Month: January 2019

  • Mübariz İbrahimovu təhqir edən Nərminlə bağlı məhkəmədən şok qərar

    22 yanvar 2019-cu il tarixində Xətai Rayon Məhkəməsində psixoloq Nərmin Şahmarzadə ilə idmançı Araz Musayevin məhkəməsi baş tutub.

    İdmançının vəkili Ramil Rüstəmov məhkəmədən Nərmin Şahmarzadəni 147-ci maddə ilə məsuliyyətə cəlb olunmasını xahiş edib.

    Vəkil məhkəmədən Şahmarzadəni 3 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib. Digər tələb isə onun Azərbaycan xalqından üzr istəməsi ilə bağlı olub.

    Məhkəmə müşavirədən sonra qərar verib. Hakim Bəxtiyar Məmmədov iddianı təmin etməyib və işə xitam verib. Qeyd edək ki. idmançı psixoloq Nərmin Şahmarzədəni Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə məhkəməyə verib.

  • Mənzil uğrunda müharibə: Evə qapıdan yox, divardan girdilər – FOTO

    Talassemiyanın ağır formasından əziyyət çəkən Əfsanə Qarakişiyevanın Bakıdakı mənzilinin zəbt edilməsi ilə bağlı məsələdə gözlənilməz dönüş baş verib. Özünü mənzilin hüquqi sahibi adlandıran şəxslər divarı dağıdaraq içəri daxil olublar və bundan sonra Xətai rayon Polis İdarəsinin əməkdaşları mənzilin qapısını möhürləyərək illərdir münaqişə vəziyyətində olan tərəfləri məhkəməyə yönləndiriblər. Bu barədə Sputnik Azərbaycan-a Əfsanə Qarakişiyeva məlumat verib.

    Median.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bütün gecəni öz mənzilində Qarakişiyevanı yemək və dərmansız şəkildə girov saxlayıblar. Məsələ ondadır ki, mənzilə iddiaçı olan Rafiq İsmayılovun arvadı asayiş keşikçiləri Qarakişiyevanı mənzilə buraxandan sonra, yanvarın 20-də axşam qapını bağlayaraq yaxına heç kəsi buraxmayıb. Hadisə yerinə gələn polisin ikinci cəhdindən sonra İsmayılova qapını açmağa razılaşıb. Bütün gecəni yata bilməyən Qarakişiyeva özünü pis hiss edərək oradan gedib. Mənzildə isə onun valideynləri qalıb.

    Qeyd edək ki, Qarakişiyeva Birlik-İnşaat tikinti şirkətinin məşhur qalmaqallı fırıldağının qurbanı olub və şəxsi mənzilinin başqaları tərəfindən zəbt olunması problemi ilə üzləşib. Hətta onun xeyrinə qərar çıxarmış məhkəmə belə qadına öz mülki hüquqlarını bərpa etməyə kömək etməkdə aciz qalıb. 2006-cı ildə Qarakişiyeva Birlik-İnşaat tərəfindən “Həzi Aslanov” metrostansiyası yaxınlığında tikilən binadan mənzil alıb. Bir neçə ildən sonra qadına məlum olub ki, şirkət onun aldığı mənzili başqa şəxslərə də satıb. Eyni zamanda həmin mənzil Bakı metropoliteninin polis şöbəsinin əməkdaşı Ramin İsmayılov və onun əmisi, keçmiş yanğınsöndürən Rafiq İsmayılova satılıb. Ramin İsmayılov Sputnik Azərbaycan-a verdiyi açıqlamada 2016-cı ildə məhkəmə qərarlarının icrası nəticəsində mənzili Qarakişliyevaya təhvil verdiyini və daha ona iddia etmədiyini desə də, onun dayısı əksinə, deyib ki, mənzilin qanuni sahibi özüdür və son yeddi ildir, burada yaşayır.

    Mülki hüquqların tənzimlənməsi məsələsi polisin səlahiyyətlərinə daxil olmasa da, yanvarın 21-də asayiş keşikçiləri münaqişə tərəflərinə öz problemlərini məhkəmə qaydasında həll etməyənə qədər mənzilə daxil olmağı qadağan edib. Lakin yanvarın 22-də növbəti hadisə baş verib. Rafiq İsmayılov və onun qohumları mənzilin divarını dağıdaraq açdıqları deşikdən içəri daxil olublar. Tərəflər arasında növbəti bazarlıq başlayıb.

    “Rafiq İsmayılov təklif etdi ki, mənzili satdıqdan sonra 2006-cı ildə bu mənzili almaq üçün verdiyim 21 min dolları mənə geri qaytarsın. Mən əlbəttə ki, razılaşmadım. Axı hansı əsasla buna razılıq verə bilərdim? Mən də eyni məntiqlə ona mənzili satandan sonra 2011-ci ildə ödədiyi 11 min manatı təklif edə bilərdim. İndi o çalışır ki, mənzili satmaq üçün məni sənədlərimi ona verməyə razı salsın. Amma o, bunu təkbaşına edə bilməz” – Qarakişiyeva deyib.

    İsmayılov divarda açdığı deşiyi yamayıb. Xətai RPİ əlbəttə ki, bundan xəbərdardır və vətəndaşın polisin tələbinə uymadığının fərqindədir. İndiyədək tərəflər razılığa gəlməyiblər. Mənzil uğrunda “qanlı mübarizə” davam edir. Qarakişiyeva deyib ki, artıq o, mənzilin əsl sahibi olduğunu sübut etməkdən yorulub. İndi Heydər Əliyev Fondunun vitse-prezidenti, talassemiya xəstələrinə bütün zəruri dəstəyi verən Leyla Əliyevaya müraciət etməkdən başqa çarəsi qalmayıb.


  • Yol polisindən MÜRACİƏT – Bu xəbəri oxuyun ki, cərimələnməyəsiniz!

    Yol polisindən sürücülərə müraciət edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev bildirib.

    Müraciəti təqdim edirik:

    “Qış mövsümündə yollarda təhlükəsizliyin təmin olunması və baş verə biləcək yol qəzalırının qarşısının vaxtında alınması məqsədilə Baş DYP İdarəsi sürücülərə diqqət yetirilməli bir neçə halı təkrar xatırladır.

    Hörmətli sürücülər!

    Səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə bir daha nəzarət edin. Hərəkət zamanı təhlükəsizlik kəmərlərini təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir.

    Kəmərlərin bağlanmaması təkcə məsuliyyət yaratmır, həm də qəfil tormozlama və ya hər hansı toqquşma zamanı insan həyatı üçün yaranan təhlükədən qoruyur.

    İdarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.

    Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir.

    Uzaq məsafəli səfər zamanı yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin. Bir neçə saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin.

    Bir daha xatırladırıq ki, bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.

    Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün və sərnişinlərinizin həyatıdır”.

  • Bank kartlarından pullar necə oğurlanır? – Müdhiş fırıldağın izi ilə

    Banklar informasiya və maliyyə təhlükəsizliyi sahəsində olan çoxsaylı çatışmazlıqları gizlətsə də, internet üzərindən vətəndaşların bank kartlarındakı pullarının oğurlanması hər şeyi deyir.

    Azərbaycan bankları informasiya və maliyyə təhlükəsizliyi sahəsində olan çoxsaylı çatışmazlıqlarını nə qədər gizlətsə də, vətəndaşların internet üzərindən bank kartlarındakı pullarının oğurlanması barədə şikayətləri bu problemin mövcudluğuna dəlalət edir.

    Bu barədə Sputnik Azərbaycan-a “Axoft” şirkətinin Azərbaycan nümayəndəliyinin IT təhlükəsizlik üzrə direktoru Aleksandr Tvaradze ölkəmizin vətəndaşlarının pul vəsaitlərinin oğurlanması və kiberhücumlar barədə artan məlumatları şərh edərkən deyib. Onun sözlərinə görə, kiberhücumlar yolu ilə oğurluqların miqdarı artacaq.

    Tvaradzenin sözlərini cinayətlərin statistikası da təsdiq edir. Xəzər rayonu 1-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr-noyabr aylarında Səfa İsgəndərov, Sultan Əliyev və Sevinc Əliyevanın hesablarından pul oğurlamış Səddam Nəzərlini saxlayıblar. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.

    Saxlanılan şəxs DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Bu qurumda müvafiq oğurluq faktlarına dair cinayət işi açılıb. Məlumdur ki, paytaxtın Nəsimi rayonunda 38 yaşlı Emil Məcidov kibercinayətkarlığın qurbanı olub. Zərərçəkmiş 19-cu polis bölməsinə müraciət edərək bildirib ki, telefonuna kartından 202 manat çıxılması barədə məlumat gəlib.

    Yanvarın əvvəlində Rəhimə Dadaşovanın hesabından 5405 manat yoxa çıxıb. Bununla bağlı Yasamal rayonu 28-ci polis bölməsinin əməkdaşları istintaq tədbirlərinə başlayıblar və tezliklə oğurluqda şübhəli bilinən Kürdəmir sakini Ramil Rüstəmov saxlanılıb.

    Məlum olub ki, Rüstəmov Dadaşovanın kredit kartının məlumatlarının surətini çıxararaq pulları oğurlayıb. Kartların müəyyən məlumatlarını biləndə onlardan internet şəbəkəsində istifadə etmək və ya kartın dublikatını çıxarmaq olar. Bütün dünyada fırıldaqçılar bu işlə məşğuldurlar. Ona görə də banklar tərəfindən şübhəli əməliyyatların monitorinqi çox vacibdir.

    Nərimanov rayonunda pul oğurluğu ilə 59 yaşlı Həbibə Dadaşova rastlaşıb. Onun kartından naməlum şəraitdə 444 manat çıxarılıb. Nəsimi rayonunda Adilə Cavadovanın kartından 260 manat oğurlanıb. 25 yaşlı Bakı sakini Rövşən Nadirovun kartından 394 manat çıxarılıb. Bütün bu cinayətlər son günlər baş verib. Zərərçəkmişlər ölkənin aparıcı banklarının müştəriləridir.

    “Diqqət yetirin, polisə şikayətlə yalnız vətəndaşlar müraciət edir. Bank üçün vətəndaşa dəyən zərəri ödəyərək işi bağlamaq daha asandır. Banklar təşkilatın imici barədə daha çox düşünərək yalnız iri və səs-küylü oğurluqlar zamanı şikayətçi qismində çıxış ediblər. Onlar çatışmazlıqlar barədə heç kimin bilməməsi üçün susmağa üstünlük verirlər. Ən yaxşı halda oğru saxlanılacaq. Lakin bank tərəfindən müdafiə sisteminin gücləndirilməsinə yönəlik sonrakı addımlar olmayacaq” – ekspert deyib.

    “Çünki təhlükəsizlik sistemindəki nöqsanı düzəltmək üçün sistemə, onun seçilməsi və tətbiq olunmasına görə cavabdeh olan bütün insanlar çağırılacaq, onlar da öz növbəsində sistemin istehsalçısına təzyiq göstərməlidirlər. Bu, kimin nəyinə lazımdır? Heç kimin. Çünki bu problemi həll etməkdən ötrü böyük xərclər lazımdır, bütün banklar isə qənaət etməyə çalışır” – Tvaradze əlavə edib.

    Onun sözlərinə görə, bank sektoru üçün IT və maliyyə təhlükəsizliyi sahələrində vəziyyətin gündəlik monitorinqi xidmətinin mövcudluğu artıq çoxdandır ki, standart xarakteri daşıyır: “Lakin Azərbaycan banklarında onlayn monitorinq mövcud deyil. Security Operation Center (SOC) zəruridir. O, ya bankın özündə olmalı, ya da 24 saat monitorinq üzrə xidmət göstərən hansısa əcnəbi şirkətlə razılaşma olmalıdır”.

    Müsahibimiz bildirib ki, bir sıra Azərbaycan bankları bu barədə Ukrayna və Belarus bankları ilə müqavilə imzalayıb: “Lakin problem ondadır ki, bu razılaşmalar qənaət səbəbindən çox məhduddur, ona görə də bu əcnəbi monitorinq mərkəzləri yalnız internet və bankın şəbəkəsi arasında anomal şəbəkə aktivliyi ortaya çıxara bilər. Bank şəbəkəsinin daxilindəki, bank sistemlərindəki aktivliklərlə müqayisə, tutuşdurma yoxdur”.

    “Tutaq ki, bankların çoxunun maliyyə əməliyyatı keçirmədiyi şənbə günü təhlükəli şəbəkə aktivliyi qeydə alınıb. Əməkdaşların çağırılması reaksiya baxımından vaxtın itirilməsidir. 24 saatlıq monitorinq mərkəzi olduqda həmin mərkəz insidentə dərhal reaksiya verir. Problem ondadır ki, öz onlayn monitorinqini qurmaq üçün çox yaxşı kadrlar, təcrübəli analitiklər lazımdır. Yalnız indi bizim banklar başa düşməyə başlayır ki, heç kim onların “kirli geyimində” eşələnmək istəmir. İxtisaslaşmış şirkəti öz məlumatlar bazana buraxmaq sabah baza barədə hər kəsin xəbər tutacağı anlamına gəlmir” – mütəxəssis qeyd edib.

    Tvaradzenin sözlərinə görə, onlayn maliyyə monitorinqi kartdakı və hesabdakı hərəkətləri izləyir: “Kimsə “28 Mall”-dakı bankomatdan pul çıxarır, 5 dəqiqədən sonra isə bu məlumatlar İspaniyadakı bankomatda qeydə alınırsa, bunun qarşısını almaq lazımdır. Çünki kimsə kart məlumatlarınızın surətini çıxarıb və oğurluq məlumatlardan istifadə edir. Onlayn monitorinq xidmətinin sayəsində bank təhqiqat üzrə baş ağrısından qurtulacaq, müştəri pulları xilas edildiyinə görə sevinəcək və banka hörməti artacaq”.

    Məsələn, dörd il əvvəl Gürcüstanda da eyni vəziyyət idi – banklar əcnəbi monitorinq mərkəzlərinə etibar etmirdi. Lakin sonra hər şey dəyişdi, banklar məqsədəyönlü şəkildə monitorinq mərkəzlərini axtarmağa və onlardan yalnız bank perimetrini yox, həm də maliyyə əməliyyatlarını monitorinq etməyi xahiş etməyə başladı. Çünki fırıldaq əməliyyatlarından, bank sistemlərinin soyulmasından baş çıxaran çoxlu sayda peşəkarları bankda toplamaq böyük xərclərə başa gəlir.

    Təəssüf ki, Azərbaycanda belə mərkəzlər yoxdur. Ən azından, iki 24 saatlıq monitorinq xidməti olmalıdır – maliyyə (hesablar və kartlarda əməliyyatlar) və IT təhlükəsizliyi üzrə. Banklarda bir nəfərin oturub kameralara baxdığı otaq var. O, orada nə görəcək? Heç nə. Çünki son 10 ildə Azərbaycanda hay-küylü bank soyğunları olmayıb.

    Bank soyğununu təşkil etmək üçün çoxlu sayda əməliyyat, vəsait və vaxt lazımdır. Bankdan pul oğurlamaq üçün isə çox şey lazım deyil. Yalnız kompüter və divan. Soyğunçu bankdan uzaqda təhlükəsiz yerdə əyləşib pulları oğurlamaq istəyir.

    Bu amil kibercinayətkarlığı cazibədar edir. Ona görə də hüquq-mühafizə orqanları əsas diqqəti kibercinayətkarlığa qarşı yönəltməlidir, bu sahədə öz kadrlarını inkişaf etdirməlidir. Azərbaycanda isə bu sahədə hər şey ibtidai səviyyədədir və heç bir inkişaf müşahidə olunmur. Milli monitorinq sistemləri, kadrlar, dövlət və özəl sektorların təhlükəsizlik xidmətləri arasında qarşılıqlı əlaqə lazımdır.

    Təsəvvür edin ki, hətta inkişaf etmiş ölkələrdə belə, müdafiə sistemləri cinayətkarlığın artımının qarşısını tam ala bilmir. Belə olan halda Azərbaycan barədə nə demək olar? Düzgün IT təhlükəsizliyi yalnız təhlükəsizlik vasitələrinin alınması deyil, həm də heyətin treninqi, moitorinq xidmətlərinin mövcudluğu, müştərilərlə iş və sairdir. Təəssüf ki, çoxları təhlükəsizliyə görə pul ödəməməyin cəzasının ağır olduğunu unudur.

  • Küçələrdə yaşayan tənha qadının ACI talehi -VİDEO

    Günlərlə soyuq havada küçədə qalan yaşlı qadın Bakıda sığınacağa yerləşdirilib.

    Median.Az xezerxeber.az-ın məlumatına görə, 65 yaşlı Zivər Abbasova xeyli müddətdir ki, çətin həyat sürür. Əvvəllər kafe-restoranlarda işləsə də, sonradan fiziki cəhətdən zəiflədiyindən işsiz qalıb. Odur ki, günlərlə küçədə ac-susuz yaşayıb.

    Zivər Abbasova həyat yoldaşını 9 il bundan qabaq şəkər xəstəliyi səbəbindən itirib. Sonradan isə özü də bu xəstəliyə tutulub. Soyuq havada küçələrdə gecələməsi onun xəstəliyini daha artırıb.

    Zivər Abbasova deyir ki, həyatda yeganə qohumları qardaşının həyat yoldaşı və uşaqlarıdır. Amma onlar yaşlı qadının ata mülkünü sataraq onu küçədə qoyub.

    Zivər Abbasova hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq”da məskunlaşıb. Yaxın günlərdə isə o, qocalar evinə yerləşdiriləcək.

  • “Haqqımı halal etmirəm” – Fərda çəkildiyi filmlərdən pulunu ala bilmir

    Tədbirlərin birində aktyor Fərda Amin media nümayəndələrinin suallarını cavablandırıb.

    Aktyor jurnalistlərə açıqlamasında bildirib ki, çəkildiyi bəzi filmlərdən hələ də qonorarını ala bilmir.

    “Neçə-neçə filmlərdən alacağım var. Açıqlamaq istəmirəm. Buradan da elan edirəm ki, bilərəkdən haqqıma girənlərin heç birinə haqqımı halal etməmişəm. Düzdür, məbləğ danışılır. Gəlirik. İş çıxır. Ondan sonra isə “oyunlar” başlayır. İstəməzdim belə şeylər olsun. İstənilən halda mən o filmə canımı qoyuram. Kim bu gün simamdan istifadə edib pul qazanırsa, onu 3 gün yeyər. Bundan artıq yeyə bilməz”.//Baku.ws

  • Taksi sürücülərinə ŞAD XƏBƏR – İstəkləri nəzərə alınacaq – RƏSMİ AÇIQLAMA

    Son aylar kamarelarla dayanma və durmaya nəzarət edildikdən sonra taksi sürücüləri qadağan edilmiş ərazilərdə sərnişin mindirib-düşürərkən cərimə olunurlar. Sürücülər də bunu düzgün hesab etmirlər. Bəs onlara gələcəkdə hansısa güzəştlərin edilməsi nəzərdə tutulubmu?

    Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli Bakıda bəzi küçələrdə parklanmalara icazə veriləcəyini bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı araşdırma aparılır.

    Bu arada, gələn aydan etibarən yeni taksi duracaqlarının tikintisinə başlanılacaq. Hətta artıq 240 taksi duracağının yeri də müəyyən edilib.

    Vüsal Kərimli qeyd edib ki, duracaqlarda yalnız fərqlənmə nişanı almış taksilər xidmət göstərə biləcək.

  • İlin sonunadək bütün avtobuslar kart sisteminə keçəcək

    2019-cu ilin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib.
    V.Kərimli qeyd edib ki, bununla bağlı müvafiq tapşırıqlar verilib:

    “Həmçinin ilin sonuna kimi “Bakıkart” ödəmə kartının balansının onlayn artırılması mümkün olacaq, bir sərnişinin gün ərzində “Bakıkart”dan nə qədər istifadə etdiyi bilinəcək.

    Bundan başqa, avtobus sürücülərinin özləri də kartla təmin ediləcək. Bu çox çətin prosesdir. Hazırda bununla bağlı bir şirkətlə danışıqlar aparılır. Razılıq əldə ediləndən sonra bu sistemin tətbiqinə başlanacaq və ilin sonuna qədər yekunlaşacaq”.

  • Həyəcan təbili: Azərbaycanda xəstəxanalarda yeni doğulanlara süni uşaq qidaları verilməməlidir!

    Yeni doğulan körpələrin xəstəxanada ana südü ilə qidalandırılması ilə bağlı tələblər daha sərt və dəqiq yerinə yetirilməlidir.

    Median.Az xəbər verir ki, bunu trend-ə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib.

    Onun sözlərinə görə, Azərbaycanda yalnız ana südü ilə qidalanma göstəricisi aşağıdır: “Düşünürük ki, bu, kifayət qədər məlumatlandırmama, yanlış məsləhətlərin verilməsi səbəbindən baş verə bilər. Bununla əlaqədar yeni ana olmuş qadınlarla ünsiyyətdə olan tibb işçilərinin təkrar məlumatlandırılmasına ehtiyac var”.

    E.Karvardin qeyd edib ki, dövlətin bu məsələ ilə bağlı konkret təlimatı və tələbləri var: “Bu tələblər birmənalı şəkildə yerinə yetirilməlidir. Yəni xəstəxanalarda yenidoğulan uşaqlara süni uşaq qidalarının verilməsinə ümumiyyətlə yol verilməməlidir. Bu, Azərbaycan dövlətinin təlimatlarında da nəzərdə tutulub”.

    UNICEF rəsmisi əlavə edib ki, həyatının ilk dövründə körpənin ana südü ilə qidalanması onun sağlamlığına birbaşa təsir edir. Ananın orqanizmindəki antitellər körpəyə ötürülür və onun immunitetini gücləndirir:

    “Bu, körpənin həm fiziki inkişafına, həm də beyninin inkişafına çox müsbət təsir edir və yalnız ana südü ilə qidalanma gələcəkdə uşağın sağlam böyüməsi üçün əhəmiyyətlidir. Düşünürük ki, bu sahədə tələblər daha sərt və dəqiq yerinə yetirilməlidir”.

    Qeyd edək ki, 2017-ci ildə (2018-ci il üzrə göstəricilər hələ açıqlanmayıb) ümumilikdə 3 aya qədər uşaqların 89,7 min nəfəri ana südü ilə qidalanıb. 2005-ci ildə belə körpələrin sayı 95,2 min nəfər olub.

    2017-ci ildə 6 aya qədər körpələrin 69,7 min nəfəri (2016-cı ildə 73,9 min nəfər) ana südü ilə qidalanıb ki, onların da 41,3 mininə (2016-cı ildə 41,5 min) yalnız ana südü verilib.

    Azərbaycandakı körpələrin 55,4 mini 12 aya, 16,8 mini 1,5 yaşa, 7,8 mini isə 2 yaşına qədər ana südü ilə qidalanıb.

  • Goranboyda B-30 partladıcısı aşkarlandı

    Goranboy rayonu, Erkəc kəndi ərazisində mərminin tapılması barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumatlar daxil olub.

    Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xocalı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Xocalı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə qədim Alban kilsəsinə baxış keçirilib.

    Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Xocalı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd B-30 partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Partladıcının ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.