Author: network53

  • Yeniyetmənin əl-qolunu bağlayıb tualetdə işgəncə verdilər – Xaçmazda DƏHŞƏT

    Xaçmazda yeniyetmənin əl-qolunu bağlayaraq işgəncə veriblər.

    Hadisə rayonun Köhnə Xaçmaz kəndində baş verib.

    İttiham aktına görə, 42 yaşlı Samir Həsənov (ad və soyad şərtidir) 17 yaşlı zərərçəkən Vüqarın (şərti adla) yaşadıqları evin hasarına çıxdığını görüb. Bu zaman onu tutaraq dərhal öz qardaşı Məhəbbət Həsənovu (ad və soyad şərtidir) çağırıb. Qardaşlar Vüqarın əllərini kəndirlə bağlayıb onu sanitar qovşağa apararaq işgəncə veriblər. Beləcə 1 saatdan artıq müddətdə Həsənovlar yeniyetməni bağlı saxlayaraq yumruq və təpik zərbələri ilə müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

    Bu əməllərinə görə onlar barəsində Cinayət Məcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələri ilə (silahdan yaxud silah kimi istifadə edilən əşyalar vasitəsilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yeniyetməni qanunsuz azadlıqdan məhrumetmə) cinayət işi başlanıb.

    Təqsirləndirilən Samir Həsənov bildirib ki, zərərçəkən Vüqar onların bacısı qızı üçün həmin evə gəlib. Vüqarın sözlərinə görə, Samirin bacısı qızı ilə aralarında sevgi münasibətləri var. O, əvvəllər də Samir və Məhəbbətgilin yaşadığı evin yaxınlığına gəlib. İlk dəfə gələndə Məhəbbət onu çayxanaya apararaq bir daha yaşadıqları evə tərəf gəlməməsini izah edib. Təqsirləndirilən şəxs qeyd edib ki, bacısı 2008-ci ildə ailə qurub. Bu nikahdan onların 2 övladı anadan olub. Lakin bacısı 2011-ci ildə vəfat edib. Onun uşaqlarına Samir və Məhəbbət baxırlar.

    Samir Həsənov deyib ki, Vüqarın yaşının 17 olduğunu bilməyib:

    “Bilsəydim yaşı azdı, ona qarşı belə hərəkət etməzdim. Üzdən 22-24 yaşlı birinə oxşayır”.

    Digər təqsirləndirilən Məhəbbət Həsənov isə bildirib ki, hadisə zamanı bacısı qızına məxsus foto-videonun olub-olmamasını öyrənmək üçün zərərçəkənin telefonunu da yoxlayıblar. Çünki sonradan həmin görüntülərin sosial şəbəkələrdə yayılmasından və bacısı qızının şantaj olunmasından qorxublar.

    Onların sözlərinə görə, zərərçəkən tərəflə barışıq əldə olunub. Zərərçəkən şəxs də təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını deyib.

    Məhkəmənin qərarı ilə Həsənov qardaşlarının hər biri barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
    //lent.az

  • Metrodakı texniki insidentlə bağlı avtobusların sayı artırılıb

    Aprelin 21-də “Bakı Metropoliteni” QSC-də yaranan texniki insident səbəbindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) təxirəsalınmaz tədbirlər həyata keçirib.

    Bu barədə AYNA-dan bildirilib.

    Belə ki, Agentlik daşıyıcılara xətlərə əlavə nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verib. Bu çərçivədə metro xətləri üzrə fəaliyyət göstərən bütün şəhərdaxili marşrutlara əlavə avtobuslar cəlb olunub.

    “Sərnişin axınının tənzimlənməsi məqsədilə metro üzrə daşımaları əvəz edə biləcək marşrutlar üzrə avtobusların sayı artırılır və bu da gözləmə intervalının azalmasına, sərnişinlərin daha rahat və vaxtında mənzil başına çatmasına imkan yaradır. Bu səbəbdən xüsusilə sərnişin sıxlığının müşahidə olunduğu metronun “Elmlər Akademiyası”, “Nizami”, “28 May”, “Gənclik”, “20 Yanvar”, “Nəriman Nərimanov”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Əhmədli” stansiyaları və şəhərin digər əsas istiqamətləri üzrə marşrutlara əlavə avtobusların cəlb olunması davam etdirilir”, – məlumatda qeyd olunub.

  • Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

    Azərbaycanın bəzi bölgələrində aprelin 23-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Culfa, Ordubad, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Mingəçevir, Göyçay, Hacıqabul, Neftçala, Salyan, Sabirabad, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın,Cəbrayıl, Füzuli, Zəngilanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək

    Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Saxta əlillik diaqnozu hazırlamaqda təqsirləndirilən həkim məhkəmədə danışdı

    Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilənlərin növbəti məhkəmə iclası keçirilib.

