Month: April 2026

  • Keçmiş futbolçu qəzada öldü

    “Yuventus” klubunun və Avstriya milli komandasının keçmiş qapıçısı Aleksandr Manninger 48 yaşında həlak olub.

    Median.Az “Bild” qəzetinə istinadən xəbər verir ki, futbolçunun avtomobili Zaltsburqda dəmiryol keçidində qatarın altında qalıb.

    A.Manninger ağır xəsarətlər alıb, hadisə yerinə gələn təcili xidmət orqanlarının əməkdaşları idmançıya ilkin tibbi yardım göstəriblər, lakin onun həyatını xilas ermək mümkün olmayıb.

    Qeyd edək ki, A.Manninger İngiltərənin “Arsenal”, İtaliyanın “Fiorentina”, “Bolonya”, “Siena”, “Yuventus” və digər klublarda çıxış edib. O, “Arsenal”ın heyətində İngiltərə çempionu (1997/1998), “Yuventus”un heyətində isə İtaliya çempionu (2011/2012) olub.

  • Kondisioner ustasının ölümü ilə nəticələnən faciə niyə baş verdi? – Video

    Yay mövsümünün yaxınlaşması ilə kondisionerlərə olan tələbat kəskin artır. Lakin bir neçə gün öncə paytaxtda baş verən bədbəxt hadisə təhlükəsizliklə bağlı ciddi suallar doğurub.

    Bakının 20 Yanvar küçəsində yerləşən yaşayış binalarının birində kondisionerin mühərrikinə qaz doldurulan zaman güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib.

    Paytaxt sakinləri mövzu ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər.

    “Bu işin belə təhlükəli olduğundan xəbərsiz idim. Amma reallığı bildikdən sonra anlayırsan ki, mütləq etibarlı və peşəkar ustaları çağırmaq lazımdır. Bu, olduqca məsuliyyətli bir işdir”, – deyə sakinlərdən biri bildirib.

    Bəs faciənin əsas səbəbi nə idi? Problem avadanlıqdan, yoxsa insan səhlənkarlığından qaynaqlanır?

    Kondisioner ustası Rəşad Məhərrəmovun sözlərinə görə, qaz vurulması zamanı diqqət yetirilməli bir çox vacib məqam var:

    “Bu həm texniki problem, həm də ustanın səhvi ola bilər. Lakin usta faktoru barədə danışırıqsa, əsas səbəb qazın yanlış vurulmasıdır. Məsələn, qazların müxtəlif növləri var. Bu növləri bir-birinə qarışdırdıqda belə ağır nəticələr yaşanır. Digər bir məqam isə düzgün diaqnostikanın aparılmamasıdır. Bəzən elə texniki tıxanmalar olur ki, daxildə qaz olduğu halda göstərici cihazı yoxmuş kimi təəssürat yaradır və ustanı çaşdırır. Belə olan halda əlavə qaz vurulanda sistemdə həddindən artıq sıxılma baş verir ki, bu da qaçılmaz partlayışa səbəb olur”.

  • Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

    Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisinin UEFA İnkişaf Turnirindəki rəqibləri müəyyənləşib.

    Yığmamız Rusiya, Pakistan və Qazaxıstanla qarşılaşacaq.

    Turnir aprelin 25-dən 30-dək Qazaxıstanın Şımkənd şəhərində keçiriləcək.

  • Rəsmi Moskvadan bu ölkələrə xəbərdarlıq

    Ukrayna dronlarının Finlandiya və Baltikyanı ölkələr üzərindən uçaraq Rusiyaya zərbələr endirməsi çoxalıb.

    Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

    Onun sözlərinə görə, bu halda BMT Nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı maddəsi tətbiq oluna bilər:

    “Son zamanlar Finlandiya və Baltikyanı ölkələr üzərindən Rusiyaya Ukrayna dronlarının zərbələrinin sayında artım müşahidə olunub. Nəticədə mülki şəxslər əziyyət çəkir və mülki infrastruktura ciddi ziyan dəyir”.

    O bildirib ki, ya Qərb Hava Hücumundan Müdafiə sistemləri “olduqca təsirsizdir”, ya da yuxarıda adıçəkilən dövlətlər bilərəkdən öz hava məkanlarını dron istifadəsi üçün Ukrayna tərəfinə verir.

    “Başqa sözlə, onlar Rusiyaya qarşı təcavüzün açıq iştirakçılarıdır. Sonuncu halda, beynəlxalq hüquqa görə, silahlı hücum halında dövlətlərin özünümüdafiə hüququ ilə bağlı BMT Nizamnaməsinin 51-ci maddəsi qüvvəyə minir”, – Şoyqu qeyd edib.

  • Müştəri kimi aptekə daxil olub oğurluq edən şəxs saxlanıldı

    Paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərin birindən oğurluq edilib.

    Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 53 yaşlı C.Kərimov müəyyən olunaraq saxlanılıb.

    Araşdırma zamanı onun müştəri qismində daxil olduğu aptekdən satıcının başının qarışıq olmasından istifadə edərək mobil telefonu oğurladığı məlum olub.

    Araşdırma davam etdirilir.

  • Azərbaycanda dörd nəfərə yüksək VƏZİFƏ VERİLDİ – ADLAR (FOTO)

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində (SXA) yeni təyinatlar olub.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, təyinatlarla bağlı agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov müvafiq əmrlər imzalayıb.

    Əmrlərə əsasən, Ceyhun İntiqam oğlu Əliyev Daxili nəzarət və monitorinq departamentinin müdiri, Elnur Həmidağa oğlu Əliyev isə Sosial təminat departamentinin müdiri vəzifəsinə təyin olunublar.

    E.Əliyev bu təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş departamentinin müdiri vəzifəsində çalışıb. Onun yerinə, yəni Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş departamentinin müdiri vəzifəsinə isə buna qədər həmin departamentin müdir müavini olan İlkin Rafayıl oğlu Tahirov təyinat alıb.

    Bundan başqa, Sosial Xidmətlər Agentliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri olan Cavid Ziyatxan oğlu Əhmədli agentliyin Maliyyə Departamentinin müdir müavini təyin edilib.

  • 445 min manat mənimsəmədə şübhəli bilinən qadın Türkiyədən Azərbaycana ekstradisiya olunacaq

    “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Zinyət Məmmədrəsul qızı Səfərovanın ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyənin səlahiyyətli orqanları tərəfindən təmin edilib.

    Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

    Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru vəzifəsində işləyən Zinyət Səfərovanın digər MMC-nin 445 min manatdan artıq pul vəsaitini mənimsəməsi və həmin pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

    Bu səbəbdən Zinyət Səfərovanın külli miqdarda mənimsəmə və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zinyət Səfərova Türkiyənin ərazisində saxlanılıb.

    Zinyət Səfərovanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

  • Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında təmir işləri aparılacaq

    Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Bildirilib ki, yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:

    • Rəşid Behbudov küçəsi (Şəmsi Bədəlbəyli küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissə);

    • Ziya Bünyadov prospekti (Müzəffər Nərimanov küçəsindən Xəlil Rza Ulutürk küçəsinə qədər, “Koroğlu” metro stansiyası istiqamətində, hissə-hissə);

    • Abbas Mirzə Şərifzadə küçəsi (Əsəd Əhmədov küçəsindən Akim Abbasov küçəsinə qədər olan hissə);

    • Səməd Vurğun küçəsi (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinə qədər olan hissə);

    • Bakı Dairəvi yoldan “Meyvəli Ticarət Mərkəzi”nə gedən yol.

    Qeyd olunub ki, təmir işləri aprelin 17-si saat 23:00-dan aprelin 20-si saat 06:00-dək davam edəcək.

    “Göstərilən tarixlərdə nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan ərazilərdə qismən məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur”, – məlumatda bildirilir.

  • Bakıda 5 avtomobildən oğurluq edildi

    Nərimanov rayonunda zərərçəkənlərə məxsus 4 avtomobilə müdaxilə edilərək onlara ziyan vurulub, nəqliyyat vasitələrində olan müxtəlif məbləğlərdə pul vəsaiti, eləcə də mobil telefonlar oğurlanıb.

    Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə bu əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Kərimov müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla onun analoji cinayəti Nəsimi rayonu, H.Seyidzadə küçəsində də törətdiyi məlum olub. Həmin ünvanda Q.Kərimovun “KIA” markalı avtomobildən oğurladığı mobil telefonu satdığı, pul vəsaitini isə xərclədiyi müəyyən edilib.

    Faktlar üzrə araşdırmalar davam etdirilir.

  • TƏCİLİ: Azərbaycanda içində çox sayda şagird olan avtobus AŞDI – Hadisə yerindən GÖRÜNTÜLƏR – (FOTO / VİDEO)

    Sabirabadda içərisində 20-yə yaxın şagird olan mikroavtobus aşıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.

    Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan “Mercedes” markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.

    20-yə yaxın şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.

    Faktla bağlı araşdırma aparılır.