Month: Mart 2018

  • Əfqanıstanda bazarda partlayış – Ölən və yaralananlar var

    Əfqanıstanın Calelabad şəhərində bazarda partlayış olub.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış nəticəsində azı bir nəfərin öldüyü bildirilir. Daha 3 nəfər yaralanıb.

    Şahidlərin sözlərinə görə, partlayıcı qurğu bazar ərazisindəki tibb məntəqəsində işə düşüb.

    İnsidentin təfərrüatları araşdırılır. Hələlik məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

  • Bu dövlət orqanına da xidməti avtomobil veriləcək

    Azərbaycanda xidməti minik avtomobilləri ilə təmin olunan dövlət orqanlarının sayı artırılıb.

    Median.Az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

    Dəyişikliyə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi üçün xidməti minik avtomobillərinin say həddi (limiti) müəyyənləşib. Bu dövlət orqanı 1 minik avtomobili ilə təmin olunacaq.

    Qeyd edək ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli fərmanı ilə İdarələrarası Komissiyanın fəaliyyətinin təmin edilməsi üçün İdarələrarası Komissiyanın Katibliyi yaradılıb. Bundan əvvəl isə İdarələrarası Komissiyanın İşçi qrupu mövcud olub. Fərmana əsasən Katiblik dövlət orqanıdır və onun işçiləri dövlət qulluqçularıdır. Katibliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları var. Katiblik İdarələrarası Komissiyanın qərarlarının icrasına nəzarət edir. dövlət sirri haqqında qanunvericiliyin həyata keçirilməsi sahəsində dövlət qurumlarının fəaliyyətini əlaqələndirir, Azərbaycan prezidentinin və Nazirlər Kabinetinin İdarələrarası Komissiyaya verdikləri tapşırıqların icrasını təmin edir, dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsi məqsədi ilə dövlət sirri haqqında qanunvericiliyin yerinə yetirilməsi sahəsində dövlət qurumlarının fəaliyyətini öyrənir. Eyni zamanda dövlət sirrinin mühafizəsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə müvafiq təşkilatlarla əməkdaşlıq edir, dövlət sirrinin mühafizəsi ilə bağlı məsələlərin həll edilməsi məqsədi ilə idarələrarası işçi və ekspert qruplarının yaradılmasına, habelə ayrı-ayrı təşkilatların, o cümlədən mütəxəssislərin işə cəlb edilməsinə dair təkliflər hazırlayır və baxılmaq üçün İdarələrarası Komissiyaya təqdim edir. İdarələrarası Komissiyanın fəaliyyətinin təmin edilməsi ilə bağlı İdarələrarası Komissiyanın ona həvalə etdiyi digər funksiyaları həyata keçirir.

  • Bakıda ev yandı

    Median.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 m² olan ikimərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • Səfirlikdən Rəhim Şəkinski və həyat yoldaşının güllələnməsi ilə bağlı — AÇIQLAMA

    Martın 30-da Fransanın Tuluz şəhərində baş vermiş cinayət əməli nəticəsində Rəhim Namazovun həyat yoldaşının qətlə yetirilməsi və özünün ciddi yaralanması ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi açıqlama yayıb.

    Median.Az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan səfirliyi cinayət əməlinin qurbanının ailəsinə və yaxınlarına başsağlığı verir.

    Səfirlik diqqətə çatdırır ki, Rəhim Namazov Azərbaycanda dəfələrlə dələduzluğa görə məhkum olunub. Onun Fransada və ya xaricdə mafiya strukturları ilə əlaqə saxlaması bəllidir. Rəhim Namazov Azərbaycanda heç vaxt jurnalistika fəaliyyəti ilə məşğul olmayıb.

    Onun jurnalist olmadığı fransız mediası, eləcə də Azərbaycan jurnalistləri və Sərhədsiz Reportyorlar Təşkilatı tərəfindən təsdiqlənib.

    Açıqlamada bildirilir ki, Rəhim Namazov 2014-2016-cı illərdə səfirliklə dəfələrlə əlaqə saxlayıb və onun bütün konsulluq prosedurları və istəkləri mümkün olan ən yaxşı şəraitdə yerinə yetirilib.

    Səfirlik xatırladır ki, dünəndən bu cinayət əməlinin aydınlaşdırılması üçün Fransanın istintaq orqanları və Tuluz şəhərinin polis xidməti ilə müntəzəm əlaqə saxlayır.

  • “Aranızda kişi yoxdur?” davası qanla bitdi – Polis bıçaqlandı

    Xocavənd rayonunda hadisə yerinə gedən polis əməkdaşı bıçaqlanıb.

