədər də əlverişli şəraitin olmadığı vaxtlarda görən rəhmətliklər olub. Onların haqqına girmək olmaz.  Yeri gəlmişkən, bizdə bəzən qocaman tibb işçiləri və hətta həyatdan köçmüş görkəmli həkim-alimlərimiz haqqında da  belə yanlışlıqlara yol verilir.  Elə bunu deyim ki,  keçən il adını çəkdiyim mərhum akademik M.Cavadzadənin 90-illik yubileyi keçirildi; həm yubiley iclasında, həm də mətbuatda təkrar-təkrar qeyd edildi ki, guya M.Cavadzadə Azərbaycanda elmi urologiyanın əsasını qoyub. Halbuki, Azərbaycanda urologiya üzrə  ilk doktorluq  dissertasiyası M.Cavadzadənin anadan olduğu 1927-ci ildə müdafiə edilib və həmin dissertasiyanın müəllifi Mirəsədulla Mirqasımov sonradan M.Cavadzadənin namizədlik dissertasiyasına rəhbərlik edib. Şübhə etmirəm ki, M.Cavadzadə sağ olsaydı, belə yanlışlıqlara etirazını bildirərdi. İndiki bəzi həkimlərimiz isə bu kimi hallara  nəinki etirazını bildirir,  hətta  özləri haqqında  belə məlumatlar yayırlar.

    Bir dəfə telekanalların birinə zəng etdim, iradımı bildirdim, dedilər ki, biz müstəqil Azərbaycanı nəzərdə tutmuşuq. Anlamıram, Azərbaycan həmişə Azərbaycan idi. Bu nə yanaşmadır? Çox gülüncdür. Onlar da Azərbaycan həkimləri idi. Keçən əsrin 70-ci illərində Əli Bağırov, Cavanşir Zakircayev kimi həkimlərimiz – ağır ürək-damar əməliyyatları ediblər. Bun¬ları necə danmaq olar? Bu yeni yetişmiş həkimlər çox şey deyə bilər. Ola bilər o klinikanın, o həkimin təcrübəsində ilk əməliyyatdır. Azərbaycanın adından danışmasınlar. Bəzən 50-100 il əvvəldən məlum olan faktları yenilik adı ilə yazıb təqdim edənlər də olur.  Ən  acınacaqlısı isə budur ki, belələri özlərindən dəfələrlə qabiliyyətli  olan həkimlərin əleyhinə danışır,  həkim fəaliyyətinə kölgə calırlar. Amma gənc  tibb tədqiqatçılarımızın arasında dəyərli elmi araşdırmalar aparanların da olduğunu  inkar etmək ədalətsizlik olardı.

     

    – Sizin fikrinizcə, belə halların qarşısını necə almaq olar? Necə edək ki, pasiyent  layiqli həkimi tanısın, bilsin?

    – Sığorta təbabətinə keçid tezləşdirilməlidir. Sığorta şirkətləri yaxşı həkimləri araşdırıb müqaviləsini bağlayıb, xəstələrini də o həkimə etibar edəcək. Bundan sonra həkimlərin reklamına ehtiyac olmayacaq. Bilirsiz, qabiliyyətli, istedadlı, yaxşı insanlar təvazökar olur, başını aşağı salıb, öz işi ilə məşğul olur. Meydan qalır boşboğazlara. Olan isə xəstələrə olur. Biri çıxır ki, Almaniyada uzmanlıq keçmişəm, amma türk ləhcəsi ilə danışır. Necə olur ki, sən Azərbaycanda doğulasan, məktəbi, universiteti burda bitirəsən, 1-2 ay hardasa kurs keçməklə, dərhal dilini dəyişəsən? Öz milli dilini, ləhcəni nəyə görə dəyişirsən, özünü sübut etməyə? Azərbaycanın müstəqillik qazandığı ilk illərdə bir qrup qabiliyyətli gənc Türkiyədə təcrübə keçib, uzman kimi qayıtdı. Çox da uğurlu, bacarıqlı oldular. Sonrakı illərdə də xaricdə təkmilləşmə keçib, öyrəndikləri yenilikləri ölkəmizdə tətbiq etməyə çalışan fədakar gənclərimiz az deyil. Lakin arada  arxalı uşaqlar da var ki, bu qrupun nüfuzundan istifadə edib, onların kölgəsində gedənlərdir.

