Month: November 2025

  • Aldadıb 200 manat borc aldı – Həbs olundu

    Bakıda 200 manat borc alan şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü T.Y. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmiş R.T.-nın yaxın dostu Namiqin adından pul alıb. Belə ki, T.Y. zərərçəkmişin nömrəsinə mesaj yazaraq ona dostu Namiq olduğunu bildirib və 200 manat pul istəyib. R.T. onun göndərdiyi bank kartına 200 manat köçürüb. Sonradan zərərçəkmiş dostu ilə əlaqə saxlayan zaman 200 manatı istəməsini səbəbini soruşub. Namiq isə pul istəmədiyini bildirib. Bundan sonra zərərçəkmiş polisə şikayət edib.

    Məhkəmədə təqsirləndirilən şəxs maddi imkanı pis olduğu üçün T.Y.-nı dostunun adından aldadaraq pul aldığını etiraf edib. Himayəsində 2 azyaşlı uşağı olduğunu deyən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirb.

    Məhkəmənin hökmü ilə T.Y. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və bir ay müddətinə inzibati həbs edilib.

  • Qəfildən dünyasını dəyişənlərin sayı artır, bəs səbəb nədir?

    Son vaxtlar Azərbaycanda qəfildən dünyasını dəyişənlərin sayı artmaqdadır. Xüsusən də bu kimi hadisələr avtobus dayanacaqlarında və iş yerlərində baş verir.

    Məsələn, noyabrın 23-də paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində dayanacaqda ölüm faktı qeydə alınıb. Şirvan şəhər sakini 1966-cı il təvəllüdlü Elşən Əlikram oğlu Quliyev M.S.Ordubadi küçəsi 3-də yerləşən avtobus dayanacağında qəflətən ölüb. Müayinə zamanı onun infarktdan vəfat etdiyi bildirilib.
    Bundan əlavə fəaliyyəti dayandırılan Azadlıq Partiyasının sabiq sədri Əhməd Oruc da qəflətən insult keçirib və səhəri yerləşdiyi xəstəxanada dünyasını dəyişib.

    Qəfil ölüm hallarının yaranmasına gətirən səbəblər hansılardır?

    Həkim Aydın Əliyev Qaynarinfo-ya açıqlamasında qəfil ölüm hallarının bir neçə səbəbinin olduğunu diqqətə çatdırıb:

    “Bunlardan birincisi odur ki, Azərbaycanda yaşayış şərtləri streslidir. Hamımız stresdəyik. Kimi ailə-uşağının, kimi işlədiyi yerin, kimi də özünün ucbatından. İqtisadi stabillik, rifah halı yoxdur. İkincisi və ən başlıcası odur ki, insanlar vaxtaşırı profilaktik müayinələrdən keçmirlər. Hər ildə ən azı bir, bəzən isə iki dəfə müayinədən keçmək lazımdır. Bunu heç kəs etmir, ya da etmək istəmir. Statistikada dünyasını dəyişənlərin arasında tanıdığımız şəxlər də var. Onların dünyasını dəyişməsi kimi hallar mətbuatın diqqətini çəkir, amma mən deyə bilərəm ki, çoxlu sayda belə faktlar var. Onlar sıradan insanlar olduğundan ölüm halları diqqət çəkmir. Düşünürəm ki, bunların iqtisadi səbəbləri var. Əksəriyyəti özəl yerlərdə işləyir və vaxtında müayinəyə gələ bilmirlər”.

    Aydın Əliyevin sözlərinə görə, insan sağlamlığı üçün qidalanma faktoru böyükdür:

    “Duzlu, yağlı, ətli yeməkləri sevirik və bunlara üstünlük veririrk. Ekoloji təmiz qidaları yemirik. Daha yaxşı olar ki, vətəndaşlarımız belə qidalara üstünlük versinlər və ildə ən azı bir dəfə də olsa müayinədən keçsinlər”.

  • Azərbaycanda bayram günü otellərin dodaquçuqladan qiymətləri

    Azərbaycanın bölgələrində fəaliyyət göstərən əksər mehmanxanalar Yeni il gecəsini şou-proqram ilə yaddaqalan etməyə hazırlaşırlar.

