Month: August 2019

  • Uşağın ağzında 526 artıq diş tapıldı – VİDEO

    Hindistanda yeddi yaşlı oğlan uşağının 526 ədəd artıq dişi çıxarılıb.

    Ravindran soyadlı uşağı aşağı çənəsinin sağ küncündə böyüyən şişə görə həkim yanına aparıblar.

    Həkimlər müayinə apardıqdan sonra onu cərrahiyyə əməliyyatına alıblar. Əməliyyat nəticəsində çəkisi 200 qram olan şiş götürülüb.

    Tibb işçiləri güman edirlər ki, genetika və ətraf mühit belə anomaliyanın əmələ gəlməsinə səbəb olub.

    İndi Ravindranın 21 dişi var və bu qədər dişin olması onun yaş dövrü üçün normal hesab edilir.

  • Fermerlərə kart paylanacaq – Vaxtı açıqlandı

    Bu ilin sonuna qədər Azərbaycanda fermer kartlarının paylanmasına başlanılacaq.

    Bunu jurnalistlərə açıqlamasında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.

    Onun sözlərinə görə, fermer kartları subsidiya alan fermerlər üçün hazırlanan xüsusi bank kartlarıdır:

    “Bu kartlar vasitəsilə onlar bir çox funksiyaları həyata keçirə biləcəklər. Karta yatırılan vəsaitin yalnız 25 faizini nağdlaşdırmaq olar. Kartlar “Kapital Bank” tərəfindən təqdim olunacaq”.

    M.Əliyev onu da bildirib ki, gələn ildən etibarən Azərbaycanda fermer kooperativləri ilə bağlı yeni subsidiya sistemi tətbiq olunacaq:

    “50 hektardan çox torpağı olan kooperativlər üçün əkin subsidiyasına 10 faiz əlavə tətbiq etmək nəzərdə tutulur. Yeni sistem çərçivəsində fermerlər birləşərək istehsal xərclərini azalda, bununla yanaşı, birgə fəaliyyət nəticəsində maliyyə imkanlarını da genişləndirə biləcəklər. Bu isə öz növbəsində, məhsuldarlığa müsbət təsir göstərəcək”.
    /oxu.az/

  • Yəməndə hərbi parada hücum – 32 ölü

    Yəmənin Ədən şəhərində hərbi parada hücum edilib.

    CNN xəbər verir ki, hadisə nəticəsində 32 nəfər ölüb. Yaralananlar arasında polis əməkdaşları da var.

    Hadisə partlayıcı qurğu quraşdırılmış avtomobillə törədilib.

    Partlayış ətrafdakı binalara da ziyan vurub.

  • 14 yaşlı Ruzi 20 günlük komadan ayıldı – FOTO

    Şamaxıda qəzaya düşərək ağır kəllə-beyin travması alan və 20 gün komada qalan 14 yaşlı Ruzi Həmidov sağlamlığına qovuşub.

    Onun müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib.

    Rayonun Sabir qəsəbəsinin sakini olan yeniyetmə mayın 2-də qəzaya düşüb. O, ilk olaraq Bakıdakı xəstəxanalardan birində müalicə alıb, daha sonra isə Türkiyəyə aparılıb.

    İki aylıq müalicədən sonra Həmidov vətənə qayıdıb. O, burada fizioterapiya və digər bərpaedici kurs keçəcək.


    /oxu./az

  • Dolu düşəcək, leysan olacaq

    Avqustun 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək.

    Mülayim şimal küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 30-35, Bakıda gecə 25-27, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz 35-40 faiz olacaq.

    Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında avqustun 2-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 22-27, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

  • Qurban bayramında hansı heyvanları kəsmək olmaz?

    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı münasibətilə tövsiyələrini açıqlayıb.

    Median.Az həmin tövsiyələri təqdim edir:

    “İslam dünyasının müqəddəs bayramlarından biri – “Eydül-Ədha” – Həzrət İbrahim əleyhissəlamın adı ilə bağlı olan Qurban bayramında müsəlman ümməti üçün böyük sevinc, fərəh, birlik və bərabərlik vardır. Müsəlmanlar Qurban bayramında bir-birlərini həcc, fədakarlıq, təvazökarlıq və bağlılıq günü kimi təbrik edir, valideynlərinə, yaxın qohumlarına baş çəkir, aztəminatlı ailələrə yardım edirlər. Bu, Həzrət İbrahimin gələcək nəsillər üçün örnək olan, Uca Yaradana bağlılığını sübut edən gözəl bir gün, İlahi fürsətdir.

