Month: January 2021

  • ÜST-dən koronavirusun sürətlə yayılması barədə XƏBƏRDARLIQ

    Dünyada koronavirusa yoluxanların sayı son bir həftə ərzində təxminən beş milyon artıb. Bu da pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricidir.

    TASS Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik epidemioloji bülleteninə əsasən xəbər yayır ki, ölənlərin sayı 85 mindən çox artıb.

    Bildirilir ki, 4-10 yanvar tarixlərində dünyada 4 953 758 yeni yoluxma və 85 436 ölüm halı qeydə alınıb.

    Yeddi gün ərzində əvvəlki rekord 14-20 dekabr tarixlərində qeydə alınıb: 4 612 790 yoluxma.

    Bülletendə qeyd edilir ki, keçən həftə yoluxma sayında artım tendensiyası yenidən yüksəlib. Yeni COVID-19-a yoluxma və ölüm sayı əvvəlki yeddi günlə müqayisədə müvafiq olaraq 20 və 11% artıb.

    Amerika qitəsində 2,5 milyondan çox yoluxma (30% artım), 38 mindən çox ölüm (18% artım), Avropada 1,8 milyondan çox yoluxma, 36 mindən çoxu ölüm müəyyən edilib.

    Yoluxmanın artması Qərbi Sakit Okean bölgəsində (36%), Afrikada (34%) və Şərqi Aralıq dənizi bölgəsində (11%) də qeyd olunub.

  • “Twitter”in rəhbəri Trampın bloklanması barədə: “Bu, düzgün qərar idi”

    “Twitter” şirkətinin rəhbəri Cek Dorsi ilk dəfə hazırkı ABŞ Prezidenti Donald Trampın hesabının bloklanmasına münasibət bildirib.

    Bu barədə “İzvestiya” yazıb.

    Onun sözlərinə görə, qərar təhlükəli presedent təşkil etsə də, düzgündür.

    “Mən Donald Trampı “Twitter”də bloklamalı olduğumuz üçün şad deyiləm və bununla fəxr etmirəm. Bu düzgün idimi? Hesab edirəm ki, bu “Twitter” üçün düzgün qərar idi”, – deyə C.Dorsi bildirib.

  • Azərbaycanda qanunsuz miqrasiya halları iki dəfə azalıb – RƏSMİ

    “2020-ci ildə Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılma mərkəzlərində saxlanılan əcnəbilərin heç birində koronavirusa yoluxma qeydə alınmayıb”.

    Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, ötən il qanunsuz miqrasiya ilə bağlı qeydə alınan faktlarda 51 faiz azalma olub:

    “Bu rəqəm 2019-cu ildə 14 834 olubsa, 2020-ci ildə 7 317-yə düşüb”.

    “Qanunsuz miqrantların saxlanılma mərkəzlərində yerləşdirmədə 73 faiz azalma olub. 2019-cu ildə mərkəzlərə 1 237, 2020-ci ildə isə 332 nəfər yerləşdirilib”, – deyə o əlavə edib.

    //oxu.az

  • Türkiyənin səhiyyə naziri canlı yayımda peyvənd edildi

    Türkiyənin səhiyyə naziri Fahrettin Kocaya canlı yayımda koronavirus vaksini vurulub.

    Median.Az NTV-yə istinadən xəbər verir ki, bu addım Türkiyənin Dərman və Tibbi Ləvazimat Təşkilatının Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksininin tətbiqinə icazə verməsindən sonra atılıb.

    Qeyd edək ki, sabahdan etibarən bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılacaq.

  • “Caliber” Moskva görüşünü təhlil edir: Bakı yeni “kozır” əldə edib – VİDEO

    “44 günlük müharibədən sonra Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın ilk görüşü baş tutdu. Məhz bu səbəbdən görüşü şərh edən şəxslər ədalətli olaraq ilk növbədə protokol incəliklərinə xüsusi diqqət ediblər”.

    Bu fikirlər “Caliber” layihəsinin “Youtube” kanalında yerləşdirilən növbəti təhlilində səsləndirilir.

    Süjetdə ilk olaraq qeyd olunur ki, görüşün vacibliyini təsdiq edən digər fakt onun pandemiyanın geniş yayıldığı dövrdə tərəflərin fiziki iştirakı ilə bağlı idi.

    Digər tərəfdən, tərəflərin mətbuat üçün açıqlamalarından bu nəticəyə gəlmək mümkündür ki, sözügedən görüş 10 noyabr razılaşmalarının məntiqli davamı idi.

    Tərəflərin mətbuat üçün açıqlamalarını və liderlərin əhval-ruhiyyəsini nəzərə alaraq aydın müşahidə etmək olardı ki, Azərbaycan və Rusiya dövlətlərinin rəhbərləri üçtərəfli görüşdən daha məmnun görünürdülər.

    Video təhlildə bunun birinci səbəbi olaraq 30 ildən artıq bir müddətdən sonra Azərbaycanın nəqliyyat kommunikasiyaları vasitəsilə Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə quru əlaqəsinə sahib olması göstərilir.

    İkinci səbəb isə Azərbaycanın geoiqtisadi rolunu daha da artırır.

    Belə ki, Cənubi Qafqaz bölgəsində ixtisaslaşmış analitiklər və mütəxəssislər “Yuxarı Lars keçid məntəqəsi” ifadəsinin Ermənistan üçün nə demək olduğunu çox yaxşı bilirlər.

    “Qeyd etmək lazımdır ki, Ermənistanın Rusiya ilə birbaşa quru əlaqəsi yoxdur. Beləliklə, 11 yanvar 2021-ci il tarixli müqavilələr həyata keçirildiyi təqdirdə Ermənistan və Rusiya dəmir yollarının Azərbaycan ərazisindən keçməsi ilə Bakı bölgədəki Azərbaycanın geoiqtisadi rolunu daha da artıran ciddi bir nəqliyyat və infrastruktur alətini əlinə keçirmiş olacaq”, – deyə video təhlildə vurğulanır.

  • Haker hücumu nəticəsində peyvəndlər barədə məlumatlar sosial şəbəkəyə sızdırılıb

    Avropa Dərman Agentliyinə haker hücumu zamanı sosial şəbəkələrə koronavirusa qarşı “Pfizer” və “BioNTech” peyvəndləri barədə məlumatlar sızdırılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” xəbər yayıb.

    Sızdırılan sənədlər İtaliyanın “Yarix” kiber təhlükəsizlik şirkəti tərəfindən aşkarlanıb.

    Hakerlər “darknet” şəbəkəsində peyvənd istehsalı və marketinq kampaniyasına dair gizli məktubları və sənədləri dərc ediblər.

    Avropa İttifaqından olan nümayəndə haker hücumunun və sənədlərin sızmasının preparatların qeydiyyata alınmasına və istehsalına təsir göstərmədiyini bildirib.

    Bundan sonra “Pfizer” səhmləri 2,2%, “BioNTech”in Amerika depozit qəbzləri isə 5,1% dəyər itirib.

  • ABŞ İranın daha 16 təşkilatına qarşı sanksiya tətbiq edib

    Vaşinqton İranın daha 16 təşkilatına qarşı sanksiyalar paketini təsdiq edib.

    Bu barədə “RİA Novosti” ABŞ-ın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

    Sanksiyalar siyahısına iki İran vətəndaşı da daxil edilib.

    İraq vətəndaşı Əbdül Əziz əl-Məhəmmədəvi isə Birləşmiş Ştatların axtardığı terrorçular siyahısına daxil edilib və onun axtarışları istiqamətində iş aparıldığı bildirilir.

  • Premyer Liqa Bakı Kristal Zalında keçiriləcək

    Bakıda keçiriləcək karate üzrə Premyer Liqa turnirinin proqramı bəlli olub.

    Yarışdan əvvəl karate hakimləri üçün 7-11 mart tarixlərində kurs keçiriləcək və onlardan imtahan götürüləcək.

    Yarış isə 12-14 mart tarixlərində baş tutacaq. Kişi və qadın karateçilər üzrə beş kateqoriya çəki dərəcəsində döyüşlər keçiriləcək.

    Kumite və kata yarışlarında qızıl medalçılar 750 avro qazanacaq. 500 avro gümüş medalçılara, 200 avro isə bürünc mükafatçılara veriləcək.

    Qeyd edək ki, yarış I Avropa Oyunlarında olduğu kimi, Bakı Kristal Zalında keçiriləcək.

  • “Yuventus” fransalı futbolçunu icarəyə götürdü

    Fransanın “Nant” klubunun futbolçusu Abdulaye Dabo İtaliya “Yuventus”una keçib.

    Median.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qvineya əsilli fransalı yarımmüdafiəçi Turin təmsilçisində mövsümün sonunadək icarə əsasında çıxış edəcək.

    “Qoca sinyora” yayda 20 yaşlı oyunçunu birdəfəlik transfer etmək hüququna sahibdir.

    Qeyd edək ki, Dabo bu mövsüm “Nant”ın B komandasında 5 oyun keçirib.

  • Ən təhlükəsiz messencer tətbiqləri – Mütəxəssislər müqayisə edir

    “WhatsApp”, “Signal” və “Telegram” messencerlərinin fərdi məlumatlar baxımından təhlükəsizlik xüsusiyyətləri müqayisə olunub.

    Median.Az xəbər verir ki, bu barədə mütəxəssislərin rəylərindən ibarət məqalə yayımlayıb.

    “Cross Technologies”in İnkişaf şöbəsinin müdiri Aleksandr Tyurnikov bildirib ki, hər üç tətbiqdə qarşılıqlı şifrələmədən istifadə olunur və yazışmaların məzmunu gizli qalır. Lakin bu messencerlərin bəziləri üçüncü şəxslərə ötürülə bilən istifadəçi məlumatları toplayır. Amma şirkətlərin istifadəçi məlumatlarını üçüncü tərəfə ötürməsi istisna edilməməlidir.

    Mütəxəssisin sözlərinə görə, bu tətbiqlər arasında ən şəffaf işləyəni “Signal”dır. Çünki tətbiq açıq mənbəli üstünlüyünə sahibdir. Yəni burada hər kəs arxa qapılarını (istifadəçi məlumatlarına icazəsiz giriş imkanı verən alqoritm qüsurları – red.) yoxlaya bilər.

    “Kaspersky” Laboratoriyasında mobil təhdidlərin tədqiqatçısı Viktor Çebışev də bütün populyar ani mesajlaşmaların şifrələmə sistemləri sayəsində nisbətən təhlükəsiz olduğuna inanır.

    Qeyd edək ki, “WhatsApp” fərdi məlumatların “Facebook”a ötürülməsi ilə bağlı istifadəçi müqaviləsinə bir bənd daxil etmişdi. “Sensor Tower” “WhatsApp”dakı yeniləmədən sonra digər messencerlərin – “Signal” və “Telegram” istifadəçilərinin sayının kəskin artdığını göstərən statistikanı açıqlamışdı. (publika.az)