Month: Yanvar 2018

  • Aqil M. Quliyevdən ŞOK İDDİA: “Əri yoxdur, iki-üç uşaq doğub, hamı da bilir…”

    Tanınmış rejissor Aqil M.Quliyev azərbaycanlı aktrisaların erotik filmlərə çəkilməməsinin səbəblərini açıqlayıb.

    Median.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən rejissor bildirib ki, yataq səhnələri üçün çəkilən aktrisanın birinci növbədə mükəmməl bədən quruluşu olmalıdır:

    “Birincisi, aktrisa erotik filmə çəkilirsə, gözəl bədən quruluşu ilə göz oxşamalıdır. Eyni zamanda, həyatda mükəmməl öpüşməlidir ki, səhnədə də öpüşə bilsin. Yoxsa ki, baxırsan, həyatda öpüşməyi bacarmır, amma səhnədə erotik obraz canlandırır. İkincisi, onda cəsarət olmalıdır ki, bu addımı ata bilsin. Çünki gənc aktrisaların çoxu buna cəsarət etmir, mentalitet qorxusu onları çəkindirir. Fikirləşirlər ki, yataq səhnəsinə razılıq versələr sonra onları alan olmaz, evdə qalarlar. Hansı ki, bu gün aktrisa olmayan elə məşhurlar var ki, onları nə mentalitet maraqlandırır, nə də onun-bunun qınağı. Tanıdığım elə məşhur xanımlar var ki, əri yoxdur, iki-üç uşaq doğub, hamı da bilir kimin məşuqəsidir. Amma heç kimin cəsarəti çatmır ki, ona bir söz desin. Çünki saxlayanı güclüdür, kimsə nəsə deyəcək, vurub qabırğalarını sındıracaqlar. Sosial şəbəkələrdə fotolarını paylaşır, altında elə xoş sözlər yazırlar ki… O yazıq aktrisanın elə güclü adamı yoxdur axı. Gecə-gündüz əlləşir, zəhmət çəkir, sənəti ilə qəpik-quruş qazanır”.

  • Əsgər yoldaşına aşiq oldu, 2 il sonra görüşüb qeyri-təbii yolla əlaqə təklif etdi və… – Bakıda DƏHŞƏT

    Bakıda əsgərlik yoldaşını öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Zamin Məcidlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Rəsmi sənədlərə görə, Zamin Məcidli 2012-ci ilin iyul ayından 2014-cü ilin yanvar ayına kimi hərbi xidmətdə olduğu müddət ərzində eyni hərbi hissədə qulluq etdiyi Nurlan Xudiyevlə tanış olub. O, həmin vaxtdan Nurlan Xudiyevlə dostluq münasibətlərini saxlayıb, mütəmadi olaraq görüşüb.

    Cinsi əlaqədə olmaq təklifi

    2014-cü ilin iyulun 11-də, saat 22 radələrində Nurlan Xudiyevin təklifi ilə Zamin Məcidli Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən keçmiş “Gülüstan” meşə zolağına gəlib.

    Nurlan Xudiyev həmin ərazidə Zamin Məcidliyə qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib və onunla müxtəlif əxlaqsız hərəkətlər edib.

    Güclü ruh həyacanı

    Zamin Məcidlidə əsgərlik dostunun hərəkətləri nəticəsində qəflətən güclü ruhi həyəcan (affekt) yaranıb. Onda yaranmış vəziyyətlə bağlı qarpız kəsmək üçün üzərində gəzdirdiyi bıçaqla Nurlan Xudiyevin sinə nahiyəsinə bir zərbə vurub.

    Qətl

    Zamin Məcidlinin vurduğu zərbə Nurlan Xudiyevin ürək nahiyəsinə dəyib. Nurlan aldığı zərbənin təsirindən hadisə yerindəcə ölüb.

