Month: June 2018

  • Köhnə binalara ipoteka krediti verilməyəcək – XƏBƏRDARLIQ

    Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kommersiya banklarına xəbərdarlıq edilib.

    Median.Az xəbər verir ki, bank sektorundan “modern.az”a daxil olan məlumata görə, xəbərdalıqda banklara Bakı şəhərində 1970-ci ilə qədər tikilmiş mənzillərin ipotekaya salınmaması göstərişi verilib.

    Mənbə qeyd edir ki, yenilik şəhərdəki yeni tikililərin bazarda payının artırılmasına hesablanıb. Bunun isə öz növbəsində mənzil bazarında bahalaşmaya gətirib çıxaracağı proqnozlaşdırılır.

    Hazırkı şərtlərə görə, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri aşağıdakı tələblərə cavab verməlidir:

    – Kredit Azərbaycan manatı ilə verilməlidir;

    – Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;

    – Kredit üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir;

    – Güzəştli ipoteka krediti yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti güzəştli ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan yaşayış sahələrinin alınmasına verilməlidir;

    – Güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır;

    – İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır;

    – Borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az götürülə bilmə;

    – Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;

    – Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;

    – İpoteka ilə yüklü edilən yaşayış sahəsi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;

    – İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;

    – Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;

    – İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;

    – Həyat sığorta müqaviləsi. Borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır.

    İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ var:

    – Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

    – Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

    – Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

    – Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

    – Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

    – Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

    – Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

    – İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).

    – Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

    – Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

    – Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

    – Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;

    – Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;

    Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

  • Bu kişi cəbhədə atılan güllələri sayır – VİDEO

    Tovuz sakini 1994-cü ildən bəri Ermənistan silahlı qüvvələrinin Əlibəyli kəndi istiqamətində atəşkəsi pozmasını tarix, saat və dəqiqəsinə qədər qeyd edir. Kənd sakininin bu maraqlı məşğuliyyəti onun dəftərinə baxanların böyük marağına səbəb olur.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 24 ildir düşmənin atəşkəsi pozmasının tarixini və saatını qeyd etmək Tovuz sakininin gündəlik məşğuliyyətinə çevrilib.

    Rayonun Əlibəyli kənd sakini 80 yaşlı Paşa Həsənov 1994-cü ildən bəri Ermənistan ordusu tərəfindən kənd istiqamətində atılan güllələrin sayının, atəşin hansı mövqedən açıldığının və atəşkəsin pozulma vaxtlarının qeydiyyatını aparır. O, atəşin nə qədər davam etdiyini izləyərək müvafiq qeydlər edib. Paşa Həsənov inanır ki, bu qeydlər nə vaxtsa lazım olacaq.

    Günün hansı saatında olursa-olsun, Ermənistan tərəfindən atəş açılan kimi dəftər-qələmini də götürüb həyətə çıxır, düşmənin təxribatını izləyir və bütün bunları gündəliyinə köçürür. Paşa Həsənov işğalçı dövlətin hansı silahlardan istifadə etdiyini müəyyənləşdirə bilir və bütün bunları qeydiyyat apararkən nəzərə alır.

    Köhnə döyüşçü və şəhid atası olan Paşa Həsənovun silahların taktiki-texniki xüsusiyyətlərinə yaxşı bələd olması ona düşmənin açdığı hər bir atəşin təfərrüatlı qeydiyyatını aparmağa imkan verir.

    Paşa Həsənov atəşkəsdən sonra Əlibəylidə düşmən gülləsindən ölən və yaralanan dinc sakinlərin də adlarını gündəliyinə qeyd edib.

  • Qarpız alarkən nələrə diqqət edilməlidir? – VİDEO

    Bazarlara qarpız çıxarılıb. Adətən iyulun ortalarında və avqustda yeməyə alışdığımız qarpızın indidən satışa çıxarılması onun təhlükəli ola bilməsi ilə bağlı tərəddüdlər yaradır.

    Bununla bağlı Qida Təhülkəsizliyi Agentliyi xəbərdarlıq yayıb.

    Qurumdan bildirilib ki, iyun ayının sonlarında qarpızın satışa çıxarılması normal haldır. Sadəcə olaraq qarpız seçimi edərkən onun ölçüsünə, tamlığına, üzərində yarıq və çatların olmamasına diqqət edilməlidir. Həmçinin qarpızın saplağının yaşıl olması da vacib amillərdən biridir. Bundan başqa, qarpızın üzərində sarı ləkələr də olmalıdır. Çünki yetişmiş qarpızın torpaqla təmas etdiyi hissələr əvvəl ağ olur, sonradan isə açıq sarıya çevrilir.

    Satıcılar isə qarpız seçimini ənənəvi üsullara edirlər.

    Satıcılar deyirlər ki, hazırda satışda olan qarpızlar istixana şəraitində yetişdirilib. Açıq havada yetişmiş qarpız isə bir həftə – on gün ərzində bazarlara çıxarılacaq.

    Qiymətlər isə 40 qəpik-1 manat arasında dəyişir. Satıcılar havaların isti keçməsi ilə əlaqədar qarpıza tələbatın böyük olduğunu deyirlər.

    Qida Təhülkəsizliyi Agentliyinin daha bir xəbərdarlığı isə qarpızın kəsilməsi ilə bağlıdır. Qurum qarpızın kəsilərək alınmasını tövsiyə etmir. Çünki qarpızı kəsən bıçaq sanitariya və gigiyena qaydalarına uyğun təmizlənməlidir ki, qarpızın içinə yad maddələr düşməsin. Bu qaydaya isə bazar şəraitində satıcıların riayət etməsi müəyyən şübhələr yaradır.

  • Bakıda faciə – fəhlə tikinti zamanı 12-ci mərtəbədən yıxılıb öldü

    Bakıda tikinti zamanı ölüm hadisəsi baş verib.

    Median.Az “report”a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

    Belə ki, gecə saatlarında “20-ci Sahə” adlanan ərazidə yerləşən yaşayış kompleksinin tikintisi zamanı fəhlə, 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerindəcə ölüb.

    Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Qızmar hava diskomfort yaradacaq

    Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açqılanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 28-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 33-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 30-35 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində sabah şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

    Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 19-24, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 28-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti, gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

  • Gömrük Komitəsində yeni təyinatlar

    Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub.

    DGK-nin sədri Səfər Mehdiyevə birinci müavin təyin edilib.

    Bu vəzifəyə gömrük xidməti general-mayoru İsmayıl Hüseynov təyinat alıb.

    Eyni zamanda, Baş Gömrük İdarəsinə də rəisi təyin edilib. Bu vəzifəyə Tovuz Gömrük İdarəsinin rəisi Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsinin rəisi təyin edilib.

    Dövlət Gömrük Komitəsinin mətbuat xidməti Oxu.Az-a təyinatları təsdiq edib.

  • Paşinyanın qorxusu və ya Bakıdakı paradın “antişoku” – ŞƏRH

    Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı baş tutan hərbi parad ölkədə son illər keçirilən beş paraddan hərbi texnika baxımından ən uğurlusu və güclüsü olub.

    Bu sözləri oxu.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

    O bildirib ki, şəxsən Azərbaycanda keçirilən ilk iki paradın iştirakçısı olub.

    “Dünən baş tutan parad möhtəşəm idi. Hətta Azərbaycanla dost olmayanlar bu hadisənin əzəmətini qeyd ediblər. Təsəvvür edin ki, bir müddət öncə Azərbaycana qarşı təhdidlər səsləndirən Ermənistan baş naziri indi münaqişənin sülh yolu ilə həllindən danışdı. Paşinyan müharibə istəmədiklərini bildirdi”, – hərbi ekspert əlavə edib.

    Onun sözlərinə görə, Azərbaycan Türkiyə, İsrail, Rusiya, Belarus, Pakistan və sair ölkələrdən aldığı hərbi texnikaları nümayiş etdirdi.

    “Bu hərbi texnikalar bizə 180-200 kilometrdən düşmənə sarsıdıcı zərbə vurmağa imkan verir. Bu silahlar asanlıqla düşmənin quruda və hətta yeraltı hərbi obyektlərini məhv etmək gücünə malikdir. Biz düşmənə döyüşə girmədən sakitcə işğal altındakı ərazilərdəki qüvvələri məhv etməyə qadir olduğumuzu göstərdik”, – müsahib qeyd edib.

    Cəfərov bildirib ki, paradı müxtəlif ölkədən olan 100-dən çox yüksək səviyyəli qonaq izlədi.

