Month: October 2020

  • Almaniyada koronavirusa görə qismən karantin tətbiq ediləcək

    Almaniya kansleri Angela Merkel ölkədə noyabrın 2-dən ayın sonuna qədər qismən karantin elan edildiyini açıqlayıb.

    Bu barədə “Reuters” məlumat yayıb.

    Qərara əsasən ölkədə teatrlar, kino, fitnes mərkəzləri, gözəllik salonları və hotellər bağlanacaq. Kafe və restoranlar yalnız çatdırılma xidməti göstərəcək.

    Xatırladaq ki, Almaniyada bu günə qədər ümumilikdə 472531 nəfər koronavirusa yoluxub.

  • Baş Prokurorluq işğaldan azad edilmiş torpaqlarımızda erməni vandalizmi ilə bağlı istintaqa başladı

    Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə 100 mindən çox qiymətli və nadir eksponatları məhv edilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, hərbi zərurət olmadan hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə olunmuş gücləndirilmiş mühafizə altındakı Xocalı, Ağdam rayonunda Üzərliktəpə, Füzuli rayonunda Qaraköpək kurqanları və digər tarixi mədəniyyət abidələri, eləcə də arxeoloji qazıntılar zamanı aşkar edilmiş ümumdünya əhəmiyyətinə malik 100 mindən artıq qiymətli və nadir eksponatlar məhv edilmiş və talanmış, habelə işğalı əbədiləşdirmək və ermənilərin guya işğal olunmuş ərazilərdə tarixən yaşamasını beynəlxalq ictimaiyyətə inandırmaq üçün aparılmış qanunsuz arxeoloji qazıntı işləri zamanı aşkar olunmuş Azərbaycan xalqına məxsus tarixi mədəniyyət nümunələri talan edilərək, Ermənistan Respublikasına qanunsuz olaraq aparılıb.

    Ermənistan Respublikasına qanunsuz çıxarılmaqla özgəninkiləşdirilərək talan edilmiş, xüsusi tarixi, elmi, ədəbi və mədəni dəyəri olan əşyalar və sənədlər talanması nəticəsində məhv olub, korlanıb və dağıdılıb, ağır nəticələrə səbəb olmuş Azərbaycan Respublikasına, onun vətəndaşlarına, ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus xüsusilə külli miqdar təşkil edən milyardlarla manat dəyərində daşınar və daşınmaz əmlaklar yandırılmaqla, partladılmaqla və başqa ümumi təhlükəli üsullarla qəsdən məhv edilib.

    Bundan başqa, işğal olunmuş ərazilərdə Azərbaycan dövlətinə məxsus yeraltı və yerüstü sərvətlər talanmaqla ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurulub.

    Qeyd olunan faktlarla bağlı toplanmış materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 116.0.2 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8-1 (hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə), 183.2.1 (xüsusi dəyəri olan əşyaları talama), 186.3 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 206.4 (qaçaqmalçılıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilməklə istintaq-əməliyyat qrupu yaradılıb.

    Prokurouq əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə hadisə yerinə baxış və dəymiş zərərin müəyyən edilməsindən ötrü zəruri olan digər istintaq hərəkətləri keçirilir.

    Ermənistanın işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, təqsirkar şəxslərin beynəlxalq və milli qanunvericiliyinin tələblərinə əsasən məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlərin görülməsi təmin ediləcək.

    Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasəti nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, dörd rəsm qalereyası, dörd teatr müəssisəsi, iki konsert müəssisəsi, səkkiz mədəniyyət və istirahət parkı, 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən, Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri, Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə, Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilibdir.

  • Haber Global рассказывает о последствиях армянского террора в Барде – ПРЯМОЙ ЭФИР

    Помощник Президента Азербайджана – завотделом Администрации главы государства по вопросам внешней политики Хикмет Гаджиев и генеральный прокурор Кямран Алиев находятся в Барде.


    Цель визита – показать представителям международных СМИ и дипломатического корпуса последствия военных преступлений, преднамеренно совершенных Арменией против ни в чем не повинного мирного населения.

    Haber Global в прямом эфире рассказывает о последствиях преступных деяний армян.

  • “Haber Global” Bərdədə erməni cinayətlərinin son nəticələrini çatdırır – CANLI YAYIM

    Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev və Baş prokuror Kamran Əliyev Bərdəyə və Tərtərə yollanıb.


    Səfərin məqsədi Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən həyata keçirdiyi hərbi cinayətləri beynəlxalq mediaya və diplomatik korpuslara göstərməkdir.

    “Haber Global” hadisə yerindən canlı yayıma çıxıb.

  • Bərdədə erməni cinayətlərinin son nəticələri açıqlanır – CANLI YAYIM

    Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev və Baş prokuror Kamran Əliyev Bərdəyə və Tərtərə yollanıb.

    Səfərin məqsədi Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən həyata keçirdiyi hərbi cinayətləri beynəlxalq mediaya və diplomatik korpuslara göstərməkdir.

  • Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub ünvanladı

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb.

    Baş nazir Əli Əsədov Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Fuat Oktayı və qardaş türk xalqını təbrik edib.

    Baş nazir, həmçinin, məktubunda Türkiyənin vitse-prezidentini Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı ilə əlaqədar son hadisələr barədə məlumatlandırıb.

