Month: Yanvar 2018

  • Binəqədi sakinlərindən şikayət – Ağacları kəsirlər – FOTO

    Binəqədi rayonu, Azadlıq prospekti 188 ünvanında binanın qarşısındakı parkda ağacları kəsib yerində obyekt tikirlər.

    Median.Az xəbər verir ki, bununla bağlı Modern.az saytına şikayət daxil olub. Sakinlər bildirib ki, binanın qarşısı parkdır və parkın yarı hissəsi tamamilə dağıdılıb:

    “İşləri gecə görürlər . Ağır texnikalarla ağacları kökündən çıxarırlar. Bu barədə Binəqədi rayon İcra Hakimiyyətinə zəng edirik, lakin deyirlər ki, xəbərləri yoxdur. Bunun kim tərəfindən edildiyi məlum deyil. Ərazi Binəqədi bələdiyyəsinin qonşuluğunda, Binəqədi rayon İcra hakimiyyətinin 300 metrliyində yerləşir”.

    Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov saytımıza açıqlama verib. O bildirib ki, bununla bağlı nazirliyin qaynar xəttinə də şikayət daxil olub:

    “Əməkdaşlarımız şikayətiçilərin iştirakı ilə yerində araşdırma aparıblar. Sakinlər ağacların kəsiləcəyi ilə bağlı narazılıqlarını bildiriblər. Lakin orada heç bir ağac kəsintisi faktı olmayıb. İcra Hakimiyyəti nümayəndələri də həmin ərazidə park salınacağı ilə bağlı məlumat veriblər və parkın layihəsini təqdim ediblər. Buna baxmayaraq biz nəzarətin gücləndirilməsi üçün oradakı bütün ağacları qeydiyyata götürmüşük”.



  • Bakıda ölüm düşərgəsinə çevrilmiş dispanserdən – FOTOReportaj

    Bakı vərəmli xəstələr üçün ümidsiz şəhərdir. Eynilə yazıçı Alber Kamyunun “Taun” əsərindəki Oran şəhəri kimi… Oksigen çatışmazlığı, şəhərin keçəlləşməsi, ekoloji çirklənmə, şam ağaclarının qoparılaraq ticarət köşklərinə qurban verilməsi vərəmli xəstələrin ömrünü qısaltmaqdır.

    Ölüm düşərgəsi

    Bu cəhənnəmin ortasında özünə sonuncu sığınacaq yeri tapan vərəmli xəstələrin yatdığı 1 saylı Vərəm Əleyhinə Dispanser isə ölüm düşərgəsinə çevrilməkdədir. Axşamlar dispanserin yanından keçəndə vahiməyə gələrsiniz. Zülmət, qaranlıq binada tək-tük sayrışan lampalar, məzarlıq sükutu, ümidsizlik, baxımsızlıq… Xəstələri ziyarətə gələnlərin özləri də vərəmə yoluxmaq riski ilə üz-üzədir: ağızlıq verilmir, baxil qoyulmayıb, soyuq mərmər döşəmə, köhnə-küşkül qapı-pəncərələr, şüşələri kulyonka ilə örtülmüş balkon pəncərələri, şəraitsizlik…

    Bu dəhşətli və qorxunc mənzərə açıq sual qoyur: hər bir xəstəxanada qüsurlar, bərbad vəziyyət bağışlanandır, di gəl vərəm kimi yoluxucu xəstəlik daşıyıcılarının yatdığı dispanser yox… Onların isti şəraitə, təmiz yatağa və yaşıllığa ehtiyacı var. Amma ağciyər xəstələri üçün bunlardan yalnız şam ağaclarının olmasını insafən, qeyd etmək olar.


    Vərəmlər və qəssabxanalar

    Dispanserə yerləşdirilən xəstələr üçün pul alınması, ələbaxımlılıq, rüşvət hallarına gəlincə, araşdırma aparırıq və növbəti reportajda aydınlaşdırmağa çalışacağıq. Sovetlər dövründən belə qəbul olunub ki, qorxulu, keçici infeksion xəstəliklər, o cümlədən, vərəm xəstəliyinin müalicəsi və müayinəsi ilə bağlı ayrıca səhiyyə müəssisələri, xəstəxanalar, diaspanserlər şəhər mərkəzlərindən, insanların gur yaşadığı yaşayış məntəqələrindən nisbətən uzaqlarda salınırdı.

    Bunun səbəbi də məlumdur. Məqsəd bu xəstəliklərin digərlərinə keçməməsi, əlavə fəsadların yaşanmaması idi. O zaman Bakının kənarı sayılan ərazilər, indi həyat intensivliyinə görə mərkəzdən heç nə ilə fərqlənmir. Bunlardan biri də Alatavadakı həmin bu vərəm dispanseridir. Bu əraziyə bitişik ərzaq mağazalarını, kafeləri, qəssabxanaları görəndə istər-istəməz sual yaranır ki, axı, bu qədər insanın yaşadığı, hərəkətin intensiv olduğu bir yerdə Vərəm dispanserinin olması nə dərəcədə düzgündür?

    Qeyd edək ki, Bakıda 7 vərəm dispanseri, həmçinin, iki vərəm kabineti və paytaxtdan nisbətən kənarda da vərəm sanatoriyaları var. Ki nə fayda?!



    Mənbə: azeuronews.com

  • “Öldürülən ermənilər arasında qadın snayperlər var idi” – Aprel döyüşlərindən canlı şahid danışır (FOTO + VİDEO)

    Femida.az -ın müsahibi 2016-cı il aprel döyüşlərndə iştirak etmiş kapitan Hikmət Məmmədovdur.O, müsahibəsində aprel döyüşlərinin başladığı andan, məhv edilən düşmən hərbçilərindən, yaralanmasından, döyüşlərin dayandırılmasından və düşmənin ələ keçirilmiş texnikalarından danışıb.

    -Hikmət bəy, oxucularımıza özünüz barədə məlumat verərdiniz.

    – 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Uşaqlığım da Sumqayıtda keçib. 2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil oldum. Hərbçi olmaq uşaqlıq arzum idi. 2004- cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə sənədlərimi verdim. Oranı bitirdikdən sonra zabit rütbəsində ön cəbhədə xidmətə yollandım. Fəxr edirəm ki, bütün hərb yolum döyüş bölgəsi ilə bağlı olub.

    -Sizi aprel döyüşlərinin qəhrəmanı kimi tanıyırıq. Həmin gecə ilə bağlı xatirələrinizi bölüşərdiniz.

    -Cəbhə bölgəsində xidmət etdiyimə görə , atəşkəsin pozulması bizim üçün adi hal idi. Bu dəfə düşmən əvvəlkinə nisbətən daha böyük miqyasda atəşkəsi pozdu və bizim mövqelərimizə hücum etdi. Komandanlıq tərəfindən əmr gəldi ki, düşmən hücumu dəf edilsin. General-mayor Mais Bərxudarov bizi zirzəmiyə topladı. Tapşırıq verildi ki, düşmənin hücumunun qarşısını almaqla onları geri sıxışdıraq. General-mayor Mais Bərxudarov bizə “Xocalını, unutmayın, döyüşə atılın”, deyib hücumun qarşısını almağı əmr etdi.

    -Siz hansı istiqamətdə düşmən hücumunun qarşısını aldınız?

    -Lələtəpə istiqamətində döyüşürdüm. Bizə əmr gəldi ki, əks-hücum olmalıdır. 1 saatdan artıq müddətdə düşmən postlarına çatdıq. Onlar əvvəl müqavimət göstərmək istəsə də, bacarmadılar. Üzbəüz döyüşdə bir neçə erməni əsgərini məhv etdik. Posta daxil olanda hər tərəf erməni meyitləri ilə dolu idi. Əsgərlərin çoxu qorxudan geri qaçırdı. Biz onlardan da bir neçəsini məhv etdik. Mənim əsas işim düşmənin hazırlıq gördüyü maneələri dəf etmək idi. Onların keçilməz sədd adlandırdığı o xətti biz 1 saata keçdik. Döyüşlər başlamazdan əvvəl ermənilər deyirlərmiş ki, Bakıda çay içəcəklər. Biz onlara göstərdik ki, çayı harada içərlər. Bununla da onlara ciddi mesaj verdik.

    -Düşmənin ələ keçirilən texnikası barədə nə bilirsiniz?

    -Mən, öz istiqamətimiz barədə deyə bilərəm. Lələtəpə və ətraf əraziləri işğaldan azad edən zaman orada düşmənin silah-sursatı,rabitə vasitələri,mühəndis-istehkam aparatları, UAZ markalı avtomobilləri və digər texnikalar qalmışdı. Artilleriyamız onlara göz açmağa imkan vermədi. Düşmənin xeyli sayda döyüş texnikası da məhv edildi. Onların ələ keçirilən rabitə vasitələri açıq qalmışdı. Digər erməni hərbçilərinin səsi ora düşürdü.Həyəcan içində uduzduqlarını, onlara kömək gəlmədiyini deyirdilər. Bizim qrupda olan erməni dilini bilən kəşfiyyatçıların köməkliyi ilə düşmənin yeri müəyyən edildi.Artıq artilleriyamız həmin əraziləri vurduğuna görə, onlara kömək gələ bilmirdi. Həmin saatlarda düşmən böyük itki verdi.
    -Döyüşlərin birbaşa iştirakçısı olduğunuz üçün hər halda düşmən əsgərləri ilə üz-üzə gəlmisiniz. Erməni əsgərlərini necə təsvir edərdiniz?

    -Biz postlara daxil olanda orada bir neçə erməni hərbçisinin meyiti var idi. Onların demək olar ki, hamısı cansız,baxımsız vəziyyətdə idi. Məhv edilən düşmən hərbçiləri arasında muzdla döyüşənlər də var idi. Biz onların meyitlərini də gördük. Yaşlı hərbçilər idi. Sonrakı proseslərdə ermənilər o meyitləri götürməkdən belə imtina edirdi.
    -Siz hansı istiqamətdə yaralandınız?

    -Lələtəpəni işğaldan azad etdikdən bir neçə saat sonra düşmən həmin hissəni güclü atəşə tutmağa başladı. Buna baxmayaraq bizim ordumuz ərazini tərk etmədi. Bizə əmr gəldi ki, aldığımız ərazidə möhkəmlənmə işləri aparaq. Həmin vaxt düşmənin atdığı mərmi bizim əraziyə düşdü. Gizir Nicat İsgəndərov ağır yaralandı. Qəlpənin bir neçəsi isə mənim başıma, qoluma və digər bədən hissələrimə dəydi. Ayağa qalxıb döyüşmək istəsəm də, taqətim olmadı. Məni ərazidən taqım komandiri leytenant Rizvanlı Afiq çıxardı və arxa hissəyə gətirdi. Həmin ərəfədə leytenant Rizvanlı da ayağından ağır yaralanmışdı. Qan onun çəkməsinə dolmuşdu. Buna baxmayaraq o, düşmənə qarşı mübarizəni davam etdirirdi. Yaralı olmasına baxmayaraq bir neçə saat döyüşmüşdü. Məni öz postumuza qədər gətirdikdən sonra rabitə vasitəsi ilə tibb xidmətinin işçilərinə məlumat verildi. Oradan məni hospitala apardılar. Bir neçə gündən sonra gözümü açanda eşitdim ki, gizir Nicat İsgəndərov şəhid olub. Həmin vaxt Afiq də artıq hospitalda idi. Soyadını unutduğum Qazaxdan olan Əfqan adlı hərbçi var idi. O da bizim qrupda böyük qəhrəmanlıq göstərdi…

    -Yüksək rütbəli şəxslərdən kimlər döyüşlərdə iştirak edirdi?

    -Bu döyüşlərdə hər kəs qəhrəmanlıq göstərib. Əsgərindən tutmuş generalına qədər. Bu yaxınlarda təlimlər zamanı həlak olan polkovnik Rəhim Əliyev döyüşlərdə şəxsən özü iştirak edirdi. Bundan əlavə N saylı hərbi hissənin komandiri polkovnik Elşən Qarayev bizimlə çiyin-çiyinə döyüşürdü. Döyüşlərdə komandirim ayağını itirdi. Hazırda ehtiyatdadır.

    -Döyüşlərin dayandırılması barədə nə bilirsiniz?

    -Bizim vəzifə borcumuz yüksək komandanlıq tərəfindən verilən əmrləri yerinə yetirməkdir. Müharibənin başlanmasını və dayandırılmasını Ali Baş Komandan verə bilər. Biz hər zaman onun əmrini yerinə yetirməyə hazırıq.

    -Məndə olan məlumata görə ermənilər döyüşmək üçün qadınlardan da istifadə edirmiş. Bu barədə nə deyə bilərsiniz?

    -Bəli, hamıya məlumdur ki, düşmən ordusu canlı qüvvə tərəfdən xeyli əziyyət çəkir. Onlar yaranmış boşluğu xaricdən gətirilən muzdlu döyüşçülərin və qadınların hesabına doldurur. Mən döyüşçü yoldaşlarımızdan eşitdim ki, aprel döyüşləri zamanı ermənilər qadın snayperlərdən istifadə edir. Onların bir neçəsi də məhv edilmişdi.

    -Döyüşlərdən sonra mükafatınız nə oldu?

    -Biz hərbçilər döyüşərkən mükafatı düşünmürük. İlk növbədə vətəni və torpağımızı düşünürük. Düzdür, komandanlıq bizi müxtəlif medal və təltifnamələrlə mükafatlandırıb. Prezidentin adından müdafiə naziri məni fərqlənməyə görə medalla təltif edib. Bu vaxta kimi mənzilim yox idi. Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, Avropa Azərbaycan Konqresinin I vitse prezidenti Fizuli Məmmədov mənə Sumqayıt şəhərində yeni mənzil hədiyyə edib. Bu günlərdə yeni evimə köçəcəyəm.

    -Baş nayihənizdə müharibədən xatirə qalan yara izlərini görürəm. Bunlar sizə Lələtəpədən bir xatirədir. Bu xatirə ağrılıdır, yoxsa, xoş ?

    -Bu izlər mənim üçün fəxrdir. Nə qədər ağrılı olsa da, fəxr hissi duyduğum yaradır. Onlara baxanda yadıma döyüşlərin ilk günü düşür. Bu izlər unudulmaz bir xatirədir.

    -Döyüşlər bitəndən sonra hər halda Lələtəpəyə getmisiniz. Hansı hissləri keçirirsiniz?

    -Əlbəttə, getmişəm. İlk dəfə gedəndə qəribə hisslər keçirdim. Şəhid yoldaşlarımız yadıma düşdü. Orada xidmət aparan Azərbaycan əsgərini görəndə fəxarət hissi keçirirəm. Fəxr edirəm ki, bu ərazilərin işğaldan azad olunmasında mənim də müəyyən qədər payım var.
    -Bu gün vəziyyətiniz necədir?

    -Bu gün şükürlər olsun ki, ayaqdayam. Müəyyən ağrılarım olsa da, dözməliyəm. Son söz olaraq gənclərə vətəni sevməyə, onun uğrunda ölməyə yox, öldürməyə hazır olmağı arzu edirəm. Bu vətən, torpaq bizimdirsə, onu biz qorumalıyıq.

  • Azərbaycanda toylarda baş verən ən maraqlı hadisələr (VİDEO)

    Xəzər TV-də yayımlanan “Ənənə boxçası” verilişinin aparıcısı Leyla Mustafayeva Zaur Kamalın “5-də 5” verilişinin qonağı olub.

    Baku.ws-in məlumatına görə, aparıcı Zaur Kamalın təqdimatı ilə efirdə Leyla Mustafayevanın iştirak etdiyi toylardan ən maraqlı məqamları özündə əks etdirən sujet nümayiş edilib.

    Aparıcı, toylarda 2016-cı ildən yadda qalan məqamlar barədə danışıb, daha sonra isə sujet nümayiş olunub.

    Həmin kadrları təqdim edirik.

  • Bəzi ömürlük məhbuslar da əfv olunacaqlar – Əfv Komissiyasının üzvündən AÇIQLAMA

    “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası artıq bir iclası keçirib. Komissiyaya ümumilikdə 1000-ə yaxın müraciət daxil olub. Onların 100-nə dünən keçirilən iclasda baxılıb. Digər müraciətlərə də 2 ay ərzində baxılacaq”.

    Bu sözləri Modern.az saytına açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova deyib.

    Elmira Axundova bildirib ki, həftədə 1 və ya 2 dəfə Komissiyasının iclası keçiriləcək.

    “Hələ ki, başqa kateqoriyadan olan cinayət törədən şəxslərin işinə baxılır. Ömürlük məhbuslarla bağlı məsələyə isə həmişə ən sonda baxılır. Həmişə ömürlük məhbuslar da əfv sərəncamından yararlanıblar. Bu dəfə də olacaq”.

    Qeyd edək ki, bu il Novruz bayarmı öncəsi ölkə başçısının növbəti əfv sərəncamı imzalayacağı gözlənilir.

  • Əməkdar artisti toyda “TOK” VURDU – 14 saat komada qaldı – FOTO

    Dünən “5/5” verilişinin qonağı olan Yusif Mustafayev toyda başına gələn xoşagəlməz hadisədən danışıb.

    Əməkdar artist canlı yayımda bu etirafı ilə hər kəsi təəccübləndirib.

    Sözügedən açıqlamanı təqdim edirik:

    “1981-ci ilin aprelin 28-ində indiki “Heydər Əliyev” adına sarayda konsert var idi. Orada ifa etdim. Çox zil səsim var idi, böyük bir zənguləm var idi. Mayın 1-ində kəndə getdim, yoldaşım kənddə idi. Oradan Salyana toya gəldim. Bu hadisə də orada oldu. Onu bilirəm ki, 14 saat komada qalmışam. Deməli, axşam saat 7-də oldu bu hadisə. Toy təzə başlayırdı. Sabah səhər saat 10-da gözümü açdım ki, atam, əmim durub başımın üstündə. Mən onda elə bir bəlaya gəldim. Amma o “tok” vurmasının bir yaxşı xüsusiyyəti var. O vaxtdan bir dənə də ağrı-acım yoxdur. Dişlərim hamısı özümündür”./milli.az

  • Məhkəmənin qarşısında üstünə benzin töküb yandırdı – AZƏRBAYCANDA

    Biləsuvar sakini özünü yandırıb.

    Lent.az xəbər verir ki, dünən günorta saatlarında rayonun Günəşli kənd sakini, 1971-ci il təvəllüdlü İmanov Eldar Allahşükür oğlu Biləsuvar rayon Məhkəməsinin qarşısında üstünə benzin tökərək özünə od vurub. O, ağır vəziyyətdə rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. E.İmanov daha sonra Bakıdakı xəstəxanalardan birinə köçürülüb.

    Bildirilir ki, E.İmanov barəsində Biləsuvar rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə işə baxılırmış. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bu dərmanın qanunsuz yolla keçirilməsinin qarşısı alındı

    Külli miqdarda psixotrop maddənin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısı alınıb.

    Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, Tehran-Bakı aviareysilə gələn İran İslam Respublikası vətəndaşının çamadanı rentgen aparatından keçirilərkən çamadanda olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb.

    Vətəndaşın çamadanı təkrar yoxlanılıb və çamadanın içərisində olan şəxsi əşyaların arasında, üzərində “Alprazolam 1 – ABIDI, Alprazolam 1 mg” sözləri yazılmış iki ədəd qutudakı 15 konvalyutun hər birində 10 ədəd olmaqla, cəmi 150 ədəd ağ rəngli həblər aşkar edilib.

    Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən ağ rəngli həblər alprazolam dərman preparatıdır.
    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda 29 yaşlı gəlin 12 gündür yoxa çıxıb

    Göyçay rayonunda 29 yaşlı qadın evdən çıxaraq geri qayıtmayıb. Rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Rasim oğlu APA-nın yerli bürosuna bildirib ki, həyat yoldaşı, 1989-cu il təvəllüdlü Lətifova Türkan Vaqif qızı yanvarın 18-də yaşadığı Göyçay şəhərinin M.S.Ordubadi küçəsindəki evlərindən çıxaraq geri qayıtmayıb. O, bir uşaq anası olan Türkan Lətifovanın şəkərli diabet xəstəsi olduğunu, müalicəsi üçün istifadə etdiyi dərman preparatlarının, şəxsiyyət vəsiqəsinin, geyim əşyalarının evdə qaldığını bildirib. Rüfət Məmmədov Oğuz rayonu Bayan kənd sakini olan Türkan Lətifova ilə ötən ilə ailə qurduğunu və evdə heç bir söz-söhbət olmadığını, xəstəliyi ilə bağlı onu müalicə etdirdiyini bildirib:

    “Yanvarın 18-də işdə idim, nahar vaxtı Türkan zəng edərək dedi ki, evdə yemək hazırlamışam, gəlib yeyərsən. Mən evə gəldikdə gördüm ki, Türkan yoxdur. Evdə onun məktubunu tapdım. Türkan məktubda “Rüfət, səni sevirəm, amma gedirəm” sözlərini yazaraq evi tərk edib”.

    R. Məmmədov həyat yoldaşının tanımadığı bir qadınla avtobusa minərək Bakı istiqamətinə getdiyini bildirib. Araşdırma zamanı məlum olub ki, Türkan Lətifova Oğuz rayonunda yaşayan valideynlərinin də yanına getməyib. Rüfət Məmmədov həyat yoldaşının səbəbsiz yerə naməlum istiqamətə getməsi və geri qayıtmaması barədə Göyçay rayon Polis Şöbəsinə məlumat verib.

    Polis Şöbəsi 4 gün öncə Türkan Lətifovanı itkin düşən şəxs kimi qeydiyyata alıb və onun axtarışına başlanılıb.

    Qadın evdən çıxarkən əynində cins şalvar, sarı gödəkcə və idman ayaqqabısı olub. Onu görən şəxslərdən 0202740491, 051-574-00-20, 0505844667 nömrəli telefonlara zəng etmək xahiş olunur.

  • Bakıda sərnişin sürücünü təhqir etdi – Video

    Bakıda marşrut avtobusuna ödəniş etmədən minən sərnişin ilə sürücü arasında mübahisə yaranıb.

    “BakuBus”ın verdiyi xəbərə görə, hadisə yanvarın 30-u saat 18:48 radələrində 90-JH-110 dövlət qeydiyat nişanlı 175 saylı marşrut avtobusunun sonuncu, Səməd Vurğun bağı dayanacağında baş verib.

    Sərnişin ödəniş etmədən avtobusa daxil olub və sürücü mikrofonla sərnişinə xəbərdarlıq edib. Bundan sonra qəzəblənən sərnişin ictimai yerdə sürücünü nalayiq sözlərlə təhqir etməyə başlayıb və onun üzərinə gəlib. Ətrafdakı sərnişinlər müdaxilə etdikdən sonra həmin şəxs yenə ödəniş etmədən geri qayıdır və sürücü bununla bağlı yaxınlıqdakı xətt dispetçerini dəvət etmək üçün avtobusu tərk edir. Bundan sonra hadisə yerinə polis əməkdaşları dəvət olunur və bunu görən həmin sərnişin dərhal tələsik şəkildə avtobusu tərk edir.