Polşa Belarusla sərhədi qeyri-müəyyən müddətə bağlayır

Polşa Rusiya-Belarus hərbi təlimləri ilə əlaqədar bu ölkəylə sərhədi qeyri-müəyyən müddətə bağlayır.

Bu barədə Polşanın daxili işlər naziri Marçin Kervinski “TokFM” radio stansiyasının efirində bildirib.

“Sərhədin bağlanması təlimlərin keçirildiyi müddətdə deyil, təlimlərlə əlaqədar baş verir. Sərhəd qeyri-müəyyən müddətə bağlanır”, – M.Kervinski bildirib.

O əlavə edib ki, Polşa təxribatlardan ehtiyatlandığından vəziyyəti daim təhlil edəcək.

“Biz geniş mənada təxribatlardan – miqrasiya təzyiqinin güclənməsindən, Polşa tərəfinə keçmək cəhdlərindən və Polşanın təhlükəsizliyinə təhdid yaradan şəxslərin sərhədi keçməsindən ehtiyat edirik. Bu sərt qərar da buradan qaynaqlanır”, – nazir vurğulayıb.

Xatırladaq ki, Rusiya və Belarus arasında “Qərb-2025” birgə hərbi təlimləri sentyabrın 12-16-da Belarus ərazisində keçiriləcək.