Month: April 2020

  • Koronavirusdan sağalan insanlar başqalarını yoluxdura bilərlər

    Koronavirusdan sağalan insanların bəlğəm və nəcis nümunələrində SARS-CoV-2 aşkar edilə bilər.

    “Lenta.ru” xəbər verir ki, çinli mütəxəssislərin müvafiq araşdırması “Annals of Internal Medicine” jurnalında dərc edilib.

    Araşdırmada 20 yanvar – 27 fevral tarixlərində koronavirus diaqnozu ilə xəstəxanalarda yatmış 133 insan iştirak edib.

    Onlardan 22-də burun-boğaz nümunələrində xəstəliyinin əlamətləri aşkar edilməsə də, bəlğəm və nəcis nümunələrində təsbit edilib.

    Qeyd olunan nümunələrin təhlili üçün real zamanda polimeraz zəncirvari reaksiyadan istifadə edilib.

  • Dünyada son sutka ərzində koronavirusdan ölənlərin sayı ilk dəfə dörd mini ötdü

    Pandemiya dövründə ilk dəfə bir sutka ərzində koronavirusdan ölənlərin sayı dörd mini ötüb.

    Son günün statistikasına görə, dünyada COVID-19-dan ölənlərin sayı 4215-ə bərabər olub. Bununla da epidemiyadan ölənlərin ümumi sayı 41983-ə çatıb.

    Koronavirusa yoluxanların ümumi sayı isə 850 mindən çoxdur.

    ABŞ-da sutka ərzində 20699 yoluxma faktı aşkarlanıb. 615 nəfər isə koronavirusun qurbanı olub.

    Sutka ərzində koronavirusdan ən çox ölüm hadisəsi isə İtaliyada qeydə alınıb – 837 nəfər.

    Çində bu virusdan ölənlərin sayı isə cəmi beş nəfər olub.

  • Sabah intensiv yağış yağacaq

    Aprelin 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir.

    Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 8-11° isti, gündüz 13-16° isti, Bakıda gecə 8-10° isti, gündüz 13-15° isti olacaq.

    Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% olacaq.

    Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman proqnozlaşdırılır. Şərq küləyi gündüz qərb küləyi ilə əvəz olunacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 6-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq.