Month: November 2023

  • BMT-nin Qəzzada 88 əməkdaşı öldürülüb

    Qəzza zolağında gedən döyüşlər nəticəsində Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin 88 əməkdaşı həlak olub.

    Bu barədə BMT-nin humanitar qurumlarının rəhbərləri və nümayəndələrinin imzaladığı sənəddə qeyd olunub.

    “Bu, BMT-nin bir münaqişə ərzində sayca ən böyük itkisidir”, – deyə sənəddə qeyd olunub.

    Mənbə: “RIA Novosti”

  • Vətəndaşlar silah-sursatı könüllü olaraq polisə təhvil veriblər

    Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlar könüllü polisə silah-sursat təhvil verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb

    Noyabrın 4-də və 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd “AK” markalı avtomat, 2 patron darağı, 1 ədəd qumbara, 3 ədəd təlim qumbara alışdırıcısı, 286 ədəd müxtəlif çaplı patron və 25 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

  • Ceyhun Bayramov: “Qanunsuz rejim təxminən 480 km. ərazini minalayıb”

    “Son 3 il ərzində qanunsuz rejim təxminən 480 km. ərazini yeni təmas xətti fəlsəfəsi ilə minalayıb”.

    Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında “Report”un sualını cavablandırarkən deyib.

    Onun sözlərinə görə, azad edilən ərazilər kütləvi şəkildə minalanıb:

    “Son mina qurbanımız dünən olub. Xoşbəxtlikdən həmin şəxs sağ qalıb. Antiterror tədbirlərindən sonra azad etdiyimiz ərazilərdə vəziyyət təhlil olunacaq. Son 3 il ərzində qanunsuz rejim təxminən 480 km. ərazini yeni təmas xətti fəlsəfəsi ilə minalayıb. Orta hesabla həmin o minaların dərinliyi 2 km-dir. Bu, o deməkdir ki, əlavə olaraq 960 kvadrat km. ərazi minalanıb. Qiymətləndirmə ondan ibarətdir ki, biz orada 100 minlərlə əlavə minaların basdırılması barədə danışırıq”.

  • Almaniyanın xarici işlər naziri Bakıda yalan bəyanat verdi

    Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfəri zamanı Xarici İşlər Nazirliyində mətbuat konfransında yalan açıqlama ilə çıxış edib.

    Belə ki, xanım nazir Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı məcburi köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə “Real” Televiziyasının müxbirinin sualına yanlış və yalan dolu cavab verməklə kifayətlənib.

    Alman nazir əvvəlcə suala cavab verərkən özünün Qarabağdan Ermənistana getmiş ermənilərlə görüşünü uzun-uzadı təsvir edib, daha sonra Azərbaycanın xarici işlər nazirinin sualın mahiyyətini xatırlatmasından sonra, bildirib ki, o, bu gün Bakıda Ermənistandan köçmüş şəxslərlə görüş keçirib.

    Etibarlı mənbələrdən əldə olunmuş məlumata əsasən, əslində Almaniyanın xarici işlər naziri Bakının mənzərə restoranında vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşünə istinad edirmiş.

    Əldə etdiyimiz məlumata əsasən, Almaniya nazirinə azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüş üçün təklif verilsə də, o, bu görüşdən imtina edib.

    Almaniya naziri anlamalıdır ki, Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin 30 ildən artıq davam etmiş əzab-əziyyətini anlamaq üçün onlarla görüş vacib idi və bu kimi yalan açıqlamalar Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinə müsbət təsir etmir.

  • Şəkidə iki avtomobil toqquşub: Xəsarət alan var

    Şəkidə iki minik avtomobili toqquşub.

    APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki şəhəri ərazisində baş verib.

    1986-cı il təvəllüdlü Şəki sakini Həsən Şakir oğlu Əlifovun idarə etdiyi VAZ-2107 markalı minik avtomobili ilə Yunus Məhəmməd oğlu Nadirzadənin idarə etdiyi “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

    Qəza zamanı VAZ-2107 markalı avtomobilin sürücüsü H.Əlifov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

    Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Zaqatala sakinlərindən qanunsuz saxladıqları odlu silahlar götürülüb

    Zaqatala sakinlərindən qanunsuz saxladıqları odlu silahlar götürülüb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri – Mustafa Həməliyev, Güləhməd Həsənov və Bəhruz Cavadovdan qanunsuz olaraq saxladıqları ümumilikdə üç ədəd ov tüfəngi götürülüb.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Sosial işin idarə edilməsində innovativ təşəbbüslərə doğru I Bakı Forumu keçiriləcək

    Azərbaycanda “Sosial işin idarə edilməsində innovativ təşəbbüslərə doğru I Bakı Forumu”nun keçirilməsi nəzərdə tutulur.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

    Məlumata görə, artıq tədbirlə bağlı hazırlıqlara başlanılıb.

  • Braziliyalı səyyah: “Qarabağın bərpasının sürəti heyrətamizdir”

    “Mən heç bir ölkədə Azərbaycandakı kimi tikinti-bərpa işləri görməmişəm”.

    Bu barədə “Report”a açıqlamasında braziliyalı səyahətçi Pristsila Perianez bildirib.

    “Heç vaxt tikinti-bərpa işlərinin Qarabağdakı kimi sürətlə getdiyini görməmişəm. Tikintinin keyfiyyəti və sürəti, sadəcə, heyrətamizdir. Füzuli Hava Limanı cəmi səkkiz ayda tikilib. O, çox gözəldir”.

    Qeyd edək ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümü ərəfəsində 26 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.

    Məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan səyyahlar daxildir.

    Səyyahlar noyabrın 4-dən 6-dək Azərbaycanın azad edilmiş ərazilərində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə səfər edəcəklər.

  • Patruşev: “Azərbaycan Ermənistandan dəfələrlə böyük iqtisadi potensiala malikdir”

    “Azərbaycan indiki şəraitdə böyük iqtisadi potensiala malikdir”

    Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

    “Gəlin iqtisadi potensialı müqayisə edək: Azərbaycanın əhalisi 10 milyon nəfər, Ermənistanın isə, deyirlər ki, üç milyondur. Amma biz dəqiq bilirik ki, belə deyil – maksimum iki milyon nəfərdir. Azərbaycan iqtisadi-maliyyə komponenti üzrə əhəmiyyətli üstünlüyə malikdir”, – deyə Patruşev bildirib.

    O, Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün bütün ilkin şərtləri gördüyünü də vurğulayıb.

    Mənbə: İnterfaks

  • Azərbaycan cüdoçusu zədə səbəbindən Açıq Okeaniya turnirində iştirak etməyəcək

    Azərbaycan cüdoçusu Leyla Əliyeva Fransanın Monpelye şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında zədələndiyinə görə Açıq Okeaniya turnirində iştirak etməyəcək.

    Federasiyadan verilən məlumata görə, 48 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk yarış günündə, 1/4 final görüşündə zədələnib.

    L.Əliyeva millinin tibbi heyətinin qərarına əsasən, noyabrın 10-11-də Avstraliyanın Pert şəhərində keçiriləcək Açıq Okeaniya turnirində iştirak edəcək heyətdən çıxarılıb.

    Onun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə dönməsi üçün bütün lazımi tədbirlər görülür.