Month: Sentyabr 2018

  • Azərbaycanda bu məhsulların reklamı qadağan edildi

    Azərbaycanda reklamı qadağan olunan əmtəələrin siyahısında dəyişiklik edilib.

    “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nın təsdiq edilməsi barədə” qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

    “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na 16-cı (Ətraf mühit üçün təhlükə potensialı olan əmtəələr) əlavə edilib.

    1. İstifadə olunmuş qurğuşun-turşu akkumulyatorlar

    2. İşlənilmiş batareyalar

    3. İstifadə olunmuş şinlər

    4. İşlənilmiş sürtkü və mühərrik yağları

  • Rus bölməsində kadr çatışmazlığı var – RƏSMİ

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində rus bölməsidə ibtidai sinif müəllimi vəzifəsi üzrə kadr çatışmazlığı müşahidə olunur.

    BŞTİ-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq dördüncü tədris ilidir ki, BŞTİ-nin tabeliyindəki 300 ümumi təhsil müəssisəsinin I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə aparılır:

    “Həmin məktəblərdən yalnız 126-da rus bölməsi fəaliyyət göstərir. 2018-2019-cu tədris ili üzrə ibtidai təhsil pilləsini yekunlaşdıran 246 müəllim üzrə sistemdə sinif açılıb. Həmin siniflərə sinif otaqlarının maksimum şagird tutumu nəzərə alınmaqla, şagird qəbulu aparılır.

    Avqustun 30-na kimi olan məlumata əsasən, rus bölməsi üzrə 7 954 şagird qəbul edilib. Artıq tədris ilinin başlamasına az müddət qaldığından bəzi məktəblərin mövcud siniflərində şagird yerləri tutulub”.

    Məlumatda bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində rus bölməsidə ibtidai sinif müəllimi vəzifəsi üzrə kadr çatışmazlığı müşahidə olunur. Sadəcə, son üç ilin təhlili göstərir ki, müəllimlərin işə qəbulu müsabiqəsinə təqdim edilən vakansiyalar ilbəil artmaqdadır.

    Belə ki, 2016-2017-ci tədris ili üçün 120-dən artıq, 2017-2018-ci tədris ili üçün 150-dən artıq, 2018-2019-cu tədris ili üçün isə 150-dən artıq vakansiya təqdim edilib. Statistika göstərir ki, müsabiqəyə təqdim edimiş vakansiyaların heç də hamısının mövcud qaydalar çərçivəsində müəllimlə təmin edilməsi mümkün olmur.

    Kadr ehtiyacının təmin edilməsi məqsədilə müddətli əmək müqavilələri əsasında müəllimlərin işə qəbul müsabiqəsində iştirak edərək müəyyən nəticə göstərmiş müvafiq pedaqoji ixtisaslı kadrların cəlb edilməsi, çalışmanın yaş həddinə çatmış müəllimlərin çalışma müddətinin uzadılması, kadr potensialı imkan verən müəssisələrdə tədrisin iki sinif komplekti qaydasında təşkili, habelə zərurət qarşısında sinif komplektlərinin normadan artıq şagird sayı ilə formalaşdırılması və sair vasitələrə müraciət olunsa da, bunlar da mövcud ehtiyacın tam və qənaətbəxş səviyyədə təmin edilməsi ilə nəticələnmir.

    BŞTİ-dən qeyd edilib ki, Bakı şəhərində bir sıra məktəblərdə süni sıxlığın qarşısının alınması üçün həm Azərbaycan, həm də rus bölməsində mikroərazi prinsipi tətbiq olunur. Təəssüf ki, bəzi valideynlər bu və ya digər səbəbdən istəyi təmin olunmadığı halda, əsassız müraciətlərlə istəyinin təmin olunmasında israr edir.

    Bir qayda olaraq valideynlər qəbul etməlidirlər ki, müvafiq qaydalar heç bir fərq qoyulmadan bütün valideynlərin haqlı tələblərinin və qanuni istəklərinin təmin olunmasını tənzimləyir.

    Qeyd edək ki, bir neçə gündür ki, mətbuatda Azərbaycan məktəblərində rus bölməsinin pullu olması barədə təkliflər səsləndirirlər.

  • Yeni şəxsiyyət vəsiqələrinin – RÜSUMLARI

    Bu gündən “ASAN xidmət” mərkəzlərində yeni nümunəli şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsinə başlanılıb.

    Bunu açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

    E.Niftəliyev bildirib ki, bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil.

    “15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunur”.

    “ASAN xidmət” rəsmisi bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur.

    “10 gün müddətinə 5 manat, üç gün müddətində 25 manat, bir gün müddətinə isə 35 manat təşkil edir. Bundan əlavə, 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunub.

    Belə ki, 10 gün ərzində 4 manat, üç iş günü müddətində 20 manat, bir iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib. Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitdikdə, sənəd itirildikdə, vəsiqə korlandıqda, ad, soyad, ata adı dəyişdirildikdə yeni nəsil şəxsiyyət vəsiqələrinin alınması zəruridir”.

  • Suraxanı rayonunda oğurluq edən 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 18-də, rayon ərazisindəki kafedən kondensioner, 2 ədəd soyuducu mühərriki, 100 metr elektrik naqili, 3 ədəd plastik qapı və 3 ədəd pəncərə şüşəsini oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Qurbanov saxlanılıb.

    Bundan başqa, Suraxanı RPİ 30-cu polis bölməsinin əməkdaşları tərəfindən avqustun 14-də, Hövsan qəsəbəsindəki evlərdən birinin həyətindən mobil telefon oğurlayan Ağcabədi rayon sakini Bəhruz Qəhrəmanov saxlanılıb. Araşdırma zamanı onun mayın 21-də daha bir evdən təmir-tikinti alətləri oğurlaması məlim olub.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.