    Qurban bayramı sevinc, təbrik və xatırlama günüdür. Hər bir imkanlı müsəlman üçün vacib buyurulan Həcc mərasiminin ən şərafətli məqamı olan, günahların Allah tərəfindən bağışlanmasını və Uca Yaradana şükr-sənanı təcəssüm etdirən mübarək Qurban bayramı ərəfəsində Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu əziz günlərdə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir.

    Azərbаycаn üfüqündə Zül-hiccə ayının hilalının görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccənin 10-na, Miladi təqvimlə 12 avqust tarixinə təsadüf edir. Bayram münasibətilə iki gün dövlətimiz tərəfindən qeyri-iş günü elаn edilmişdir. Dindarlar adından, Qurban bayramının layiqli şəkildə keçirilməsinə imkan və şərait yaradan dövlətimizə dərin minnətdarlığımızı və xeyir-dualarımızı çatdırırıq. Bu müqəddəs günlərdə Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti, işğal altında olan torpaqlarımızın azad olunması, dövlətçiliyimizin tərəqqisi üçün dualar edirik.

    Bildiririk ki, qurban kəsmək, əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş – müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar – bu böyük savabdır.

    Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbalara paylanması tövsiyə olunur.

    Qurbanlıq heyvan, şəriət qaydalarına uyğun olaraq kəsilərkən “Bismillаhi və billəhi vəllаhu əkbər” deyilməlidir. Qurbаn duаsının охunması məsləhətdir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil.

    Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan, insаnı öz yаrаdаnınа yахın edən Qurbаn bаyrаmının sevincini valideynlər, doğmalarla yanaşı qаçqın, köçkün, kimsəsiz sоydаşlаrımızа, mаddi sıхıntı çəkən insаnlаrа da yаşаtmаq, оnu hаmı ilə birgə könül хоşluğu ilə keçirmək savabdır. Qurban kəsməyə imkаnı оlmаyаnlаrın Qurbаn günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir.

    Аllаh-Təаlаnın insаnlаrın mənən sаflаşmаları və həmrəyliyə nail olmaları məqsədilə qərаr verdiyi bu bаyrаm günlərində kəsdiyiniz qurbаnlаrı, verdiyiniz ehsanları, etdiyiniz duaları qəbul etsin. Allah Vətənimizi hifz etsin. Аmin!”

  • Bağçalarda rüşvət problemi: bir uşaq üçün 300 manat tələb edilir? – AÇIQLAMA

    Azərbaycandakı uşaq bağçalarında yer çatışmazlığı valideynlərin tez-tez üzləşdiyi problemlərdən biridir. Buna səbəb kimi bağçaların az, uşaqların sayının çox olması göstərilir. Bu hal Bakı ilə yanaşı, digər şəhər və rayonlarda da müşahidə olunur.

    Valideynlər iddia edir ki, paytaxt rayonlarında yerləşən bağçaların müdirləri onların uşaqlarını yerləşdirmək üçün 300 manat pul tələb edir.

    Lakin Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Oxu.Az-a bildirilib ki, qurumun tabeliyində olan uşaq bağçalarında pul alınması barədə heç bir fakt yoxdur.

    Qeyd olunub ki, BŞİH-in tabeliyində 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir və orada 2152 qrupda 40 634 uşaq təlim-tərbiyə alır:

    “346 dövlət məktəbəqədər təhsil müəssisəsinin 107-də 757 məcburi köçkün ailəsi məskunlaşıb və ailələrin tərkibi 3569 nəfərdir. Hazırda Qaradağ rayonundakı “Qobu Park” yaşayış massivində 12 qrup 220 uşaq yeri olan və Yasamal rayonu Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilmiş 12 qrup 220 yeri olan məktəbəqədər təhsil müəssisələrinin BŞİH-in balansına verilməsi haqqında sənədləşmə işləri aparılır.

    Müvafiq Dövlət Proqramı hazırlanarkən uşaq yerlərinin artırılması məqsədilə həyətyanı sahəsi böyük olan müəssisələrdə əlavə 2-4 qrupluq (60-80 uşaq yeri) korpusların inşa edilməsi nəzərdə tutulub”.

    Abşeron rayonu, Məmmədli kənd sakini S.Quliyeva da uşağını dövlət bağçasına qoymaq istədikdə ondan 170 manat pul tələb edildiyini bildirir:

    “Qızımı bağçaya qoymaq üçün Məmmədli kənd uşaq bağçasına müraciət etdim. Mənə bildirdilər ki, sıxlıqdır, uşağı bağçaya qoymaq mümkün deyil. Daha sonra bağça müdirinin müavini mənə dedi ki, 170 manat versən, uşağı bağçaya yerləşdirmək mümkün olar. Halbuki dövlət bağçası ödənişsizdir”.

    Məsələ ilə bağlı Abşeron rayonu İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli bildirdi ki, Abşeron rayonunda əhalinin sayı çoxaldıqca bəzi sahələr üzrə ehtiyaclar yaranır:

    “Bu sahələrdən biri də uşaq bağçaları ilə bağlıdır.

    Hazırda rayon ərazisində fəaliyyət göstərən bağçalarda sıxlıq müşahidə olunur.

    Konkret sizin dediyiniz məsələyə gəkdikdə isə bununla bağlı bizə hər hansı müraciət daxil olmayıb. Çətinliklə üzləşən sakinlərdən xahiş edirik ki, bizə müraciət etsinlər. Biz də məsələni dərhal araşdırıb həll edək”.

    Təhsil eksperti Kamran Əsədov da dövlət bağçalarında uşaq qəbulu zamanı neqativ halların müşahidə olunduğunu deyir:

    “Bağça direktorları valideynlərə qarşı əsassız tələblər irəli sürür, müəyyən vəsait tələb edirlər. Bu da əlbəttə ki, yolverilməzdir.

    Bağçaların körpələrin təlim-tərbiyəsində mühüm rol oynadığı danılmaz faktdır. Hər yaş dönəminin öz xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar həmin xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyürlər. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları yaranır. Lakin azyaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünyanın aparıcı dövlətləri ilə müqayisədə çox aşağıdır.

    Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların cəmi 25 faizi məktəbə bağçalardan gəlir. Maddi-texniki baza, binalar bəs etmir ki, digər uşaqlar da bağçalara cəlb olunsun. Məsələn, ABŞ-da bağçaların 80%-i özəldir. Həmin bağçalardakı şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrindən daha yaxşı qurulub. Yəni dövlətin üzərinə az yük düşür”.

    Ekspert bildirib ki, bağçalar Təhsil Nazirliyindən alınıb icra orqanlarına verildikdən sonra onların fəaliyyəti diqqətdən kənarda qalıb:

    “Azərbaycanda bu sahəyə kifayət qədər vəsait ayrılmalı, özəl bağçaların şəbəkəsi genişləndirilməlidir. Bu cür pərakəndə şəkildə olmamalıdır. İş adamları özəlləşdirmək istədikləri bağçaları standartlara uyğunlaşdırmalıdırlar. Bəzi vaxtlar özəlləşdirilən bağçalar məktəbəqədər müəssisə kimi fəaliyyət göstərmir. Normativlər – uşaq bağçasının quruluşu, işləmə metodu, idarə edilməsi – hələ dünya standarlarına cavab vermir.

    Bizim məktəbəqədər təhsil müəssisələrinin quruluşu ilə bağlı normativlər sovet dövrünün normativləri əsasında hazırlanıb. Bu da müasir normativlərlə uyğunlaşmır. Məsələn, məktəbəqədər təhsil müəssisələrinin otaqlarının sahəsi ilə bağlı normativlər var. Tədris otağı 20, uşaq otağı isə 50 kvadratmetr olmalıdır”.

    O vurğulayıb ki, özəl bağçalar istər qidalanma, istərsə də tədris baxımından dövlət bağçaları ilə müqayisədə yaxşı təşkil olunub. Burada çalışan işçi-tərbiyəçilər də uşaqlara daha həssas yanaşırlar:

    “Lakin özəl bağçalar müstəqil kommersiya fəaliyyəti həyata keçirdiyi üçün hansısa təhsil qurumunun onun fəaliyyətinə müdaxilə etməsi, yoxlama aparması mümkün deyil. Qanunvericiliklə yalnız onların təhlükəsizlik, vergi, sanitar qaydalara riayət edib-etməməsi yoxlanıla bilir.

    Təəssüf ki, heç bir qurum bağçalarla bağlı yoxlama aparmır. Hesab edirəm ki, bağçalar Təhsil Nazirliyinə qaytarılmalı, ayrıca bir komitə yaradılmalıdır. Necə ki, Peşə Təhsili Agentliyi yaradıldı və bütün peşə təhsili vahid sistemə tabe edildi, bu, bağçalara da şamil edilməlidir. Bu, həm də tədris vahidliyinin qorunması üçün labüddür”.

    K.Əsədov deyib ki, son dövrlərdə uşaq bağçalarında qidadan zəhərlənmə halları çoxalıb. Buna əsas səbəb məktəbəqədər təhsil müəssisələrində təhsil alanlara verilən qidaların köhnə olmasıdır:

    “Bir neçə il ərzində bağçaların icra hakimiyyətlərinin nəzdində olmasından narazılıq çoxalmağa başladı. Son vaxtlarda da yüksək dövlət qulluqçularının bağçaların BŞİH-dən alınmasını təklif etməsi İcra Hakimiyyətini narahat etməyə başlayıb.

    Azərbaycanda dövlət bağçalarında bir uşağın bir günlük qidalanmasına 5 manat 70 qəpik vəsait ayrılır. Normativə görə, bir körpəyə gün ərzində 120 qram çörək, 37 qram yarma və bu minvalla digər ərzaq komponentləri verilə bilər. Sözsüz ki, bu, uşaqların normal qidalanması üçün yetərli ola bilməz. Düşünürəm ki, meyvə, şirə, çörək, ət, tərəvəz, süd və s. məhsullar üzrə normalar artırılmalıdır. Bundan başqa, menyuda əti əvəz edən məhsullar, məsələn, lobya, mərci və s. də olmalıdır.

    Real vəziyyət odur ki, hazırda uşaq bağçalarında qidalanma tamamilə aşağı səviyyədədir. Bağçalara yemək paylanması məsələsinə də ictimai nəzarət yoxdur”.

  • Azərbaycan 2 milyardlıq borclanmadan imtina etdi – Nazir səbəbi açıqladı

    Dövlət borcu sahəsində bütün öhdəliklər yerinə yetirilir.

    Bunu Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxışı zamanı deyib.

    S.Şərifov bildirib ki, 2019-cu ilin dövlət büdcəsinin 6 aylıq icrasının göstəriciləri ölkə iqtisadiyyatında baş verən dinamik prosesləri təsdiqləyir:

    “Belə ki, dövlət büdcəsinin xərcləri 100,2 faiz səviyyəsində icra olunub – 10 milyard 951 milyon manat. Dövlət büdcəsinin gəlirləri isə 10 milyard 406 milyon manat məbləğində icra edilib. Dövlət büdcəsinin xərcləri artıqlaması ilə icra olunub. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən proqnoz göstəriciləri 108 faiz icra olunub. Çox yüksək göstəricilərdir. Vergilər Nazirliyinin xətti ilə yaxşı göstəricilərin biri də ondan ibarətdir ki, vergi daxilolmalarının 70 faizini qeyri-neft gəlirləri təşkil edib. Sair daxilolmalarda da vəziyyət qənaətbəxşdir, yəni büdcədən kənar daxilolmalar olub. Biz gözlədiyimiz templərdən bir qədər aşağı olsa da, ümid edirik ki, ilin sonuna bu vəziyyət tam düzələcək”.