    “Mən onlardan bəziləri ilə görüşə bildim. Bir çoxları paradın belə keçəcəyini gözləmirdilər. Bundan başqa, bizim pilotlarımızın fəaliyyəti qonaqların xoşuan gəldi”, – o deyib.

    Cəfərov əlavə edib ki, dünənki paradın özəlliklərindən biri də Türkiyə hərbçilərinin böyük qrupunun burada iştirakı oldu.

    “Türk əsgərlər paradda iştirak etdi, türkiyəli pilotlar isə Bakı səmasında öz bacarıqlarını nümayiş etdirdi. Bu, Türkiyənin qardaş Azərbaycana açıq mesajı idi. Əminəm ki, parad yaxın günlərdə danışıqlar prosesinə müəyyən təkan verəcək”, – ekspert bildirib.

    O deyib ki, bu paradı digərlərindən fərqləndirən cəhətlərdən biri də komandir maşınlarının kolonlarının hər birinin önündə general-leytenant Rövşən Əkbərov, general-mayor Zahid Hüseynov və digərləri gedirdi.

    “Bundan əvvəl generallar paradı tribunalardan izləyirdilər. Bu dəfə isə general-leytenant Ayaz Həsənov yüksək səviyyəli parad hazırlaya bildi”, – hərbi ekspert qeyd edib.

  • Elza Seyidcahan: Qısa ətək də, şortik də geyinirəm – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı əməkdar artisti Elza Seyidcahan olub.

    Proqramda “İctimai yerdə necə geyinmək lazımdır” mövzusunda müzakirə aparılıb.

    Əməkdar artist deyib ki, hər yerin öz geyim qaydası var: “Tələbə vaxtı Alim Qasımovun evinə getmişdi. Fikirləşdim ki, onlar yerdə otururlar. Mən də uzun ətək geyindim ki, rahat olum. Geyim axı insanın daxili kökündən, sənətindən xəbər verir. Anasına Allah rəhmət etsin.

    Alim müəllim dedi ki, anam deyir ki, ay Alim bu nə yaxşı qızdır, nə uzun tumanı var. Mənim geyimim belə deyil. Mən şalvar da, qısa ətək də, şortik də geyinirəm. Amma hər yerin öz geyimi var”.

  • “Facebook”u Zukerberqdən almaq istəyirlər

    Mark Zukerberq işdən uzaqlaşdırıla bilər. Əllərində təxminən üç milyard dollar səhmləri olan “Facebook” sosial şəbəkəsinin nəhəng investorları nəinki idarə heyətinin başçısını istefaya göndərməyi, hətta onun tam olaraq şirkət idarəsindən məhrum olunmasını tələb edirlər.

    Bununla bağlı “Business Insider” məlumat yayıb.

    Səhmdarlar Zukerberqin biznesi idarə etməsindən qəzəbləniblər. İstifadəçilərin şəxsi məlumatlarının sızdırılması ilə bağlı qalmaqal sosial şəbəkənin reputasiyasına ciddi zərbə endirib.

    İnvestorlar tələb edir ki, Zukerberq istefa verməlidir. Onun yerinə səhmdarlar müstəqil direktor təyin etmək istəyirlər.

  • Айгюн Кязимова: “Зульфия Ханбабаева могла бы стать хорошим продюсером”

    Народная артистка Азербайджана Айгюн Кязимова назвала имена коллег, которые стали бы хорошими продюсерами, если не были бы певцами.

    Как сообщает Median.Az будучи гостьей на передаче “5/5” на телеканале Xəzər TV, дива отечественной эстрады вновь отметилась интересным высказыванием. На вопрос ведущего “кто из коллег народной артистки мог бы стать хорошим продюсером”, дива назвала имена двух народных артистов.

    “Зульфия Ханбабаева могла бы стать хорошим продюсером. Я знаю ее эти способности, поэтому называю ее имя. Из близких мне людей, я вспомнила ее имя”, – заявила А.Кязимова.

    Затем, А.Кязимова добавила имя народного артиста Азербайджана Фаика Агаева в список коллег, которые могли бы преуспеть в продюсерской деятельности.

    Напомним, что А.Кязимова недавно заявила, что часто встречала на своем пути предательства и измены и даже чуть не совершила суицид.

    Р.А.