    Yeni il bayramı yaxınlaşdıqca hotellər bir-bir hoteldə qalmaq və xüsusi əyləncəli proqram daxil öz qiymətlərini elan edirlər.

    31 dekabr 2025 – 2 yanvar 2026-cı il tarixlərini əhatə edən (2 gecə 3 gün) qiymətlərə 2 nəfər üçün oteldə qalmaq, qidalanma, qala gecəsi, canlı musiqi, gündəlik əyləncə proqramları, hovuz, sauna, hamam və s. imkanlardan istifadə daxildir.

    Otellərin qiyməti 2 gecəsi (31 dekabr – 1 yanvar) adambaşı 750-950 manat arasıdır.

    İqtisadçı ekspert Natiq Cəfərli qiymətlərə münasibət bildirib. O qeyd edib ki, turizm şirkətlərindən biri, 28 dekabr – 1 yanvar arası, yəni, 4 gecə/5 günlük Dohaya yeni il turları təklif edirlər:

    “Adambaşı, ortalama, 750 dollar qiymət təklif olunur, qiymətə daxildir: aviauçuş, mehmanxanada gecələmə, səhər yeməyi əsasında qidalanma, sığorta, transfer qrup

    Otellər 5 ulduzdur, siyahıda Cielo Hotel Lusail, Steigenberger Hotel & Residence Shaza Doha, City Centre Rotana Doha, Doubletree by Hilton Doha Old Town kimi gözəl otellər var. Yəni, 4 gücə 5 gün yeni ili Dohada keçirmək aviabilet daxil 750 dollar, yəni 1275 manatdır.

    Məsələn, Şamaxıda 2 gün qalsan, bayram keçirsən 950 manat ödəməli olacaqsan. İndi özünüz seçin, 2 gecə Şamaxı 950 manatmı, yoxsa 4 gecə Doha 1275 manatmı?! Şamaxıda günü (gecəsi) 475 manat, Dohada günü (gecəsi) 318 manat”.

    “Marja.az”a istinadən bir sıra hotellərin Yeni il münasibətilə qiymət təkliflərini təqdim edirik:

    1. Shamakhi Palace Sharadil: 1980 manatdan başlayan qiymətlərlə

    2. Qafqaz Tufandag Hotel: 1699 manatdan başlayan qiymətlərlə

    3. Basqal Resort & Spa: 1660 manatdan başlayan qiymətlərlə

    4. Shabran Wellbeing Resort: 1650 manatdan başlayan qiymətlərlə

    5. Qafqaz Riverside Hotel: 1595 manatdan başlayan qiymətlərlə

    6. Lankaran Springs Wellness Resort: 1500 manatdan başlayan qiymətlərlə

    7. Marxal Resort & Spa: 1420 manatdan başlayan qiymətlərlə

    8. Quba Macara Lake Park: 1380 – 2150 manat civarında

    9. Lachin Resort: 1240 manatdan başlayan qiymətlərlə

    10. Şah Əsəri Xankəndi: 960 – 1620 manat civarında

    11. Şuşa Hotel: 950 manatdan başlayan qiymətlərlə

    12. Chinar Health Hotel: 620 manatdan başlayan qiymətlərlə

    Qeyd edək ki, qiymətlər hotelin imkanlarından və xidmətlərdən asılı olaraq dəyişə bilir. Yeni ili 3 ulduzlu otellərdə daha münasib qiymətlər ilə qarşılamaq mümkündür.

  • Sosial şəbəkələr insanların psixikasına necə təsir edir? – “Meta”nın gizli araşdırması

    2020-ci ildə “Meta” mütəxəssisləri müəyyən ediblər ki, “Facebook” və “Instagram” olmadan insanlar özlərini daha yaxşı hiss edirlər, lakin şirkət bu araşdırmanın nəticələrini açıqlamaqdan imtina edib.

    Qaynarinfo-nun məlumatına görə, 2020-ci ildə “Meta” mütəxəssisləri müəyyən ediblər ki, “Facebook” və “Instagram” kimi sosial şəbəkələr psixikaya ciddi zərər vura bilər, lakin korporasiya bu məlumatları ictimaiyyətlə paylaşmadı. Məsələ ilə bağlı yeni detalları “Reuters” yayıb.

