Month: July 2020

  • Vilayət Eyvazov rəis müavinini işdən çıxardı

    Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

    Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Cavanşir Əhmədov işdən çıxarılıb.

    O, hazırda sərəncamdadır.

  • Yüksək patogenli quş qripi yayılıb

    Filippində yüksək patogenli quş qripi xəstəliyi aşkarlanıb.

    Lenta.ru-nun məlumatına görə, bu barədə ölkənin Kənd Təsərrüfatı İnkişaf Nazirliyi məlumat yayıb.

    Xəstəlik Pampanqa əyalətində toyuq fermasına təsir edib. Buna görə 38,7 mindən çox quş məhv edilib. Nazirlik, fermanın bazarlara verilən ətin heç bir təhlükə yaratmadığını izah edib.

    Quş qripi, insanlara ötürülə bilən xəstəlik olmasına baxmayaraq, bişmiş ətdən keçmir.

    İnfeksiyanın səbəbi müəyyənləşməyib, lakin şöbə bölgədə köçəri quşların olduğunu bildirilib. Adətən ev quşlarına xəstəlik onlardan keçir.

  • Avropanın COVID-19-un müalicəsi üçün alacağı dərmanın adı məlum oldu

    Avropa İttifaqı (Aİ) COVID-19 xəstələrinin müalicəsində istifadə üçün “Remdesivir” antiviral dərmanı almağa dair razılıq əldə edildiyini bildirib.

    Aİ Komissiyası dərman tədarükü üçün ABŞ-ın “Gilead Sciences” dərman şirkəti ilə müqavilə bağlandığını açıqlayıb.

    Yeni növ koronavirusun müalicəsində istifadə üçün Aİ-dən rəsmi təsdiq almış ilk dərman “Remdesivir”in istifadəsi avqust ayından etibarən Aİ ölkələri və Böyük Britaniyada mümkün olacaq.

    Qeyd edilir ki, 30 min xəstənin müalicəsi üçün 63 milyon avro ödəniləcək.

  • Azərbaycanın MMA-dakı ilk qadın idmançısı ikinci döyüşünü keçirəcək

    Azərbaycanın peşəkar MMA-dakı ilk qadın döyüşçüsü Suad Səlimova bu növdə ikinci döyüşünü keçirəcək.

    Bu barədə xanım döyüşçü özü “Facebook” profilində paylaşım edib.

    O bildirib ki, mövcud koronavirus pandemiyası sona yetəndən sonra növbəti qarşılaşmasına çıxacaq.

    Hələlik Suad Səlimovanın rəqibinin kim olduğu barəsində məlumat yoxdur.

    Qeyd edək ki, MMA-ya peşəkar kikboksinqdən keçid etmiş “Dəmir qız” (“Iron Girl”) ilk döyüşünü 2018-ci ildə Romada keçirmişdi.

    İlk rəqibi yerli idmançı Maria Vittoria Kolonna olan Suad sözügedən döyüşdə məğlub olmuşdu.

  • Bakı-Qazax yolunda qadın meyiti tapıldı

    Bakı-Qazax magistralında qadın meyiti tapılıb.

    APA-nın məlumatına görə, Bakı-Qazax magistralının 105-ci kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində 40-50 yaşlarında hələlik şəxsiyyəti məlum olmayan qadın meyiti aşkar edilib.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Masallıda ata və oğulu güllələyən şəxs tutuldu

    İyulun 29-u, saat 13 radələrində Masallı rayonu, Əhmədli kənd sakinləri Vüqar İsmayılov və atası Valeh İsmayılovun odlu silahdan atəş açılması nəticəsində xəsarətlər almalarına dair məlumat daxil olub.

    Bu barədə Masallı Rayon Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Araşdırmalarla Əhmədli kənd sakini, 1966-cı il təvəllüdlü Hafiz Cəfərovun özünə məxsus tək lüləli tüfənglə qonşuları Vüqar İsmayılov və Valeh İsmayılova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atəş açaraq xəsarətlər yetirməsi və bununla da, onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    Hafiz Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Bakıda avtomobildən üç min manat pul oğurlandı

    Bakıda avtoyuma məntəqəsində oğurluq hadisəsi baş verib.

    Report-un xəbərinə görə, hadisə iyulun 10-da gecə saatlarında Yasamal rayonunda, Həsən bəy Zərdabi küçəsində yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.

    Belə ki, naməlum şəxs “Toyota” markalı avtomobildən üç min manat pul oğurlayıb.

    Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1983-cü il təvəllüdlü Ramin İmanov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Karantin qaydalarını pozan çay evi aşkarlandı, sahibkar cəzalandırıldı

    Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

    Bildirilib ki, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı şəhərin Qala xiyabanı küçəsində fəaliyyət göstərən “Real” çay evində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq, müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.

    Karantin rejimi qaydalarının pozulduğu həmin obyektin sahibi R.Qəniyev və altı nəfər müştəri Lənkəran ŞRPŞ-yə dəvət olunaraq həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

    R.Qəniyev karantin qaydalarını təkrarən pozduğu üçün onun barəsində toplanmış materiallar Rayon Məhkəməsinə göndərilib.

    Digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.

  • 548 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib – RƏSMİ

    Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 29 iyul 2020-ci il saat 00:00-dan 30 iyul 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 505 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 43 nəfər olmaqla, ümumilikdə 548 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

    Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-si rayon, 55-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 80-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla 180 avtomobil geri qaytarılıb, ümumilikdə 390 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

  • Masallı sakini qonşusunu və onun oğlunu güllələyib

    Masallı rayonunda qonşular arasında güllələnmə hadisəsi baş verib.

    APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əhmədli kəndində qeydə alınıb.

    Kənd sakini, 1966-cı il təvəllüdlü Hafiz Cəfərov qonşuları – 1989-cu il təvəllüdlü Vüqar İsmayılov və onun atası, 1960-cı il təvəllüdlü Valeh Məmmədrəsul oğlu İsmayılova ov tüfəngindən 2 güllə atıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Biri qol, digəri isə diz nahiyəsindən yaralanan ata və oğulun vəziyyəti orta-ağırdır. Ailə münaqişəsi zəminində baş verən hadisəni törədən H.Cəfərov Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.