    “Unikal”ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əlişir Əliyev hakim və prokurorun suallarını cavablandırıb.

    Əlişir Əliyev digər təqsirləndirilən İntiqam Kərimovu ilk dəfə Baş Prokurirluğda dindirilərkən gördüyünü deyib.

    “Sənədləri imzalayan komissiya üzvləri 5 nəfər olub. Əslində həmin komissiya üzvlərindən bir nəfər imza etməsəydi həmin sənədlər qəbul ola bilməzdi. Amma belə görünür ki, bütün sənədlər mən tək imzalamışam və mənim də imzaladığım 88 saylı formalar bütünlüklə qəbil olunub. Qabil Quliyevə gəlincə isə onun ailəsi bütünlüklə tanıýıram,din iman əhlidir. Özü də ürək xəstəsidir onu özüm tapşırmışam ki, o gələndə onu növbəsiz qəbul etsinlər. Ondan hər hansı bir təmənna güdməmişəm. Ümümiyyətlə rüşvət anlayışı mənə yad bir anlayışdır. Kimsə deyə bilməz ki,mənə bir qəpik pul verib”.

    Digər təqsirləndirilən Qabil Quliyevdə təqsirləndifilən həkimin dediklərini təsdiq edərək ona hər hansı məbləğdə rüsvət vermədiyini,təmənnasız onun sənədlərini qeydiyyata aldığını deyib.

    Məhkəmənin növbəti prosesi mayın 6- na təyin edilib.

    Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına əsasən “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə baş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın Poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət Komissiyasının üzvü olmuş Əlişir Əliyev barədə daxil olmuş şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanilılıb.

    İbtidai istintaqla Əlişir Əliyevin sözügedən vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girərək əlilliyin təyin olunmasına əsas verən hər hansı xəstəlikdən əziyyət çəkməyən və Həkim Məsləhət Komissiyasında faktiki olaraq müayinədən keçirilməyən ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin verilməsi məqsədilə onlar barədə TƏBİB-in “e-tabib” elektron informasiya sisteminə tibbi diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edilib Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi müqabilində külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Əlişir Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Qabil Quliyev və İntiqam Kərimova isə həmin Məcəllənin 178.1 (dələduzluq), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə kömək etmə), 32.5, 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət almağa kömək etmə) və 32.5, 313-cü (vəzifə saxtakarlığına kömək etmə) maddələri ilə ittiham elan edilib, təqsirləndirilən şəxslərin yaşı və səhhətləri nəzərə alınmaqla barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

  • Suriyadan beş Azərbaycan vətəndaşı ölkəyə gətirildi

    Suriya Ərəb Respublikasının münaqişə bölgəsindən 21 aprel 2026-cı il tarixində iki qadın və üç uşaq olmaqla, ümumilikdə beş Azərbaycan vətəndaşının Türkiyə üzərindən ölkəmizə repatriasiyası həyata keçirilib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

    Qeyd olunub ki, proses Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun baş tutub.

    İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə ərazisinə keçidi təşkil olunub.

    “İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyənin İstanbul şəhərinə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

    Azərbaycanın Türkiyədəki Səfirliyi və İstanbuldakı Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız ölkəmizə qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.

    21 aprel 2026-cı ildə nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

    Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

    Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək”, – məlumatda qeyd olunub.

  • Edqars Rinkeviçs İlham Əliyevə təşəkkür etdi – FOTO

    Azərbaycanda səfərdə olan Latviya dövlət başçısı Edqars Rinkeviçs Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

    Latviya rəhbəri bununla bağlı özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

    “Azərbaycan Prezidenti İlham Əliyevlə olduqca səmimi və əhəmiyyətli danışıqlar həyata keçirdik. Görüş zamanı ikitərəfli əlaqələr, regional təhlükəsizlik və enerji sahəsindəki məsələlər diqqət mərkəzində oldu. Biz strateji tərəfdaş kimi iqtisadi və siyasi əməkdaşlığımızı bundan sonra da genişləndirəcəyik. Cənab Prezident, isti qarşılanmaya görə sizə təşəkkürümü bildirirəm”, – deyə o vurğulayıb.

  • Muğanlı-İsmayıllı yolu YEDDİ GÜN bağlı olacaq – XƏBƏRDARLIQ

    Aprelin 24-ü saat 07:00-dan 30 aprel saat 24:00-dək Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 0-8 km hissəsində təmir işləri aparılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Bildirilib ki, təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    “Bu səbəbdən, nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Muğanlı-Ağsu-Qaraməryəm-İsmayıllı marşrutu üzrə təmin ediləcək. Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq. Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən planlama aparsınlar və alternativ yollardan istifadə etsinlər”, – məlumatda qeyd olunub.

