Month: April 2026

  • Dilənçilik edənlər həbs olunacaq

    Qanunda dilənçiliklə məşğul olmağa görə cəzalar müəyyən edilir.

    Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

    Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq.

    Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə – iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

    Qanun layihəsi səsə qoyularaq III oxunuşda qəbul edilib.
    //unikal.az

  • Sabah çiskin olacaq

    Aprelin 22-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaq.

  • Süni intellektlə saxta video və foto düzəltmək cinayət hesab olunacaq

    Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlama və ya yayma cinayət hesab ediləcək.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət-Prosesual Məcəllədə dəyişiklikdə öz əksini tapıb.

    Qanun layihəsinə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi etdirildiyi halda internet nümayiş informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

    Eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

    Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi

    Qanun layihəsinə əsasən, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və prokurorun təşəbbüsü ilə yuxarıda göstərilən cinayətlərə görə də həyata keçiriləcək.

    Mövcud qanunvericiliyə görə, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən yalnız aşağıdakı hallarda başlanıla bilər:
    törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda;

    cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə;

    cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə;

    cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə;

    cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən və ya ona qarşı törədildikdə.

    Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
    //oxu.az

  • İranda edam edilən şəxslərin dəfn yeri də gizlədilir

    İranda edam edilmiş iki etirazçı Əmir Mehdi Biglari və Şahin Vaheparastın cəsədləri gizli şəkildə dəfn olunub.

    “Unikal” xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.

    Qeyd olunub ki, təhlükəsizlik qüvvələri edam olunanların ailələrinə məzarlarının yeri barədə məlumat verməyiblər.

    Məhkəmə sistemi bu iki siyasi məhbusu yanvar etirazları zamanı hərbi obyektə hücum etməkdə və silah anbarına girməyə cəhd edərək, oranın dağıdılmasında və yandırılmasında iştirak etməkdə ittiham edib. Sözügedən şəxslər aprelin 6-da edam olunublar.

  • Kolbasanın içindən görün nə çıxdı – Video

    Azərbaycanda kolbasanın içində yad cisim aşkarlanıb.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

    Belə ki, yayılan videoda doğranmış kolbasının içindən dəmir parçasının çıxdığı görünür.

  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – Video

    Azərbaycana idxal olunan bəzi balıqlar dəyərindən çox baha satılır.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, məsələn, Rusiyadan 1 kiloqramı 2 manata idxal olunan nərə balığı Azərbaycan bazarında 35 manata satılır.

    Məhsulun idxal göstəriciləri ilə pərakəndə satış qiymətləri arasında kəskin fərq isə müzakirələrə səbəb olub. Ekspertlər deyirlər ki, gömrükdə bəyan edilən qiymət sadəcə məhsulun alış dəyəridir. Bura hələ bir çox əlavə xərclər daxil edilməyib.

    Qiymətin formalaşmasında digər bir məqam isə çoxpilləli satış sistemidir. Məhsulu ölkəyə gətirənlə onu piştaxtada satan şəxs eyni deyil. Pərakəndə satıcı bir neçə vasitəçidən sonra məhsulu əldə edir.

    Sahibkarların sözlərinə görə, son qiymətə təsir edən ən əsas faktorlardan biri də təmizlənmə zamanı yaranan çəki itkisidir. Satıcı məhsulu bütöv alsa da, müştəriyə hissə-hissə təqdim edərkən ciddi maya dəyəri artımı ilə üzləşir.

    Beləliklə, real görünməsə də, logistika, soyuducu xərcləri və təmizləmə zamanı yaranan təbii itkilər 2 manatlıq invoys qiymətini bazarda 30-35 manatlıq pərakəndə qiymətə çevirə bilir.

  • Bakının bu ərazisində tramvay şəbəkəsi yaradılır

    Bakıda nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində bir neçə istiqamət üzrə yeni tramvay xətlərinin çəkilməsi planlaşdırılır.

    Bu barədə AzTV-yə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

    “Seabrezdən Mehdiabada qədər tramvay xəttinin çəkilməsi nəzərdə tutulur. Bu xəttin Mehdiabaddan metronun “28 May” stansiyasına qədər uzadılması planlaşdırılır. Bundan əlavə, Bayıl ərazisindən “28 May” stansiyasınadək də tramvay xəttinin çəkilməsi gündəmdədir. Eyni zamanda, “28 May”dan “Həzi Aslanov” istiqamətində, Mehdiabaddan isə “8 Noyabr” stansiyasına qədər yeni xətlərin salınması nəzərdə tutulur.

    Layihələrin həyata keçirilməsi nəticəsində paytaxtın şərq və qərb, eləcə də şimal və cənub istiqamətləri arasında nəqliyyat əlaqəsi daha da gücləndiriləcək”,-deyə V. Qasımlı bildirib.

  • “Həyat yoldaşım Bakıya gəlməyə hazırdır” – Vardanyan

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilərək 20 il müddətinə həbs edilən Ermənistan vətəndaşı Ruben Vardanyana növbəti dəfə ailəsi ilə danışmaq üçün şərait aradılıb.

    Bu barədə erməni KİV yazıb.

    Vardanyan ailəsi ilə telefon danışığı zamanı Ermənistan Respublikasının İnsan Hüquqları Müdafiəçisi Anahit Manasyana mesaj çatdırıb.

    Vardanyan xahiş edib ki, onun və digər ermənilərin qohumlarının Bakıya səfəri təşkil edilsin: “Bu yaxınlarda Azərbaycan Ombudsmanı Səbinə Əliyeva ilə görüşdüm. Söhbətimiz zamanı Azərbaycan Ombudsmanı qeyd etdi ki, o, artıq sizinlə (Anahit Manasyan – red.) Bakıya səfər etmək imkanını müzakirə edib. Azərbaycan tərəfi onun təşkilinə töhfə verməyə hazır olduğunu bildirib.

    Yuxarıda göstərilənləri nəzərə alaraq, sizdən qohumlarımızın, eləcə də lazım gələrsə, digər erməni məhbusların qohumlarının Bakıya səfər etmə ehtimalını nəzərdən keçirməyinizi xahiş edirəm. Həyat yoldaşım Veronika Zonabend belə bir təşəbbüsdə iştirak etməyə və Bakıya səfər etməyə hazırdır. Çox güman ki, digər məhbusların ailə üzvləri də hazır olacaqlar”.

    Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva mart ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında bir sıra erməniləri fərdi qaydada qəbul edib.
    //unikal.az

  • Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldı

    Aprelin 20-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 138, o cümlədən borclu şəxs qismində axtarışda olan 116 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

  • Masazırda YOL PROBLEMİ: “Maşınlar sıradan çıxır” – Video

    Masazır qəsəbəsinin sakinləri yaşadıqları ərazidə yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər.

    Problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar bildiriblər ki, ikitərəfli yolun hər iki istiqaməti yararsız haldadır.

    Mövcud vəziyyət həm sakinlərin, həm də sürücülərin hərəkətində ciddi çətinliklər yaradır. Yolların kələ-kötür olması avtomobillərin texniki vəziyyətinə də mənfi təsir göstərir.

    “Yolların bərbad halda olmasına görə maşınlar sıradan çıxır, “peredok” dağılır”, – sürücülərdən biri söyləyib.

    Digər bir sürücü isə qeyd edib ki, yağışlı günlərdə əraziyə daxil olmaq qeyri-mümkündür: “Yaxşı ki, bura quru havada gəlmisiniz. Yağış yağanda burada hərəkət etmək mümkün deyil. Yollara baxan da yoxdur”.

    Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə hazırda “Qurtuluş 93” MTK tərəfindən kommunikasiya xətlərinin dəyişdirilməsi prosesi həyata keçirilir.

    İcra Hakimiyyətindən verilən məlumata görə, MTK-nın götürdüyü öhdəliyə əsasən, qeyd olunan işlər yekunlaşandan sonra yol əsaslı şəkildə təmir ediləcək.