    Gedib gəlməkləri bir yana, Azərbaycan dilinə yeni sözlər də gətirirlər, tibbi terminalogiyada çox böyük təhriflər edirlər. Məsələn, elə zənn edirlər ki, “xəstəliyin ağırlaşması” əvəzinə “hastalığın komplikasionu” dedikdə ətrafdakılar onları savadlı hesab edəcək. Axı bizdə belə sözlərin analoqu çoxdan var. Bəzən Tibb jurnalına gələn məqalələr elə formada, elə səviyyədə yazılır ki, bunu ortaya çıxarmaq belə ayıbdır. Həm qarşındakına, həm özünə hörmətsizlikdir. Tibb o demək deyil ki, həkimin ədəbiyyat, dil, yazı biliyi olmamalıdır. Bunun da bir səbəbi test üsuludur. Düzdür, çox yaxşı sistemdir, amma onun tətbiqindən sonra gənclərin yazı üslubu lap xarab olub. Mənim vəzifəm pis yazını redaktə etmək deyil. Amma özümü saxlaya bilməyib, yazının mübtəda-xəbərini düzəldirəm. Yazıların vəziyyətini görsəz, sadəcə dəhşətdir.

    Yarı türkcə, yarı ingiliscə terminlər baş alıb gedir. İçəri girən də başlayır ki, Azərbaycanda elm yox imiş, mən bunu Türkiyədə gördüm, öyrəndim. Özlərini öz aləmlərində böyük kəşf edən alim kimi aparırlar. Mənim də işim-gücüm bu bərbad yazıları abıra salmaqdır. İrad bildirəndə də razılaşmırlar, səhvlərini qəbul etmirlər.

    ÖZ ÖLKƏSİNDƏ MƏŞHUR OLAN HƏKİM AZƏRBAYCANA GƏLİB PASİYENT YIĞMAZ

     

    – Bəlkə də səbəb Türkiyədən olan həkimlərə xəstələrin daha çox etibar etməsidir. Gənc həkimlər “nə qədər türksayağı olsaq, bir o qədər çox xəstəmiz olar” taktikasını seçib.

    – Türkiyədə zəif, adı-sanı olmayan sıradan bir həkimi gətirib burda reklam edən də özəl klinikalar və onların rəhbərləridir. 60-cı illərdə rəhmətlik İbrahim Topçubaşov Türkiyəyə gedəndə bütün qəzetlər manşetə çıxarmışdı ki, Azərbaycanın məşhur cərrahı İstanbulda nümunəvi əməliyyatlar keçirəcək. Bunu özlərinə fəxr bilmişdilər. Bizdə həmişə dünya səviyyəsində cərrahlar olub.

    Bir türk cərrahı var, Bakıda qadınlarda süd vəzisi  şişlərini müalicə edirdi. Bir müddət Azərbaycanda işlədi, sonra müqaviləsi bitdi, getdi. Gedib ordan Azərbaycan əleyhinə olmayan şeyləri deyir. Özünü guya Türkiyənin məşhur, nüfuzlu mütəxəssisi kimi reklam edir. Sizcə Türkiyənin 1 nömrəli həkimi gəlib 2 il Azərbaycanda işləyib, sonra burda işləmək üçün mübarizə apararmı? Burdan ora pasiyent qoparmaq üçün özünü reklam edərmi? Türkiyə klinikalarından birində çalışan azərbaycanlı xanım bir dəfə mənim bu məzmunlu sualıma cavab olaraq yazmışdı ki, orda klinikada bir orta təhsilli anestezist var, bir gün dedi ki, sizdə Azərbaycanda pul xəzəl kimidir. Həmin orta tibb işçisini burada məşhur klinikaya dəvət ediblər, tanınmış anestezioloq kimi reklam ediblər, əməliyyatlara salıblar. Burda bir ayda qazandığını Türkiyədə maaşı ilə bir ilə qazanmayan adamdır. Türkiyənin, ya digər ölkələrin adlı-sanlı cərrahı, həkimi işini-gücünü buraxıb, başqa ölkədə pasiyent yığmaz . Gələnlər də qastrola gəlirlər.

    Mən özüm də, ailəm də müalicə üçün öz həkimlərimizi seçirik. Demirəm bütün həkimlərimiz yaxşıdır. Hər sahədə təsadüfi adamlar olur. Ola bilməz ki, Tibb Universitetində oxuyan minlərlə tələbənin hamısı yaxşı həkim olsun. Amma hər halda Azərbaycanda yaxşı, seçilən həkimlər var, onları tanımaq lazımdır.

    “DƏRMAN MƏSƏLƏSİ BİZNESMENLƏRİN VİCDANINA BAĞLIDIR:

    HƏKİM HARDAN BİLSİN Kİ, PREPARATIN TƏRKİBİNƏ “BARMAQ OLUNMAYIB”

    – Fuad müəllim, bir həkim kimi, müasir dərmanlar haqda nə deyə bilərsiz? Bu qədər dərmana aludəçilik, bu qədər aptek millətimizə lazımdırmı? 

    – Mən şəxsən aptekdəki dərmanlara inanmıram: ən bahalısından tutmuş sadəsinə kimi. Baxmayaraq ki, məcbur olanda özüm də alıram. Bilirsiz, dərmanların ekspertizası idarəsi var, mən orda olmuşam. Çox yaxşı da aparatları var, ciddi yoxlayırlar. Intəhası vəziyyət belədir ki, dərman biznesi ilə məşğul olan iş adamları çox qazanmaq üçün başqa planlar düzüb-qoşurlar. Tutaq ki, 50 qutu normal dərmanı idarəyə təqdim edir, yoxlanır, sertifikatını, icazəsini alır, vəssalam. Bundan sonra qalan partiyanın dozasını, tərkibini dəyişir. Dərmanı istehsal edən zavodla danışır, pulunu verir, həm o qazanır, həm bu. Bu idarə milyonlarla qutu dərmanı yoxlaya bilmir axı. Hər şey o biznesmenin vicdanına bağlıdır. Əvvəllər dərmanların üzərində səhiyyə nazirliyinin holoqramı vurulurdu. Sonra bu da aradan qalxdı.

    Bir fakt yadıma düşdü. 1995-ci ildə Sumqayıtda bir aptek müdiri var idi: Tofiq Şeydayev. Ondan Bisillin preparatı barədə soruşdum. Bisillin həll edildikdə suspenziya şəklində, qatı olmalıdır. Onu iynəyə doldurmaq, vurmaq çox çətin olur. Həmin ərəfədə aldığım preparatı şprisə çəkəndə gördüm ki, əvvəlki kimi deyil, su kimidir. Bunun səbəbini Tofiqdən soruşanda dedi ki, bizim gücümüz çatmır, biznesmenlər zavodla danışıb, təsiredici preparatın dozasını azaldırlar. Hələ yaxşı hal odur ki, dozasını azaltsınlar. Vay o gündən ki, flakonda  dərman əvəzinə başqa nəsə olsun. Son vaxtlar cərrahi əməliyyatlar zamanı xəstələrin narkozdan ölməsini mən anestezioloji preparatların düzgün tərkibdə, dozada olmamasında görürəm. Xəstələri şoka salan infuzion məhlullardır. Çox yaxşı həkim anestezioloqramız var, həkim nə bilsin ki, istifadə etdiyi preparata “barmaq olunmayıb”? Belə olan halda həkimin əlindən heç nə gəlmir. Dərmanların keyfiyyətsiz olması həkimin müalicəsini effektsiz edir, nəticədə həkim düzgün müalicə yazmış olsa da xəstənin qarşısında nüfuzu itir. Bu məsələdə həkimlərimiz həmrəy olub, nəsə etməlidirlər.

    Apteklərin sayı məsələsinə gəldikdə, 70-ci illərdə Bakıda 4-5 yerdə aptek var idi. İndi bir binanın altında 2 aptek (bəzən hətta 4) var. Hamısının da müştərisi bol. İnsanlar elə ay yoxdur ki, dərman almasın. Bu gün satışda olan elementar ərzaqlar – un, çörək, yağ, duzun tərkibi məlum deyil. Mən şəxsən bilmirəm nə alım. Nehrə yağı adı altında satılan yağlar da palma yağı tərkiblidir. Səhhətimiz biznesmenlərin əlindədir: klinikalar, apteklər, dərmanlar… Hər şey biznesin üzərində qurulub. Bu sahələrin özəl sektora verilməsi düzgün deyil.  Ölkəyə gətirilən dərman və ərzaq məhsulları ciddi nəzarətə alınmalıdır.

    Vətəndaşlara deməklə ki, ehtiyatlı olun, diqqətli olun, problem həll olunmaz. Vətəndaşın dili laboratoriya deyil. Onun vəzifəsi deyil ki, dərmanı, ərzağı, suyu yoxlasın.

  • Azərbaycanlı müğənni büstqaltersiz FOTOLAR çəkdirdi – VİDEO

    Dilarə Kazomova büstqaltersiz halda fotosessiya etdirib.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, bu il durmadan öz yaradıcılığında yeniliklərə imza atan müğənni Dilarə Kazımova yeni işi ilə dinləyicilərini sevindirib. Müğənni “Dəm olmuşam”, “Yalnız səni gözlədim” kimi hitlərdən sonra “Danış” adlanan yeni mahnısını təqdim edib. O, mahnının tam hissəsini sosial şəbəkədə paylaşdıqdan dərhal sonra onun haqqında müsbət rəylər almağa başlayıb. Sözügedən mahnı ilk sədalarından musiqisi və sözləri ilə dinləyicini öz sehrinə sala bilib.
    Son günlərdə cəlbedici bədəni və seksual fotoları ilə gündəm yaradan ulduz yeni fotosessiya da etdirib. Lakin müğənni bu fotoların sosial şəbəkələrdə müzakirələrə səbəb olacağını əsas gətirərək onları paylaşamamağa qərar verib. Bununla belə ulduz yeni mahnısı üçün hazırlanan video çarxda bu fotolardan birini istifadə edib.

    ”Danış” mahnısı artıq bütün ölkə radiolarına da təqdim edilib.

    Qeyd edək ki, mahnının sözləri “Bumerang label” şirkətinin rəhbəri Nigar Məmmədovaya, mahnısı Camal Qurbanova məxsusdur. Səs tembrı və özünəməxsus ifası ilə seçilən Dilarə Kazımovanın yeni mahnısını təqdim edirik.

  • В ДТП в Агсу погибли 6 человек

    Как сообщает Median.Az, на территории села Илхычы Агсуинского района столкнулись автомобили марки “ВАЗ 2106”, управляемый Теймуршах Исмиевым и “ВАЗ 2107”, управляемый Назим Гусейновым. В результате дтп водитель “ВАЗ 2106”, его супруга Мехпара, водитель “ВАЗ 2107”, его пассажиры Мехти Ханкишизаде, Орхан Бадалов и Пярвин Байрамов погибли на месте происшествия. Еще один пассажир Сабухи Гулиев с травмами различной степени тяжести был доставлен в Центральную районную больницу.

    В РОП по факту ведется расследование.