Month: November 2021

  • Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti və təsisçiləri Azərbaycan Prezidentini təbrik edib

    Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti və təsisçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

    “Report” xəbər verir ki, məktubda deyilir:

    Zati-aliləri,

    Böyük fəxarət hissi ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan çox məmnunuq.

    Bu qələbə doğma Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini özünə qaytarmışdır. Əminik ki, ölkənin inkişafında, çiçəklənməsində və regionun bərpa edilməsində onun böyük töhfələri olacaqdır.

    Misir-Azərbaycan Dostluq Cəmiyyəti Misir və Azərbaycan xalqları arasında müxtəlif sahələrdəki əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün maksimum səylər göstərir.

    Zati-aliləri, Sizin müdrik və qətiyyətli rəhbərliyiniz ilə qardaş Azərbaycan Respublikasının daim müstəqillik və əmin-amanlıq şəraitində yaşamasını arzu edirik.

    Ən səmimi arzularımızı və salamlarımızı qəbul edin.

    Hörmətlə,

    Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti və təsisçiləri:

    Prof. Dr. Əli Cümə – Misir Ərəb Respublikası Parlamentinin Dini İşlər və Vəqflər Komitəsinin sədri,

    Prof. Dr. Usamə əl-Əbd – Komitə sədrinin müavini,

    Əl-Seyyid Mahmud əl-Şərif – Ərəb və İslam Dünyasında Seyyidlər Həmkarlar İttifaqının sədri, Misir Parlamenti sədrinin sabiq birinci müavini,

    Dr. İmam Bağdadi – Misir Ərəb Respublikası Ali Təhsil Nazirliyinin baş direktoru,

    Müşavir Tövhid Məhəmməd – vəkil,

    Səfir Yusif əl-Şərqavi – Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı keçmiş səfiri,

    Prof. Adil Dərviş – Misirin Helvan Universitetinin professoru,

    Dr. Usamə Əbdürrəhman – Universitetin professoru,

    Dr. Mona Zidan – Universitetin professoru,

    General Midhət Camal – Misir əl-Xeyir Fondunda “İbn əs-Səbil” layihəsinin rəhbəri,

    Əhməd Əbdu Tarabek – Orta Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı və jurnalist,

    Mustafa Hicazi – “Orange” şirkətinin baş direktoru, mühəndis,

    Dr. Seymur Nəsirov – Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Misirdəki Azərbaycan diasporunun sədri.

  • Ümumdünya İqlim konfransında Azərbaycan bir sıra beynəlxalq təşəbbüslərə qoşulub

    Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında (COP 26) Azərbaycan iqlim dəyişmələrinə təsirlərin azaldılması və iqlim dəyişmələrinə uyğunlaşma üzrə beynəlxalq səyləri dəstəkləyərək bir sıra beynəlxalq təşəbbüslərə qoşulub.

    “Report”un xəbərinə görə, konfransda iştirak edən Azərbaycanın nümayəndə heyətinin rəhbəri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, Azərbaycan “Meşə və Torpaqdan İstifadəyə dair Qlazqo Liderlər Bəyannaməsi”, “Yaşıl Şəbəkə Təşəbbüsü – Bir Günəş, Bir Dünya, Bir Şəbəkə”, “İqlim Dəyişmələrinə Uyğunlaşma və Dayanıqlıq üçün Ambisiyaların Artırılması”, “Qlobal Okean Alyansı”, “Qlazqo Nailiyyətləri”, “100% Sıfır Emissiyalı Avtomobillərə Keçidin Sürətləndirilməsi”, “Beynəlxalq Miqyasda Ədalətli Keçid”, “Kömürdən Təmiz Enerjiyə Qlobal Keçid” kimi bir sıra təşəbbüsləri dəstəkləyib.

  • Ukraynalı deputatlar azad olunmuş ərazilərə səfərlərinə dair bəyanat yayıblar

    “Ukrayna Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən duyduğu sevinci bölüşərək regionda sülhün qətiyyətlə bərqərar olunmasını alqışlayır”.

    “Report” xəbər verir ki, bu barədə Ukrayna parlamentinin bu günlərdə Gəncə və Ağdamda olmuş üzvlərinin bəyanatında qeyd olunub.

