Month: September 2025

  • İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli Şavkat Miromonoviç, əziz qardaşım, Qardaş Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    Bu gün Sizin müəyyən etdiyiniz yeni Özbəkistan strategiyası əsasında ölkənizin sürətli və hərtərəfli inkişafı, bütün sahələrdə tərəqqisi, iqtisadi gücünün artması, qlobal müstəvidə nüfuzu və mövqelərinin möhkəmlənməsinin şahidi olmaqdan qardaş ölkə olaraq sevinc hissi duyuruq. Özbəkistanın əldə etdiyi bütün nailiyyətlər Sizin çoxşaxəli fəaliyyətinizin, uzaqgörən siyasətinizin, Vətənə və xalqa şərəfli xidmətinizin nəticəsidir.

    Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixi, dili, mədəniyyəti paylaşan xalqlarımız arasında formalaşmış qardaşlıq əlaqələrinin xoş ənənələrini özündə bariz şəkildə əks etdirir.

    Dövlətlərarası əlaqələrimizin hazırda yüksələn xətt üzrə dinamik inkişaf etməsində ali səviyyəli qarşılıqlı səfərlər və görüşlər mühüm rol oynayır. İyul ayında Sizin Azərbaycana dövlət səfəriniz ikitərəfli münasibətlərimizin müttəfiqlik xarakterini bir daha təsdiqlədi. İnanıram ki, Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz mühüm razılaşmalar, müxtəlif sahələr, xüsusilə də iqtisadi tərəfdaşlığın şaxələndirilməsi üzrə imzalanmış bir sıra sənədlər əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsinə, müttəfiqlik münasibətlərimizin daha da möhkəmlənməsinə və dərinləşməsinə töhfələr verəcəkdir.

    Biz qardaş Özbəkistan ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımızı, xüsusilə də iqtisadi-ticari, enerji, investisiya, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində səmərəli fəaliyyətimizi bundan sonra da birgə səylərimizlə genişləndirmək əzmindəyik. Yüksək səviyyədə qarşılıqlı anlaşmanın, etimad və inamın mövcudluğu bunun üçün əlverişli zəmin yaradır.

    Əminəm ki, Azərbaycan-Özbəkistan qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına xidmət edəcəkdir.

    Hörmətli Şavkat Miromonoviç, belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, şərəfli və məsul fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

  • Bu ərazilərdə qaz olmayacaq

    “Savalan”, “Hacı Seyfəl” və “PMK” orta təzyiqli qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması məqsədi ilə 01.09.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    “Azəriqaz”dan verilən məlumata görə, təmir işləri aparılan müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsinin H.Heybətov, Nizami, A.M.Əbdülkərim, M.Ə.Sabir, A.M.Ələkbər, A.Ş.Hüseyn, Y.Musayev, N.Nərimanov, H.Aslanov küçələrinin, Maştağa Ləhic bağları, Savalan, Maştağa-Nardaran yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

    Pirəkəşkül və Ağdərədə 1-5 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:
    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.