    Median.Az xəbər verir ki, Xocavənd rayonunda Fəxri adlı şəxs ailə üzvləri ilə dava etdiyi üçün onun atası Fikrət polisə müraciət edib. Polis hadisə baş verən yerə gəldikdə isə Fəxri daha da aqressivləşib və əlinə bıçaq alaraq onların üzərinə gedib. Bu zaman polis əməkdaşları kənara çəkiliblər. Fəxri polislər əməkdaşlarına “aranızda kişi yoxdur?”, deyərək onları təhqir edib.

    Orxan adlı polis əməkdaşı təhqirə dözməyərək Fəxrinin üzərinə yeriyib. Bu zaman Fəxri bıçaqla polis əməkdaşının qarın nahiyyəsinə bıçaqla zərbələr endirib. Polis əməkdaşı xəstəxanaya yerləşdirilib, əməliyyat zamanı Orxanın bir böyrəyi və dalağı çıxarılıb. Polis əməkdaşı hazırda Bakı şəhərində xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu deyilir.

    Qeyd edək ki, Fəxri ilə bıçaqlanan polis əməkdaşı Orxan sinif yoldaşı olublar.

    Hadisə ilə bağlı cinayət işi açılıb.

  • “Park Bulvar”da Rəsul Çunayevə qarşı hörmətsizlik: “Terrorçu kimi …”

    Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu, olimpiya mükafatçısı Rəsul Çunayevə qarşı “Park Bulvar”dakı “Park Cinema”da hörmətsizlik edilib.

    Bu barədə idmançının özü sosial şəbəkədə məlumat verib. O bildirib ki, bir də ora gəlməyəcək:

    “Qələbədən sonra bu gün çox böyük həvəslə vətənə döndüm. Ailəmlə birgə Park Bulvarda Film izləməyi düşündüm, online bilet aldım və Park Cinemaya gəldik. Ailəmi film zalına yolladım. Yekunda onlar film izləyirlər, mən isə filmin bitməsini gözləyirəm, ailəmi götürüb gedim. Çünki bir daha “Park Bulvar Cinema”ya gəlməyi düşünmürəm. “Park Bulvar Cinema”nın personalı “sağ olsun” mənim əhvalımı yüksək səviyyədə korladı. Həm də çox hörmətsiz davrandılar. Özümü terrorçu kimi hiss etdirdilər. “Park Bulvar Cinema”ya “minnətdaram”. Bir az da davranış qaydalarını öyrənsələr, daha da şad olaram”/unikal.org

  • ABŞ bayrağı Peterburqdakı konsulluqdan endirilib

    ABŞ-ın dövlət bayrağı Amerikanın Peterburqdakı Konsulluğundan endirilib.

    Median.Az RİA Novosti-yə istinadla xəbər verir ki, hadisə şənbə günü Moskva vaxtı ilə saat 19.25-də baş verib.

    Diplomatik Missiyanın iki əməkdaşı eyvana çıxaraq bayrağı çıxarıb.

    Belə ki, ABŞ hökuməti 48 Rusiya diplomatının və BMT-də 12 əməkdaşın çıxarılmasını bəyan ediblər. Həmçinin Amerika İngiltəyərə “Skripal işi”ndə həmrəyliklərini bildirmək üçün Rusiyanın Sietldakı Baş Konsulluğunu da bağlayacağını bəyan edib.

  • Azərbaycanda nə qədər əcnəbi yaşayır?

    2017-ci ilin 31 dekabr tarixinə Azərbaycanda olan və ya yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 109129 nəfərdir.

    Median.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda deyilir.

    Onlardan 64015-i olduğu yer üzrə qeydiyyat, 26-sı müvəqqəti olma müddətinin uzadılması, 34079-u müvəqqəti müvəqqəti yaşamaq üçün icazə, 10942-si daimi yaşamaq üçün icazə, 67-si isə qaçqın status ilə ölkə ərazisində yaşayır.

    2017-ci il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilib, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması halları aşkar edilərək qarşısı alınıb.

  • FHN Lənkərandakı faciəvi qəza ilə bağlı məlumat yaydı

    Fövqəladə Hallar Nazirliyi Lənkəranda 6 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

    Median.Az FHN-nin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonu, Gərmətürk kəndində “Ford” markalı yük və “Mitsubishi” markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub. Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 6 nəfərin (1966-cı il təvəllüdlü Aslanov Fikrət Şirəli oğlu, 1968-ci il təvəllüdlü Aslanov Namiq Şirəli oğlu, 1976-cı il təvəllüdlü Aslanov Faiq Tofiq oğlu, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Vəsmə Aslanova) cəsədi xilasedicilər tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Əməliyyat başa çatıb.

  • Meşədə asılmış kişi meyiti tapıldı

    Lerikdə meşədə asılmış kişi meyiti tapılıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, meyit kənd sakinləri tərəfindən aşkar olunub.

    Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hazırda onun kimliyi araşdırılır.

    Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə gətirilir.