Month: November 2019

  • Gəncədə Körpələr evində uşaqlar bir-birinə bağlanılıb? – VİDEO

    Bir neçə gün əvvəl Gəncədə 2 saylı Körpələr evi ilə bağlı bir sıra xoşagəlməz məlumatlar yayılıb.

    Məlumatlarda iddia edilir ki, sözügedən uşaq evində körpələri bir-birinə iplə bağlayırlar. Səbəb isə uşaq bezləri dolanda balacaların onları çıxarmağa cəhd etməsi və ətrafı bulaşdırmasıdır. Bundan başqa xeyirxah insanlar tərəfindən uşaq evinə verilən oyuncaqların, geyimlərin də uşaqlara verilmədiyi iddialar arasındadır.

    Bu barədə sosial şəbəkələrdə uşaq evinə ziyarətə getdiyini deyən şəbəkə istifadəçisi video paylaşıb. Onun sözlərinə görə, bir neçə gün öncə körpələrə yardım üçün geyim əşyaları, oyuncaqlar aparıb və iki gün sonra getdikdə həmin geyimlərin, oyuncaqların heç birini görməyib.

    Məsələnin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün sözügedən Gəncə Şəhər 2 saylı Körpələr evi ilə əlaqə saxladıq.

    Körpələr evinin direktoru Lətifə Kərimova Oxu.Az-a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.

    Uşaqların bir-birinə bağlanması məsələsinə aydınlıq gətirən direktor deyir ki, elə bir məqam yoxdur:

    “Uşaqlar bir-birinə bağlanmır. Bir az böyük uşaqlarımıza uşaq bezi bağlayanda işçilərimiz üzərindən uzun corabla bağlayır ki, uşaqlar uşaq bezini açmasın. Bezlər açılanda yerə dağılır deyə belə edirik. Bu söhbətlərdən sonra artıq ona da icazə vermirəm”.

    Onun sözlərinə görə, təxribat xarakterli məlumatları yayan şəxslər bunu bilərəkdən, qərəzli edir:

    “Mən bilmirəm bu söz-söhbəti kim və haradan çıxarır. Bizim heç bir problemimiz yoxdur, qərəzli məlumatlardır. Uşaq evinə ayın 14-də hərəsindən 10 ədəd olmaqla, balaca gəlinciklər və maşınlar gətirmişdilər. Oyuncaqlar tez qırılır.

    İşçilərimiz də sınan oyuncaqları yığışdırıb ki, uşaqlar qırıntıları ağızlarına qoymasınlar. Həmin oyuncaqları gətirən adam isə ayın 20-də yenidən uşaqları ziyarətə gəlib, həmin oyuncaqları axtarmağa başlayıblar. İki nəfər olublar. Soruşublar ki, uşaqlara gətirdiyimiz oyuncaqlar hanı? İşçilər də axşam saatları olduğundan deyiblər ki, hara qoyulduğunu bilmirik, digər işçilər gələndə soruşarıq.

    Bu sözdən sonra həmin iki nəfər hay-küy salıb, Qaynar xəttə zəng edib. Sizin dediyiniz videolar, fotolar mənə də göndərilib. Həmin şəxsləri səhər özüm çağırdım, oyuncaqların hamısını göstərdim. Ondan sonra dedilər ki, üzr istəyirik, səhv başa düşmüşük”.

    Videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olmasına münasibət bildirən L.Kərimova bildirib ki, bu problem yaxın zamanlarda öz həllini tapacaq:

    “Bu gün uşaq evində o qədər ciddi problem yoxdur. Təmirsiz olması ilə razıyam. Amma digər hər şey – hamamda isti su, kombi sistemi, paltaryuyan maşınlar, tozsoranlar, təmizlik məsələsinə tamamilə riayət edilir. Bizim uşaq evində valideynləri tərəfindən atılan üç yaşa qədər olan uşaqlar saxlanılır.

    Hazırda 16 uşağımız var. Bu barədə aidiyyəti orqanlara da müraciət etmişik. Təmir məsələsi ilə bağlı Heydər Əliyev Fonduna da yazmışıq. Bizə cavab gəlib ki, bu problem yaxın zamanda öz həllini tapacaq”.

  • Nazir müavini intiharlarla bağlı dəhşətli statistikanı açıqladı

    Azərbaycanda son beş ildə intiharların sayı təqribən 3000-ə çatıb. Bu, çox yüksək rəqəmdir. Bunun 2/3-i kişilər, 1/3-i isə qadınlardır. Bunun ən üzücü tərəfi odur ki, intihar faktları arasında 173 uşaq və yeniyetmə olub.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının intiharların qarşısının alınması ilə bağlı ilk dəfə hazırlanacaq Milli Fəaliyyət Planı layihəsi ilə bağlı keçirdiyi dəyirmi masada Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

    O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər 40 saniyədə bir nəfər intihar edir:

    “Son zamanlar baş verən intiharlara nəzər yetirsək, görərik ki, intihar edənlərin 1/3-i cavanlardır. Son 40-45 ildə intiharların sayı 60 faiz artıb”.

    A.Kərimov intiharların əsas iki aspektinə diqqət çəkib:

    “Birinci aspekt budur ki, bunun səbəbləri sosialyönümlü ola bilir. Sosial təminat, işsizlik problemləri, bəzi hallarda sosial psixoloji məsələlər də ola bilər. Digər tərəfdən, görürük ki, Azərbaycanda bir çox hallarda bu, həssas təbəqələr arasında baş verir.

    Bura ruhi xəstəliyi, əlilliyi olan insanlar, məişət zorakılığının qurbanları olanlar, keçmiş məhbuslar aiddir. Amma yaddan çıxarmaq lazım deyil ki, intiharlar yalnız kasıb, yoxsul ailələrin problemi deyil. Bir çox inkişaf etmiş Avropa ölkələrində də bu problemə rast gəlinir”.

    Nazir müavini qeyd edib ki, intiharlar Azərbaycanda daha çox həssas təbəqələrə aid və sosialyönümlü olduğu üçün onların qarşısının alınması məsələsi buna daha geniş və kompleks yanaşmağı tələb edir:

    “Bu yalnız bir qurumun, təşkilatın problemi olmalı deyil. Bütöv cəmiyyət bu problemin aradan qaldırılması üçün səylərini əsirgəməməlidir”.

    A.Kərimov bildirib ki, bu il ərzində bir çox sahələrdə, xüsusilə də sosial xidmətlərdə dəyişiklik görülür:

    “Bu ona görə vacibdir ki, ilk növbədə sosial xidmətlərin əhatəsi genişlənir, onların çeşidləri artır. Digər tərəfdən, bu xidmətlər elektron şəkildə göstərilir. Bir çox məqamlarda bunlar artıq vətəndaşlarda qıcıq yaratmır. Onlar artıq əlavə süründürməçiliklə üzləşməyə, hansısa sənədləri toplamağa məcbur deyillər. Bu da onların psixoloji durumuna hansısa mənfi təsir göstərməsinin qarşısını alır”.

    Nazir müavini qeyd edib ki, intiharların səbəblərindən biri də maddi təminatdır:

    “Bu il ərzində 14 növ müavinət, yeddi növ təqaüd artırılıb. İki yeni təqaüd təsis edilib. Azərbaycanda təqribən 70 min ailə il ərzində ünvanlı sosial yardımdan bəhrələnir. Bu da 160 min insanı əhatə edir. İşsizliyin aradan qaldırılması üçün biznes sturtaplarının olması da vacibdir.

    Özünəməşğulluq proqramlarının vacib amillərindən biri odur ki, proqrama cəlb edilənlərin ən azı yarısı daha çox həssas təbəqələr – gənclər, qadınlar, məcburi köçkünlər və sair ola bilər”.
    /oxu.az/

  • Qış aylarında nə qədər naringi yemək təhlükəsizdir?

    Həkimlərin fikrincə, insanlar sağlamlığa heç bir zərəri olmadan gündəlik dörd naringi yeyə bilərlər.