    Bildirilir ki, 5 il əvvəl şirkət “Nielsen” ilə birlikdə istifadəçilərin bu servislərdən ayrılmasının təsirini öyrənmək üçün “Merkuri Layihəsi”ni işə salıb. Məlum olub ki, Mark Zukerberqin sosial şəbəkələrindən bir həftə uzaq qalan insanlarda depressiya, narahatlıq, tənha qalma hissi və sosial müqayisə əhəmiyyətli dərəcədə azalıb.

    “Reuters” yazır ki, “Merkuri Layihəsi” bunun sadəcə təsadüf deyil, şirkətin servisinin psixi sağlamlığa birbaşa mənfi təsiri olduğunu sübut edib. Lakin “Meta” bu nəticələri dərc etmək və ya əlavə araşdırmalar aparmaq əvəzinə layihəni bağlayıb, çünki açıqlama sosial şəbəkələrə ciddi zərbə vura bilərdi.

    Hazırda araşdırmanın detallarını ABŞ-da bir neçə məktəb dairəsinin “Meta”, “Google”, həmçinin “TikTok” və “Snapchat”ə qarşı iddialarında ortaya çıxıb. Şirkətlər məhsullarının məktəblilər üçün yaratdığı riskləri gizlətməkdə ittiham olunur.

    İddiaçıların əsas iradları isə məhz “Meta”ya yönəlib. Onların sözlərinə görə, “Facebook” və “Instagram”da təhlükəsizlik alətləri elə hazırlanıb ki, istifadəçilər onları ya çox az istifadə etsin, ya da ümumiyyətlə istifadə etməsin — çünki onların real effektivliyi çox aşağıdır.

    Bundan əvvəl BBC yazırdı ki, texnologiya milyarderləri “qiyamət günü”nə hazırlaşır və kütləvi şəkildə bunker inşa edirlər. “Meta” rəhbəri Mark Zukerberq isə hələ 2014-cü ildən Havayda — Kauai adasında 1400 akr ərazidə yeraltı kompleks tikir.

  • Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?

    Hazırda Xankəndi, Ağdərə və Xocalı rayonlarında 23 min nəfərdən çox sakin məskunlaşıb.

    Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Xankəndidə yerləşən Qarabağ Universitetinin bölgənin intellektual və sosial inkişafında xüsusi rol oynadığını vurğulayıb:

    “Hazırda universitetdə 2000-dən çox tələbə təhsil alır və onlar müxtəlif sosial-innovativ layihələrdə iştirak edirlər”.

  • Bakıda məhkəmənin həyətinə butulka atan şəxs saxlanıldı

    Bakıda içki içib, butulkanı məhkəmənin həyətinə atan şəxs saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, 1973-cü ildə Bakı şəhərində anadan olmuş M.İ. barəsində İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 510-cu maddəsi protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Məlum olub ki, 52 yaşlı M.İ. içki içib, butulkasını Bakı İnzibati Məhkəməsinin binasının həyətinə atıb. O, içkili olduğunu, Bakı İnzibati Məhkəməsinin yeni inzibati binasının hələ istifadəyə verilmədiyini zənn etdiyini bildirib. M.İ. törətdiyi əməlindən peşman olduğunu və bir daha bu kimi hallara yol verməyəcəyini bildirb. O, həmçinin məhkəmədən 2-ci qrup əlil olmasını nəzərə almağı və yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib.

    Məhkəmənin hökmü ilə M.İ. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 75 manat inzibati cərimə edilib. İnzibati qaydada saxlanılmış şəxs dərhal məhkəmə iclas zalından azad edilib.

  • 62 minlik dələduzluqla həbs edilən qadın – Bəraət aldı

    Qızıl alveri ilə məşğul olan qadınların məhkəmə çəkişməsi bəraətlə yekunlaşıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi 62 min manatlıq dələduzluq ittihamı ilə həbs edilmiş 48 yaşlı Balaxanım Atakişiyevanı təqsirsiz hesab edib.

