Month: April 2019

  • Ağcabədidən Bakıya gələn 28 yaşlı qız itkin düşdü

    Ağcabədidən Bakıya gələn 28 yaşlı qız itkin düşüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Sadıqova Bəsti Allahverdi qızı bir neçə gün əvvəl rayonda yaşadığı evdən çıxaraq itkin düşüb.

    B.Sadıqova evdən çıxarkən Bakıya qohumunun evinə getdiyini deyib.

    Ailə üzvlərinin dediyinə görə, B.Sadıqovanın psixi pozuntuları var.

    B.Sadıqovanı sonuncu dəfə Bakı şəhəri, Səbail rayonu ərazisində görüblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Ana 14 yaşlı qızını zorla ərə verdi və … – Azərbaycanda ŞOK OLAY

    Bakıda 14 yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan Lerik rayon sakini, 1998-ci il təvəllüdlü Arzuman Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az teleqraf.com-a istinadən xəbər verir ki, Arzuman Həsənov 2018-ci ilin yanvarın əvvəllərində Abşeron rayonu Müşfiq qəsəbəsində yerləşən fermanın yaşayış sahəsindəki evdə, 13 yanvar 2018-ci il tarixdən isə Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən “Cücə” fermasının yaşayış sahəsindəki evdə 2004-cü il təvəllüdlü Ləman Məmmədova (ad və soyad şərti verilib – red.) ilə qeyri-rəsmi nikahda yaşayıb.

    Arzuman Həsənov Ləmanla ailə münasibətlərində olub və bu, 2018-ci ilin iyun ayınadək davam edib.

    Ləman Məmmədovanın atası qızının ərə verilməsindən xəbər tutduqda bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Əslən lerikli olan kişi qızının paytaxtda zorla anası tərəfindən ərə verildiyini, yetkinlik yaşına çatmadığı hamilə qalmasından şikayətçi olub.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparıb və şikayətin düzgün olduğunu, yetkinlik yaşına çatmayan qızın ərə verildiyi üzə çıxıb. Polisin keçirdiyi əməliyyat nəticəsində Arzuman Həsənov həbs edilib.

    İstintaq orqanı tərəfindən Arzuman Həsənovun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

    Xəzər rayon Məhkəməsinin hökmü ilə Arzuman Həsənov 3 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan Arzuman Həsənov apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsi tərəfindən sərt cəza təyin edildiyini göstərib. Arzuman Həsənov hökmün dəyişdirilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

    Qeyd edib ki, özünün və zərərçəkmiş şəxs yaxın qohumları tərəfindən evləndirilib, erkən nikaha daxil olublar. Onun bildirdiyinə görə, onların hətta toyları da olub.

    Arzuman Həsənov bildirib ki, zərərçəkmişin ona qarşı heç bir tələbi və iddiası yoxdur: “Zərərçəkmiş şəxs məni öz əri kimi qəbul edir. Mənim azadlığa çıxıb, öz evinə qayıtmasını istəyir”.

    Arzuman Həsənovun şikayətinə görə, böyrək xəstəliyindən əziyyət çəkir, ailənin yeganə qazanc gətirən üzvüdür. O, yaşayış yerindən müsbət xarakterizə olunduğunu, əvvəllər məhkum olunmadığını göstərib.

    Arzuman Həsənovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Namiq Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Apelyasiya şikayəti təmin olunmayıb.

  • Mülki geyimli DYP əməkdaşı protokol yazır? – FOTO

    Bir müddət əvvəl Dövlət Yol Polisi (DYP) əməkdaşının mülki geyimdə protokol yazdığına dair görüntülər yayılıb.

    Fotodan mülki geyimli DYP əməkdaşı olduğu iddia edilən şəxsin “KİA” markalı, 90 YP 586 dövlət nömrə nişanlı avtomobildə xidmət apardığı görünür.

    Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev oxu.az-a bildirib ki, bu istiqamətdə araşdırma aparılır:

    “Məsələ ilə bağlı araşdırma aparılır. Yekun nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək”.

  • Bakıda 16 dərəcə isti olacaq

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 13-16, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

    Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşama doğru bəzi qıraq qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-9, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.

  • Nazir Aprel döyüşlərinin detallarını açıqladı: Müdafiə xəttini 18 dəqiqəyə yardıq

    Aprel döyüşlərində Azərbaycan Ordusunun 20 faizi bütün Ermənistan ordusunu 3-4 günə darmadağın edib.

    Bu sözləri müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində deyib.

    O bildirib ki, döyüşlər zamanı ordumuz yüksək bacarıq nümayiş etdirib:

    “Biz əks hücuma keçdik, ancaq itkilərimiz ondan üç dəfə az oldu. Hər bir şəhidimiz bizim üçün əzizdir. Amma ayrı yolumuz yoxdur, gərək biz Vətənimizi müdafiə edək. Döyüşlər hərbi baxımdan çətin vəziyyətdə keçdi.

    Gecə dağlarda, düşmənlə birbaşa təmasdan əks hücuma keçmişdik. Yaralı zabitlərimiz döyüşdən çıxmırdılar. Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu üç gündə darmadağın etdi. Onlarda güc də yoxdur. Bir istiqamətdə hücum etmək istədilər və nəticəsi olmadı.

    Azərbaycanın bir tankı minaya düşdü, sonra onu bərpa etdik, Ermənistan isə 30 tank itirdi. Bizdə top itkisi bir, ermənilərdə 15 oldu, 300-dən çox şəxsi heyət öldü. Aprel döyüşlərinin nəticəsi Ermənistan üçün faciəvi oldu.

    Onların bütün siyasəti Qarabağla bağlı milləti aldatmaqdan ibarət idi. Guya müdafiə xətti qurublar. Azərbaycan ordusu 18 dəqiqə ərzində bu xətti yarmışdı. 18 dəqiqədən sonra onlar qaçmağa başladılar”.

  • Bu küçələrdə hərəkət məhdudlaşdırılır

    Bu gün gecə saatlarından etibarən bəzi ərazilərdə hərəkət məhdudlaşdırılacaq.

    “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq 4 apreldən 5 aprelə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhyə Hüseynov küçəsinin bir hissəsində hərəkət qısa müddətlik məhdudlaşdırılacaq.

    Hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Ordubadi küçəsi ilə kəsişməsində yerləşən dairədən Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və 5 aprel tarixində axşam saatlarınadək qüvvədə olacaq.

  • Bakıda satılan uşaq qidasında təhlükə aşkarlandı – FOTO

    Bakıda marketlərdə satılan “Malyutka-2” əmtəə nişanlı uşaq qidasının içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluq məlumat yayıb.

    Əməliyyat tədbirləri zamanı “Malyutka – 2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib.

    Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

    Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka – 2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur.

    Araşdırmaların nəticəsinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcək.



    //oxu.az

  • Bakıda 30 köçkün ailəsi qəzalı yataqxanada yaşayır – VİDEO

    Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsində yerləşən 17 saylı yataqxanada 30 ailə qəzalı vəziyyətdə olan evlərdə yaşayır.

    Məcburi köçkünlərin məskunlaşdığı yataqxana neçə illərdir ki, bu vəziyyətdədir.

    Binada bir neçə nəfər dəfələrlə ölümlə üz-üzə qalıb.

    Sakinlər binanın xəstəlik yuvasına çevrildiyini bildirir.

    Baku TV əməkdaşlarının hazırladığı reportajı təqdim edirik:

  • Müharibədə bir övladını itirdi, 24 il sonra eyni taleyi yaşadı – VİDEO

    Vətən uğrunda iki oğlunu şəhid verən Zeynəb Bayramova Qarabağ müharibəsinin hər üzünü görmüş anadır.

    Oğullarından biri – Mehman Bayramov 1992-ci ildə Qarabağ müharibəsində, digər övladı Vaqif Bayramov 2016-cı ildə işğal altındakı Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

    Zeynəb Bayramova oğulları ilə bağlı xatirələrini Baku TV ilə bölüşüb.

  • “Diqlas”ın sahibkarlarına veriləcək pulun – MƏBLƏĞİ VƏ ŞƏRTLƏR

    İqtisadiyyat Nazirliyinin Kollegiyası “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərlməsi Qaydası”nı təsdiqləyib.

    Qaydalar aprelin 4-dən, yəni bu gündən qüvvəyə minir.

    Qaydaya əsasən, zərər çəkmiş sahibkarların müəyyən edilməsi məqsədilə ticarət mərkəzində fəaliyyət göstərən və yanğından zərər çəkmiş digər sahibkarların siyahısı və onlarla bağlanmış müqavilələr və ya digər təsdiqedici sənədlər icarəyə verən tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim edilir.

    Təqdim edilmiş siyahıda zərər çəkmiş sahibkarın adı, soyadı, atasının adı, VÖEN-i, icarəyə götürdüyü ticarət obyekti barədə məlumatlar göstərilir və icarəyə verənin səlahiyyətli nümayəndəsi (nümayəndələri) tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

    Yanğından zərər çəkmiş sahibkarlara maddi yardım nağdsız qaydada ödənilir.

    Zərər çəkmiş sahibkarlar maddi yardımın alınması üçün ərizə forması və şəxsiyyəti təsdiq edən sənəd ilə nazirliyə müraciət edirlər. Ərizəyə icarəyə verənlə bağlanmış icarə müqaviləsinin surəti və ya digər təsdiqedici sənəd əlavə edilir.

    Maddi yardımı almaq hüququ olan şəxsin özü müraciət edə bilmədikdə, onu təmsil edən nümayəndə bu Qaydada nəzərdə tutulmuş sənədlərlə yanaşı notarial qaydada təsdiq olunmuş etibarnaməni təqdim edir. Ərizəçi ərizə formasını əldə edə bilmədikdə, nazirliyin səlahiyyətli işçisi ona ərizə formasını təqdim edir və ərizənin doldurulması qaydasını izah edir.

    Nazirlikdə zərərçəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili üçün yaradılmış İşçi Qrupu tərəfindən maddi yardımın ödənilməsi üçün müraciət etmiş ərizəçilərin məlumatları icarəyə verən tərəfindən təqdim edilmiş məlumatlara uyğunluğu yoxlanılır.

    Ərizənin düzgün tərtib olunduğu və sənədlərin tələb olunan qaydada təqdim edildiyi halda İşçi Qrupu tərəfindən protokolla rəsmiləşdirilir və ərizəçiyə protokoldan verilir.

    Çıxarışın verilməsi maddi yardımın köçürülməsinə əsasdır. Ərizəçi haqqında məlumatlar icarəyə verən tərəfindən təqdim edilmiş siyahıda olmadıqda, siyahıdakı məlumatlara uyğun gəlmədikdə, icarəyə verən ilə bağlanmış icarə müqaviləsi və ya digər təsdiqedici sənəd olmadıqda İşçi Qrupu tərəfindən sahibkar və icarəyə verənin səlahiyyətli nümayəndəsinin iştirakı ilə operativ şəkildə araşdırma aparılır.

    Araşdırmanın nəticəsi müsbət olduqda İşçi Qrupu tərəfindən maddi yardımın verilməsi barədə qərar protokolla rəsmiləşdirilir və ərizəçiyə çıxarış verilir. Maddi yardımın ödənilməsi üçün əsas müəyyən edilmədikdə müraciət etmiş ərizəçiyə maddi yardımın ödənilməsindən imtina olunur.

    Maddi yardımın ödənilməsindən imtina barədə qərar İşçi Qrupunun protokolu ilə rəsmiləşdirilir və bu barədə 3 iş günü ərzində ərizəçiyə sifarişli məktubla bildiriş göndərilir və ya şəxsən ərizəçiyə imza etdirməklə təqdim olunur.

    Maddi yardımın məbləği aşağıdakı qaydada müəyyən edilir:

    – mağaza, anbar icarəyə götürmüş zərər çəkmiş sahibkara – 10000 manat;

    – piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara – 2000 manat.

    – Maddi yardım zərər çəkmiş sahibkara dəymiş ziyandan artıq ödənilmir.

    “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2019-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar Nazirliyə ayrılmış vəsait Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin hesabına köçürülür.

    Zərər çəkmiş sahibkara çıxarış verildiyi gündən 5 iş günü müddətində maddi yardımın məbləği Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən zərər çəkmiş şəxsə plastik kart vasitəsilə təqdim edilir.

    Nazirlik maddi yardımın ödənilməsi ilə əlaqədar məlumatları mütəmadi olaraq rəsmi internet səhifəsində yerləşdirir.

    Zərər çəkmiş sahibkarlar maddi yardımın ödənilməsində operativliyin təmin edilməsi və lazımi məlumatların alınması məqsədilə nazirliyin 012-404-04-01 və ya 195-2 nömrəli qaynar xəttinə müraciət edə bilərlər.

    Zərər çəkmiş sahibkarlar maddi yardımın ödənilməsindən imtinadan “İnzibati icraat haqqında” qanuna uyğun olaraq şikayət verə bilər.