  • Ölüm halları ilə məşhurlaşan tibb mərkəzinin direktoru İŞDƏN ÇIXARILDI

    Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.

    Median.Az “Bakupost”a istinadla xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazdığını təsdiqləyib.

    “Bundan sonrakı qərarı TƏBİB verəcək”, – deyə N.Bəşirova bildirib.

    Qeyd edək ki, Nurəngiz Bəşirova 2023-cü ildən Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsində çalışırdı. Sözügedən tibb mərkəzi uzun illərdir orada baş verən ölüm halları ilə daha çox məşhurlaşıb.

    Xatırladaq ki, bu gün Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və “Yeni Klinika”nın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.

  • Yağıntılar fəsad yarada bilər: Ekoloqdan ciddi xəbərdarlıq

    Azərbaycanda son günlər müşahidə olunan intensiv yağıntılar fonunda çaylarda su səviyyəsi yüksəlib, bəzi bölgələrdə isə daşqın riski artıb.

    Mövcud yağıntılı dövrün davam edəcəyi halda, daşqın riskinin azaldılması üçün hansı qabaqlayıcı tədbirlər daha effektiv hesab olunur?

    Məsələ ilə bağlı Median.Az-a açıqlama verən ekoloq Ənvər Əliyev bildirib ki, ölkə ərazisi artıq yağıntılı iqlim mərhələsinə daxil olub.

    Onun sözlərinə görə, Böyük Qafqazın cənub yamacı başda olmaqla, bir sıra bölgələrdə intensiv yağışlar müşahidə olunur və bu proses təbii iqlim dövriliyi ilə bağlıdır.

    Ekoloq qeyd edib ki, hazırkı vəziyyət Atlantik okeanından gələn rütubətli hava kütlələrinin təsiri ilə yaranıb və bu yağıntılar təkcə Azərbaycanı deyil, Cənubi-Qərbi Avrasiya və Aralıq dənizi hövzəsindən İrana qədər geniş əraziləri əhatə edir.

    Ənvər Əliyevin fikrincə, bu hal iqlim dəyişikliklərindən daha çox təbiətdə baş verən dövri proseslərin nəticəsidir.

    Ənvər Əliyev əlavə edib ki, yağıntıların artması ölkə çaylarında daşmalara səbəb olub. Xüsusilə Kür çayı hövzəsində vəziyyət gərgin olaraq qalır. Onun sözlərinə görə, su anbarları, o cümlədən Mingəçevir su anbarı artıq maksimum həddə çatıb və əlavə su qəbul etmək imkanları məhdudlaşıb.

    Ekoloq xəbərdarlıq edib ki, xüsusilə şimal-şərq bölgələrində, o cümlədən Quba-Xaçmaz zonasında güclü yağıntılar daşqınlara və təbii fəlakətlərə səbəb ola bilər. Eyni zamanda Kür çayının aşağı axınında – Neftçala və Səlyan rayonlarında da vəziyyətin mürəkkəbləşdiyi qeyd olunur. Bu ərazilərdə təkcə çay daşmaları deyil, həm də qurunt sularının qalxması nəticəsində yaşayış evlərinə ziyan dəyir.

    Mütəxəssis sonda bildirib ki, problemin qarşısını almaq üçün çay qollarının tənzimlənməsi və texniki tədbirlərin görülməsi vacibdir. Əks halda, yağıntıların davam etməsi daşqınların daha geniş miqyas almasına səbəb ola bilər.

    Dəniz Pənahova
    Median.Az

  • Hamlet Musayevin qızı həbs edildi

    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin qızı həbs edilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, M.Musayeva bir nəfərin yarım milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

    İlkin ittihamda yazılıb ki, M.Musayeva əvvəldən tanıdığı Ü.Quliyevanı iş görmək vədi ilə aldadıb. Bu məqsədlə əlbir olduğu digər şəxslərlə birlikdə zərərçəkmişdən ümumilikdə 610 min manat pul alıb.

    Ü.Quliyevanın polis idarəsinə şikayətindən sonra istintaq başlanılıb.

    Şikayətçinin sözlərinə görə, M.Musayeva qanunsuz fəaliyyətlə məşğul olarkən yüksək vəzifədə çalışan yaxın qohumlarının adlarından istifadə edib. Bu isə zərərçəkmiş şəxsdə əlavə inam yaradıb.

    Təqsirləndirilən şəxs əvvəlcə istintaqdan yayınsa da, qısa müddətdə polis əməkdaşları tərəfindən tutulub.

    Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

    Hazırda təqsirləndirilən şəxsə qarşı başqa şikayətçilərin də olduğu bildirilir.

    Qeyd edək ki, M.Musayevanın atası Hamlet Musayev uzun illər ədliyyə sistemində fəaliyyət göstərib. O, bir müddət Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəis əvəzi vəzifəsini də icra edib.