Category: Ordu

  • Ağdərədə itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı

    Cəlilabad rayonundan olan itkin şəhidin nəşi tapılıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, 1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşmüş rayon sakini Mahir Abuzər oğlu Quliyevin nəşi aşkar edilib.

    Məlumata görə, şəhidin şəxsiyyəti müvafiq ekspertiza prosedurlarından sonra dəqiqləşdirilib və ailəsinə məlumat verilib.

    Şəhid Mahir Quliyevin dəfn mərasimi fevralın 19-na planlaşdırılır.

  • 23 hərbi qulluqçu cəzadan azad edilib

    Naxçıvan Muxtar Respublikasında 2025-ci il ərzində amnistiya aktının icrası çərçivəsində müvafiq dövlət qurumları tərəfindən kompleks və əlaqələndirilmiş tədbirlər həyata keçirilib.

    Trend-in məlumatına görə, muxtar respublikada təhqiqat və istintaq orqanları, məhkəmələr, icra məmurları, hərbi hissə komandanlıqları və cəzaçəkmə müəssisələri tərəfindən ümumilikdə 254 nəfərə amnistiya tətbiq edilib.

    Amnistiya qərarına əsasən, 2025-ci il ərzində Naxçıvan Muxtar Respublikasında cəzaçəkmə müəssisələri tərəfindən 60 məhkum, icra məmurları tərəfindən 118 məhkum cəzadan azad edilib.

    Həmçinin, təhqiqat və ibtidai istintaq orqanları tərəfindən 11 nəfər barəsində cinayət işi üzrə icraata xitam verilib, 23 hərbi qulluqçu hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilməmiş hissəsindən azad edilib.

    Habelə, məhkəmələr tərəfindən 37 məhkum cəzadan və cəzasının çəkilməmiş hissəsindən azad edilib, 5 məhkumun isə cəzası 6 ay azaldılıb.

  • Azərbaycanda bəzi şəxslərin hərbi xidmət müddəti altı dəfə AZALDILIR

    Qadın hərbçilərlə bağlanan ilkin müqavilənin müddəti 3 ildən 6 ayadək azaldılır.

    Sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif ediləm dəyişiklik layihəsində əksini tapıb.

    Qeyd olunur ki, təqdim edilən qanun layihəsinin əsas məqsədi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçuların xidmətə uyğunlaşma prosesinin daha səmərəli təşkili və bu sahədə mövcud praktiki çətinliklərin aradan qaldırılmasıdır.

    Bildirilir ki, qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun müvafiq maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilib.

    Həmin müddəa “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 12-ci maddəsinin “b” bəndində də nəzərdə tutulub.

    Praktikada kişi cinsli vətəndaşlar müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmazdan əvvəl müddətli həqiqi hərbi xidmət keçdiklərinə görə hərbi xidmətə uyğunlaşma mərhələsini artıq başa vurmuş olurlar. Qadınlar isə müddətli həqiqi hərbi xidmət keçmədən birbaşa müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə görə ilkin mərhələdə hərbi xidmət şəraitinə uyğunlaşmada çətinliklərlə üzləşirlər.

    Vurğulanır ki, qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.

    Qeyd olunanları nəzərə alaraq, qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılmasını nəzərdə tutan müddəanın əlavə edilməsi təklif olunur.

    Bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.
    //oxu.az

  • Pirəkəşküldə və Ağdərədə partlayışlar olacaq – XƏBƏRDARLIQ

    Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində və Ağdərə rayonunda 16-20 fevral tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək:

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

  • Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yoxlanılıb

    2026-cı ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) inspeksiya yoxlamaları keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən qoşunların yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbətçiliyinin təşkili və aparılması, maddi-texniki təminatın vəziyyəti, qərargahların fəaliyyəti yoxlanılıb. Həmçinin şəxsi heyətdən komandir və fiziki hazırlıq üzrə normativlər qəbul edilib.

    Daha sonra uçuş və texniki heyətlə görüşlər keçirilib. Hərbi aviasiyanın döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv istifadəsi məqsədilə həyata keçirilən proseslər qiymətləndirilib, uçuş-enmə zolaqları və trenajor siniflərinə baxış olub.

