Month: July 2020

  • Xızıda 150 hektar ərazi yandı

    Xızı rayonunda yanğın hadisəsi qeydə alınıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Sitalçay kəndi yaxınlığında dağlıq ərazidə 150 hektar sahədə quru ot və kol-kos yanıb.

    Digər ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanda hadisə yerinə gedən polislər döyüldü

    İyulun 24-də Ağdam Rayon Polis şöbəsinin əməkdaşlarına qarşı rayon ərazisində zor tətbiq olunması ilə bağlı prokurorluğa məlumat daxil olub.

    Bu barədə Ağdam Rayon Prokurorluğu məlumat yayıb.

    Araşdırmalar zamanı həmin gün saat 20:00 radələrində rayonun Bənövşələr qəsəbəsi ərazisində döyülmə faktı barədə daxil olmuş məlumat əsasında, hadisə yerinə getmiş Ağdam Rayon Polis Şöbəsinin istintaq-əməliyyat qrupunun üzvləri Niyazi Əhmədov, Mirhəmid Həşimov, Səyyar Həsənova xidməti vəzifələrini yerinə yetirərkən qəsəbə sakinləri Cavid Quliyev və Razi Naibov tərəfindən zor tətbiq edilməklə müqavimət göstərilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.

    İş üzrə hadisə yerinə baxış keçirilməklə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Cavid Quliyev və Razi Naibov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

    Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.

  • Gəncədə qadın sirkə turşusundan zəhərləndi

    Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

    APA-nın məlumatına görə, hadisə şəhərin Nəvai küçəsində qeydə alınıb.

    1989-cu il təvəllüdlü Priyeva Rəqsanə Ədalət qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. 31 yaşlı qadının hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Bərdədə gənc iynədən şoka düşüb öldü — AÇIQLAMA

    Xəbər saytlarında Bərdə rayonunda gəncin iynənin şokundan ölməsi barədə məlumat yayılıb.

    İddia edilir ki, Quliyev Cahangir Vəli oğluna anası həkim məsləhəti olmadan iynə vurub və bundan sonra onun halı pisləşib. Xəstə dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.

    Hokm.az xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehtizadə oxu.az-a açıqlamasında bildirib ki, mərhum xəstəxanada vəfat etməyib:

    “Təcili Tibbi Yardım maşını onu xəstəxanaya gətirən zaman yolda ölüb. Məsələ barədə aidiyyəti qurumlara məlumat verilib. Necə ölməsi və nədən ölməsi barədə hüquq-mühafizə orqanları araşdırma aparır”.

  • Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi — FOTO

    Sumqayıtda COVID-19 testinin nəticələri pozitiv çıxan vəzifəli şəxs dünyasını dəyişib.

    Median.Az xeberle.com-a istinadən verdiyi məlumatına görə, Sumqayıt Telekommunikasiya Qovşağında əməyin mühafizəsi mühəndisi vəzifəsində işləyən Həsən Rzayev müalicə aldığı xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, şəkərli diabet xəstəsi olan 60 yaşlı H.Rzayevin həyatını xilas etmək mümkün olmayıb.

    Sumqayıt Telekommunikasiya Qovşağından verilən açıqlamada H. Rzayevin koronavirusa yoluxduğu və dünyasını dəyişdiyi təsdiq edilib.

    Qeyd edək ki, o, uzun illərdir ki, rabitə sistemində çalışırdı.

  • Təhqirə dözməyən Azərbaycanlı qız erməni maşınını əzib keçdi – ŞOK VİDEO

    Hadisə Gürcüstanda baş verib.

    Hokm.az xəbər verir ki, hər şey erməni sürücünün maşını doğru park etməməsi ilə başladı. Onun bu hərəkəti ilə xanım sürücümüz maşını park etdiyi yerdən çıxara bilmir. Sürücümüz öz etirazını bildirsə də, erməni sürücü buna məhəl qoymur və xanımı təhqir edib, fiziki zorakılıq göstərir.

    Xanım sürücümüz isə maşını ilə erməni maşınının üstündən keçib, yoluna davam edir.

  • Karantin postunda saxlanılan şəxsdə narkotik AŞKARLANDI

    Cəlilabadda karantin postunda saxlanılan şəxsin üzərindən və avtomobilindən müxtəlif növ narkotik vasitələr, həmçinin psixotrop maddə aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan yenicag.az-a verilən məlumata görə, karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq Cəlilabad şəhəri ərazisində yaradılmış stasionar postlardan birində “Niva” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilsə də o bu əmrə tabe olmayaraq hərəkəti davam etdirib. Lakin polis əməkdaşlarının sayıqlığı nəticəsində çox da uzağa gedə bilməyən həmin şəxs idarə etdiyi avtomobillə birlikdə saxlanılıb.

    Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib və həmin şəxsin Yardımlı rayon Astanlı kənd sakini İntiqam Mirişov olduğu müəyyən edilib. Onun üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı ümumilikdə 52 qram narkotik vasitə heroin, 8 qram psixotrop maddə metamfetamin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

    Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

  • Lerikdə QƏTL – Xətaidə itkin düşənin meyiti tapıldı

    İyulun 19-da paytaxtın Xətai rayon sakini 1981-ci il tarixli Əkbər Nuriyevin itkin düşməsi barədə ailə üzvlərinin müraciəti Xətai rayon polis idarəsinə daxil olmuşdur.

    Baş Prokurorluğun Mətbuat xidmətindən yenicag.az-a verilən məlumata görə,həmin müraciət əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində törədilmiş gizli cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Əkbər Nuriyevin Lerik rayonu ərazisində qəsdən öldürülməsi müəyyən edilmişdir.

    Araşdırmalarla 1960-cı il təvəllüdlü Akif Rzayevin kürəkəni Əkbər Nuriyevi iyulun 19-da Lerik rayonuna aparmasına, orada ailə daxilində baş verən narazılıqlar səbəbindən aralarında yaranmış mübahisə zamanı küt əlatlə baş nahiyyəsinə zərbələr endirməklə qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti yandıraraq basdırmasına əsaslı şübhələr müəyyən edilmişdir.

    Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, meyit gizlədilmək məqsədi ilə basdırılmış yerdə yanmış vəziyyətdə aşkar edilərək məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilmişdir.

    Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, Akif Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

    Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.

  • Aİ-nin Azərbaycandakı nümayəndəsi və Belçika səfiri XİN-ə çağırıldı

    Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı nümayəndəsi Kestutis Yankauskas və Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufs Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici işlər nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.

    Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə X.Xələfov Ermənistan tərəfindən iki ölkənin sərhədində törədilmiş son hərbi təxribatın həm iki ölkə arasında, həm də bölgədə gərginliyin alovlanmasına xidmət etdiyini qeyd edib.

    Son zamanlar radikal ermənilər tərəfindən Avropanın bir çox ölkələrinin paytaxtlarında və böyük şəhərlərində azərbaycanlılara qarşı vandalizm aktlarının törədildiyi, eləcə də Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarına müdaxilə cəhdlərinin edildiyi, həmin ölkələrdə fəaliyyət göstərən diplomatlarımızın təhdid edildiyi, soydaşlarımıza qarşı hücumların təşkil edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

    Bu ilin 22 iyul tarixində Belçika Erməniləri Komitəsinin çağırışına uyğun olaraq, Brüsseldəki Səfirliyimizin qarşısında ciddi təxribat və vandalizm aktları ilə müşayiət olunan kütləvi nümayişin keçirildiyi Belçika səfirinin və Aİ nümayəndəsinin diqqətinə çatdırılıb. Öncədən Belçikanın bütün aidiyyəti hökumət orqanlarına dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq, bu təxribatların qarşısının istənilən səviyyədə alınmadığı vurğulanıb.

    Nazir müavini hadisələr zamanı “REAL” televiziyasının Avropa müxbiri də daxil olmaqla, 6 azərbaycanlı diaspor nümayəndəsinin ciddi xəsarət aldığını və xəstəxanaya yerləşdirildiyini bildirib.

