Month: August 2025

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Median.Az “Report”a istinadla xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

    “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

    Dövlət Xidmətinin ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı sahəsində səlahiyyəti ləğv edilib.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti artıq ilkin hərbi qeydiyyat və hərbi xidmətə çağırış proseslərinin idarə olunmasında vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirəcək və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla digər hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparacaq.

    İndiyə qədər hərbi qeydiyyat və hərbi xidmətə çağırış proseslərinin idarə olunmasında vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirirdi.

  • Formula 1-lə bağlı Azərbaycana gələn şəxslər üçün viza prosedurları sadələşdirilib

    Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
    Sərəncama əsasən, bu il Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan beynəlxalq hava limanlarında viza ala biləcəklər.
    Eyni zamanda aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab ediləcək:
    – Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;
    – Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
    – 2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
    Azərbaycan Xarici İşlər Nazirliyi viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli, “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumat Nazirliyin, eləcə də Azərbaycanən xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi təmin edilməlidir.

  • Oyuncaq bazarında monopolist- “Super Toys”un anbarı niyə yandı?

    Ötən il şirkətin 1 milyon 458 min 915 manat vergi borcu olduğu üzə çıxmışdı 

    Xəbər verildiyi kimi bu gün “Sədərək” ticarət mərkəzində güclü yanğının baş verdiyi anbar Super Toys mağazalar şəbəkəsinə məxsus olub. Şirkətin həmin anbarı icarəyə götürdüyü deyilir.Yanğın zamanı anbarda olan malların böyük hissəsi yanıb. 
    Median.Az Musavat.com-a istinadla bildirir ki, SuperToys oyuncaq mağazası hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Maraqlıdır ki, şirkətin rəsmi səhifəsində onların Azərbaycan oyuncaq bazarında 2017-ci ildən etibarən rəsmi olaraq tək fəaliyyət göstərdiyi(monopolist demək olar) bildirilir. Oyuncaq mağazalar şəbəkəsinin hazırda 19 filialı müştərilərinə keyfiyyətli və modern məhsullar təqdim edir.
    Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrasikl, skuter, moped, velosiped, motosiklet, park atraksionları kimi elektron və əyləncə məhsulları da müştərilərə təklif edilir. Dünyanın müxtəlif ölkələrindən- Polşa, Çin, Türkiyə, İran, Ukrayna, Rusiya və s. ölkələrdən müxtəlif brendlərin məhsulları idxal olunur.
    Mağazalar şəbəkəsində nağd ödəniş üsulu ilə bərabər, kreditlə və taksit kartları ilə ödəmə imkanları da mövcuddur. Ölkənin istənilən bölgəsinə çatdırılma xidməti də var. Şirkətin mollrdan başqa Binə və Abşeron ticarət mərkəzlərinin də mağazaları var.   
     Supertoys bir çox nüfuzlu şirkətlərlə əməkdaşlıq edir. Onların arasında dövlət qurumları, holdinglər, banklarla yanaşı, baxçalar, məktəblər və müxtəlif müəssisələr yer alır.
    Daha bir ilginc fakt. Ötən ilin bu vədələri, konkret desək, sentyabr ayında mediada Supertoys mağazalar şəbəkəsinin külli miqdarda vergi borcu yaranıdığı haqda informasiyalar dərc olunmuşdu.şirkətin İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə 1 milyon 458 min 915 manat 28 qəpik vergi borcu olduğu üzə çıxmışdı. Qeyd edək ki, “Supertoys” MMC-nin qanuni təmsilçisi Xəqani Cəfərov, şirkətin icraçı direktoru Səidə Fətullazadə olduğu bildirilirdi. 
    “Sədərək” ticarət mərkızindən yanğöınla bağlı rəsmi məlumat hələ də yoxdur. Qeyd edək ki, bu ticarət mərkəzində tez-tez yanğınlar olub. 2023-cü ilin yanvarında ticarət mərkəzində böyük yanğın olmuşdu. “Sədərək” ticarət mərkəzində 27 mağazanın qəsdən yandırılmasında şübhəli bilinən şəxs saxlanılmışdı.  
    İlkin araşdırma zamanı məlum olmuşdu ki, 27 kirayəçi və mülkiyyətçi əmlakın yandırılması Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən törədilib. Bu yanğında texniki nasazlıq və ya insan faktorunun olub-olması yalnız araşdırmalardan sonra üzə çıxa bilir. 
    Sonda qeyd edək ki, ticarət mərkəzində yanğınla əlaqədar təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfər müraciət edib. TƏBİB-dən verilən məlumata görə, onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir

  • 12 yaşında “eBay”də oyuncaq satırdı, indi milyonluq biznesə sahibdir

    Joseph Holman sahibkarlıq yoluna hələ 12 yaşında başlayıb.

    Atasının dəstəyi ilə o, “eBay” üzərindən oyuncaqlar sataraq biznesin ilk addımlarını atıb.