    İnspeksiya zamanı hərbi pilotların uçuş təcrübəsi və təlim-məşq hazırlığının plana uyğun icrası dəyərləndirilib. Şəxsi heyətin peşəkarlıq səviyyəsi, müasir silah və texnikanın praktik mənimsənilməsi, eləcə də təlim və məşqlərin keyfiyyəti yoxlanılıb.

    Yoxlamaların nəticələrinə əsasən, HHQ-nin xidməti-döyüş fəaliyyəti və şəxsi heyətin təlim-döyüş vərdişləri müsbət qiymətləndirilib.

  • Müdafiə Nazirliyindən əsgərlərlə bağlı YENİ QƏRAR

    Cari ilin fevral ayında gənc əsgərlərin ailə üzvləri ilə görüşməsi üçün konkret günlər təyin olunub. Bu görüşlər sadəcə ayın 15-i və 22-də təşkil ediləcək.

    Sözügedən məsələ ilə bağlı Müdafiə Nazirliyi rəsmi məlumat yayımlayıb.

    Bildirilib ki, görüşmək istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsi mütləqdir. Ziyarətə yalnız yaxın qohumlara – ata-analara, həyat yoldaşına, övladlara, nənə və babalara, eləcə də doğma və ögey (bir valideyni ortaq olan) bacı və qardaşlara icazə veriləcək.

    Hərbi qulluqçuların səhhətinin qorunması məqsədilə görüşə gələn şəxslərin özləri ilə yemək və ya hər hansı ərzaq məhsulu gətirməsi qadağan edilib.

  • Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı

    Sabirabadın Qaratəpə kənd sakini, Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Rəsul Ağayevin nəşi tapılıb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, şəhid R.Ağayev 1992-cı ildən etibarən itkin hesab olunurdu.

    34 il sonra nəşi tapılan şəhidimiz evli idi, bir qız övladı yadigar qalmışdı, hazırda şəhidimizin adını daşıyan Rəsul adında nəvəsi var.

    Şəhid R.Ağayevin nəşinin gələn həftə doğulduğu Qaratəpə kənd qəbiristanlığında dəfn olunacağı gözlənilir.

  • Azərbaycan və İran müdafiə nazirləri Bakıda görüşdülər

    Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək xatirələrinə ehtiram nümayiş etdiriblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

    Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimi zamanı fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

    General-polkovnik Z.Həsənov Azərbaycanla İran arasındakı əlaqələrin çoxəsrlik zəngin tarixə malik olduğunu qeyd edib, qarşılıqlı səfərlər çərçivəsində baş tutan görüşlərin və birgə təlimlərin bu əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyini vurğulayıb.

    Briqada generalı Ə.Nəsirzadə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın digər sahələrdə olduğu kimi, hərbi sahədə daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

    Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və elm sahələrində əlaqələrin cari vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə edilib.

    Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

  • Naxçıvan MR Konstitusiyasına dəyişikliklər II səsvermədə qəbul edildi

    “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi Milli Məclisdə II səsvermədə qəbul edilib.

    Layihəyə əsasən, Naxçıvan Konstitusiyasının Preambulası dəyişir, preambulanın birinci və ikinci abzasları ləğv edilir.

    Mövcud qanunvericiliyə əsasən, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulub. Həmin müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilib.

    Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.

    Sənəddə qeyd olunur ki, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

    Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycanın 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində – referendumda qəbul edilən Konstitusiyası təşkil edir.

    Bundan başqa, Naxçıvan Ali Məclisinin sədri Naxçıvanın ali vəzifəli şəxsi sayılmayacaq. Naxçıvan Konstitusiyanın 5-ci maddəsinə əsasən, muxtar respublikanın ali vəzifəli şəxsi Naxçıvanın Ali Məclisinin sədridir.

    Layihədə isə 5-ci maddənin ləğv olunması təklif olunur.

    Həmçinin Naxçıvan Ali Məclisinə seçkinin təyin edilməsi qaydasına dəyişiklik təklif olunur. Mövcud qanunvericiliyə görə, Naxçıvan Ali Məclisinin sədri muxtar respublika Ali Məclisinə seçkini təyin edir.

    Lakin sənəddə vurğulanır ki, Ali Məclisə seçkini Naxçıvan Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti təyin edəcək.

    Bildirilib ki, müharibə şəraitində hərbi əməliyyatların aparılması Naxçıvan Ali Məclisinə seçkinin keçirilməsini mümkün etmədikdə Ali Məclisin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar Naxçıvan Muxtar Respublikasında seçkinin hazırlanmasını və keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul ediləcək.

    Layihədə Ali Məclisinin növbədənkənar sessiyasının çağırılması qaydası dəyişməsi ilə bağlı məsələ də əksini tapıb.

    Qüvvədə olan qanunvericiliyə əsasən, Naxçıvan Ali Məclisi hər il iki növbəti sessiyaya yığılır. Ali Məclisin 31 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Ali Məclisin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

    Ali Məclisin növbədənkənar sessiyaları Azərbaycan Prezidenti, Azərbaycan Milli Məclisi tərəfindən, Naxçıvan Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya öz təşəbbüsü ilə Naxçıvan Ali Məclisinin sədri tərəfindən çağırılır.

    Sənəddə qeyd olunub ki, Ali Məclisə seçkidən sonra martın 10-dək onun 31 deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, ilk iclasının keçirilmə vaxtını Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi müəyyən edəcək.

    Həmçinin bildirilib ki, Azərbaycan Prezidentinin və ya Milli Məclisinin təklifi ilə Ali Məclisin sessiyasının qapalı iclasının keçirilə biləcək.

    Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavə edilməsi təklif olunan 28-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi 31 deputatın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən və ya Konstitusiyanın müvafiq maddələrində (26-cı maddənin II-V hissələri və 27-ci maddə) göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılacaq.

    Layihəyə əsasən, növbədənkənar seçkidə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbəti seçki növbədənkənar seçkidə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçiriləcək.

    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 26-cı maddənin (Qanunvericilik təşəbbüsü hüququ) II-V hissələri aşağıdakılardır:

    – Naxçıvan Muxtar Respublikası baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qanunvericilik təşəbbüsü qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verdiyi qanun və qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

    – Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın razılığı ilə edilə bilər.

    – Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının Naxçıvan Muxtar Respublikası baş nazirinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etdiyi qanun və qərar layihələri iki ay ərzində səsə qoyulur.

    – Qanun və qərar layihəsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikasının baş naziri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

    Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən (Qanunların və qərarların imzalanması), qanunlar və qərarlar qəbul edildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən imzalanır. Təcili elan olunan qanun və qərar layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən qəbul edildiyi gündən 24 saat ərzində imzalanır.

    Həmçinin Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti muxtar respublikanın Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.

    Bundan başqa, sənədə əsasən, Azərbaycan Prezidentinin razılığı olmadan Naxçıvanda qurum yaratmaq olmayacaq.

    Layihəyə əsasən, muxtar respublikanın dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində Azərbaycan Prezidentinin razılığı ilə mərkəzi icra hakimiyyəti orqanları yaradılacaq və ya ləğv olunacaq.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsinə dair tələblər dəyişir.

    Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ali təhsilli hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər.

    Mövcud qanuna görə, Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Ali Məclisin sədri seçilə bilər.

    Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətləri artırılır.

    Layihəyə əsasən, sədrə aşağıdakı səlahiyyətlər verilir:

    – Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkinin təyin edilməsi üçün Azərbaycan Prezidentinə təkliflər verir;

    – Naxçıvan Muxtar Respublikasının dövlət və ictimai siyasi həyatının mühüm məsələləri barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat verir;

    – Naxçıvan Muxtar Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil edir;

    – Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;

    – Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

    – Naxçıvan Muxtar Respublikasının dövlət təltifləri ilə təltif edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilmə haqqında Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir.

    Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.
    //oxu.az

  • Əsgərlik dövründə əməkhaqqının ödənilməsi qaydası necədir? – Ekspertdən AÇIQLAMA

    Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verilərsə, işəgötürən işçiyə ortaaylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödəyəcək.

    Hüquqşünas Sahib Məmmədov deyir ki, sözügedən müavinət əvvəl də olub. Lakin indiyədək bu məbləğ əməkhaqqının azı iki misli qədər idi.

    Qeyd edək ki, Əmək Məcəlləsinə görə, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əvvəlki iş yeri və vəzifəsi saxlanılır.

    Bu şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində əvvəlki və ya buna bənzər vəzifəyə qayıtmaq hüququna malikdirlər.