Month: August 2019

  • Elçin Əlibəyli Maral və Bayram Nurluya görə hər kəsdən üzr istədi – VİDEO

    Ötən il Elçin Əlibəylinin özünün “El bizim, sirr bizim” verilişində Maral Tahirqızını qovması ictimaiyyət tərəfindən narazılıqla qarşılandı və hələ də mövzu ilə ona iradlar bildirənlər var.

    Teleaparıcı Maral Tahirqızı ilə bağlı bütün iradları qəbul etdiyini bildirərək ictimai şəkildə hər kəsdən üzr istəyib:

    “İki məsələ ilə bağlı aydınlıq gətirmək və daha çox sizdən, üzr istəmək niyyətindəyəm. Maral Tahirqızı ilə bağlı bütün iradları qəbul edirəm və bir xanım kimi onunla o cür rəftar etməli deyildim. Sadəcə həmin vaxt mən onun qismində qadın yox, sənətə yüngüllük gətirən şəxslərin birləşmiş obrazını gördüm və bir növ partladım. Əlbəttə, bunu etməli deyildim, amma hər kəsin iş prosesində səhvi ola bilər. Bu baxımdan birinci hamınızdan, ayrıca Maral Tahirqızından sırf qadın olduğu üçün üzr istəyirəm.

    İkinci, Bayram Nurlu məsələsinə aydınlıq gətirim. KİV-də və dövlət qurumlarında çalışanlar bilir ki, bir çox halda icraçılar üzdə olub, qınansa da məsələlər onlarsız həll olunur. Dolayısı ilə nə dediyimi anladınız və rica edirəm, anlaşıqlı olub, bu məsələdə məni qınamayasınız. Hər birimiz elə situasiyalar olub ki, övladımıza görə nəyisə udmalı olmuşuq. Ola bilsin bu mənim işimə xəyanətdir, qəbul edirəm. Buna görə də sizin hər birinizdən üzr istəyirəm və söz verirəm ki, sonrakı fəaliyyətimdə bunlara oxşar və ya digər irad bildirdiyiniz məqamlar təkrarlanmayacaq. Sizə mənə olan münasibətinizdən asılı olmayaraq, hər birinizə dərin ehtiramımı bildirirəm!”

  • Bakıda üç uşaq anası ilə eşq macərasının dəhşətli sonu: “Ərim gələcək…” – TƏFƏRRÜAT

    Bakıda üç uşaq anasını qətlə yetirməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Fərhad Abuşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

    İttihama görə, hadisə bu il iyunun 8-də, Səbail rayonunun Bayıl qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Kəmalə Mikayılova qəsəbənin Arif İsmayılov küçəsində bıçaqlanıb, o, sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib.

    Müəyyən edilib ki, Kəmalə Mikayılova sevgilisi tərəfindən öldürülüb.

    Qadının Rusiyada işləyən əri iyunun 7-də Bakıya qayıdacaqmış. Bu səbəbdən Kəmalə və sevgilisi Fərhad Abuşov evdə mübahisə ediblər. Daha sonra Kəmalə Mikayılova küçəyə çıxaraq gedib. Fərhad Abuşov bıçaq götürərək onun arxasınca gəlib və küçəsində ona bir neçə bıçaq zərbəsi vurub.

    Fərhad Abuşov daha sonra yaxınlıqdakı Neftçi Qurban küçəsində tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb və yerə düşüb.

    Fərhad Abuşov saxlanılaraq 8-ci polis bölməsinə aparılıb.

    İstintaq orqanı tərəfindən Fərhad Abuşovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

  • Neft Emalı Zavodunda yenidənqurma işləri nə vaxt bitəcək?

    Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yenidənqurma və modernləşdirmə işlərinin 2024-cü ilin sonu – 2025-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

    “Report” xəbər verir ki, bu barədə zavoda təşkil olunan press-tur zamanı layihə rəhbəri Nihal Allahverdiyev bildirib.

    Onun sözlərinə görə, hazırda zavodda 6 qurğu istismardadır:

    “2021-ci ildə zavodda 17 yeni qurğu istismarda olacaq. 2025-ci ildə isə istismarda olan qurğuların sayı 24-ə çatacaq”.

    N.Allahverdiyev xatırladıb ki, layihənin birinci mərhələsi çərçivəsində inşa olunan bitum istehsalı qurğusu və maye qaz doldurma stansiyaları 2018-ci ilin sonunda istismara verilib:

    “Layihənin növbəti mərhələləri üzrə işlər iki yerə yeni qurğulara (Paket A) və rekonstruksiya ediləcək qurğulara (Paket B) bölünüb”.

    Paket A üzrə işlərin icrasına sabit qiymət əsasında İtaliyanın “Tecnimot-KT” alyansı cəlb edilib. Bu paket çərçivəsində dizel yanacağının hidrotəmizlənməsi, benzinin hidrotəmizlənməsi, kükürdün alınması, izomerləşmə, MTBE, hidrogen alınma, maye qazın hidrotəmizlənməsi üzrə “Merox” və C4/C5 fraksiyalarının hidrotəmizlənməsi qurğularının, eləcə də ümumzavod təsərrüfatı üzrə bir sıra qurğuların inşaşı nəzərdə tutulub. Bu paket üzrə detallı layihələndirmə işlərin təxminən 90%, satınalma işləri 72%, tikinti işləri isə 17% icra olunub.

    Paket B-nin icrası üçün İspaniyanın “Tecnicas Reunidas” şirkəti cəlb edilib. Layihə üzrə ELOU-AVT, katalitik krekinq, katalitik riforminq, naftanın hidrotəmizlənməsi, vakuum qazoylun hidrotəmizlənməsi, amin regenerasiya və əlavə hidrogen istehsalı qurğularının, mövcud ümumzavod təsərrüfatının rekonstruksiya edilməsi nəzərdə tutulub.

    Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda, əsasən, Azərbaycan nefti emal edilərək 40 növədək neft məhsulu istehsal edilir. Hazırda zavodda yenidənqurma və modernləşdirmə layihəsi həyata keçirilir. Bu işlər nəticəsində zavodun illik emal gücünün 6 milyon tondan 7,5 mln tona çatdırılması, “Euro-5” standartlarına cavab verən dizel və benzin istehsalı nəzərdə tutulur.

  • Elmar ermənini 78 saniyəyə məğlub etdi – Qasımov yarımfinalda

    Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bu gün Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub.

    100 kq çəki dərəcəsində yer alan Elmar Qasımov və Zelim Kotsoyev tatamiyə çıxıblar.

    E.Qasımov 1/32 finalda belaruslu Daniel Mukete ilə üz-üzə gəlib və qızıl xalla qələbə qazanıb. Onun növbəti rəqibi Rusiyanı təmsil edən erməni Arman Adamyan olub. İdmançımız ermənini 78 saniyəyə ippobla məğlub edərək, növbəti mərhələyə yüksəlib.

    Bu mərhələdə E.Qasımov braziliyalı Rafael Buzakarinini də ipponla məğlub edib. 1/4 finalda hollandiyalı Mixael Korreldən üstün olan cüdoçumuz adını yarımfinala yazdırıb. Bu mərhələdə o, portuqaliyalı Jorje Fonseka ilə görüşəcək.

    Digər cüdoçumuz Zelim Kotsoyev isə braziliyalı Leonardo Qonsalveşdən üstün olub. 1/16 finalda isə o, yaponiyalı Aaron Volfa məğlub olaraq, mübarizəni dayandırıb.

    Xatırladaq ki, hazırda yığmamızın hesabında bir gümüş və bir bürünc medal var.
    /oxu.az/

  • Yağış yağacaq, dolu düşəcək

    Azərbaycanda şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 31-də arabir yağış yağacağı gözlənilir.

    Gündüz yağış tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 21-25, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan aşağı 761 mm civə sütunu, nisbi rütubət 75-85 faiz olacaq.

    Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək.

    Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi şimal və şərq rayonlarında yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz ayrı-ayrı rayonlarda yağış tədricən kəsiləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 16-20, gündüz 22-27, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

  • Nazirlikdən alınan parkların hamısı bu quruma verildi – RƏSMİ

    Həm Bakı, həm də rayonlar üzrə bütün mədəniyyət və istirahət parkları icra hakimiyyətlərinin balansına verilib.

    Bu barədə oxu.az-a Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova məlumat verib.

    Onun sözlərinə görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında edilən dəyişikliyə əsasən, nazirliyin tabeliyindən çıxarılan mədəniyyət və istirahət parkları ona məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib:

    “Əslində, bu qərar 2017-ci ildə qəbul edilib. Həmin vaxt siyahıdan 59 mədəniyyət və istirahət parkı çıxarılmışdı. Bu dəfə isə siyahı tamamlandı. Artıq bütün parklar ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə keçdi”.

    Qeyd edək ki, Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

    Qərarın 6-cı bəndinə əsasən, mədəniyyət və istirahət parkları nazirliyin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfat hesablı qurumların siyahısından çıxarılıb.

  • Dağıstanda Azərbaycan dilində dərsliklər nəşr ediləcək

    Dağıstanda Azərbaycan dili üzrə dərs vəsaitləri proqramı hazırlanır.

    Bunu Dağıstanın Milli Siyasət və Dini İşlər naziri Enrik Muslimov deyib.

    Onun sözlərinə görə, proqram Azərbaycan dilində danışanlar üçün dərslik hazırlamağa imkan verəcək.

    Nazir qeyd edib ki, respublikada Azərbaycan dilində tədris vəsaitləri çatışmır:

    “Respublikanın Təhsil və Elm Nazirliyi ibtidadi məktəblər üçün dərslikləri əvəzləyən əlyazmalar hazırlayır. Dağıstanda təqribən 130 min azərbaycanlı yaşayır, bu da respublika əhalisinin 4,5 faizini təşkil edir”.

  • Əmircanlılar susuz qaldı – Qanunsuz tikililərə görə

    Suraxanı rayonu, Əmircan qəsəbəsinə dörd gündür su verilmir.

    Bu barədə oxu.az-a sakinlər şikayət ünvanlayıb.

    Onların sözlərinə görə, qəsəbənin keçid 1847-1848 ünvanında yerləşən beşmərtəbəli binalarda yaşayan sakinlər susuz qalıb.

    Sakinlərin iddiasına görə, “Azərsu” ASC-nin əməkdaşları onlara bildirib ki, suyun kəsilməsinə səbəb Əmircandakı qanunsuz tikililərə su verilməsidir.

    “Azərsu” ASC-dən saytımıza bildirilib ki, ərazidə su ilə bağlı yaranan problem həll olunub.

  • Bu gün Türkiyənin Zəfər bayramıdır

    30 avqust Türkiyə tarixinin ən önəmli günlərindən biri – Zəfər bayramıdır.

    1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.

    Türkiyəni 30 avqust zəfərinə və Cümhuriyyətə aparan yol çox çətin və mürəkkəb olub. 1920-ci ilin avqustunda 1-ci Dünya müharibəsində ağır məğlubiyyətə düçar olan Osmanlı Türkiyəsi Paris yaxınlığındakı Sevr şəhərində müttəfiq Qərb dövlətləri (Britaniya, Fransa, ABŞ) tərəfindən masaya qoyulan təslimçi sazişə imza atmalı olub.

    Həmin sazişə görə, Osmanlı imperatorluğu 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü, o cümlədən, indiki Türkiyənin böyük bir hissəsini itirirdi.

    Mustafa Kamal paşanın rəhbərliyi ilə Qurtuluş savaşına qalxan xalq İstanbuldakı Sultan hakimiyyətinin imzaladığı təslimçi sazişi etirazla qarşılayıb, Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi onu təsdiqləməkdən imtina edib.

    Türk millətinin və Türkiyə dövlətçiliyinin var olduğunu dünyaya və Qərb müttəfiqlərinə qəbul etdirmək üçün isə hər şeydən öncə hərb meydanında zəfər lazım idi.

    1921-ci ildə qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun bu əzmini nümayiş etdirmişdi. 1922-ci ilin avqustundakı “Böyük Taarruz” (“Böyük Hücum”) zəfərinin təməli də Sakarya savaşında qoyulmuşdu.

    1922-ci il avqustun 26-da sübh tezdən türk qoşunları baş komandan Mustafa Kamal paşanın əmri ilə düşmən üzərinə hücuma keçib. İki gün içində yunan ordusunun beş diviziyası darmadağın edilib.

    30 avqustda artıq yunan qoşunları müdafiə qabiliyyətini itirib. Əskişəhər və Afyonu tamamilə nəzarətə götürən türk hərbi birlikləri yunan qoşunlarını bütün cəbhə boyunca qovaraq sentyabrın 6-7-də Balıkəsir və Aydını azad edib, sentyabrın 9-da isə yunanların müdafiə xəttini yararaq İzmirə daxil olib.

    İki həftə içində türk ordusu 100 km enində cəbhə boyunca 500-600 km irəliləmiş, yunan qoşunlarının qalıqları Aralıq dənizinə çataraq gəmilərlə bölgəni tərk etməyə başlamışdılar. Bu zəfər naminə 13 min türk əsgəri canını fəda etmişdi…

    30 avqust zəfəri türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açıb. Bu zəfər sayəsində Sevr sazişi tarixin zibilliyinə atılıb.

    İrəlidə bütün vətən torpağında suverenliyi bərqərar etmək missiyası dururdu. Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kamal paşa Türkiyə Cümhuriyyətini elan edib.

  • Yeni Ramanada 25 yaşlı oğlan bıçaqlandı

    Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Yeni Ramana qəsəbəsində naməlum şəxs 1994-cü il təvəllüdlü Dilanlı Bəhram Rasim oğlunun boğazını kəsərək ağır xəsarət yetirib.

    Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona boğazın kəsilmiş yarası diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.