    Bu təcrübə ona alıcılarla ünsiyyət, məhsulun təqdimatı və satış strategiyası kimi əsas bacarıqları qazandırıb. Sonrakı illərdə Holman bu təcrübəni daha geniş bir sahəyə – “upcycling” biznesinə yönəldib.

    Holmanın qurduğu “Green Doors” şirkəti istifadəyə yararsız, ölçüsü uyğunsuz və ya tullantıya çevrilmək üzrə olan qapı və pəncərələri təkrar emal edərək satır. Bu biznes modeli təkcə gəlir əldə etmək deyil, həm də ekoloji baxımdan əhəmiyyətli addım kimi qiymətləndirilir.

    Hazırda “Green Doors” təxminən 50 min kvadrat futluq anbarda fəaliyyət göstərir və 20–30 nəfərlik komandaya sahibdir. Şirkət hər il 3 minə yaxın qapı və pəncərəni tullantı olmaqdan xilas edir. İllik gəliri isə təxminən 2 milyon funt sterlinq təşkil edir.

    Joseph Holmanın uğuru yalnız iqtisadi göstəricilərlə ölçülmür. Onun biznesi 2024-cü ildə Böyük Britaniyanın “Great British Entrepreneur Awards” mükafatına layiq görülüb və ekoloji davamlılıq nümunəsi kimi təqdim edilib.
    //valyuta.az

  • İş vaxtından artıq işə görə əməkhaqqı necə hesablanır?

    İş vaxtından artıq iş – işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

    Median.Az xəbər verir ki, İnsan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova “vergiler.az”a açıqlamasında artıq iş saatlarında işçilərin hüquqları və ödənişləri ilə bağlı məqamlara aydınlıq gətirir.

    Əmək Məcəlləsinin 101-ci maddəsinə əsasən, iş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir:

    a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;

    b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;

    c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;

    ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;

    d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

    İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur.

    Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və yuxarıda qeyd edilən hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

    Bəs iş vaxtından artıq görülən işlərə görə əlavə istirahət günü ilə əvəz edilə bilərmi?

    Əmək Məcəlləsinin 165-ci maddəsinə görə, iş vaxtından artıq görülən işlərə görə əlavə istirahət günü ilə əvəz edilməsinə yolverilmir. İş vaxtında əlavə görülən işlərə görə hər saatı üçün əməkhaqqı hesablaması aşağıda qeyd edilən formada yerinə yetirilir:

    – Əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;

    – Əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əməkhaqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

    Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

    Misal: İşçi ay ərzində ümumilikdə 8 saat əlavə iş saatında işləyib. İşçinin tarif (vəzifə) maaşı 1.000 manatdır. Avqust ayında işçi tam işləyib və istehsalat təqviminə görə avqust ayı üçün norma 168 saat təşkil edir. Bu halda, hesablama aşağıdakı kimi olacaq:

    Əvvəlcə 1 saata düşən əməkhaqqını tapaq:

    1.000 : 168 = 5.95 manat.

    (5.95 x 8) x 2 = 95.2 manat;

    1.000 + 95.2 = 1095.2 manat.

    Beləliklə, işçinin avqust ayı boyunca GROSS (dəqiq məbləğ) əməkhaqqı 1.095.2 manat olacaq.

  • Bələdiyyə sədrinin ölkədən çıxışına stop qoyuldu

    Göyçay Rayon Yeniarx Bələdiyyəsinin sədri Fariz Qasımovun ölkədən çıxışına məhdudiyyət qoyulub.

    Valyuta.az-ın məlumatına görə, buna səbəb bələdiyyə sədrinin Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə 2592,46 manat vergi borcunun olmasıdır.

    Sözügedən borca görə məhkəməyə müraciət edilib. Məhkəmənin hökmü ilə, 1987-ci il təvəlüdlü bələdiyyə sədrinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

  • Bakıda oteldə yanğın olub

    Bakıda üçmərtəbəli otel binasında yanğın olub.

    FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 1200 m² olan üçmərtəbəli otel binasının mənfi birinci mərtəbəsində yerləşən sauna otağının, sanitar qovşağının və dəhlizinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Otel binasının qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Süni intellekt kosmosda hansı sahələrdə istifadə olunur?

    Süni intellekt artıq həyatımızın hər sahəsinə daxil olub. Lakin bu texnologiya yalnız yer üzündə deyil, kosmosda da insanlığın ən böyük macərasının – kosmosun öyrənilməsinin əsas alətlərindən birinə çevrilib.

    Əgər “süni intellekt” deyəndə ağlınıza filmlərdəki kimi dünyanı ələ keçirməyə çalışan robotlar və ya insan kimi danışan kosmik kompüterlər gəlirsə, yanılmırsınız.

    NASA və digər kosmik agentliklər süni intellekti Mars missiyalarından tutmuş, teleskoplardan gələn nəhəng məlumatların emalına qədər bir çox sahədə tətbiq edirlər.