    Nazir qeyd edib ki, cari ildə 5 milyard 980 milyon dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərimizin 37 faizi hələ ki 6 ay ərzində icra olunub:

    “Bunun bəzi obyektiv səbəbləri var. Onunla bağlıdır ki, bu məbləğdə təxminən 1 milyard 140 milyon manat kreditlər nəzərdə tutulub. Bu kreditlərin istifadə əmsalı əfsuslar olsun ki, o qədər də yüksək deyil. Hesab edirik, bizim bu kreditlərin icrası ilə məşğul olan aidiyyəti qurumlarımız bu sahədə işlərini sürətləndirməlidirlər. Bəzi hallar, şübhəsiz, təkcə onlardan asılı deyil. Müəyyən satınalma prosedurları var, beynəlxalq maliyyə qurumları tərəfindən onlar gözlənilməlidir. Bunlar da müəyyən vaxt tələb edir. Bir sıra hallarda Azərbaycan dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Hesab edirik ki, bunların ləngiməsi nəticəsində dövlət büdcəsinin vəsaitləri, əsasən də infrastruktur layihələrinin həyata keçirilməsi üzrə müəyyən geriləmələr var. Bu isə bizim vergi, gömrük orqanlarının işidir. Nəticə etibarilə, dövlət büdcəsinin gəlirlər proqnozunun və xərclərinin icrasında bizə müəyyən maneələr yarada bilər. Ona görə biz çalışırıq ki, dövlət büdcəsinin xərcləri ahəngdar icra olunsun və xərclərin böyük bir hissəsi ilin sonuna – noyabr-dekabr aylarına təsadüf etməsin”.

    O əlavə edib ki, dövlət büdcəsinin icrası tam təmin olunur. Dövlət borcu sahəsində də bütün öhdəliklər yerinə yetirilməkdədir. Orta və uzunmüddətli dövlət borcunun idarə edilməsi strategiyasına tam əməl olunur:

    “Borcun səviyyəsini endirməyə nail olmuşuq və biz bu səviyyənin saxlanılmasını təmin edirik. Onu da qeyd etmək istərdim ki, eyni zamanda, dövlət tərəfindən bəzi əhəmiyyətli layihələrə dövlət zəmanətləri verilir. O cümlədən, belə mühüm layihələrdən biri də Cənub Qaz Dəhlizi layihəsidir. Sevindirici haldır ki, bu layihə üzrə nəzərdə tutulmuş maliyyələşdirməyə tam ehtiyac yaranmayıb, lakin xarici maliyyə qurumları ilə danışıqlar aparılmışdı, yəni onlar bu vəsaitləri ayırmağa hazır idilər. Amma birinci paket olaraq biz 2 milyardlıq borclanmadan imtina etdik, buna ehtiyac yaranmamışdı. İndi də əlavə sevindirici haldır ki, artıq Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi – MİGA ilə bizim Cənub Qaz Dəhlizi şirkəti tərəfindən kredit müqaviləsi bağlanıb – 750 milyon dollar məbləğində. İndi isə o kreditin götürülməsinə ehtiyac yoxdur. Yəni həm o layihə üzrə qənaət hesabına, həm də layihənin işə salınması ilə əlaqədar bizim o şirkətimiz artıq sərbəst maliyyə axınına malik olub və o, vəsait hesabına bu borcları təmin edir”.

  • Nazir: Bu il taxıl biçini 20 gün tez başa çatıb, bolluq olub

    Bu il taxıl biçini 20 gün tez başa çatıb, məhsuldarlıq daha yüksək olub.

    Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxışı zamanı deyib.

    İ.Kərimov qeyd edib ki, aqrar islahatlar üzrə görülmüş sistemli tədbirlər öz müsbət nəticəsini verir.

    Bütün sahələrdə, həmçinin bitkiçilik və heyvandarlıq sahələrində artım müşahidə edilir:

    “Bu il bizim qarşımızda duran əsas vəzifələrdən biri fermerlərin daim yanında olmaq, onların üzləşdikləri problemlərin həllində yaxından iştirak etməkdir. Bizim əsas qayğımız və vəzifəmiz əkin balansımızı təşkil edən taxılçılıqla bağlı olub. Bu il 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib. Həyata keçirilən tədbirlər nəticəsində əsas məsələ düzgün texniki təminatın təmin edilməsi olub.

    Belə ki, hər il fermerlərimiz bu sahə ilə bağlı çoxsaylı müraciətlər ediblər. Amma dislokasiya sisteminin qurulması, xüsusilə də müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da bu il daha yüksək olub. Ötən ilə nisbətən hər hektardan təxminən 2 sentner daha çox məhsul əldə edilib.

    Bununla yanaşı, hazırda qarşımızda duran əsas vəzifə pambıqçılığın inkişafı ilə bağlıdır. Pambığın tədarükü növbəti aydan – sentyabrdan başlayacaq. Həm texnika, həm də gübrə ilə tam təminat üçün işlər həyata keçiriləcək”.

    Onun sözlərinə görə, fermerləri sevindirən əsas hallardan biri odur ki, Prezident İlham Əliyevin lizinq fəaliyyəti ilə bağlı həyata keçirdiyi islahat nəticəsində artıq bazarda tam liberallaşma mövcuddur. Artıq dövlət tərəfindən tətbiq edilən güzəştlər və subsidiyalar bütün təchizatçı şirkətlərə tətbiq edilir. Bazarda texnikanın qiymətində təxminən 30 faiz ucuzlaşma baş verib:

    “Subsidiyalarla bağlı dövlət başçısının həyata keçirdiyi islahat nəticəsində, hesab edirik ki, gübrələrlə əlaqədar bu liberallaşma gələn ildən tam həyata keçiriləcək. Gübrənin həm əlçatanlığı təmin ediləcək, həm də qiymətində kifayət qədər ucuzlaşma baş verəcək. Hazırda bizim qarşımızda duran vəzifə gübrənin əlçatanlığını daha da yaxşılaşdırmaqdır. Çünki bəzi hallarda fermerlərimiz gübrənin əldə edilməsi üçün böyük məsafələr qət etməyə çalışırlar. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi bu ildən gübrənin səyyar satışını həyata keçirib və onu fermerlərin birbaşa həyətlərinə və təsərrüfatlarına çatdırıb”.

    Nazir deyib ki, hazırda artıq 300 mindən çox fermer elektron kənd təsərrüfatında qeydiyyatdan keçib. Gələn ilin yanvar ayında artıq subsidiyaların verilməsi tam elektron formada həyata keçiriləcək:

    “Elektron kənd təsərrüfatı sistemi, həmçinin imkan verəcək ki, biz əvvəlcədən fermerlərimizin əkinlərini planlaşdıraq və proqnozlaşdıraq. Belə ki, fermerlərimiz mütləq qaydada öz əkin planlarını elektron kənd təsərrüfatında bəyan etməlidirlər. Hazırda subsidiya sisteminin tətbiqi ilə bağlı hazırlıq işləri həyata keçirilir. 2020-ci ilin yanvar ayından artıq subsidiyalar yeni sistemlə veriləcək. Bu da, ilk növbədə, məhsuldarlığın, məşğulluğun artırılmasına, ərzaq təhlükəsizliyinin daha da yaxşılaşdırılmasına və bizim kənd təsərrüfatı sahəsində ixrac potensialımızın yaxşılaşdırılmasına imkan verəcək”.

  • Yeni orfoqrafiya lüğəti bu tarixdə çapa veriləcək – ÖZƏL

    Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti sentyabrda çapa veriləcək.

    Bunu oxu.az-a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

    Onun sözlərinə görə, çapa veriləcək orfoqrafiya lüğətində yeni sözlər öz əksini tapacaq:

    “Biz yeni yaradılan sözləri ictimaiyyətin müzakirəsinə veririk. Bunların bəziləri müsbət qarşılanır, bəzilərinə ögey münasibət olur. Amma bizdə də qonşu ölkələrdə olduğu kimi bu təcrübədən istifadə edilir.

    Misal üçün, “adapter” – yükləyici, “zaryatka” – yükləmə, “razetka” – yuvacıq, “udlinitel” – uzadıcı, proqnoz – öncəgörmə kimi təklif olunub. Öncəgörmə deyəndə hamının ağlına fala baxmaq gəlir, ancaq bu söz yazılı abidələrimizdə də işlənib”.

    Akademik əlavə edib ki, köhnə orfoqrafiya lüğətində narazılıq yaradılan sözlər çıxarılıb.