Month: February 2025

  • Xarici diplom bu halda tanınmaya bilər – QƏRAR

    Ali Məhkəmə xarici diplomların tanınması üzrə vahid məhkəmə təcrübəsini müəyyən edib.

    Bu barədə məhkəmədən bildirilib.

    Məlumata görə, son günlər xaricdə alınmış diplomların tanınması üzrə məhkəmə təcrübəsi haqqında çoxsaylı sorğular daxil olur. Mövzunun aktuallığını nəzərə alaraq, Ali Məhkəmə inzibati kollegiyasının bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərarı təqdim olunub.

    Ali Məhkəmənin rəsmi saytında dərc olunan məlumata əsasən, şəxsə (Bundan sonra – iddiaçı) qiyabi təhsil üzrə Moskva Politexnik Universiteti tərəfindən bakalavr diplomu verilib və həmin diplom Rusiya Federasiyasının səlahiyyətli qurumu tərəfindən apostil olunub. İddiaçı Azərbaycanda diplomun tanınması barədə tələblə cavabdeh orqana müraciət edib, lakin cavabdeh tərəfindən tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması, həmin müddətin isə tədris proqramının mənimsənimlməsi üçün kifayət hesab olunmaması əsası ilə ali təhsil ixtisasının ölkə ərazisində tanınmasından imtina edilib.

    Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edib.

    Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyib, həmçinin apelyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. Bundan sonra iddiaçı Ali Məhkəməyə müraciət edib.

    Ali Məhkəmə qərarında aşağıdakıları qeyd edib:

    1. Qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.

    2. Ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də, iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.

    3. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.

    4. Xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə oluna bilər və təhsilin alındığı ölkədə bu, yolverilən hesab edilə bilər. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olub-olmadığı ilə bağlı məsələdir. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Bundan başqa, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmayıb.

    Qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib, apelyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

  • Nizami Alışana investisiya üçün 945 min dollar vermişəm – Zeynal Usubov məhkəmədə ifadə verib

    Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində zərərçəkən Zeynal Usubov ifadə verib.

    O bildirib ki, Nizami Alışanla 2022-ci ildə tanış olub və həmin ilin may ayında ona 400 min dollar pul verib.

    “2023-cü ilin yanvar ayında da ona 545 min dollar pul vermişəm. Məni Nizami Alışana bir tanışım yönləndirib. Onun vasitəsi ilə Nizamiyə pul vermişəm. Verdiyim pulun müqabilində mənə qazanc verməli idi. Bir müddət qazanc verdi, sonra yoxa çıxdı. Əvvəl 30 min, sonra 3-4 ay 7-8 min dollar pul verdi. Deyirdi ki, məndən başqa digərlərinin də onda pulu olub. 3-4 ay qazanc verəndən sonra dedi ki, problemlərim var, əlavə 100 min dollar pul verəcəyini vəd verdi, əlavə pulun lazım olmadığını bildirərək mənim pulumu qaytarmasını istədim”.
    Təqsirləndirilən şəxs zərərçəkənin ifadəsini təsdiq etməyib.
    Daha sonra zərərçəkənin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, həmin ifadəsində deyib ki, Nizami Alışanı “facebook” sosial şəbəkəsindən tanıyıb.
    “Daha sonra onunla görüşərək “İnvestAz” platformasına yatırmaq üçün pul verdim. Mənə aylıq 6-8 min dollar qazanc verməli idi. 2023-cü ilin yanvar ayında da 950 min dollar pul verdim. Bunun müqabilində də mənə aylıq qazanc verməli idi, lakin hər dəfə pulu istəyəndə bir bəhanə deyirdi. Nizami Alışan mənim ümumilikdə 1 milyon 350 min dollar pulumu aldadaraq ələ keçirib”.
    Hakim zərərçəkənə hansı əsaslarla təqsirləndirilən şəxsə inandığı barədə sual verərək bildirib ki, həmin pulu banka qoyaraq daha çox qazanc götürə bilərdi.
    Zərərçəkən Zeynal Usubov deyib ki, yerli bankların qoyulan pul müqabilində verilən qazanc onu qane etmir:
    “Nizami Alışan müxtəlif platformalardan şəkillər göstərərək hesabında 11 milyon dollar pul olduğunu deyirdi. O, məni belə vasitələrlə inandırmışdı”.
    Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin olunub.
    Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.
    İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
    Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
    Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.
    O, Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.
    Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.

  • Azərbaycanla Rusiya arasında Şimal-Cənub dəhlizi ilə bağlı Saziş təsdiqlənib

    Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş təsdiq edilib.

    Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

    Fərmanla 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

    Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.

  • AAYDA rəhbərinə yeni müavin təyin olunu

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədova yeni müavin təyin edilib.

    Bu vəzifəyə Əli Hacıyev gətirilib.