    “Biz Ukrayna parlamentinin Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr qrupunun üzvləri Bakıya, Gəncəyə, habelə Qarabağa azad olunmuş Ağdam şəhərinə getdik. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bu baxımdan Ukraynadakı Azərbaycan diasporu Ukrayna-Azərbaycan münasibətlərinin daha da gücləndirilməsində mühüm halqadır. Az qala XX əsrin bütövlükdə hamısını Ukrayna və Azərbaycan xalqları birgə yaşayıblar, XXI əsrdə də iki ölkə iqtisadi və siyasi əməkdaşlığını dərinləşdirməyə davam edir.

    Hər bir müharibə insan fəlakəti və dağıntıdır. Buna Ağdamda bir daha şahid olduq. Viranəyə çevrilmiş evlər, məktəblər, zədələnmiş, işğalçıların mal-qara saxladığı məscidlər, eybəcər hala salınan qəbiristanlıqlar insanda acı hisslər oyadır. Minlərlə metr səngərlər, yüzlərlə atəş nöqtəsi, minalanmış geniş ərazilər Qarabağın sırf hərbi bölgəyə çevrildiyinə, mülki tikililərin yoxluğu isə işğalçıların burada uzun müddət qalmaq fikrində olmamasına dəlalətdir. Ağdamın qaytarılmasının nəticəsi artıq hiss olunur, dağıntılar təmizlənir, yollar çəkilir, yeni evlər inşa edilir. İnşallah Ağdam və bütövlükdə Qarabağ yenidən bağ-bağata çevriləcək.

    Təəssüf ki, Qarabağın qaytarılması Azərbaycan xalqına baha başa gəlib. Gözəl Bakıda İkinci Şəhidlər xiyabanı salınıb. Ölkənin az qala hər yaşayış məskənində Şəhidlər xiyabanı var, orada Vətənin azadlığı, müstəqilliyi yolunda canından keçmiş igidlər uyuyur. Son müharibə zamanı cəbhə xəttindən uzaqda yerləşən Gəncənin də atəşə tutulduğunu unutmuruq. O zaman raketlər dinc sakinləri aramızdan aparıb ki, bu da idbar cinayət, beynəlxalq hüququn kobud pozulmasıdır. Səfər zamanı Azərbaycan xalqının ölənlərin xatirəsini əziz tutduğunu gördük. Qarabağda bərpa işlərinin sürətlə aparıldığını, azərbaycanlıların ölənlərini ehtiramla yad etdiklərini görəndə regionda sülhün tamamilə bərqərar olacağına əmin olduq.

    Ukrayna Azərbaycanın şəhidlərə görə yaşadığı acı və kədəri bölüşür, eyni zamanda ərazi bütövlüyünün bərpasına sevindiyinə də şərik çıxaraq regiondakı sülhün qətiyyətlə bərqərar olmasını alqışlayır. Biz Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun üzvləri azad edilən Qarabağa səfər etmək, onun viranələrdən addım-addım qalxdığını görmək imkanı yaradıldığına şadıq. Dost Azərbaycana ən səmimi qəlbdən əmin-amanlıq və firavanlıq arzularımızı yetiririk”, – bəyanatda vurğulanıb

    Bəyanatı Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun həmsədri Valeriy Koliux, Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun həmsədri Volodımir Kreydenko, Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun həmsədr müavini Lyudmila Marçenko, Ukrayna-Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun həmsədr müavini Marian Zabolotskiy, Ukrayna-Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun katibi İvan Slobodiannik, eyni zamanda Ukrayna-Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun üzvləri Oleksandr Qorobets, Mikolo Qaluşko və Serhiy Bunun imzalayıblar.

  • Məhkəmədə Nərmin Quliyevanın bacısı dindirildi

    Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində N.Quliyevanın bacısı Şəbnəm Quliyeva ifadə verib.

    O, təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandırıb.

    Məhkəmənin növbəti iclası noyabrın 17-nə təyin edilib.

    Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

    Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

  • İlham Əliyev Xorvatiyanın sabiq prezidentini qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Xorvatiya Respublikasının sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

    AZƏRTAC xəbər verir ki, söhbət zamanı “COVID-19-dan sonrakı dünya” adı altında keçiriləcək VIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirin beynəlxalq əməkdaşlığa töhfə verəcəyi vurğulandı.

    Görüşdə Prezident İlham Əliyevin Xorvatiyaya səfəri və həmin səfər zamanı Kolinda Qrabar-Kitaroviçlə görüşü məmnunluqla xatırlandı, bu səfərin əlaqələrimizin genişləndirilməsində rolu qeyd edildi.

  • Paşinyan Arutyunyanı İrəvana çağırdı – Nələr müzakirə olundu?

    Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda separatçı-terrorçu rejimin rəhbəri Araik Arutyunyanı qəbul edib.

    İrəvanda keçirilən görüşdə qondarma rejimin əski parçası olan “bayrağının” olmaması erməniləri qəzəbləndirib.

    Ermənistan mediası yazır ki, Paşinyan bununla “artsax”ın olmadığını nümayiş etdirir.

    “Paşinyanla görüşdə “artsax”ın “bayrağı” yenə yoxa çıxıb. Nikol bununla “artsax” dövlətinin olmadığını nümayiş etdirməyə davam edir. İstisna deyil ki, Paşinyan Əliyevin qəzəbindən qorxur”, – hayeli.am saytı yazır.

    Qeyd edək ki, 44 günlük müharibədən öncə Qarabağdakı separatçı-terrorçu rejimin rəhbərliyi İrəvanda qəbul olunarkən, salonda qondarma “bayraq” da olurdu. Müharibədən sonra bu artıq gözə dəymir.

  • Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı təmaslar davam edir – Rusiya XİN

    Üçtərəfli bəyanatların icrası üzrə iş bütün istiqamətlərdə davam edir.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

    M. Zaxarova deyib ki, Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə son telefon danışığı zamanı Qarabağda münaqişəyə son qoyan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrasını müzakirə edib.

    Onun sözlərinə görə, nazirlər regionda vəziyyətin sabitləşdiyini, atəşkəs rejiminə ümumilikdə riayət olunduğunu qeyd ediblər.

    “Bakı və İrəvan Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirir. Baş verən ayrı-ayrı insidentlər hər iki tərəfdən müvafiq əməkdaşlıq kanalları ilə nizamlanır”, – Rusiya XİN rəsmisi vurğulayıb.

    M. Zaxarova Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası üçün səy göstərildiyini də qeyd edib. O, oktyabrın 20-də Moskvada Üçtərəfli İşçi Qrupun 8-ci iclasının keçirdildiyini də xatırladıb: “Xarici işlər və müdafiə nazirlikləri, sərhəd xidmətləri xətti ilə təmaslar davam edir. Biz Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasına başlanılması prosesi ilə bağlı problemlərin kompleks həllini görürük. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xətti ilə də fəal iş aparılır”.

    //APA

  • Bakıda maşın mağazaya çırpılıb – VİDEO

    Bakıda sürücü idarəetməni itirərək yol kənarında fəaliyyət göstərən obyektə çırpılıb.

    Lent.az həmin hadisənin görüntülərini əldə edib.

    Bildirilir ki, hadisə bir müddət əvvəl paytaxtın mərkəzi küçələrindən birində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan minik sürücü idarəetməni itirərək yolun sağındakı obyektə girib.

    Həmin obyektin mağaza kimi istifadə olunduğu bildirilir.

    Qəzanın anbaan görüntülərini təqdim edirik:

  • Bakıda genişmiqyaslı narkotik əməliyyatı: 61 nəfər SAXLANILDI – VİDEO

    Sabunçu rayonunda polis genişmiqyaslı əməliyyat keçirib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 nəfər saxlanılıb.

    Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən 27 nəfəri haqqında Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Həmin şəxslər barəsində məhkəmə orqanları tərəfindən həbs qətimkan tədbiri seçilib. 26 nəfər barəsində polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib.

    Saxlanılanlardan səkkiz nəfəri barədə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə protokollar tərtib edilib və onlar cərimə olunublar. Saxlanılan şəxslərdən ümumilikdə iki kiloqrama yaxın narkotik vasitə və psixotrop maddələr aşkar edilib.

    Bir digər əməliyyat zamanı isə Maştağa qəsəbəsindəki telefon-rabitə qovşağına məxsus 2 223 metr uzunluğunda yeraltı kabelləri oğurlayan şəxslər saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Həmzəli Daşdəmirov, Faiq Həbibov və Vaqif Atakişiyev qısa müddətdə müəyyən edilərək saxlanılıb. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların telefon-rabitə xəttinə ümumilikdə 3 000 manatdan artıq maddi ziyan vurduqları məlum olub.

    İdarə əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı isə Nardaran qəsəbəsində yerləşən marketlərdən birindən ümumi dəyəri 5 000 manat olan 160 bağlama tütün məhsulları oğurlayan şəxslər saxlanılıblar. Belə ki, həmin oğurluğu törətməkdə şübhəli bilinən Azər Orucov, Tunar İbrahimov və əvvəllər məhkum olunmuş Çarpaz Muradlı tutulub. Bu şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

    Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

  • Azərbaycanlı qadın bir neçə nəfəri İstanbula aparıb, onları fahişəliyə cəlb edib – MƏHKƏMƏ İŞİ

    Azərbaycanda insan alveri ilə məşğul olan şəxsə hökm oxunub.

    Oxu.Az məhkəmə istintaqına əsasən, cinayət işini təqdim edir.

    Hər şey ondan başlayır ki, Günay (şərtidir) iş ardınca Türkiyəyə gedir, lakin onun burada bəxti gətirmir.

    Günayın Türkiyə Respublikasında qalma müddəti bitdiyinə görə, o, Azərbaycana geri qayıdır.

    Bununla belə, Günay Türkiyədə qalmaq sevdasından əl çəkmir.

    Günay əvvəlcədən tanış olduğu Kadir adlı şəxslə əlaqələrini yenidən qurur və onları müştərək ticari maraqlar birləşdirir.

    Qadının bu məsələdə də əli gətirmir və Kadirdən ayrılır. Bundan sonra isə el dili ilə desək, pis yola düşür və pul müqabilində kişilərlə cinsi əlaqədə olur…

    Günayın Türkiyədə Murad adlı şəxslə əlaqələri yaranır. Hələlik Muradın şəxsiyyəti istintaqla araşdırılır və o tapılmadığından istintaqa cəlb edilməyib.

    Günayla Muradın münasibətləri onları qeyri-qanuni ortaq maraqlarını təmin etmək üçün əlbir olmağa gətirib çıxarır.

    Günay-Murad tandemi qabaqcadan əlbir olaraq Azərbaycandan olan qadınları işə düzəltmək adı altında İstanbula apararaq onları insan alverinin predmetinə çevirmək üçün planlar qurur.

    Günay Azərbaycana gələrək burada bir neçə il öncə tanış olduğu qadınları İstanbula dəvət edərək onlara iş imkanları tapacağı vədini verir. Bu isə həmin qadınları sonradan hüquq dili ilə desək zərərçəkmiş, mənəvi prinsiplərlə yanaşsaq isə, qurban halına gətirir.

    Qadınları gətirib İstanbula yerləşdirdikdən sonra o, Muradla plan üzrə hərəkət edir, onlar həmin şəxslərin pasportlarını götürürlər. Günay-Murad ikilisi həmin qadınları cinsi istismara məruz qoyurlar, onları fahişəliyə cəlb edərək cinsi əlaqə müqabilində pul qazanıb onlara gətirməsini tələb edirlər.

    Günay-Murad ikilisi onlara hədə-qorxu gələrək intim videolarını qohumlarına göndərəcəkləri ilə hədələyirlər.

    Bununla da onları İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında cinsi əlaqədə olması üçün kişi müştərilərə təqdim edirlər. Cinsi istismar həyata keçirməklə tamah niyyəti ilə bir neçə şəxs barəsində təkrarən insan alveri cinayətini törədirlər.

    Onların qurbanları sırasında yetkinlik yaşına çatmamış qız da olub.

    Məhkəmə Günayı Cinayət Məcəlləsinin 144-cü maddəsinin (İnsan alveri) bir neçə bəndi ilə təqsirli bilinərək onun barəsində hökm çıxarıb.

    Günay Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına layiq görülüb.

    Belə ki, onun azyaşlı övladının olması nəzərə alınıb. Günay barəsindəki hökm övladı 14 yaşa çatanadək təxirə salınıb.