Month: January 2021

  • Əməkdar artist koronavirusdan vəfat etdi – FOTO

    Əməkdar artist, Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, İsmayıl Ələkbərov koronavirusdan vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    İ.Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

    1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.

  • Türkiyə Çinin istehsal etdiyi vaksindən istifadəyə rəsmi icazə verdi

    Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi Çinin “Sinovac” şirkətinin isthsalı olan “CoronaVac” vaksininin istifadəsinə icazə verib.

    Bu barədə Türkiyənin “Sözcü” agentliyi məlumat yayıb.

    Qeyd olunur ki, artıq sabahdan etibarən Türkiyədə ilk olaraq səhiyyə işçilərinin vaksinasiyasına başlanılır.

  • Azərbaycanın iki cüdoçusu “World Masters” turnirinin gümüş medalını qazanıb

    Qətərin paytaxtı Dohada keçirilən “World Masters” turnirində Azərbaycan cüdoçuları iki gümüş medal qazanıblar.

    Median.Az xəbər verir ki, 78 kiloqram çəkidə mübarizə aparan cüdoçumuz İrina Kindzerska həlledici mərhələdə fransalı Romana Dikkoya məğlub olaraq ikinci yeri tutub. Komandamızın digər üzvü (100 kq) Zelim Kotsoyev də final mərhələsində rəqibinin öhdəsindən gələ bilməyib. Belə ki, gürcüstanlı Varlam Lipertaliana uduzan təmsilçimiz turnirin gümüş medalı ilə kifayətlənib.

    Qeyd edək ki, “Tokio-2020″yə Olimpiya lisenziya xalları verən yarışda ölkəmizi 7 cüdoçu təmsil edib. Turnirdə 69 ölkədən 400-ə yaxın cüdoçu mübarizə aparıb.

    * * * * *
    Qətərin paytaxtı Dohada təşkil olunan cüdo üzrə beynəlxalq “Masters” turniri davam edir.

    Median.Az apasport.az-a istinadla bildirir ki, nüfuzlu yarışa 7 idmançı ilə qatılan Azərbaycan millisinin daha 3 üzvü tatami üzərinə çıxıb. Onlardan ikisi finala yüksəlib.

    Kişilər
    100 kq

    Elmar Qasımov 1/16 finalda Rafael Buzakarini (Braziliya) üzərində qələbə qazanıb. Təmsilçimiz ikinci qarşılaşmasında israilli Peter Palçikə uduzaraq mübarizəni dayandırıb.

    Yarışa 1/16 finaldan başlayan Zelim Kotsoyev Ramadan Dervişi (Misir) və Quham Ço (Cənubi Koreya) üzərində qələbələrlə 1/4 finala yüksəlib. Bu mərhələdə kanadalı Şaddi Elnahasa qalib gələn idmançı yarımfinalda niderlandlı Simeon Kararinanı da məğlub edib. Finala yüksələn Zelim həlledici qarşılaşmada gürcüstanlı Varlam Lipateliani ilə qarşılaşacaq.

    Qadınlar
    +78 kq

    1/8 finaldan yarışa başlayan İrina Kindzerska öncə Yasmin Qrabovski (Almaniya), ardınca Hayun Kim (Cənubi Koreya) üzərində qələbə qazanıb. Cüdoçumuz yarımfinalda Hortens Vanessa Mballa Atanqananı (Kamerun) məğlubiyyətə uğradıb. Finalda İrina fransalı Romen Dikko ilə qarşılaşacaq.

    Yarışın ilk günündə tatami üzərinə çıxan Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Leyla Əliyeva və Aişə Qurbanlı (hər ikisi 48 kq) uğursuzluqla üzləşib.

    Qeyd edək ki, dünya cüdo turu seriyasından olan “World Masters” nüfuzlu beynəlxalq yarışında 69 ölkədən 215 kişi və 184 qadın olmaqla, ümumilikdə 399 cüdoçu mübarizə aparır.

  • Pakistanın XİN başçısı Azərbaycanı torpaqlarının azad olunması münasibətilə təbrik edib

    Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Mahdum Şah Mahmud Qureşi ilə görüşüb.

    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər iki ölkə arasında dostluq və qardaşlıq əsasında inkişaf edən ikitərəfli əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparıblar.

    Şah Mahmud Qureşi Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb və Pakistanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini ifadə edib. İslamabadda keçirilən üçtərəfli görüşün ölkələrimiz arasında regionda əməkdaşlığın daha da inkişaf etdirilməsi qətiyyətinin bariz nümunəsi olduğunu bildirib.