    Ermənistanın Azərbaycana qarşı vəhşiliklərini və hərbi cinayətlərini pislədiyinə, Azərbaycanın haqq işini dəstəklədiyinə görə Türkiyə Respublikasının rəhbərliyinə və bütün qardaş türk xalqına bir daha dərin təşəkkürünü bildirib.

    Azərbaycanla Türkiyənin bütün məsələlərdə bir-birini dəstəkləməsinin, bir-birinin yanında olmasının iki ölkənin əsrlərin sınağından çıxmış qardaşlığının və müttəfiqliyinin bariz şəkildə ifadəsi olduğu vurğulanıb.

  • Ağsuda doqquz yaşayış məntəqəsini birləşdirən yollar yenidən quruldu

    Ağsuda doqquz yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulub.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, başlanğıcını Ağsu şəhərindən götürən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun ümumi uzunluğu 39 km-dir. Yolun Ağsu-Qaradağ hissəsi 20.3 km, bu yoldan ayrılan və Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinin giriş yolları isə 18.7 km təşkil edir.

    Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması yol boyu yaşayan minlərlə vətəndaşın rayon mərkəzinə rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, eyni zamanda, kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.

  • YUNİSEF uşaqları qorumaq çağırışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib

    YUNİSEF uşaqları qorumaq çağırışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib.

    Bəyanatda deyilir:

    “Səkkiz yaşlı Aysu, Şəhriyar, 13 yaş, Arthur, 13 yaş, Fərid, 14 yaş, Fidan, 15 yaş, Nigar, 15 yaş, Orxan, 16 yaş. Bunlar, məlum olduğu kimi, bir aylıq döyüşlər zamanı öldürülən bəzi uşaqların adları və yaşlarıdır”.

    Sayı hesabı olmayan uşaqların hər gün mülki bölgələrə raket hücumlarının psixoloji təsirindən əziyyət çəkdikləri qeyd olunur:

    “Bunlar, dörd həftə davam edən döyüşlər və hələ də yerinə yetirilməmiş üç atəşkəs ilə bağlı razılaşmaları nəticəsində uşaq itkisinin dəhşətli sayıdır”.

  • Bərdəyə hücumun yeni görüntüləri: Dəhşətli, silsilə partlayışlar – VİDEO

    İşğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə şəhərinə raket hücumu ilə bağlı yeni görüntülər ortaya çıxıb.

    Video Bərdə şəhərində yerləşən obyektlərdən birinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

    Sosial şəbəkələrdə yayılan videoda Bərdə şəhərinə Ermənistanın endirdiyi zərbə zamanı insanların yaşadığı təşviş və dəhşəti görmək, silsilə partlayış səslərini eşitmək olar.

    2020-ci il oktyabrın 28-də saat 13.00 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

  • Ombudsman Bərdə faciəsi ilə bağlı dünya ictimaiyyətinə səsləndi

    “26 oktyabr 2020-ci il tarixdə saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini ardıcıl şəkildə pozmaqla müharibə cinayətlərini davam etdirən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasında və ondan uzaqda yerləşən Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini və infrastruktur obyektlərini qadağan olunmuş silahlardan, əməliyyat-taktiki raket sistemlərindən, ağır artilleriyadan istifadə etməklə atəşə tutur”.

    Bu barədə Ombudsman Səbinə Əliyevanın açıqlamasında bildirilir.

    Ombudsman qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən ikinci gündür ki, Bərdə rayonu ərazisində mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından növbəti dəfə istifadə edilməklə atəşə tutulması çoxsaylı insan tələfatı və dağıntılar baş verməsi ilə nəticələnib:

    “Təəssüflə bildiririk ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə raket zərbələrinin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə isə külli miqdarda ziyan dəyib.

    Təcavüzkar siyasətindən, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkməyən işğalçı Ermənistan mülki insanlara qarşı növbəti dəfə terror akı törətməklə beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüquq normalarını, o cümlədən Cenevrə Konvensiyalarını, xüsusilə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanı, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasını müddəalarını bir daha kobud şəkildə pozub”.

    S.Əliyeva qeyd edib ki, Ermənistanı daha da azğınlaşdıran, sülh və insanlıq əleyhinə yönəlmiş yeni-yeni qatı cinayət əməlləri törətməyə sövq edən əsas amillərdən biri də həmin işğalçı dövlətin ötən dövr ərzində Azərbaycana qarşı törətdiyi müharibə və terror cinayətlərinə görə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən beynəlxalq hüquqi sanksiyaya məruz qalmaması, ölkəmizin ərazi bütövlüyünü tanıyan, işğal olunmuş torpaqlarımızın qeyd-şərtsiz azad olunmasının, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının hüquqi vəziyyətini müəyyən edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası üzrə təsirli tədbirlərin görülməməsidir.

    “Bir daha dünya ictimaiyyətinə səslənərək bildiririk ki, Ermənistan tərəfindən müntəzəm şəkildə törədilməkdə davam edən qəddar, qeyri-insani cinayət əməllərinə laqeyd qalmayın, beynəlxalq müharibə cinayətlərinə yol vermiş işğalçı Ermənistan dövlətindən beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə əməl etməyi, mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan cinayətkar əməllərdən çəkinməyi, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarını, dinc əhalinin qətlə yetirilməsində təqsirkar olan şəxslərin cəzalandırılması ilə bağlı təsirli tədbirlər görülməsini ədalət və insanlıq naminə tələb edin”, – deyə Ombudsman bildirib.