Month: December 2019

  • İlham Əliyev Ərdoğanla telefonla danışdı

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı və tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

    Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

    Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev iki ölkənin dövlət başçıları arasında keçirilən görüşlərin əlaqələrimizin inkişafındakı rolunu xüsusi qeyd ediblər. Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

  • Jeenbekov İlham Əliyevə zəng etdi

    Dekabrın 24-də Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Qırğızıstan Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona xalqımızın rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

    Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

    Dövlət başçıları Azərbaycanla Qırğızıstan arasında dostluq əlaqələrinin inkişafından məmnunluqlarını ifadə edib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıblar.

  • Təhsil naziri məktəblilərin bayram tətili günlərini açıqladı

    Ümumtəhsil müəssisələrində tədris hökumətin qərarına əsasən təşkil olunacaq.

    Bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov bildirib.

    Onun sözlərinə görə, istirahət günlərinin davamlılığını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən Yeni il ərəfəsində bu həftənin şənbə və bazar günləri iş günləri elan edilib:

    “Yanvarın 6-sı da daxil olmaqla ölkədə qeyri-iş günləri olacaq”.

    Nazir qeyd edib ki, ümumtəhsil müəssisələrində tədris Nazirlər Kabinetinin qərarına əsasən təşkil olunacaq.
    /oxu.az/

  • Azərbaycanda dəhşətli intihar: Vəzifəli şəxs damarlarını doğradı

    Masallıda dəhşətli intihar hadisəsi baş verib.

    BakuPost xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin baş zabiti Rəvan Nəsibov yaşadığı mənzildə damarlarını kəsərək intihar edib.

    Məlumatda qeyd edilir ki, onun ailəsi Gədəbəy rayonunda yaşayır. İşi ilə əlaqədar Masallıda kirayədə qalırmış.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

  • Karaoke klubunu yandıraraq 18 nəfərin ölümünə səbəb olan şəxs edam edildi

    Çinin Quandun əyalətində məhkəmə karaoke klubununun yandırılmasında təqsirli bilinən Lyu Çunlou adlı şəxsi edam edib.

    Bu barədə “Weibo” nəşri məlumat yayıb.

    “Çin Xalq Respublikasının Ali Məhkəməsi ilə razılaşdırılaraq, Quandun əyalətində Tsinyuan şəhərinin xalq məhkəməsi ölüm hökmünün icrası əmrinə əsasən, Lyu Çunlounu edam edib”, – məhkəmədən bildirilib.

    Xatırladaq ki, 2018-ci ilin aprelin 24-də Tsinyuan şəhərində yerləşən karaoke klubunda yanğın baş verib. Yanğın nəticəsində 18 nəfər həlak olub, beş nəfər yaralanıb.

  • Qanunsuz şam ağacı satan azərbaycanlı məsuliyyətə cəlb edildi

    Ukraynanın Sum vilayətində azərbaycanlı qanunsuz şam ağacı satıb.

    Dancor.sumy.ua-nın xəbərinə görə, ekologiya müfəttişlərinin araşdırması zamanı Mərkəzi bazarda iynəyarpaqlı ağacların qanunsuz satılması faktı aşkar edilib.

    Satışla məşğul olan azərbaycanlı inzibati məsuliyyətə cəlb olunub.

  • Azərbaycanla Rusiya sərhədində yeni körpü açıldı

    Azərbaycanla Rusiya arasında sərhəddə yerləşən Samur çayı üzərində salınan avtomobil körpüsünün açılışı baş tutub.

    Report-un məlumatına görə, açılış mərasimində Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Dağıstan Muxtar Respublikasının rəhbəri Vladimir Vasilyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov iştirak ediblər.

    Qeyd edək ki, körpü Rusiya və Azərbaycanın birgə maliyyəsi hesabına tikilib. Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb.

    Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək. Körpünün uzunluğu 325,3 metr, eni isə 17,3 metrdir. Körpü beş aşırımlı iki zolaqdan ibarətdir. Burada eni 3,75 metr olan qapalı piyada zolağı da salınıb.

  • Serj Sarqsyanın qardaşı oğlu həbsxanaya salındı

    Yerevanın Ümumi Yurisdiksiya Məhkəməsi silah, narkotika və digər şəxslərin əmlakını mənimsəmə ittihamı ilə ölkəyə ekstradisiya edilən Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanın həbs edilməsi haqda qərar çıxarıb.

    TASS xəbər verir ki, məlumatı Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti yayıb.

    Nazirliyin məlumatında qeyd olunub ki, məhkəmə Baş Prokurorluğun rəsmi sorğusunu təmin edərək onun həbsinə qərar verib.

    Qeyd edək ki, Ermənistanın eks-prezidenti Serj Sarqsyanın 2018-ci ilin iyununda beynəlxalq axtarışa verilmiş qardaşı oğlu Narek Sarqsyan dekabrın 21-də polis əməkdaşlarının müşayiəti ilə Çexiyadan Yerevana gətirilib.

  • Qobustanda fəhlə dəm qazından boğulub öldü

    Qobustanda fəhlə dəm qazından boğularaq ölüb.

    Hadisə rayonun M.Ə.Sabir küçəsi ev 2 ünvanında qeydə alınıb.

    Rayon sakini, 1973-cü il təvəllüdlü Bədirov Xaliq Xeyrulla oğlu yaşadığı evin hamam otağında çimərkən dəm qazından boğulub.

    Qeyd edək ki, X.Bədirov Qobustan rayon Kommunal Müəssisələr Kombinatında fəhlə kimi çalışıb.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az/

  • DİM: Rezidenturaya qəbul üçün keçid balı qaldırılacaq – VİDEO

    Rezidenturaya qəbul üçün tələb olunan müsabiqə balının artırılması məsələsinə baxıla bilər.

    Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev bildirib.

    Onun sözlərinə görə, hazırda rezidenturaya qəbul olmaq üçün 100 baldan 40 bal toplamaq lazımdır:

    “2020-2021-ci tədris ilində də rezidenturaya qəbul qaydalarında bu müsabiqə şərti saxlanılacaq. Amma növbəti illərdə bu məsələyə baxılacaq. 40 bal aşağıdır, dünya təcrübəsində 50 faiz bal toplamaq lazımdır. Yəqin ki, növbəti illərdə dəyişiklik ediləcək”.
    /oxu.az/