    Ceyhun Bayramov dost Pakistan hökumətinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi dəstəyi, o cümlədən Pakistan xalqı tərəfindən nümayiş etdirilən qətiyyətli dəstəyi məmnunluqla vurğulayıb. Vətən müharibəsi dövründə bu prinsipial mövqe birmənalı şəkildə ifadə olunduğu üçün qarşı tərəfə təşəkkür bildirilib. Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin ikinci görüşünə uğurla ev sahibliyi etdiyinə görə pakistanlı həmkarına minnətdarlıq bildirilib.

    Nazirlər habelə ikitərəfli münasibətlərin bir çox aspektləri o cümlədən, ticarət, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.

  • Hava meteohəssas insanların sağlamlığına necə təsir edir?

    Küçədəki tufanla birgə sizin əhval-ruhiyyənizin də pisləşdiyini, təzyiqinizin dəyişdiyini, baş, sümük ağrılarının başladığını hiss etmisinizmi? Bütün bunlar yalnız meteohəssaslığın təzahürləri deyil. Hava şəraitindəki hər hansı bir dəyişiklik bu xəstəlikdən əziyyət çəkən insanların sağlamlığına təsir edə bilər. Doğrudur, bu çox subyektiv bir anlayış olduğundan tibb elmində çox vaxt ciddi nəzərə alınmır.

    Məlumdur ki, belə xəstəliklərə düçar olmuş insanlara meteoasılılıq çox pis təsir göstərir.

    Median.Az bildirir ki, AZƏRTAC hava şəraitinin əhval-ruhiyyəyə təsiri barədə “Medikforum” saytına istinadla məlumat verir.

    Artrit və artroz xəstəliklərindən əziyyət çəkənlərə hava dəyişikliyi daha pis təsir göstərir. Alimlər bunun niyə baş verdiyini izah ediblər. Atmosfer təzyiqinin aşağı düşməsi ona gətirib çıxarır ki, daxili maye praktiki olaraq oynaqlara təzyiq göstərir, oynağı uzadır. Bu da sonda narahatçılığa və ağrıya səbəb olur. Bu təhlükəlidirmi? Düzdür, bu, ölümlə nəticələnmir, lakin ağrıya səbəb olur, deməli, həyatın keyfiyyətinə təsir göstərir.

    Ancaq aorta anevrizması olanlar üçün bu təhlükəlidir. Belə ki, genişlənmiş damar partlaya bilər. Ona görə də hava temperaturu dəyişmədən də təzyiqi izləmək vacibdir.

    Hava kimlər üçün təhlükəli düşməndir? Söylədiyimiz kimi oynaqları ağrıyan və ürəyində problem olanlar üçün. Çünki soyuq hava şəraiti infarkt riskini artırır. Aşağı temperatur damarları daraldır, spazma yaradır. Ateroskleroz xəstələri üçün şaxta daha təhlükəlidir.

    Bronxial astması olanlar uzun müddət şaxtalı havada durmaqdan çəkinməlidir. Soyuqdəymə bronxların selikli qişasının şişməsinə, bu da nəticədə boğulmağa gətirib çıxara bilər. Bu, zökəm və digər tənəffüs problemləri üçün xüsusilə təhlükəlidir.

    Əhval-ruhiyyəyə isti hava da təsir edə bilir. Çöldə temperatur +30 dərəcədən yuxarı olduqda, beyin aterosklerozu olanlar üçün təhlükə yaranır. Meteoroloji asılılığı olan insanlarda süstlük və yorğunluq əlamətləri ilə yanaşı insult ehtimalı da artır.

    İsti hava kök insanlara da pis təsir edir. Onlar çox tərlədiklərinə görə su itirir ki, bu da dehidrasiya riskinin artması deməkdir. Bu vəziyyətdə daha çox su içmək məsləhətdir. Yüksək qan təzyiqi olan insanlarda baş gicəllənməsi və halsızlıq olur. Ona görə də, hər cür hava şəraitində bu göstəriciyə nəzarət edilməlidir.

    Hava asılılığını “ləğv etmək” mümkündürmü? Çətin. Ancaq həkiminizin tövsiyələrinə riayət etməli, soyuq hava şəraitində isti yerdə olmalı və sağlam həyat tərzinə riayət edilməlidir. Pis vərdişlərdən imtina edilməli, mülayim aktivlik, balanslaşdırılmış qidalanma – bütün bunlar sizin əhvalınıza daha yaxşı təsir edə bilər.

  • Konstitusiya Məhkəməsi Ali Məhkəmənin sorğusunu icraata qəbul etdi

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

    Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci, 337.2-ci, 337.5-ci, 339.6-cı, 346-cı və 354-cü maddələrinin şərh edilməsinə dair sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

    Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 4-nə təyin edilmiş iclasında baxılacaq.

  • BNA-nın yeni layihəsi test rejimində işə salındı – VİDEO

    Yusif Səfərov layihəsi çərçivəsində sözügedən küçənin Mehdi Mehdizadə və Sabit Orucov küçələri ilə kəsişməsində quraşdırılan işıqfor obyektləri test rejimində işə salınaraq təhlillər aparılır.

    Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

    Məlumatda layihə çərçivəsində görülən işlər qeyd olunub. Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə, Nizami küçəsindən Sabit Orucov küçəsinə birbaşa keçid imkanı yaradılıb. Nəticədə nəqliyyat vasitələrinin yürüş məsafəsi 1.5 km qısalıb.

    Yusif Səfərov küçəsindən keçməklə Ağ Şəhərdən Mərkəzi Parka yeni nəqliyyat dəhlizləri yaradılıb. Yeni yaradılan nəqliyyat dəhlizləri sayəsində Üzeyir Hacıbəyov, Afiyəddin Cəlilov, Yusif Səfərov küçələri, Neftçilər prospekti istiqamətində nəqliyyat yükü q️ismən azalacaq.

    BNA sürücülərdən xahiş edir ki, gedəcəkləri istiqaməti əvvəlcədən müəyyənləşdirərək yol ayrıclarına yaxınlaşan zaman zolaqlar üzrə hərəkət qaydalarına və yol nişanlarının tələblərinə riayət etsinlər.

  • Azərbaycan, Pakistan və Türkiyə XİN başçıları bəyannamə imzalayıb

    Yanvarın 13-də İslamabadda Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşinin dəvəti, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli dialoqunun ikinci görüşü keçirilib.

    Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.

    Görüşün yekunlarına dair bəyannamə imzalanıb. Bəyannamədə deyilir:

    “Nazirlər,

    Üç ölkə arasında mövcud olan qardaşlıq, tarixi və mədəni bağlara, qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi əlaqələri vurğulayaraq;

    Siyasi, strateji, ticarət, iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri də daxil olmaqla qarşılıqlı maraq doğuran bütün sahələrdə 30 noyabr 2017-ci il tarixində Bakıda keçirilmiş ilk üçtərəfli görüşün nəticəsində qurulmuş əməkdaşlığın bundan sonra da dərinləşdirilməsini arzu edərək;

    Pakistan, Türkiyə və Azərbaycanın öz bölgələrində sülhün, sabitliyin və inkişafın təşviqi və xalqlarının daha geniş ərazidə bu idealları ortaq firavanlıq və təhlükəsizlik naminə daha da inkişaf etdirmək üçün qarşılıqlı istəklərinə verdiyi əhəmiyyətli töhfələri nəzərə alaraq;

    Ölkələrinin üzləşdiyi saysız-hesabsız təhdidləri və yeni yaranan hədələri, o cümlədən xaricdən dəstəklənən terror aktları, kiberhücumlar, hibrid müharibə formaları, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkələrdə müsəlman azlıqların dinc yanaşı yaşamasına təsir göstərən İslamofobiya meyillərini dərk edərək,

    dünyanın müxtəlif yerlərində müsəlman icmalarına qarşı törədilmiş ciddi insan haqları pozuntuları və insanlıq əleyhinə cinayətlər barədə ciddi narahatlıqlarını ifadə edərək;

    COVID – 19 pandemiyasının geniş təsirlərini və müvafiq bölgələrin iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı həssaslığını tamamilə anlayaraq;

    İşğaldan azad edilmiş ərazilərin bərpası və reabilitasiyası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəyliyi ifadə edərək;

    Sülh və inkişaf naminə regional konsensusun inkişaf etdirilməsinə sadiqliyi təsdiqləyərək;

    Dövlətlərinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını mühafizə etmək və qorumaq naminə güclü və birmənalı dəstəklərini təkrar ediblər;

    Xüsusilə regional və beynəlxalq müstəvilərdə İslamofobiya və müsəlman azlıqların təqibinə qarşı mübarizədə birgə səyləri artırmaq barədə razılığa gəliblər;

    Asiyanın ürəyi – İstanbul Prosesinin Əfqanıstan və regionda sülh, sabitlik və iqtisadi rifaha verdiyi töhfəni alqışladılar və Pakistan hökumətinin bölgədəki məsələlərin siyasi həllini asanlaşdırmaq səylərini qiymətləndirdilər və Əfqanıstana məxsus olan və Əfqanıstan tərəfindən rəhbərlik edilən sülh prosesinə dəstəklərini ifadə ediblər;

    Terrorizmin bütün formalarına, xarici dövlətlər tərəfindən himayə edilən terrorizmə, transmilli mütəşəkkil cinayətkarlığa, narkotik maddələrin qanunsuz dövriyyəsinə, insan alverinə, çirkli pulların yuyulmasına, mədəni və tarixi irsə qarşı cinayətlər və kiberterrorizmə qarşı mübarizə naminə müxtəlif beynəlxalq və regional sənədlərə uyğun olaraq sülh və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək qərarlarını yeniləyiblər;

    2020-ci ilin noyabr ayında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Niameydə Cammu və Kəşmir münaqişəsi üzrə qəbul edilmiş 10/47-Pol saylı ən son qətnaməsini və İƏT Təmas Qrupunun Cammu və Kəşmir üzrə kommünikelərini təsdiq ediblər və 5 avqust 2019-cu ildə Kəşmirdəki demoqrafik quruluşu dəyişməyə yönəlmiş insan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı birtərəfli fəaliyyətindən dərin narahatlıqlarını ifadə etdilər, Cammu və Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində, sülh yolu ilə həll edilməsi ilə bağlı prinsipial mövqelərini təkrar ediblər;

    Kipr, o cümlədən Egey və Şərqi Aralıq dənizi məsələlərinin beynəlxalq hüquqa əsaslanan ədalətli, davamlı və realist, eləcə də qarşılıqlı qəbul edilmiş həllini dəstəkləmək qərarlarını bildiriblər;

    Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasını və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq normallaşdırılmasını dəstəklədiklərini bir daha təkrar ediblər;

    Müdafiə və təhlükəsizlik sahələrində, o cümlədən qabaqcıl təcrübələrin bölüşdürülməsi, potensialın artırılması, yeni və inkişaf etməkdə olan texnologiyalar və müntəzəm səfər mübadiləsi yolu ilə əməkdaşlığın təşviq olunmasına sadiq qalıblar;

    COVID-19 pandemiyasının iqtisadi artım və ictimai sağlamlığa geniş təsirlərini müzakirə ediblər, məlumat, tədqiqat, təcrübə və qabaqcıl təcrübə mübadiləsi barədə razılığa gəliblər və inkişaf etməkdə olan ölkələrin maliyyə və qabiliyyət məhdudiyyətlərini nəzərə alaraq problemin effektiv və anlaşıqlı şəkildə həll edilməsi üçün genişləndirilmiş beynəlxalq əməkdaşlıq və həmrəyliyə çağırıblar;

    Üçtərəfli ticarət və investisiyaların genişləndirilməsi üçün əməkdaşlığı gücləndirməyə və dərinləşdirməyə qərar veriblər və üç ölkənin müvafiq nazirliklərini rüsumların azaldılması, tarif və qeyri-tarif maneələri, nəqliyyat xərcləri, bank sektorları arasında daha yaxşı əlaqələndirmə və qarşılıqlı investisiyaların qorunması ilə bağlı konkret tövsiyələri əks etdirən möhkəm bir Fəaliyyət Planı hazırlamağa çağırıblar;

    Nəqliyyat, ticarət, enerji, insanlar arasındakı əlaqələr, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində, o cümlədən müxtəlif regional forumlarda hava, dəmir yolu və avtomobil əlaqələri və regional bağlılıq təşəbbüslərinin təkmilləşdirilməsi və gücləndirilməsi yolu ilə regional bağlılıq üzrə əməkdaşlığı inkişaf etdirməyə qərar veriblər;

    Qida və enerji təhlükəsizliyi, ətraf mühit, davamlı inkişaf və iqlim dəyişikliyi mövzusunda əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıblar və 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə vaxtında cavab vermək və nail olmaq üçün daha geniş beynəlxalq əməkdaşlığa çağırıblar;

    Üçtərəfli görüşlərin hər il əlifba sırası ilə mütəmadi olaraq çağırılmasına razılıq veriblər;

    Həmçinin 2022-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə Üçtərəfli Görüşlərin üçüncü iclasının Türkiyədə keçirilməsinə razılıq veriblər”.

  • Nümayəndələr Palatası Trampın impiçmenti məsələsini müzakirə edir

    ABŞ Konqresinin Nümayəndələr Palatasında Prezident Donald Trampın impiçmenti məsələsinə baxılır.

    Bu barədə öz “Twitter” səhifəsində parlament müxbiri Jamie Dupre yazıb.

    O, qeyd edib ki, bir saat ərzində konqresmenlər Prezidentin vəzifəsində kənarlaşdırılması barədə debatların ardıcıllıq qaydasını müəyyən edəcək, daha sonra impiçmentlə bağlı iki saat müzakirələr aparılacaq.

    Qeyd edək ki, hazırda Nümayəndələr Palatasında Demokratlar üstünlük təşkil edir.

  • Azərbaycan Əfqanıstanda səfirlik açır

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

    Nazirlər Kabineti Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli və sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

    Azərbaycan Xarici İşlər Nazirliyinə Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.

    Dövlət başçısı həmçinin Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb.