Month: January 2018

  • Əxlaqsızlığını siğə ilə pərdələyən müsəlman

    “Çox yaxşı, namaz qılan oğlandır”. Adətən belə deyirlər. Yəni əgər namaz qılandırsa, deməli süddən çıxmış ağ qaşıqdır, heç bir qüsuru yoxdur.
     
    Ya da “namazqılan qızdır, nə eyibi olacaq?” Qəribə təfəkkürdür. Deməli namaz qılan qızdırsa, digərlərindən üstündür. Nə qədər yanlış bir düşüncə tərzi.
     
    Elə adam tanıyıram ki, günahını yumaq, tövbə etmək üçün namaz qılır. Həm də tövbələrin sayı yoxdur.
     
    Əksəriyyətin dinə baxışı yanlışdır. Ona görə sui-istifadə edirik, dinlə pərdələnirik. Amma yenə də eybimiz görünür.
     
    Məsələn, mən hicab taxıb, bir müddətdən sonra ondan imtina edib açıq-saçıq geyinənləri anlaya bilmirəm. O nə idi, bu nədir?
     
    Tanıdığım iki bacı var. İkisi də hicablı idi. Böyüyü evli idi, həyat yoldaşı onun qapalı olmasını qəbul edir və dəstəkləyirdi.
     
    Kiçik bacı subay idi, böyük bacısından görüb-götürürdü. Məclislərdə Qurandan ayələr oxuyurdu.
     
    Bir müddətdən sonra kiçik bacı da ailə qurdu. İki övladı oldu. Çox da sabit fikirli olmayan kişi evlilikdən az sonra başqa qadınlara nəzər salmağa başladı.
     
    Yəqin ki, evliliklərində də bəzi-para anlaşılmazlıqlar var idi.
     
    Sözün qısası, kişi başqa bir qadınla tanış olub evi tərk etdi. Hicablı qadın iki uşaqla tək-tənha qaldı. Tezliklə rəsmi olaraq boşandılar.
     
    Qadın yanlış olaraq belə düşünməyə başladı ki, həyatında baş vermiş istənməyən hadisələrin səbəbi hicabdır. Və hicabdan birdəfəlik imtina elədi.
     
    İkinci mərhələdə qarderobunu dəyişdi. Qısa ətəklər, dəbli libaslar aldı.
     
    Üçüncü mərhələdə estetik əməliyyat etdirdi. Və tamamilə başqa bir qadına çevrildi. Qısa ətəkli, boyalı sarı saçlı, makiyajlı bu qadını görənlər onun nə vaxtsa hicablı ola biləcəyini ağıllarına belə gətirmirdilər. 
     
    Halbuki hicab onun görünüşünə xələl gətirmirdi, əksinə bir qadın kimi zərafətini vurğulayırdı.
     
    Sadəcə olaraq bu qadın problemi başqa yerdə axtardı.
     
    Əgər hicab münasibətlərdə əngəl idisə, normal evliliyi olan böyük bacısı da bu problemlə qarşılaşa bilərdi.
     
    Və ya özü hicabdan imtina etdikdən sonra həyat yoldaşının qəlbini yenidən qazana bilərdi.
     
    Demək ki, problem hicab deyilmiş.
     
    Və nəticədə hicab bir ailənin gözündə öz dəyərini itirdi, lazımsız əşya kimi bir kənara atıldı. Yəqin ki, bu qadın hər dəfə hicabı gözünə dəyəndə öz küskün taleyi yadına düşür və onu görməmək üçün dolabın ən qaranlıq guşəsinə itələyir.
     
    Bu münasibət isə ona heç də başucalığı gətirmir.
     
    Bu günlərdə mənə “din icazə verir” deyə saysız münasibətlər quran bir qadından danışdılar. Bu qadın oturaq bir tip deyil. Yəni kişilərlə münasibət qurmağı sevən bir qadındır.
     
    Günlərin birində qadın günahlarını yumaq qərarına gəlir və hansısa müqəddəs bir ziyarətgaha gedir. Ziyarətdən gələndən sonra hicab taxır və artıq həyat tərzinin dəyişdiyini elan edir.
     
    Qohum-qonşu da elə bilir ki, həyat tərzini dəyişdiyini etiraf edən qadın artıq ayağını qatlayıb evində oturacaq, saleh əməllər yiyəsi olub övladlarını da yığacaq başına.
     
    Elə qadın özü də bunu inkar eləmir. Ona görə kişilərlə münasibət qurmazdan əvvəl siğə elətdirir.
     
    Qadın deyir ki, əvvəl səhv yolda imiş. Naməhrəmlərlə görüşürmüş. Nə yaxşı, ağlı başına gəlib. Yaşı 40-ı ötəndə islah olub.
     
    Rəfiqələrinə də böyük ciddiyyətlə tövsiyə edir ki, günaha batmayın. Siğə kağızı olmadan intim münasibətdə olmaq böyük qəbahətdir.
     
    Amma sabit fikirli olmadığından, yenə də sevgililərini dəyişməli olur. Hər dəfə də siğə kağızı kara gəlir. Bu kağızla işlərini düzüb-qoşur.
     
    İlahiyyatçılar deyir ki, siğə əxlaqsızlığa dini don geydirmək cəhdidir. İslamda belə anlayış yoxdur. Düzdür, əksini də iddia edirlər.
     
    Hər halda siğənin də öz şərtləri var. Kor-koranə “dinimiz yol verir deyə” hər istədiyini etmək eyibləri ört-basdır etməkdir.
     
    Əgər siğə kağızıyla kiminə bir saatlıq, kiminə beş günlük arvad olan bu qadın özünü düz yola qayıtmış sayırsa, onda ona ancaq ağıl duası kömək edər.//lent.az

  • Rusiyada azərbaycanlılar atəşə tutulub, ölən və yaralananlar var

    Rusiyanın Volqoqrad şəhərində silahlı insident nəticəsində iki azərbaycanlı yaralanaraq koma vəziyyətinə düşüb.

    “Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin mətbuat xidmətinin nümayəndəsi Anton Kornauxov bildirib.

    Hadisə axşam saat 20:00 radələrində şəhərin Krasnoarmeysk rayonu ərazisində, Qeroyev Stalinqrad prospektində baş verib. “Russki çay” kafesi qarşısında duran 2 azərbaycanlı, 1 rus və 1 çeçenə yolsuzluq avtomobili ilə əraziyə gələn və qafqazlı olduqları ehtimal edilən şəxslər arasında əlbəyaxa dava və bıçaqlaşma olub. Dava zamanı atəş səsləri eşidilib. Nəticə rusiyalı olduğu bildirilən 25 yaşlı gənc aldığı güllə yarasından keçinib. Çeçen və Azərbaycan əsilli iki qardaş odlu silah və bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hazırda onların koma vəziyyətində olduqları bildirilir. Qarşı tərəf avtomobilə minərək ərazidən uzaqlaşıb. Şəhərdə “Ələkeçirmə” planı elan edilib.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.

    Faktla bağlı Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin qətl, iki və daha artıq şəxsi öldürməyə cəhd və qanunsuz silah dövriyyəsi maddələri üzrə cinayət işi açılıb.

  • Rio-de-Janeyroda sürücü avtomobili insanların üzərinə sürüb, 15 nəfər yaralanıb – VİDEO

    Braziliyanın Rio-de-Janeyro şəhərinin Kopakabana sahil ərazisində sürücü avtomobili piyadaların üzərinə sürüb.

    “Report” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər yaralanıb.

    İlkin məlumata görə, sürücü saxlanılıb və epilepsiyadan əziyyət çəkdiyini bildirib.

  • Qəbiristanlıqlar barədə qanun dəyişdi

    “Bələdiyyələrin statusu haqqında” qanuna edilmiş dəyişikliklər təsdiq edilib. Median.Az AzərTAc-a istinadən xəbər verir ki, qanunun 4-cü maddəsinin ikinci hissəsində aşağıdakı dəyişikliklər edilib:
     
    1. İkinci abzasda “abadlaşdırılması” sözü “saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi” sözləri ilə əvəz edilsin və həmin abzasda “mərasim” sözündən sonra “və dəfn” sözləri əlavə edilsin.
     
    2. Aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
     
    “Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.”.
     
    Prezidentin digər sərəncamı ilə qanunun 7.2-ci maddəsində “stadionların və idman meydançalarının” sözləri “stadionların, idman meydançalarının və qəbiristanlıqların” sözləri ilə əvəz edilib.

  • Rusiyada cinayət törətməkdə şübhəli bilinən gənc azərbaycanlı axtarışa verilib – FOTO

    Rusiyanın Ulyanovsk vilayətində 22 yaşlı Azərbaycan vətəndaşı polis tərəfindən axtarışa verilib.

    “Report” xəbər verir ki, Əmirli Elməddin Rövşən oğlu oğurluq etməkdə şübhəli bilinir.

    Rusiya Daxili İşlər Nazirliyinin Ulyanovsk vilayəti üzrə İdarəsinin böyük referenti Sergey Sergeyekonun bildirdiyinə görə, cinayət işinin araşdırması ilə Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi məşğul olur.

  • Rusiyada azərbaycanlı külli miqdarda heroin satarkən tutulub

    Rusiyanın Krasnoyarsk diyarında 50 yaşlı azərbaycanlı külli miqdarda heroin satarkən iş başında tutulub.

    “Report” xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin region üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
    İlkin olaraq müəyyən edilib ki, kişi narkotik maddəni Novosibirsk vilayətində əldə edib, daha sonra isə yaşadığı Krasnoyarsk diyarında satmaq niyyətində olub. Narkodiler bir kiloqram çəkisi olan heroini təqribən 17,618 dollara sata bilib, amma nəzərdə tutulan sövdələşmə baş tutmayıb.

    Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin xüsusi iri həcmdə narkotik vasitələrin qanunsuz satışı maddəsi üzrə cinayət işi açılıb. Şübhəli şəxsi 20 ilədək azadlıqdan məhrmetmə cəzası gözləyir.

  • Moskva nüvə silahının qadağan edilməsi haqqında müqaviləyə qoşulmayacaq

    Rusiya nüvə silahının qadağan edilməsi haqqında müqaviləyə (NSQM) qoşulmayacaq.

    “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının nüvə silahının qadağan olunmasına dair məsələlər üzrə iclasında çıxışı zamanı deyib.

    “Rusiya NSQM-ya qoşulmaq niyyətində deyil. Biz bu məsələdə onu əsas tuturuq ki, nüvə silahının tam ləğvi yalnız hamı üçün, o cümlədən NSQM-nin nəzərdə tutduğu kimi nüvə silahının sahibləri üçün bərabər və bölünməz təhlükəsizliyin təmin olunması şəraitində ümumi və tam tərksilah kontekstində mümkündür”, – deyə Rusiyanın Xarici İşlər Nazirliyi Lavrovun sözlərini sitat gətirib.

    Rusiya ilə yanaşı bu müqaviləni ötən ilin iyulunda digər nüvə dövlətləri, o cümlədən ABŞ və Çin də imzalamayıb.

  • Ermənistan silahlı bölmələri atəşkəs rejimini 116 dəfə pozub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.

    Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Məzəm kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

  • Şamaxıda çobanın güllələnərək öldürülməsinin təfərrüatı məlum olub

     Şamaxı rayonunda baş verən silahlı insidentin təfərrüatı məlum olub.

    “Report”un yerli bürosunun məlumatına görə, qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Binyətovun itini öldürüb. Bunu görən N.Binyətov da Z.Hacıyevin yaşadığı evə gələrək ov tüfəngi ilə onun itini öldürüb. Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və N.Binyətov Zaura ov tüfəngindən 7 dəfə atəş açıb. Z.Hacıyev hadisə yerində ölüb.

    N.Binyətov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb. 

    ***

    Şamaxı rayonunda baş verən silahlı insident zamanı qətlə yetirilən şəxsin adı məlum olub.
    “Report”un yerli bürosu xəbər verir ki, rayonun Acıdərə yaşayış massivində baş verən hadisə zamanı çobanlıqla məşqul olan, rayonun Quşçu kənd sakini, 1980-cı il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyev qonşusu, 1996-cı il təvəllüdlü Natiq Şirbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib. 

    Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Binyətov saxlanılıb.

    Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə)  cinayət işi başlanılıb.

    Hadisənin səbəbləri araşdırlır.

    ***
    Şamaxı rayonunun Acıdərə yaşayış massivində qətl hadisəsi törədilib.
    “Report”un Şirvan bürosu xəbər verir ki, Sabir qəsəbə sakini Natiq Şirbala oğlu Binyətov çobanlıq edən qonşusunu tüfəngdən atəş açaraq qətlə yetirib.
    Hadisə mübahisə zəminində baş verib. Qətli törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
    Faktla bağlı araşdırma aparılır.

  • Nazirlik azərbaycanlılara qadağa qoyan hotelləri yoxlamağa başladı

    “O cür hotel və hostellər məsuliyyət daşıyır”

    Xəbər verdiyimiz kimi, paytaxt Bakıda bir çox hostel və hotellərə Azərbaycan vətəndaşlarının girişi qadağandır. Bir neçə gün əvvəl “Yeni Müsavat”ın əməkdaşı bu haqda araşdırma aparmışdı və məlum olmuşdu ki, paytaxtın mərkəzində yerləşən “Baygan Hostel”, “Hostel 44″ və ”Old City İnn” hoteli birmənalı olaraq öz qapılarını Azərbaycan vətəndaşlarının üzünə bağlayıb.

    Məsələ ilə bağlı artıq Mədəniyyət və Turizm Nazirliyi də araşdırma aparmağa başlayıb. Bu haqda nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov “Yeni Müsavat”a açıqlamasında qeyd edib: “Bildiririk ki, Azərbaycanda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektləri turistlərə xidmət göstərdikləri zaman yerli və ya əcnəbi bölgüsü aparmamalı, onların hüquqlarını pozmamalıdılar.

    Mədəniyyət və Turizm Nazirliyi turizm siyasətini aparan dövlət qurumu olaraq, ölkəyə əcnəbi turistlərin cəlb olunması ilə yanaşı, daxili turizmin inkişaf etdirilməsi, daxili turist dövriyyəsinin sayının daha da artırılmasında maraqlıdır. 2017-ci ilin son 6 ayının araşdırılmasına əsasən qeyd etmək olar ki, bu müddətdə daxili turist səfərlərinin sayı təxminən 900000-ə çatıb. Ölkədə turizm sahəsinə göstərilən dövlət dəstəyinin məntiqi nəticəsi olaraq, bu rəqəmlərin 2018-ci ildə daha da artacağı mütəxəssislər tərəfindən proqnozlaşdırılır”.

    Qurum rəsmisi həmçinin qeyd edib ki, istehlakçıların hüquqlarını birbaşa və ya dolası yolla məhdudlaşdırmağa çalışanlar qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır: “Yerli turistlərə bu və ya digər formada hər hansı mehmanxana və ona bərabər yerləşdirmə obyektləri tərəfindən xidmət göstərməkdən imtina edilməsi ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Bu qanunvericiliyə görə, bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdirlər. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Ticarət və digər xidmət növləri müəssisələrində istehlakçının hüquqları pozularsa, satıcı (icraçı) və bu müəssisələrin işçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar”.

    Onu da qeyd edək ki, ölkədə fəaliyyət göstərən bəzi hotellər də var ki, onlar azərbaycanlıların girişinə qadağa qoymasa da, əcnəbi turistlərdən fərqli olaraq yerli vətəndaşlardan nikah sənədi tələb edilir. Dəfələrlə bu məsələ mətbuatda müzakirə edilib, hətta nazir səviyyəsində reaksiya verilib. Belə ki, nazir Əbülfəs Qarayev mətbuata verdiyi açıqlamalarının birində hotellərdə nikah kağızının tələb olunması ilə bağlı məsələyə münasibət bildirərkən qeyd etmişdi ki, qanunvericilikdə belə bir şey yoxdur: “Qanunvericilikdə heç kəs tələb etmir ki, hər hansı nikah kağızı, hansısa izahat verilməlidir. Hesab edirəm ki, əgər insan öz pasportunu təqdim edərək öz otağında yaşayırsa, onun yanına gələn qonaqların haqqında soruşmağa dəyməz”.

    Bütün bunlara baxmayaraq problem hələ də öz həllini tapmayıb.