    X.Xələfov qeyd edib ki, Belçikanın müvafiq orqanları tərəfindən məsələ ciddi şəkildə araşdırılmalı, məsələyə hüquqi qiymət verilməli, cinayət və vandalizm aktı törətmiş şəxslər məsuliyyətə cəlb edilməlidirlər.

    Nazir müavini, eyni zamanda Kestutis Yankauskasa müraciət edərək, Avropa İttifaqının dünyada insan hüquqlarının pozulması ilə bağlı bəyanatlar verdiyi halda, çox açıq şəkildə baş vermiş ksenofobiya, vanadalizm, irqi ayrı-seçkilik zəminində baş vermiş son hadisələrlə bağlı hər-hansı açıqlama vermədiyini bildirib. O, bunun Azərbaycan ictimaiyyətində ciddi narahatlığa səbəb olduğunu və suallar doğurduğunu vurğulayıb.

    Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufs ilk öncə Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisə nəticəsində həyatını itirmiş Azərbaycan hərbçilərinin və mülki vətəndaşının həlak olması ilə əlaqədar Azərbaycan xalqına və həyatını itirmiş şəxslərin yaxınlarına başsağlığı verib.

    Səfir B.Şufs Brüsseldə keçirilən aksiyanın icazəsiz olduğunu, bu barədə məlumatlı olduqlarını və məhz bu səbəbdən səfirliyin ərazisinə çox sayda polislərin yerləşdirildiyini bildirib. Bununla belə, səfir, polislərin yetərli sayda olmadığını və dinc nümayişçilərə qarşı hücum edildiyini qeyd edib.

    Brüsseldə 200-ə yaxın diplomatik missiyanın fəaliyyət göstərdiyini qeyd edən səfir, onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməsinin olduqca vacib olduğunu bildirib. O, Səfirliyin inzibati binasının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yerli hakimiyyət orqanlarına müvafiq təlimatların verildiyi diqqətə çatdırıb.

    Səfir B.Şufs bu məsələnin Belçika hökuməti tərəfindən ciddi bir hal kimi qəbul edildiyini, görüşdə qaldırılan məsələlərin müvafiq şəkildə Mərkəzə çatdırılacağını bildirib, məsələnin araşdırılacağını, müvafiq tədbirlərin görüləcəyini və görüləcək işlərlə bağlı Azərbaycan tərəfinin məlumatlandırılacağını vəd edib.

    Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas da cəbhədə baş vermiş hadisələr zamanı həyatını itirmiş hərbçilər və mülki vətəndaşla bağlı Azərbaycan xalqına və onların ailə üzvlərinə başsağlığı verib.

    K.Yankauskas hadisələri yaxından izlədiyini son günlərdə Avropanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları zamanı baş vermiş qarşıdurma hadisələrinin davam etməkdə olduğunu təəssüflə bildirib.

    Aİ nümayəndəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabaş münaqişəsi ilə bağlı məsələlərin Avropa İttifaqı tərəfindən yaxından izlənildiyini və beynəlxalq sərhəddə baş vermiş son hadisələrlə bağlı bəyanat verildiyini qeyd edib. O, Brüssel ilə mütəmadi qaydada videokonfrans vasitəsilə əlaqə yaradıldığını qeyd etdi və hazırkı görüşdə qaldırılan məsələlərin müvafiq qaydada Aİ rəsmilərinin diqqətinə çatdırlacağını vəd edib.

  • Karantin qaydalarını pozaraq, gizli fəaliyyət göstərən hazırlıq mərkəzi aşkarlandı – FOTO

    Qəbələ Rayon İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində şəhər ərazisində karantin qaydalarını pozaraq, gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkarlanıb.

    DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan yenicag.az-a verilən məlumata görə, dərhal həmin mərkəzin fəaliyyəti dayandırılıb.

    Obyekti işlədənə, uşaqların valideynlərinə və müəllimlərə ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri izah olunub. Qaydaları pozduqları üçün həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.