    Ə.Hacıyev bu təyinatadək AAYDA-nın İnvestisiya Baş İdarəsinin rəisi olub. Bundan əvvəl isə iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

    Qeyd edək ki, Əli Hacıyev fevralın 4-də Saleh Məmmədovun müavini təyin edilib.

  • Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır

    Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlamalar aparılır.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatlarının Agentliyi Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsi Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlamalar həyata keçirilir.

    2023-2024-cü illər ərzində qurumun dövlət vəsaitinin və dövlət əmlakının istifadəsinin auditi aparılır.

    Yoxlamaların aprel ayına əvvəlinədək davam edəcəyi gözlənilir.

  • Bəzi metro stansiyalarına yeni adlar veriləcək

    Bu il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar adsız zirvələrə yeni adlar veriləcək.

    Bu barədə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında qeyd edilib.

    Bundan başqa, Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək.

    Bununla bağlı Prezident Administrasiyası, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, yerli icra hakimiyyəti orqanları, Prezidentin xüsusi nümayəndəlikləri, Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi, Milli Məclisə müvafiq addımlar atmaları tövsiyə olunub.

  • Prezidentdən “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” haqqında FƏRMAN

    “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.

    Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Fərmanla “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilir.

  • 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncamla “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilir.

    Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirəcək.

  • Bəzi sosis və kolbasaların istehsalı dayandırılır: Tərkibində donuz DNT-si aşkarlanıb – FOTO

    Azərbaycanda sosis məhsulunun müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda tərkibində donuz əti DNT-si aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, istehlak bazarına nəzarət məqsədilə AQTA tərəfindən aparılan monitorinq zamanı “Best Beef” əmtəə nişanlı “Ocaq” sosis məhsulunun (11.11.2024-cü il istehsal tarixli) müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda tərkibində donuz əti DNT-si aşkarlanıb.

    Bununla bağlı “Elite Food Company” MMC-yə məxsus kolbasa emalı müəssisəsində keçirilən plandankənar yoxlama zamanı 450 qramlıq “Best Beef” əmtəə nişanlı “Ocaq” sosisindən (07.01.2025-ci il istehsal tarixli) və 1.130 kiloqramlıq “Best Beef” əmtəə nişanlı bişmiş “Doktorskaya” kolbasasından (06.01.2025-ci il istehsal tarixli) nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsinə əsasən, bu məhsullarda da donuz DNT-si müəyyən edilib.

    Faktla bağlı sahibkar barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Eyni zamanda, həmin məhsulların istehsalının dayandırılması, həmçinin emal edilmiş məhsul partiyalarının satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.



  • Yol polisindən meteohəssas sürücülərə MÜRACİƏT

    “Fevral ayının ilk 10 günündə yer kürəsi bir sıra maqnit qasırğalarının təsiri altında olmuş və proqnozlara əsasən, bu prosesin ayın sonuna qədər davam etməsi gözlənilir. Maqnit qasırğaları xüsusilə meteohəssas insanlarda müxtəlif fiziki və psixoloji narahatlıqlara səbəb olur ki, bu da onların sürücülük qabiliyyətinə təsir göstərir”.

    Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin meteohəssas sürücülərə müraciətində qeyd olunub.

    Müraciətdə deyilir ki, son günlər respublika yollarında baş verən qəzaların təhlili onu dəməyə əsas verir ki, sürücülərin nəqliyyat vasitələrini heç bir real təhlükə və obyektiv səbəb olmadan aşırmaları və ya maneəyə çırpmaları göstərilən hallar səbəbindən baş verib:

    “Meteohəssas sürücülərə maqnit qasırğasının təsirləri:

    – Baş ağrısı və yorğunluq – Maqnit qasırğaları bəzi insanlarda miqren və halsızlıq yarada bilər.

    – Diqqət dağınıqlığı və yuxululuq – Sürücülərin reflekslərini zəiflədərək qəza riskini artıra bilər.

    – Əsəbilik və emosional qeyri-sabitlik – Həddindən artıq stress və əsəbilik təhlükəli manevrlərə səbəb ola bilər.

    – Qan təzyiqində dəyişikliklər – Bu, ürək döyüntülərinin artmasına və ya halsızlığa gətirib çıxara bilər.

    Tövsiyələr:

    – Vacib deyilsə, sükan arxasına keçməyin.

    – Sükan arxasında yorğun və ya əsəbi hiss edirsinizsə, qısa fasilələr verin.

    – Diqqət dağınıqlığı hiss edirsinizsə, avtomobili idarə etməkdən çəkinin.

    – Hava və maqnit qasırğaları ilə bağlı xəbərləri izləyin və müvafiq tədbirlər görün.

    Maqnit qasırğalarının təsiri hər kəsdə fərqli ola bilər, lakin meteohəssas insanlarda bu təsirlər daha güclü hiss olunur”.