    Valyuta.az xəbər verir ki, Marsaa göndərilən “Perseverance və Curiosity” kimi robotlar Yer üzündən real vaxt rejimində idarə olunmur. Çünki siqnalın Marsa gedib gəlməsi orta hesabla 20 dəqiqə çəkir. Süni intellekt isə bu boşluğu dolduraraq, robotlara ətrafı 3D xəritələndirmək, təhlükəli əraziləri tanımaq və öz marşrutlarını seçmək imkanı verir. Bundan başqa, AI “elmi baxımdan maraqlı” daş və mineralları da aşkar edə bilir.

    Teleskoplardan gələn nəhəng məlumatların emalı

    J”ames Webb” kimi teleskoplar hər gün terabaytlarla məlumat ötürür. Bu məlumatları insanın əl ilə araşdırması mümkün deyil. Süni intellekt isə saniyələr içində planetlərin, qara dəliklərin və galaktikaların aşkarlanmasına imkan verən anormallıqları və nümunələri müəyyənləşdirir.

    Peyklərin və kosmik aparatların monitorinqi

    Kosmosda texniki servis çağırmaq mümkün olmadığı üçün nasazlıqların vaxtında aşkarlanması həyati əhəmiyyət daşıyır. “AI” kosmik aparatların sensorlarından gələn məlumatları izləyərək, xətaları günlər və hətta həftələr öncədən təxmin edə bilir. Bu isə mühəndislərə vaxtında müdaxilə imkanı yaradır.

    Beynəlxalq Kosmik Stansiyada çalışan astronavtların iş yükünü süni intellekt əsaslı köməkçilər yüngülləşdirir. “AI” eksperimentlərin mərhələlərini izah edir, təlimatları səsli şəkildə oxuyur və suallara dərhal cavab verir.

    Kosmik tullantıların izlənməsi

    Orbitdə milyonlarla kosmik tullantı mövcuddur və bunlar həm peyklər, həm də gələcək missiyalar üçün böyük təhlükədir. Süni intellekt bu tullantıların hərəkət trayektoriyasını izləyərək toqquşma risklərini əvvəlcədən müəyyənləşdirir. Gələcəkdə tullantıların toplanması üçün göndəriləcək avtonom peyklər də AI ilə idarə olunacaq.

    Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə süni intellektin kosmosdakı rolu daha da artacaq. Avtonom elmi laboratoriyalar, ulduzlararası səyahətlər üçün marşrut planlaması, hətta digər planetlərdə qurulacaq robot koloniyalarının idarəsi də süni intellektin öhdəsinə veriləcək.

  • Azərbaycanda hansı avtomobillər daha sərfəlidir?

    Günümüzdə hər kəs gündəlik istifadə üçün daha sərfəli və iqtisadi avtomobil axtarışındadır. Yüksələn yanacaq qiymətləri, texniki xidmət xərcləri və şəhər mühitində yaranan müxtəlif çətinliklər sürücüləri daha praktik seçimlər etməyə məcbur edir.

    Bu səbəbdən insanlar həm şəhər daxilində, həm də uzun yollarda istifadəyə uyğun, büdcəyə qənaət edən və ehtiyat hissələri asanlıqla tapılan avtomobillərə üstünlük verirlər.

    Təlimçi Adil Nəbiyev Valyuta.az-a bildirir ki, günümüzdə elektrik avtomobillər daha sərfəlidir:

    “Bu gün yeni elektrik avtomobilləri daha sərfəlidir. Lakin uzun yollarda elektrikli avtomobillər o qədər də əlverişli deyil. Bunun əsas səbəbi hər yerdə, istənilən vaxt şarj edə biləcəyimiz şarj məntəqələrinin kifayət qədər olmamasıdır. Yəni şarj məntəqələri hər zaman əlçatan deyil. Bundan başqa, şarj məntəqəsi olsa belə, dayanıb avtomobili şarj etmək uzun vaxt aparır və çox vaxt itkisinə səbəb olur. Buna görə də uzun yollar üçün hibrid avtomobillər daha əlverişlidir. Lakin bir neçə ildən sonra elektrik avtomobillərinin sayı artdıqca şarj aparatları da hər yerdə daha əlçatan olacaq”.

    “Dizel avtomobillər isə ümumiyyətlə, şəhər daxilində istifadə edilməsə yaxşıdır. Çünki şəhərdə asta sürətlə hərəkət edildikdə filtrin dolması problemi yaranır. Ancaq uzaq yola çıxdıqda, sürət yüksək olduğu üçün filtrlər dolmur. Satış baxımından Yaponiya və Koreya avtomobilləri ikinci əl bazarında daha çox üstünlük qazanır. Bir sözlə, ən çox istifadə edilən avtomobilləri sürmək daha məqsədəuyğundur.

    Çünki bu cür avtomobillərin ehtiyat hissələrini tapmaq daha asan olur. Həm də tələbat çox olduğu üçün onların təmir ustaları da kifayət qədər mövcuddur. Bundan əlavə, ən çox istifadə edilən avtomobillərin əksəriyyəti iqtisadi modellərdir ki, bu da belə avtomobilləri almağı daha sərfəli edir”- deyə təlimçi A.Nəbiyev qeyd edir.