Month: Mart 2018

  • Sevgilisinin anası ilə cinsi əlaqədə oldu, sonra isə öldürdü – Azərbaycanda

    Sumqayıt Apellyasiya Məhkəməsində sevdiyi qızın anasını öldürməkdə təqsirləndirilən Samir Hacəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, S.Hacəliyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

    İttiham aktına əsasən, S.Hacəliyev 2017-ci il martın 27-də Xaçmaz rayonunun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb.

    Araşdırma zamanı məlum olub ki, S.Hacəliyevin G.Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, daha sonra 2014-cü ildən G.Sultanovanın evinə gedib-gəlməyə başlayıb. Bu müddətdə onun G.Sultanova ilə münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.

    Hadisə baş verən günü S.Hacəliyevlə G.Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın onu söyərək təhqir edib. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsi ilə nəticələnib.

    Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində S.Hacəliyev həbs edilib.

    O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham edilib.

    Məhkəmənin baxış iclasında qətlə yetirilən qadının qızı Reyhan Feyzullayeva dindirilib. O, dörd il ərzində anası ilə S.Hacəliyev arasında münasibətlərin olduğunu ifadə edib: “Məni sevə-sevə anamla da münasibət saxlayırdı. Buna görə də xəcalət çəkirəm. Bununla bağlı maraqlandım. Mənə dedilər ki, “onların münasibətləri var, guya sən bunu bilmirsən”? Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, ananla münasibətim yoxdur. Amma ona inanmadım”.

    S.Hacəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

  • Mingəçevirdə bədbəxt hadisə — Çörəkbişirən yaralandı

    Mingəçevir şəhərində yerləşən çörək sexlərinin birində bədbəxt hadisə qeydə alınıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, N.Nərimanov küçəsində yerləşən müəssisədə sexin 1983-cü il təvəllüdlü yerli əməkdaşı Əliyev Bəhruz Vaqif oğlu iş başında sol əl nahiyəsindən müxtəlif xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

    Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, dəqiq məlum olmasa da, sex şüşələrinin qırılaraq çörəkbişirənin üzərinə töküldüyü deyilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bir bilet aldı — Yarım milyard uddu

    ABŞ-ın “Mega Millions” lotereyasında növbəti cekpot qalibi müəyyənləşib.

    Median.Az xəbər verir ki, bu barədə loteyera administrasiyası məlumat yayıb. Məlumata görə, uduşa Nyu-Cersidə satılmış bilet düşüb. Naməlum qalib yarım milyard dollardan çox olan cekpotun, yəni 521 milyon ABŞ dollarının sahibi olub.

  • İdlib bombalandı: ölənlər var

    Suriyanın İdlib şəhərində təhlükəsizlik bölgələrinə aviazərbələr endirilib.

    Median.Az xəbər verir ki, hücum nəticəsində 14 nəfər həlak olub, xeyli sayda insan yaralanıb.

    İdlibin Mülki Müdafiə müdiri Mustafa Həc Yusif ölənlərin mülki vətəndaş olduğunu deyib. O, ərazidə axtarış-xilasetmə tədbirləri aparıldığını söyləyib.

    Suriyalı müxaliflər isə Rusiya hərbi təyyarələrinin İdlib şəhərində müxtəlif bölgələrə havadan zərbələr endirdiyini açıqlayıb.

    Qeyd edək ki, son 3 həftə ərzində İdlib və Həma şəhərlərinə edilən hücumlar nəticəsində 112 mülki vətəndaş həlak olub, 110 nəfər yaralanıb.

  • Hazırda mağarada sıxışdırılıblar, döyüş gedir – Ərdoğan

    “Zeytun budağı” əməliyyatı zamanı 3 min 821 terrorçu məhv edilib.

    Median.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP konqresində deyib. O bildirib ki, terrorçularla mübarizə davam edir:

    “Bəzi qardaşlarımız şəhid oldular. Əsgərimiz terrorçuları qovmağa başlayıb və 5 terrorçunu məhv edib. Hazırda 4 nəfəri də bir mağarada sıxışdırıblar. Mağara çox dərindir və döyüş davam edir. Artıq nə edirlər etsinlər, qaçacaqlarsa, qovacağız. Qaçdısa, buraxdı yoxdur. Sonuna qədər”.

    Qeyd edək ki, Türkiyənin Siirt şəhərinin Eruh mahalında PKK-nın Ormanardı hərbi bazası hücumu nəticəsində 5 hərbçi şəhid olub, 7-si isə yaralanmışdı.

    Ardınca ordunun qətiyyətli əməliyyatı nəticəsində 5 terrorçu zərərsizləşdirilmişdi.

  • Qaynar çaydan 1 yaşlı uşağın üstünə dağıldı

    Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.

    Median.Az-ın “Report”a istinadən məlumatına görə, şəhərin 30-cu məhəlləsində yaşayan 2017-ci il təvəllüdlü yerli sakin İsazadə Məhəmməd Rəşad oğlunun üzərinə qaynar çaydan dağılıb.

    Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb. Hazırda 1 yaşlı M.İsazadənin müayinə və müalicəsi həyata keçirilir.

  • Şərqi Quta tamamilə terrorçulardan təmizləndi

    Suriyanın Şərqi Quta bölgəsindəki bütün şəhər və yaşayış məntəqələri terrorçulardan təmizlənib.

    Median.Az xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələri məlumat yayıb.

    “Dost və müttəfiq qüvvələrlə əməkdaşlıq nəticəsində silahlı qüvvələrimiz qarşıdurmalardan sonra Şərqi Qutadakı bütün şəhər və yaşayış məntəqələrini nəzarət altına alıb”, – SQQ-dan məlumat verilib.

    Qeyd edək ki, Suriyanın paytaxtından şərqdə yerləşən Şərqi Quta uzun müddətdir terrorçuların nəzarəti altında idi.

  • İrandan Ər-Riyada cavab: Həyasız və mənasız

    Müharibəni arzu edən bu şəxs ya müharibənin nə olduğunu bilmir, ya tarixi öyrənməyib, ya da müdrik insanlarla məsləhətləşməyib.

    Median.Az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın sözlərini şərh edən İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib. O, vəliəhdin bu çıxışını həyasız və mənasız adlandırıb.

    Qeyd edək ki, Məhəmməd bin Salman “Vol Strit Jurnal” qəzetinə açıqlamasında Tehranın qarşısı alınmasa, Ərəbistanın İranla 10-15 il sonra müharibəyə başlayacağını bildirib.

  • Azərbaycanın Pakistandakı səfirliyi bəyanat yaydı

    Azərbaycanın Pakistandakı səfirliyi soyqırımının 100 illiyi ilə bağlı bəyanat yayıb.

    Səfirlikdən verilən məlumata görə, bəyanatda deyilir:

    Bu il Azərbaycan xalqı 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilmiş soyqırımın 100-cü ildönümünü yad edir.

    Qeyd olunmalıdır ki, erməni şovinistləri və onların dəstəkçiləri Azərbaycan torpaqları, eləcə də Türkiyə və Gürcüstan əraziləri üzərində mifik “Böyük Ermənistan” yaratmaq məqsədi ilə, son 2 əsrdə Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım və deportasiya siyasəti həyata keçirmişlər.

    Bu siyasətin başlanğıc nöqtəsi kimi, 19-cü əsrin əvvəllərindən etibarən, İran və Türkiyədən minlərlə erməni ailələri tarixi Azərbaycan əraziləri olan Qarabağ, Naxçıvan, Zəngəzur, İrəvan və digər əyalətlərə köçürülmüşdür.

    Özlərinin qeyri-qanuni Azərbaycanlılara qarşı etnik təmizləmə hədəfinin icrası olaraq, ermənilər 1918-ci ilin martında Azərbaycanlıların kütləvi qətlini həyata keçirmişlər. Erməni qoşunları 31 mart, həmçinin 1-2 aprel 1918-ci il tarixində Şamaxı, Quba, Kürdəmir, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə silsiləvi qanlı qırğınlar törətmişlər. Bu soyqırım zamanı, tarixi bina və ziyarətgahlar top atəşinə məruz qalmış, Cümə və Təzəpir məscidlərinin minarələri ciddi zədələnmişdir. Bütün bu günahsız Azərbaycanlılar məhz onların milli və dini mənsubiyyətinə görə qətlə yetirilmişlər. Qiymətli tarixi abidələr, məscidlər, habelə məktəb və xəstəxanalar silahlı erməni millətçiləri tərəfindən dağıdılmışdır.

    Aradan uzun illər keçsə də, o qanlı soyqırım unudulmamışdır. Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti ermənilərin törətdiyi ağır cinayətləri araşdırmaq üçün 1919-cu ild’ “Fövqəladə Təhqiqat Komissiyası təsis etsə də, ADR-in süqutu ilə bu proses dayandırılmışdır.

    Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini yenidən qazanmasından sonra, uzun illər gizli saxlanmış həqiqətlər tədricən aşkara çıxmışdır. Soyqırımdan 80 il sonra, Prezident Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə həmin dəhşətli hadisələrə siyasi qiymət verilmiş, “Azərbaycanlıların Soyqırımı Günü” elan edilən 31 mart günü hər il Azərbaycanda dövlət səviyyəsində qeyd olunur.

    1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, müvafiq tədbirlər planı təsdiq edilmiş və icra edilməkdədir.

    Bu soyqırımdan sonrakı dövrlərdə də ermənilərin Azərbaycanlılara qarşı davam edən düşmənçilik hərəkətləri sübut etmişdir ki, erməni şovinistləri öz kin-nifrətlərindən əl çəkməmişlər. Etnik təmizləmə və təcavüz siyasətinin davamı olaraq, Ermənistan Dağlıq Qarabağ və 7 ətraf rayonu işğal edərək, 1 milyon Azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə salmışdır. Erməni terroristləri 1992-ci ilin fevralın 26-da Xocalıda heç bir fərq qoymadan bütün əhalini qanına qəltan edərək, misli görünməmiş soyqırım törətmişdir.

    BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, Avropa Şurası Parlament Assambleyasının 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etmişdir. Buna baxmayaraq, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərarlara məhəl qoymayan Ermənistan tərəfi daim qeyri-konstruktiv mövqe nümayiş etdirərək, regionda sülhün bərqərar olmasına maneələr yaradır.

    Ədalətə nail olmaq, həmin faciələr zamanı qətlə yetirilən şəhidlərimizin əziz xatirəsini yad etmək, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin funksionallığını təmin etmək məqsədi ilə, Azərbaycan 31 mart – 2 aprel 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş qırğınları soyqırım aktı kimi tanımağa çağırır. Beynəlxalq ictimaiyyət insanlığa qarşı törədilən bu qatı cinayətlərə beynəlxalq səviyyədə genosid aktı kimi hüquqi-siyasi qiymət verməli və Ermənistana qarşı zəruri sanksiyalar tətbiq etməlidir. Soyqırım törətmiş cinayətkarlar mühakimə edilməli və cəzalandırılmalıdır. Ermənistan Azərbaycanın ərazi bötüvlüyünü təmin etməyə və qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarını bərpa etməyə məcbur olunmalıdır.//Trend.az

  • Abşeronda tibb bacısını maşın vurdu

    Abşeron rayonunun Ceyranbatan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 1964-cü il təvəllüdlü yerli sakin İmanova Gülzar Muxtar qızı yaşadığı ərazidə işdən çıxıb evə gedərkən naməlum avtomobil tərəfindən vurulub.

    Yaralı dərhal Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

    G.İmanova Ceyranbatan qəsəbəsinin tibb məntəqəsində tibb bacısı işləyir.

    Faktla bağlı araşdırma aparılır.