    İstintaq orqanı tərəfindən Zamin Məcidliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə araşdırma Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Hakim Azad Məcidovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    “Hiss etdim ki, mənimlə ünsiyyətdə olmağa can atır”

    Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən mayın 3-də və ya 4-də yenidən Bakıya gəlib, Bakıxanov qəsəbəsində Ə.Cəfərov küçəsində kirayədə yaşamağa başlayıb: “Bir iki gündən bir, bəzən də hər gün Nurlanla həmin evdə qalmışdıq. Mənim üçün ev sahibinə bir dəfə də Nurlan 60 manat vermişdi. Hiss etmişdim ki, Nurlan mənim üçün darıxır, mənimlə ünsiyyətdə olmağa can atır”.

    “Təklif etdim ki, meşədə gəzişək”

    Zamin Məcidli qeyd edib ki, 2014-cü ilin iyul ayının 11-də Nurlanla Suraxanı rayonunda görüşüblər: “Evdən çıxanda fikirləşdim ki, üstümdə pulum az olduğundan günorta vaxtı Nurlanla qarpız alıb yeyərik. Buna görə də evdən mətbəx bıçağı götürdüm. Deyilən yerdə Nurlanla görüşdük və həmişəki kimi Nurlan qucaqlaşaraq üzümdən öpdü. Bir az gəzişəndən sonra təklif etdim ki, istidir, gedək, Razində meşəlik yerdə gəzişək”.

    “Bildirdi ki, şamlıqda gəzişək”

    Zamin Məcidlinin sözlərinə görə, Nurlana həmin əraziyə gedərək qarpız alaraq yeməyi təklif edib. Nurlan isə ona xəngəl yemək istədiyini bildirib: “Buna görə də, Nurlanın təklif etdiyi kimi Razində meşəlik yerə deyil, Neftçilər metrosunun yanında kafelərin birində xəngəl yedik. Sonra yenidən Nərimanov metrosunun yanındakı parka getdik. Təxminən saat 22 radələrində 25 nömrəli marşruta minərək “Çayxor” kafesinin yanında düşdük. Nurlan mənə bildirdi ki, Şamlıq deyilən yer var, orada gəzişək”.

    “Mənimlə cinsi əlaqədə olmağı təklif etdi”

    Zamin Məcidli qeyd edib ki, şamlıq deyilən yer gəzmək üçün nəzərdə tutulmuş park deyil: “Nuralının təklifi ilə həmin əraziyə getdik. Orada olan zaman isə Nurlan mənə əxalqsız hərəkət etməyi təklif etdi. O, mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olmağı, məni sevdiyini dedi. Onun bu hərəkətindən çox əsəbiləşdim”.

    Öldürdü, bıçağı həyətlərində basdırdı

    Zamin Məcidlinin sözlərinə görə, Nurlan onu ağır söyüşlərlə təhqir edib, bu səbəbdən o, məişət-təsərrüfat təyinatlı bıçaqla dostunun ürəyinə zərbələr endirib, sonra isə hadisə yerindən qaçıb. Həmin axşam o, kəsici aləti yaşadığı evin həyətində basdırıb.

    Məhkəmə baxışı zamanı təkrar vəsatətlər əsasında iş üzrə yenidən məhkəmə-psixiatriya ekspertizası təyin edilib. Ekspert rəyinə əsasən təqsirləndirilən şəxs cinayəti affekt vəziyyətində törədib.

    Bu səbəbdən məhkəmə Zamin Məcidlinin əməlini Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edib.

    3 il cəza

    Məhkəmənin hökmü ilə Zamin Məcidli 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən prokuror narazı qalaraq apelyasiya protesti verib. O, Zamin Məcidlinin cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin eyni tələblə zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib. Hər iki tərəfin şikayəti Bakı Apelyasiya Məhkəməsində araşdırılıb və təmin edilməyib.

    Bundan sonra prokuror Ali Məhkəməyə müraciət edib. Prokurorun şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

    Cəza 9 ilə qədər artırıldı

    Apelyasiya instansiyasında bu dəfə işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti prokurorun şikayətini təmin edib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edib, Zamin Məcidlinin barəsində yeni hökm çıxarılıb.

    Yeni hökmə görə, Zamin Məcidli Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib və onun cəzası 9 ilə qədər artırılıb. Bu hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi kasasiya şikayəti verib.

    Vəkil kasasiya şikayətində Zamin Məcidlinin əməlinin Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif etməklə, həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edib.

    Vəkilin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zamin Məcidlinin vəkilinin şikayətinin dəlilləri araşdırılıb.

    Hakim heyəti vəkilin şikayətini təmin etməyib.//publika.az

  • “Ramana qalası”nın yanında iki kiloqram heroin aşkarlandı

    Bakıda, “Ramana qalası”nın yaxınlığında keçmiş məhkumdan satmaq üçün gizlətdiyi iki kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

    Median.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Həmidov tutularaq polis bölməsinə gətirilib.

    Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman bir bükümdə çəkisi 0,818 qram olan narkotik vasitə – heroin aşkar olunaraq götürülüb.

    Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Həmidovda əlavə narkotik maddənin olduğu müəyyən edilib. Saxlanılan şəxs ifadəsində “Ramana qalası” adı ilə tanınan ərazinin yaxınlığında özünə məxsus, gizlətdiyi külli miqdarda narkotik vasitənin yerini polis əməkdaşlarına göstərib. Həmin ünvana baxış keçirilən zaman iki kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

    Saxlanılan şəxs narkotik vasitəni əvvəllər tanımadığı Tehran adlı İran vətəndaşından, satmaq məqsədiilə, 7000 manata aldığını bildirib. Ə.Həmidov heroinə görə əvvəlcə həmin şəxsə 1000 manat ödəyib və qalan pulu narkotik vasitəni satandan sonra verəcəyini bildirib.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Məmmədyarov Türkmənistanda danışıqlarda – YENİLƏNİB

    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistan Respublikasına rəsmi səfəri çərçivəsində prezident Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

    XİN-nin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, görüşdə Türkmənistan prezidentinin 2017-ci ildə Azərbaycana rəsmi səfəri və iki ölkənin dövlət başçıları səviyyəsində yüksək siyasi dialoqun ölkələr arasında ənənəvi dostluq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi qeyd olunub.

    Hər iki ölkənin xalqlar arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsində əzmli olduğu vurğulanıb.

    Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələrinin də daxil olmasının və aidiyyəti qurumlarla işgüzar görüşlərin keçirilməsinin enerji və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığı bildirilib.
    E. Məmmədyarov artıq fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin region ölkələri arasında nəqliyyat imkanlarını əsaslı dərəcədə artırdığını diqqətə çatdırıb. Ölkələr arasında mövcud olan ikitərəfli əlaqələrin Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə üçtərəfli formatda inkişaf etdirilməsinin regional əməkdaşlıq və çiçəklənməyə xidmət etdiyi vurğulanıb. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    * * * * *

    Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Türkmənistana rəsmi səfərə yola düşüb.

    Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir E.Məmmədyarovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

    Nümayəndə heyətinin təkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yüksək səviyyəli təmsilçiləri daxildir.
    Qeyd edək ki, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri R.Meredov 2-3 aprel 2014-cü ildə Azərbaycanda rəsmi səfərdə olub. 18-19 iyul 2017-ci il tarixində isə R.Meredov Bakı şəhərində keçirilmiş Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü çərçivəsində Azərbaycana səfər edib.

  • Azərbaycanın ən yaşlı sakini bu rayonda yaşayır – 108 yaşı var

    Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu Azərbaycanın ən yaşlı sakininin adını açıqlayıb.

    Median.Az xəbər verir ki, institutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, Azərbaycanın ən uzunömürlü (yəni yaşı verifikasiya olunmuş) sakini Lənkəranın Gərmətük kəndində yaşayan 108 yaşlı Vəsmə Məmmədova olub.

    U.Həşimova deyib: “Uzunömürlülər tədqiq olunarkən hər şeydən ilk öncə onların yaş verifikasiyası aparılır. Çünki bir çox hallarda sənədlərdə göstərilən yaşla əsl yaş göstəricisi üst-üstə düşmür. Odur ki, bəzən KİV-lərin ən yaşlı insan haqqında onların sənədinə istinadən yaydıqları məlumatın elmi əsası olmur”.

  • Bu xəstəliyi olan müəllimlər işdən çıxarılacaq

    Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq edib.

    Median.Az-in “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, yeni qaydalara əsasən təhsilverənlərin sağlamlıq vəziyyətinin müəyyən edilməsi, xəstəliklərin, o cümlədən peşə xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması və infeksion və parazitar xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə tibbi müayinələr keçirilməlidir.

    Müayinələri tibb müəssisəsinin rəhbəri tərəfindən yaradılan komissa həyata keçirir. Bundan sonra bağça müəllimləri işə götürülmədən öncə ağciyərlərin flyuoroqrafiyası, həkim göstərişinə əsasən ağciyərlərin rentgenoqrafiyası, qanın analizi (QİÇS-ə, hepatit B, C-yə, sifilisə), nəcisin analizi (helmitozlara və patogen ibtidailərə yoluxma ilə bağlı), süzənək testi, bağırsaq infeksiyaları ilə bağlı bakteriya gəzdiriciliyinə görə müayinədən keçməli olacaqlar. Tibbi yoxlanışdan keçməkdən imtina edən şəxslər işə buraxılmayacaq.

    Tibbi müayinədən keçmiş namizədlərdən vərəm, sifilis, süzənək, qurda yoluxma, kəskin və xroniki bağırsaq infeksiyaları, kəskin virus infeksiyaları, kəskin bakterial infeksiyalar, ruhi xəstəliklər, narkoloji xəstəliklər və ağıreşitmə halları aşkaralan şəxslər işə götürülmür. 

    Müayinədən keçəcək şəxslərin siyahısı işəgötürən şəxslər tərəfindən hər il dekabrın 1-dən gec olmayaraq hazırlanmalıdır və 3 gün ərzində həmin şəxslərə göndəriş verilməlidir. 

    Təhsilverənlər 15 gün müddətinə müayinədən keçib nəticəni işəgötürən şəxsə təqdimetməlidirlər.

  • Hərbçilərlə bağlı yeni QANUN

    “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi yenidən hazırlanıb.

    APA-nın məlumatına görə, layihədə hərbi qulluqçuların sosial, hüquqi, digər statusları, məsuliyyətləri və s. məsələlər təsnif olunacaq.

    Qanun layihəsində hərbi qulluqçuların sosial statusu ilə bağlı yeniliklər də nəzərdə tutulur.

    Sənədin yaxın vaxtlarda Milli Məclisə daxil olması gözlənilir.

    Qeyd edək ki, qanun layihəsinin 2013-cü ildə müzakirəyə çıxarılması nəzərdə tutulsa da, müvafiq qurumların rəyi verməməsi səbəbindən müzakirəsi təxirə düşmüşdü.

  • Araz Ağalarov: “Hələ bilmirik başımıza nə gələcək…”

    “Bu nə siyahıdır axı? Birinci və ikinci sadəcə olaraq rusiya prezidenti Administrasiyasının və hökumətin telefon məlumat kitabçasından götürülüb…Üçüncüsü isə “Forbs”dan. Sadəcə olaraq ilk yüzlük. Siyahı bu prinsip əsasında hazırlanmayıb ki,kim hakimiyyətə daha yaxındır, yaxud uzaqdır. Sadəcə olaraq siyahı xatirinə…”

    Virtualaz.org xəbər verir ki, bu sözləri Rusiyada yaşayan azrbaycanlı milyarder-oliqarx Araz Ağalarov adının ABŞ-da “Kreml məruzəsi”inə daxil edilməsini “Komsomolskaya pravda” qəzetinə şərh edərkən deyib.

    Biznesmen deyib ki, o da başqaları kimi siyahıya adı daxil edilənlərə qarşı hansı sanksiyaların tətbiq ediləcəyindən xəbərsizdir. “Yəni başımıza nə gələcək, kobud desək Birləşmiş Ştatlar bizə hansı hökmü çıxaracaq, heç kim bilmir. Və mən başa düşmürəm ki, nəyə görə hamı bu siyahıya görə belə həyacanlanır”-Ağalarov əlavə edib.

    Azərbaycanlı oliqarx deyib ki, adının “Kreml məruzəsi”inə daxil edilməsindən diskomfort yaşamır. “Xeyr…Nə diskomfort?…Mənim qızım Birləşmiş Ştatlardadır. Və arvadım. Əgər hakimiyyət məni ora buraxmasa ünsiyyət saxlamaq bir qədər mürəkkəbləşəcək. Əlaqə birtərəfli olacaq. Belə diskomfort əlbətdə, var. Ayrı nə diskomfort?”-o müxbirin sualına cavab olaraq deyib.

    Ağalarovun sözlərinə görə, “Kreml məruzəsi” üçün formal əsas kimi Rusiyanın Amerika seçkilərinə müdaxiləsinin göstərilməsini anlamır. Çünki amerikalılar elə beyinsiz adamlar deyil ki, Rusiyanın təsirinə uyub onun istədiyi adamı prezident seçsinlər.

    “Belə vəziyyətdə biz sizinlə birlikdə Trampa müraciət edə bilərikmi? Axı onun seçilməsini dəstəkləmişik, necə deyərlər, ona səs vermişik?”-jurnalist soruşub.

    “Məsələ ondadır ki…Mənim Tramp seçkilərdə qələbə qazananan sonra “Komsomolskaya pravda”ya verdiyim birinci müsahibəni yada salın. O vaxt demişdim ki, biznesmen Tramp başqa, prezident Tramp başqa. Üstəlik mən hesab edirəm ki, Tramp özü də bu fərqi dərhal başa düşmədi. O, fərqi ancaq onda anladı ki, müxtəlif strukturlarla problemləri yarandı-Müllerin komissiyası, Dövlət Departamenti, Böyük Jüri və s.”-Ağalarov cavab verib.

    Biznesmen deyib ki, Trampın mobil nömrəsini bilmir. Əvvəllər onda Trampın nömrəsi olub, amma yəqin ki, prezident seçiləndən sonra dəyişib. “Ona görə də mən sizə bu məsələdə kömək edə bilməyəcəm”-o jurnalistin Trampın nömrəsini istəməsinə cavab olaraq deyib.

  • Bakıda dəhşət: qatarın altında qalıb öldü

    Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

    Median.Az-in lent.az-a istinadən verdiyi məlumata görə, Binəqədi rayonu ərazisində – Biləcəri dəmir yolu vağzalının yaxınlığında 1956-cı il təvəllüdlü Mövlanov Dövlət Allahverdi oğlu yük qatarının altında qalıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 62 yaşlı kişi həkimlərin səyinə baxmayaraq vəfat edib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci maddəsi ( Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə iş başlanılıb. Araşdırma aparılır.

  • Qarabağ qazisinin türk əsgərlərinə jesti sosial şəbəkələrdə rekord qırdı (VİDEO)

    Qarabağ qazisi Kamil Musavi Suriyada terrorçuları təmizləyən türk əsgərlərinə dəstək verib.

    Baku.ws-in məlumatına görə, Kamil Musavi video müraciətində canının qalan hissəsini Türkiyə uğrunda fəda etməyə hazır olduğunu bildirib.

    “Türk qardaşlarım Afrində haqq döyüşü aparır, haqq uğrunda savaşırlar. İnsanları kütləvi şəkildə məhv edən terrorçuların kökünü kəsir. Mən bir Azərbaycan qazisi, türk oğlu olaraq qardaşlarıma səslənirəm. Ayağımı və gözümü doğma torpaqlarımız, Qarabağımız uğrunda fəda etdiyim kimi canımın qalan hissəsini də ikinci dövlətim olan Türkiyə uğrunda fəda etməyə hazıram. Allah sizi qorusun, güc, qüvvət versin”, – Kamil Musavi bildirib.

    Onun bu video müraciəti sosial şəbəkələrdə çox sayda izləyici tərəfindən bəyənilib və paylaşılıb.

    Qarabağ qazimiz 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirib.