Month: July 2019

  • Ailənin yeganə övladı itkin pilot haqqında bilmədiklərimiz – FOTO

    İyulun 24-də axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin “Miq-29” təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev haqqında bəzi məlumatları çatdırırıq.

    Rəşad Atakişiyev Şəmkirin Qılıncbəyli kəndində doğulub. Ailənin bir övladı olub. Anası rusəsillidir. Orta məktəbi Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Müəllimlərin sevimli şagirdi olub. Bacarığı və istedadı ilə həmişə sinif yoldaşlarından fərqlənib. Məktəbi çox yüksək qiymətlərlə başa vurub. Sonra Hərbi Hava Qüvvələri məktəbinə daxil olub. Oranı da yüksək qiymətlərlə başa vurub. Polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

    Xəbəri eşidən Qılıncbəyli sakinləri hələ də onun qəzaya düşdüyünə inanmadıqlarını, çox sarsıldıqlarını bildirirlər. Son vaxtlar işlərinin çoxluğu ilə əlaqədar kəndə gec-gec gəlməsinə baxmayaraq, vaxtaşırı kənddə yaşayan doğmalarını ziyarət edirmiş.

    Onu da xatırladaq ki, polkovnik-leytenant tanınmış politoloq Qabil Hüseynlinin kürəkəndir və hərbi hissə komandirinin müavini olub.

    ///Hafta.az

  • Azərbaycanda dəhşətli qətl – Qısqandığı bibisinin boğazını kəsdi

    Şəmkir rayonunda bibisini öldürən şəxs saxlanılıb.

    Hadisəni törədən şəxs qaçıb gizlənsə də, polisin araşdırmaları zamanı onun yeri müəyyənləşib.

    Beləliklə də, polisin keçirdiyi əməliyyat nəticəsində bibisini öldürən 1999-cu il təvəllüdlü Ayxan Zamanov tutulub.

    Qeyd edək ki, qətlə yetirilən Aynurə Zamanova həyat yoldaşından boşanıbmış. Xəstəxanaların birində tibb bacısı işləyirmiş.

    * * * * *

    Şəmkir rayonunda ağır qətl hadisəsi baş verib.

    1980-cü il təvəllüdlü Şəmkir rayon sakini Aynurə Zamanovanın bədənin deşilmiş vəziyyətdə cəsədi aşkar edilib.

    Aparılan ilkin istintaq əməliyyat tədbirləri zamanı məlum olub ki, 25 yaşlı qadını qardaşı oğlu qısqanclıq zəmnində qətlə yetirib.

    Cinayəti törədən şəxs bir uşaq anası olan qadına bir neçə bıçaq zərbəsi vurub.

    Ardından qadının boğazını kəsib.

    Faktla bağlı Şəmkir rayon Prokurorluğuda cinayət işi açılıb.

    İstintaq tədbirləri davam etdirilir.

    ///Baku.ws

  • Azərbaycanda hüquqi şəxslərin sayı artır

    2019-cu ilin ötən altı ayında Azərbaycanda 7111 hüquqi şəxs qeydiyyata alınıb. Onların mütləq əksəriyyəti (85,7 faizi) elektron qeydiyyat xidmətindən istifadə edib.

    Bu barədə Vergilər Nazirliyinin yaydığı məlumatda deyilir.

    Bildirilir ki, buna təsir edən səbəblərdən biri 2019-cu ildən hüquqi şəxslərin elektron qeydiyyatının sadələşdirilməsidir. Elektron imza olmadan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyatı imkanının yaradılması nəticəsində bu xidmətdən istifadə edənlərin sayı yüksək sürətlə artır.

    2019-cu ilin altı ayında qeydiyyata alınan hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artıb, e-qeydiyyatın xüsusi çəkisi isə 79,6 faizdən 85,7 faizə yüksəlib.

    Məlum olduğu kimi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda edilmiş dəyişikliklər nəticəsində cari ilin əvvəlindən başlayaraq hüquqi şəxsin dövlət qeydiyyatı, ƏDV qeydiyyatı və bank hesabının açılması cəmi bir prosedurla icra olunub tamamlanır.

    Qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, həmçinin qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Yeni xidmətdən yararlanan istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kod və mobil nömrə ilə indentifikasiyadan keçirlər.

    Qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil edilir və bir prosedurla sənədlər təsdiqlənməklə hüquqi şəxsin qeydiyyat prosesi yekunlaşır. Yeni elektron qeydiyyat sistemində əmək müqaviləsi bildirişləri barədə məlumatlar avtomatik olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilir.

    Həmçinin, vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, ona bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi və biznes tipli sertifikatın əldə edilməsi üçün müraciətin sertifikat xidmətləri mərkəzinə göndərilməsi təmin olunur. Başqa sözlə, bir prosedurun yekunlaşması ilə daha dörd fərqli proses yerinə yetirilmiş olur.

    Yeni elektron qeydiyyat sisteminə əsasən qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və sahibkarlar üçün bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət yaranmır.

    Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi sənəd olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlar tərəfindən elektron formada qəbul edilməsi təmin edilir. Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə elektron hökumət portalında müvafiq inzibati reqlament, “İnternet Vergi İdarəsi”ndə isə “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı” (elektron imza olmadan) təlimatı yerləşdirilib.

    Aparılmış islahat Azərbaycanın “Doing Business” hesabatında mövqelərinə də müsbət təsir edir. Hazırda “Doing Business 2019” hesabatında Azərbaycan “Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında doqquzuncu yerdədir.

    “Doing Business 2019” hesabatında Azərbaycan üçün “Biznesə Başlama” indikatoru üzrə üç prosedur, 3,5 gün və 18 manat xərc nəzərdə tutulub.

    Qeyd olunan dəyişikliklər nəticəsində biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra enib və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət bir prosedur çərçivəsində 0,5 gün ərzində onlayn qaydada qeydiyyata alınır.

  • Küçə sənətçilərinə – ŞAD XƏBƏR

    Azərbaycanda küçə sənətçiləri vergidən azad olacaqlar.

    Bunu Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən “Küçə sənətçiləri” layihəsinin təqdimatında deyib.

    O bildirib ki, küçə sənətçiləri vergiyə cəlb olunmayacaq:

    “Onlar üçün şəhərin müəyyən istiqamətlərində şərait yaradılsa da, buna görə vergi ödəməyəcəklər. Çünki turistlər və ya hər hansı şəxs sənətçiyə verdiyi pulun məbləğini özü qərarlaşdırır. Ümumiyyətlə, turistlərin onlara verdiyi pul bəxşiş hesab edilir. Bir sözlə, küçə sənətçiləri vergidən azaddır”.

    R.Bağırov onu da qeyd edib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da turistlərin diqqətini çəkmək məqsədilə bir sıra layihələr gerçəkləşdiriləcək:

    “Bütün dünyada küçə sənətçiləri arasında kastinq keçirilir. Aərbaycanda da bu istiqamətdə yeni layihənin icrasına başlayırıq. Xüsusilə paytaxtın üç istiqamətində – İçərişəhər, Nizami küçəsi və Dənizkənarı Milli Parkda küçə sənətçilərinin fəaliyyətinə imkan yaradılacaq.

    Küçə sənətçilərinin fəaliyyət göstərməsi üçün yayda açıq, qışda isə qapalı məkanların ayrılması planlaşdırılır. Kastinqə gələnlərdən heç bir ödəniş və yaxud rüsum tələb olunmur”.

  • Azərbaycanlı Rusiyada yol polisinə rüşvət vermək istədi, iş məhkəməyə getdi

    Azərbaycan vətəndaşı Rusiyanın Bryansk vilayətində rüşvət verməyə cəhd etməkdə təqsirli bilinib.

    Bryansk vilayətinin Vıqoniçsk rayon prokurorluğu Azərbaycana qarşı cinayət işi üzrə ittihamı dəstəkləyib.

    O, rüşvət verməyə cəhddə təqsirli sayılır. Məhkəmədə müəyyən edilib ki, azərbaycanlı iyunun 19-da Bryansk-Novozıbkov trasında Dövlət Partul Xidmətinə məxsus xidməti avtomobilin salonunda Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşına rüşvət verməyə çalışıb.

    O, yol hərəkəti qaydalarını pozduğuna görə min rubl qarşılığında inzibati məsuliyyətdən xilas olmağa cəhd edib.

    Müfəttiş təklifdən imtina edərək bu barədə rəhbərliyə məlumat verib.

    Məhkəmə sürücünü 30 min rubl məbləğində cərimələyib. Hökm hələlik qanuni qüvvəyə minməyib.

  • Sabah az yağış yağacaq

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 27-si Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 55-60 faiz olacaq.

    Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın əksər rayonlarında hava yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 14-18, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

  • Bakı bulvarındakı attraksionlar təhlükəsizdirmi?

    Bu yaxınlarda Hindistanın Əhmədabad şəhərində parkda faciəvi hadisə baş verib. Belə ki, attraksionlardan biri gövdəsindən qırılıb, əyləncə qurğusu 20 metr yüksəklikdən aşağı düşüb. Hadisə zamanı üç nəfər ölüb, 28 nəfər isə xəsarət alıb.

    Attraksionlardan söz düşmüşkən, Azərbaycanda ən çox əyləncə qurğularının olduğu məkan Bakı bulvarıdır.

    Bakı Bulvarında bu cür bədbəxt hadisələrin baş verməməsi üçün hansı tədbirlər görülür? Attraksionların yoxlanılması hansı şəkildə həyata keçirilir?

    Məsələ ilə bağlı oxu.az-a açıqlama verən Bakı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı milli parkda yerləşən attraksionların hər gün səhət texniki baxışdan keçirildiyini bildirib:

    “Texniki baxımdan yoxlanılır ki, hər hansı bir hadisə baş verməsin. Yoxlama bittikdən sonra isə əhalinin istifadəsinə təqdim edilir. Hər hansı ehtimala görə bu tədbirlər həyata keçirilir.

    Ümumiyyətlə, ildə bir dəfə bütün attraksionlar geniş formada texniki baxışdan keçirilir. Ən son bu mövsüm ərəfəsində yoxlama olub. Bu, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birgə həyata keçirilir. Baxış təhlükəsizlik standartları əsasında olur. Onun hazır olması ilə bağlı rəsmi sənəd verilir. Ondan sonra istifadəsinə icazə verilir”.

    Günay Yelmarqızı üç ildən bir attraksionların hərtərəfli, ümumi və ətraflı şəkildə nəzarətdən keçirildiyini vurğulayıb.

    Qurum rəsmisi əlavə edib ki, bu günə kimi attraksionlarla bağlı hər hansı problem qeydə alınmayıb:

    “Bu məsələ ciddi olduğu üçün həmişə diqqət mərkəzindədir. Çünki burada insan faktoru var. Ona görə də texniki qurğular həmişə gündəlik nəzarətdədir”.

  • İlk altı ayda gələn turistlərin sayı açıqlandı

    2019-cu ilin birinci yarısında Azərbaycana 1 milyon 409 min 7 yüz turist gəlib.

    Bu barədə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov bildirib.

    R.Bağırovun sözlərinə görə, bu rəqəm 2018-ci illin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artım deməkdir.

    “Formula 1” çərçivəsində Azərbaycana dörd ölkədən 75 min turist gəlib. Ötən illə müqayisədə bu rəqəmlərdə də artım var.

    Ölkədəki turistlər arasında, xüsusilə, Böyük Britaniya və Çindən gələnlər üstünlük təşkil edir.

    Xatırladaq ki, cari ilin mart ayında Dövlət Turizm Agentliyi ilə Çin hökuməti arasında əldə edilən razılaşma turist sayının artmasına təsir edib.
    /oxu.az/

  • Bakı polisindən küçə ticarəti ilə bağlı – AÇIQLAMA

    Polisin küçə ticarəti ilə mübarizə tədbirlərinin keçirilməsində əsas məqsəd cəmiyyəti bu məsələdə həssas olmağa səfərbər etməkdir. Küçə ticarətinə qarşı ictimai baxış dəyişməlidir.

    Bu barədə oxu.az-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

    Onun sözlərinə görə, ictimai fikir qanunsuz küçə ticarətini ümumi qəbul olunan davranış normaları çərçivəsində görə bilməz:

    “Çünki konkret səbəblər var: küçə ticarəti insan sağlamlığına zərər vurur, ətraf mühitin çirkələnməsi, epidemoloji təhdid və vergidən yayınmaya şərait yaradır. Bununla bağlı suallara bu sahənin mütəxəssisləri cavab verməklə cəmiyyəti məlumatlandıra bilər”.

    E.Hacıyev əlavə edib ki, küçə ticarəti ilə bağlı polisin tədbirlərini ictimai müzakirəyə çıxaran bəzilərinin subyektiv fikirləri ziddiyyətli yanaşmanın nümunəsidir və ənənəvi populizmdir:

    “Polisdən bu əmələ göz yumulmasını tələb etmək ictimai məsuliyyətsizliyi təşviqdan başqa heçə nə deyil”.

  • Kirayə ev axtarırsınızsa, indidən tutun – Ən yaxın zamanda qiymətlər əl yandıracaq

    Növbəti dərs ilinin başlanması ilə əlaqədar olaraq bir neçə həftə sonra tələbələr yenidən paytaxta axışacaqlar. Bu isə kirayə mənzil bazarında canlanma yaradacaq.

    Hazırda imtahan nəticələrinə uyğun olaraq ev axtarışına çıxan tələbələr belə var. Lakin ucuz evlər bir neçə aydır ərşə çəkilib.

    Mövcud vəziyyəti nəzərə alaraq, mənzil bazarındakı son durumu və kirayə evlərin qiymətində yaranan artımların səbəbini öyrənmək üçün ekspertlərə müraciət etdik.

    “Əmlak Ekspert Mərkəzi”nin sədri Ramil Osmanlı oxu.az-a açıqlamasında bu il kirayə evlərin minumum qiymətinin 300 manatdan başlayacağını bildirib:

    “Hələ ki, tələbələrin geri dönüş prosesi başlamayıb. Bu proses yerləşmə məlum olduqdan sonra baş verir. Bu da təqribən avqust ayının ikinci on günlüyünə təsadüf edir. Hələ ki bazarda sabitlikdir. Hər hansı formada dinamik dəyişiklik müşahidə edilmir.

    Ola bilsin ki, müəyyən şəxslər nəticələrinə əsaslanaraq mənzili indidən axtarırlar. Çünki onlar üçün mənzilin oxuduqları təhsil müəssisəsinə yaxın və ya uzaq olmasının fərqi yoxdur. Amma bəzi şəxslər düşünürlər ki, tədris müəssisəsini öyrəndikdən sonra seçimə başlamalıdırlar. Bunlar isə təhsil alacaqları ali məktəbə yaxın mənzil tapmaq istəyənlərdir. Bu mənada hələ ki kütləvilik müşahidə edilmir.

    Üstünlük daha çox bir və ya iki mərtəbəli fərdi yaşayış evlərindən ibarət olan “Sovetski”, “Kubinka”, “Montin” və Yasamal kimi yaşayış massivlərinə verilir. Məsələn, 3 və ya 4 nəfər yığışıb 500 manatlıq ev tutur”.

    Ekspert qeyd edib ki, tələbin artımı, müəyyən mənada müraciətlərin çoxluğu qiymətə təsir edəcək.

    “Az da olsa qiymət artımı baş verəcək.

    Keçən il mənzillərin qiyməti minimum 250 manatdan başlayırdı. Fərdi yaşayış evlərində isə otaq sayına görə qiymət dəyişirdi. Yəni minimum 200 manatdan başlayırdı. Bu il isə artıq 250 manata kirayə ev tapmaq mümkün deyil. Minumum qiymət 300 manat olacaq”.

    Məsələ ilə bağlı saytımıza açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov daha çox aparıcı universitetlərin yaxınlığında yerləşən mənzillərdə süni şəkildə qiymət artımlarının olacağını proqnozlaşdırır:

    “Aparılan monitorinqlər göstərir ki, son 2 ayda kirayə bazarında qiymətlərin artımı praktiki olaraq dəyişməyib. Hətta bəzi kirayə evlərində qiymətin cüzi də olsa azalması müşahidə olunub. Xüsusən də bahalı evlərdə. Amma bizim qiymətləndirməmiz göstərir ki, avqustun ikinci yarısından etibarən kirayə ev bazarında, xüsusən də nisbətən ucuz kirayə evlərdə qiymət artımları müşahidə olunacaq. Nəzərə alsaq ki, yeni qəbul olunan tələbələr Bakıya gəlir. Bu da Bakıda kirayə mənzillərə olan təlabatın artmasına səbəb olur.

    Eyni zamanda yeni tələbələrlə yanaşı, öncədən Bakıda oxuyanların bir qismi artıq yeni evlər axtarır. Bu konteksdən qiymətlərin artımı gözlənilir. Qiymət artımı bahalı evlərdə müşahidə olunmayacaq. Çünki tələbələr bahalı evlərə üstünlük vermir. Bu səbəbdən daha çox köhnə tikililərdə 2, 3 otaqlı kirayə mənzillərdə qiymət artımının olması gözlənilir.

    Güman edilir ki, sentyabr ayının sonuna doğru qiymətlər stabilləşəcək. Amma bu, evlərin yerindən asılı olacaq. Xüsusən də aparıcı universitetlərə yaxın ərazilərdə daha çox qiymət artımı baş verəcək. Mövsumi dəyişiklik olacaq. Bu da artıma səbəb olacaq. Amma bu heç də ciddi qiymət artımlarına gətirib çıxarmayacaq.

    Onu da əlavə edim ki, süni şəkildə, xüsusən aparıcı universitetlərə yaxın ərazilərdə kirayə evlər daha çox yüksək qiymətə təklif ediləcək. Bu da bazarda suni qiymət artımlarının yarana biləcəyindən xəbər verir”.