    “RİA Novosti” xəbər verir ki, sözügedən meyvə immuniteti artırır və toksinlərin bədəndən xaric edilməsinə kömək edir.

    “Gündəlik orta miqdar dörd naringidir. Bu meyvəni sağlamlığa zərər vurmadan gündəlik istifadə etmək olar”, – dietoloqlar bildirib.

    Həkimlər qış aylarında insan orqanizmində vitaminlərin çatışmadığını və naringinin C vitamini ilə zəngin olduğunu qeyd ediblər. Dietoloqlar bu meyvəni səhər və günorta saatlarında istifadə etməyi məsləhət görürlər.

  • Bakıda universitet tələbəsi vəfat etdi – FOTO

    Bakıda Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi yol-nəqliyyat hadisəsində vəfat edib.

    Qəza noyabrın 24-ü, saat 23:30 radələrində baş verib.

    Hadisə zamanı Anar İlham oğlu Musayev idarə etdiyi avtomobili elektrik dirəyinə vurub. O, idarəetməni itirdiyindən nəqliyyat vasitəsi qarşıdan gələn avtomobillə toqquşub.

    Nəticədə A. Musayev hadisə yerində ölüb.

    Vəfat edən tələbə universitetin ikinci kurs tələbəsi olub.

    Qeyd edək ki, onun fotosunu “Azərbaycan Universitetləri” səhifəsi paylaşıb.

  • Messinin kiçik oğlu ilə oyunu maraqla qarşılandı – VİDEO

    “Barselona”nın ulduz futbolçusu Lionel Messinin evdə kiçik yaşlı oğlu ilə “Bottle Flip Challenge” (su qabının fırladılması) oynaması sosial şəbəkələrdə maraqla qarşılanıb.

    Görüntülərdə Messinin bu oyunda da bacarıqlı olduğu görünür.

    2018-ci ilin fevral ayında doğulan Çiro Lionel Messinin üç oğlundan ən kiçiyidir.

  • Azərbaycanda dəhşətli qəza: Toy dəvətnaməsini paylamağa gedən gənci maşın vurub öldürdü

    Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Noyabrın 22-də gecə saatlarında Beyləqan rayon Mayak kənd sakini Zeynalov Oruc Abbas oğlunu maşın vurub.

    Gənc hadisə yerində ölüb.

    Məlumata görə, O.Zeynalov toya hazırlaşırmış. O, dostunun maşınını alaraq, toy dəvətnaməsi paylamağa gedib. Ancaq Milabad kəndi ərazisində avtomobilin mühərriki sönüb, Oruc və maşındakı digər sərnişin maşını itələməyə başlayıblar.

    Gecə saatları olduğuna görə, arxadan gələn avtomobil onları görməyib və toya hazırlaşan gənci vurub. Hadisə nəticəsində O.Zeynalov həyatını itirib.

    Orucun bu gün toyu olacaqdı. Ancaq dünən onun üç mərasimi keçirilib.
    /oxu.az/

  • Marketlərdə tərkibinə donuz dərisi qatılan kolbasalar satılır? – RƏSMİ

    Ötən gün sosial şəbəkələrdə, bir sıra kütləvi informasiya vasitələrində tərkibində donuz dərisi olan kolbasaların satışı ilə bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. Ajiotaja səbəb olan məlumatlar insanları narahat etməyə başlayıb. Məsələnin bir başqa tərəfi isə həmin məhsulların “Araz” Supermarketlər Şəbəkəsində satılmasının xüsusi qeyd edilməsidir.

    Yayılan məlumatlarda “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynovun da rəyi var. Belə ki, o, mətbuata açıqlamasında bildirib ki, istehlakçılar üçün məlumat standartları müəyyən edilməzsə, əhali tərkibinə nəinki donuz dərisinin, eləcə də, toyuq dərisi və digər heyvanların dərisinində qatıldığı məhsulları yeyəcək. Hələ bu yaxşı haldır ki, qeyd olunan kolbasanın tərkibində donuz dərisinin olduğu yazılıb.