    İş materiallarına əsasən, həm təqsirləndirilən Balaxanım Atakişiyeva, həm də zərərçəkmiş Minarə İbayeva qızıl alveri ilə məşğul olub. Qarşılıqlı münasibətlər nəticəsində Balaxanım Minarədən 62 min manatlıq qızıl alaraq əvəzində ona “Toyota Prado” markalı avtomobil verəcəyini vəd edib.

    Lakin sonradan məlum olub ki, onun ümumiyyətlə belə bir avtomobili olmayıb və aldığı pulu da geri qaytarmayıb.

    Bunun ardından Minarə hüquq-mühafizə orqanlarına müraciət edərək Balaxanımı həbs etdirib.

    Əvvəlcə təqsirləndirilən şəxs sərbəst ifadə verib. O, Minarəyə heç bir yalan vəd vermədiyini, onunla kredit-borc müqaviləsi bağlayaraq qızıl alveri ilə məşğul olduğunu deyib. Yəni ondan qızıl götürüb bir az baha qiymətə satıb, pulunu da vaxtında verib.

    Balaxanımın sözlərinə görə, götürdüyü qızılın qarşılığında maşın söz verməsi isə yalandır. Onun ümumiyyətlə elə bir maşını olmayıb. Sadəcə əvvəllər qızıl satdığı müştərilərdən biri girov kimi ona həmin maşının şəklini göndərib, o da şəkli Minarəyə atıb. Foto ilə həmin alqı-satqı epizodunun əlaqəsi olmayıb.

    Zərərçəkmiş Minarə İbayeva məhkəmədə biri digərini təkzib edən dolaşıq ifadələr verib. Bundan əlavə, ibtidai istintaqdakı ilə indi danışdıqları üst-üstə düşməyib.

    Məsələn, o, verdiyi qızılların əyarı və çəkisini dəqiq ifadə edə bilməyib. Həmçinin mübahisəli avtomobilin fotosunun hadisədən iki ay əvvəl ona göndərildiyi məlub olub.

    Hakimin “bu məsələni niyə mülki qaydada həll etmədiniz?” sualına Minarə “düşündüm ki, hüquq-mühafizə orqanlarına müraciət etsəm, daha tez həll olunar”, – cavabını verib. Bu da qərəzli münasibəti göstərən hal kimi qiymətləndirilib.

    Prokuror yekunda B.Atakişiyevanın təqsirli bilinərək sanksiya həddində həbslə cəzalandırılmasını tələb etsə də, məhkəmə fərqli nəticəyə gəlib.

    Fəhmin Hümbətovun sədrlik etdiyi məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlib ki, tərəflər arasındakı münasibət mülki-hüquqi xarakter daşıyır və xanım müttəhimin əməlində cinayət tərkibi yoxdur. Hökmə əsasən, təqsiri sübuta yetirilmədiyindən Balxanıma bəraət verilib. O, məhkəmə zalında həbsdən azad edilib.

  • İşsizlərin tibbi sığortaya 16 manat ödəməsi məcburi deyil – Detallar açıqlandı

    Son günlərdə işsizlərin (qeyri-formal məşğul şəxslər) aylıq 16 manat icbari tibbi sığorta haqqı ödəyəcəyi barədə “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliklər geniş müzakirələrə səbəb olub.

    Sadə dildə desək, insanlar işləmədikləri halda niyə bu məbləği ödəməli olduqlarını anlamaqda çətinlik çəkirlər. Hətta qanun layihəsində ödəmənin gecikdirilməsi halında əlavə 10% sığorta haqqının tətbiq ediləcəyi də qeyd olunur.

    Qaynarinfo xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevlə əlaqə saxlayıb.

    Komitə sədri saytımıza açıqlamasında bildirib ki, icbari tibbi sığorta sığortaların bir növüdür və məqsəd sığorta olunan şəxslərin sığorta hadisəsi baş verdikdə onlara dəyən zərərin, xəstəliyin və zədənin aradan qaldırılması üçün maliyyə təminatının yaradılmasıdır: “Əgər biz minik avtomobillərimizi, evlərimizi sığorta ediriksə və bu, icbari qaydada həyata keçirilirsə, həyatımızı niyə sığorta eləmirik? Dünyanın səhiyyənin icbari sığorta sistemində çalışdığı hər yerində müəyyən qrup insanları dövlət öz təminatına götürür, qalan şəxslər isə sığorta haqları ödəməklə, icbari tibbi sığorta haqqı əldə edirlər. Kimsə istəməsə ki, icbari sığorta ödəsin, özəl qaydada özəl klinikalarda müalicəsini ala bilər. Azərbaycanda da icbari sığorta qəbul olunanda sual yaranmışdı ki, bəs işləməyən şəxslərin sığorta məsələsi necə olacaq? O zaman cənab Prezidentin göstərişi ilə işləməyən şəxslər də bu kateqoriyaya daxil olundu”.

    Musa Quliyevin sözlərinə görə, ilkin mərhələdə bu insanlara böyük güzəşt olundu: “Beləliklə, məşğulluğundan asılı olmayaraq, hər kəsə icbari tibbi sığortadan faydalanmaq imkanı yaradıldı. Amma bu, müvəqqəti keçid qayda idi. İndi “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişiklikdən sonra gələn ildən dövlət qeydiyyatında olan şəxslər – uşaqlar, əlilliyi olan şəxslər, pensiyaçılar istisna olmaqla, formal və ya qeyri-formal işləyən şəxslər, yaxud qazanc mənbəyi məlum olmayan insanlar ayda 16 manat ödəməklə, icbari tibbi sığortadan yararlanmaq hüququ əldə edirlər. Bu, sosial ədalət prinsipinin qorunmasına xidmət edəcək. Yəni bir vətəndaş işləyirsə, yüksək əməkhaqqı alırsa, öz əməkhaqqısından yüksək icbari tibbi sığorta haqları ödəyirsə, digər vətəndaşlar niyə onun ödədiyi vəsaitdən özünün qatqısı olmadığı halda istifadə etməlidir? Bu suallar da cəmiyyətdə çıxa bilər”.

    O əlavə edib ki, bu qayda məcburi deyil, amma ödəniş etməyən vətəndaşlar icbari tibbi sığorta xidmətlərindən yararlana bilməyəcəklər.

    Parlamentari vurğulayıb ki, bu baxımdan, ayda 16 manat sığorta haqqı ödənilməsi bir il ərzində özəl sektorda instrumental müayinənin, MRT və ya USM qiyməti qədər də deyil: “Yəni bu mənada 16 manat böyük vəsait deyil. Bu, eyni zamanda vətəndaşların əməkhaqlarının leqallaşdırılması, iş yerlərinin qeyri-formaldan formala keçirilməsi məsələsində də öz rolunu oynayacaq. Bu mənada bu, müsbət addımdır. Qanun qəbul olunduqdan sonra İcbari Tibbi Sığorta Agentliyi qaydaları müəyyənləşdirəcək. Bunun ən sadə mexanizmi hər kəsin öz poliklinikasına müraciət edərək sığorta kartı almasıdır və ya hesab açdırmaq, o hesaba da vəsaiti aybaay ödəməkdir. Yaxud da bir illik sığorta haqqını ödəmək də mümkün olacaq”.

    Qeyd edək ki, hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçi 2% və işəgötürən də 2% olmaqla, bir vətəndaş üçün ümumilikdə 4% icbari tibbi sığorta haqqı ödənilir. Sözügedən qanuna dəyişiklik edildikdən sonra müəyyən kateqoriyaya daxil olan şəxslər istisna olmaqla, əmək potensialı olan şəxslər də ayda minimum əməkhaqqının (400 manat) 4%-i həcmində, yəni 16 manat icbari tibbi sığorta haqqı ödəyəcək.

  • KİV: Fransa könüllü hərbi xidməti tətbiq edəcək

    Fransa yaxın günlərdə könüllü hərbi xidmətin tətbiqini elan edə bilər.

    Qaynarinfo “Le Figaro”ya istinadla yazır ki, prezident Emmanuel Makron bununla bağlı rəsmi açıqlamanı 27 noyabrda — Avropada təhlükəsizlik risklərinin artdığı bir vaxt — verməyi planlaşdırır.

    “Fransa güclü orduya malik qüdrətli dövlət olaraq qalmalıdır”, — Makron Yohannesburqda keçirilən G20 sammitinin kuluarlarında vurğulayıb.

    Nəşrin məlumatına görə, təşəbbüs üzərində iş artıq bir neçə aydır davam edir: prezident ilk dəfə bu ideyadan iyulun 13-də hərbi komandanlıq qarşısındakı çıxışında bəhs etmişdi.

    “Le Figaro” qeyd edir ki, hökumət bir neçə senari nəzərdən keçirir. Plan ildə 10 mindən 50 minədək könüllünün cəlb edilməsini nəzərdə tutur. Xidmətin müddəti 10 ay ola bilər, iştirakçılara isə hər ay bir neçə yüz avroluq maddi ödəniş veriləcək.

    Makron islahatın vacibliyini belə izah edir: Avropa “Rusiyadan gələn daimi təhdidlə” üzləşir və buna görə dövlət lazım gəldikdə sürətli şəkildə səfərbər ola bilməlidir.

    Fransa hərbi xidmətə yanaşmanı yenidən nəzərdən keçirən yeganə Aİ ölkəsi deyil. Bundan əvvəl Almaniya hökuməti yeni seçim modelini razılaşdırmışdı:
    • bütün 18 yaşlı vətəndaşlara motivasiya və yararlılığın qiymətləndirilməsi üçün anket göndəriləcək;

    • 1 yanvar 2008-dən sonra doğulan gənclər tibbi yoxlamadan keçməyə məcbur olacaq;

    • xidmət könüllü olaraq qalacaq, lakin yetərincə müraciət olmadığı halda “zərurət üzrə çağırış” tətbiq edilə bilər və namizədlər püşk yolu ilə seçiləcək.
    UNIAN-ın xəbərinə görə, Avropa İttifaqında hərbi personalın, avadanlıqların və digər müdafiə vasitələrinin sürətli və maneəsiz hərəkəti üçün hazırlıq aparılır.
    Bəzi ölkələrdə bu kimi qərarların qəbulu çox uzun çəkir. Buna görə də hərbi təhdid halında qoşunların hərəkəti 45 gün çəkə bilər.

    Avropada əvvəllər qitədə müharibəyə hazırlaşılmırdı. İndi isə belə müharibəyə hazır olmaq üçün tələb olunan müddət azaldılır.

    Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov əmindir ki, Rusiya bu cür əməliyyatları çoxdan planlaşdırıb, lakin bunu yalnız Ukraynaya qarşı müharibədən sonra həyata keçirə bilər.

  • Daha bir məhsul bahalaşacaq – İqtisadçı açıqladı

    Dünya bazarında kakaonun qiymətləri yenidən yüksəlib. Bazarda “ICE New York”da 3% artaraq ton üçün 5.261 dollar, ICE Londonda isə kakaonun qiyməti 3.993 funt səviyyəsinə yüksəlib.

    Mütəxəssislər bildirir ki, Londonda 4.000 funt psixoloji dəstəyinin qırılması satıcıları daha aqressiv edib və kəskin dalğalanma yaradıb.

    İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, kakaonun bahalaşması birmənalı olaraq şokoladın qiymətlərini artıracaq:

    “Şokoladın hazırlanmasının əsas xammalı kakaodur. Təbii ki, orada müəyyən, məsələn, şəkər, işçi qüvvəsi və s. qatqılar var. Kakao maya dəyərinin formalaşmasında əsas rol oynayır”

    Xalid Kərimli hesab edir ki, kakaonun qiymətinin artması şokolad istehsalı xərclərinin artırdığına görə, rəqabətə uyğun qiymət səviyyəsinə artırıcı təsir göstərir:

    “Xüsusən də kəskin bahalaşmalarda şokalad istehsalçıları tədricən qiymətləri qaldırırlar. Qiymətləri birdən-birə qaldırmırlar. Yavaş-yavaş xərc artımını qiymət artımına ötürürlər”.