    Qeyd edək ki, yayılan məlumatlarda adıçəkilən “Araz” Supermarketlər Şəbəkəsi donuz dərisi qatılmış kolbasaların satışı ilə bağlı iddialara rəsmi cavab verib.

    “Araz” Supermarketlər Şəbəkəsinin PR meneceri Billurə Əmirova Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən kolbasalar yalnız onların marketlərində satılmır:

    “Son günlər yayılan məlumatlarda “Araz” Supermarketlər Şəbəkəsinin adının halandırılması bizi narahat edir. Belə ki, sözügedən və bizim də marketlərimizdə satılan Belarusun Vitebsk vilayətində istehsal olunan “Ganna” şirkətinə məxsus “Mortadella” kolbasası toyuq ətindən hazırlanıb.

    Eyni zamanda, tərkibində donuz piyi mövcuddur. “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Mortadella” kolbasasının tərkibində donuz dərisi tozu olduğunu bildirib. Bir daha qeyd etmək istərdim ki, “Mortadella” kolbasasının tərkibində donuz dərisi tozu xüsusi prosesdən keçiriləndən sonra dad effekti vermək üçün istfadə edilir.

    Onu da qeyd edək ki, Səhiyyə Nazirliyinin qadağan etdiyi hər hansısa qatqı maddəsi varsa, belə məhsulları idxal etmirik.

    Bildirmək istərdim ki, tərkibində donuz piyi olan bir çox kolbasa çeşidləri var ki, onlar marketdə ayrıca sərgilənir. Hər bir məhsulun isə öz istehlakçısı var. Bu, artıq müştərinin seçiminə bağlıdır.

    Bundan əlavə, bildirmək istərdik ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi idxal məhsullarının hər partiyasından nümunə götürür, müvafiq yoxlanışlardan keçir, yalnız bundan sonra satışına icazə verilir. “Araz” Supermarketlər Şəbəkəsi daima müştərilərini keyfiyyətli qida məhsulları ilə təmin etməyə çalışır”.

  • В Хазарском районе мужчина совершил кражу из маркета

    Как сообщает Median.Az, сотрудники 1-го отделения полиции Хазарского РУП в результате оперативно-розыскных мер задержали жителя поселка Мардакан Г.Заманзаде, который 23-го сентября этого года украл из маркета 400 манатов и сигареты.

    По факту возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Xəzər rayonunda marketdən oğurluq edən şəxs tutulub

    Median.Az xəbər verir ki, Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il sentyabrın 23-də rayon ərazisindəki mağazadan 400 manat və tütün məmulatı oğurlayan Mərdəkan qəsəbə sakini G.Zamanzadə saxlanılıb.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Nazir müavini açıqladı: Evdar qadınlara müavinət verilə bilər

    Evdar xanımlar ailələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Onlar işsiz olduğu üçün maddi-sosial təminatlarının gücləndirilməsi vacibdir.

    Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

    Onun sözlərinə görə, bu günə qədər müavinətlərin 30 faizi birbaşa qadınlara deyil, uşaqlara dəstək vermək üçün ünvanlanıb:

    “Azərbaycancanda hazırda 14-ə yaxın belə sosial müavinət var. Fikrimcə, qurumlar tərəfindən belə bir təklif olsa, bu məsələ müzakirə oluna bilər, çünki növbəti ilin büdcə müzakirələri davam edir. Nazirlik təkliflərə açıqdır. Hazırda çoxuşaqlı ailələrə uşaq yeni doğulanda müavinət verilir”.

    A.Kərimov bildirib ki, evdar qadınlara müavinətin verilməsinə sistemli yanaşmaq lazımdır:

    “Müavinət, təqaüd, əsasən, həssas qruplara, pensiya ala bilməyən işsiz insanlara verilir. Bu işə sistemli şəkildə yanaşmaq lazımdır ki, digər müavinətlərlə uzlaşsın, mütənasiblik nəzərə alınsın. Bundan başqa, qabaqcıl təcrübəyə də baxmaq lazımdır”.

    Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova noyabrın 22-də keçirdiyi mətbuat konfransında evdar qadınlara dövlət tərəfindən dəstək verilməsi məsələsini qaldırıb.