Month: January 2021

  • Azərbaycanda benzinin qiyməti qaldırıldı

     Yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

     Şuranın Katibliyidən APA-ya verilən məlumata görə, iclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
     Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib.

    Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib.

    SOCAR-ın müraciətində Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyətin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə əsaslandırılıb. Qeyd edilməlidir ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.

    İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

    Məlumat üçün bildirək ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada orta hesabla 1,0 manat, Ukraynada 1,72 manat, Belarusda 1,14 manat, Gürcüstanda 1,12 manat təşkil edir. Dizel yanacağının qiyməti isə 1 litr üçün Türkiyədə 1,44 manat, Rusiyada 1,12 manat, Ukraynada 1,72 manat, Belarusda 1,21 manat, Ermənistanda 1,19 manat/litr, Gürcüstanda 1,15 manat səviyyəsindədir.

    Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. İdxalın artmasına paralel olaraq, benzinə və dizelə tələbat da yüksəlib.

    Dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 02.12.2013-cü il, Aİ-92 markalı benzin üzrə isə 14.07.2017-ci il tarixlərində aparılıb. Həmin dövrlərdə ölkə üzrə orta aylıq əmək haqqı müvafiq olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66%, pensiyalar 73% artıb. Keçən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib.

    Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq, həmçinin ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaqdır. Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcəkdir.

    Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.

    Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir.
    Bununla yanaşı, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacaqdır.

    Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə digər neft məsullarının (Aİ-92 markalı avtomobil benzini, dizel və bitum istisna olmaqla) qiyməti liberallaşdırılıb.

    Tarif (qiymət) Şurasının iclasında digər sahələr üzrə tariflərə də yenidən baxılıb.

    Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, əmlak barədə məlumatların reyestrə daxil edilməsi və əlaqədar xidmətləri üzrə tariflərə baxılması barədə müraciəti müzakirə edilib. Bu xidmətlər üzrə tariflərin 2009-cu ildə təsdiq olunduğu və tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitin keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsi üçün avadanlıqların alınmasına, işçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə sərf ediləcəyi nəzərə alınaraq, yeni tariflər təsdiq olunub.

    Yeni tariflər 5 yanvar 2021-ci il tarixindən tətbiq ediləcəkdir.

    Tarif (qiymət) Şurasının iclasında yeni dövlət qeydiyyatından keçmiş 300-ə yaxın dərman vasitəsinin qiyməti də təsdiq olunub. Ticarət adı, farmaseptik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12.392 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

    Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarı ilə fitosanitar tədbirlərə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının təsdiq edildiyi nəzərə alınaraq, Tarif (qiymət) Şurasının 01.08.2014-cü il tarixli 4 nömrəli Qərarı ləğv olunub.

    Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

  • Türk alimdən BİR İLK: COVID-19-u bu üsulla təyin edir

    Tükiyəli Fizioterapiya və Reabilitasiya üzrə mütəxəssis Mehmet Serhan Kurtulmuş, Sars Cov-2 virusunu amin turşusu və ikinci dərəcəli mikroproteinin köməyilə xüsusi bir reaksiya sayəsində sidikdə aşkarlamağa qadir olan metod kəşf edib.

    Kurtulmuş bu elmi-tədqiqata yeni tip koronavirusun (COVID-19) Türkiyədə ilk dəfə rast gəlindiyi mart ayında başladığını və onu noyabrda başa çatdırdığını qeyd edib.

    Onun sözlərinə görə, test əvvəlcə Xalq Səhiyyə Baş İdarəsi, sonra da Türkiyə Dərman və Tibbi Cihaz qurumu tərəfindən rəy alıb. Artıq ona Səhiyyə Nazirliyi icazə verib.

    Alimin sözlərinə görə, klinik sınaqlar zamanı bu testin düzgünlük faizinin mövcud testlərə nisbətən yüksək olduğu müəyyən edilib. Bu elmi-tədqiqat işi beynəlxalq səviyyəli elmi jurnalda da əksini tapıb.

    Kurtulmuşun sözlərinə görə, onun icad etdiyi test 15 saniyə ərzində nəticə göstərir:

    “Amin turşusu və ikinci dərəcəli mikroprotein xüsusi reaktiv sayəsində sidikdəki virusu təsbit edir. Bu səbəbdən onun adını foaming (köpük) test qoymuşuq. Onu hazırlamaqda məqsədimiz insanların ən tez və düzgün şəkildə COVID-19-u təsbit edib ondan yaxa qurtarmasına yardım etməkdir. Bunun sayəsində virusa yoluxanların tez bir zamanda müalicəyə başlaması, virusa yoluxmayanların isə gündəlik adi həyatlarına davam etməsi, işlərini itirməməsi, müalicə alan xəstələrin asanlıqla nəzarətdə saxlanılması mümkündür. Bu, koronavirusu təyin edən ilk sidik testidir və 15 saniyədə nəticə verir”.

    Mehmet Serhan Kurtulmuş testdən istifadənin qaydalarını da izah edib:

    “Orqanizmdəki virusu bu test vasitəsilə təyin etmək çox asandır. İçində testin olduğu sidik qabına bir qədər sidik tökürsüz. Test qabının içərisindəki xüsusi bir reaktivi olan vakumlu kolbanı sidik qabının üzərindəki sahəyə yerləşdirirsiz. Kolbaya müəyyən qədər sidik daxil olandan sonra 15 saniyə ərzində onu aşağı-yuxarı çalxalayırsız. Test kolbasındakı köpüyün miqdarını kolbanın üzərindəki rəng şkalasına əsasən dəyərləndirirsiz. Beləliklə, hər hansı simptomunuz olmasa da, orqanizminizdə virus yükünün olub-olmadığını təyin edə bilirsiz. Əgər bəzi klinik simptomlarınız varsa, bunun COVID-19-dan, yoxsa başqa infeksiya mənbəyindən qaynaqlandığını da müəyyən edə bilərsiz”. (publika.az)

  • Bill Geyts Günəşi “bloklamağa” hazırlaşır: Alimlər razılaşdı

    “Maykrosoft”un qurucusu Bill Geyts məqsədi Günəşi “bloklamaq” olan genişmiqyaslı bir layihə həyata keçirməyə hazırlaşır.

    Median.Az qaynarinfo-ya istinadən xəbər verir ki, milyarderin ideyasını həyata keçirməsi üçün ona Harvard Universitetinin alimləri kömək edəcəklər.

    Tədqiqat müəllifləri planetdəki qlobal istiləşmə prosesinin atmosferə Günəş işığını əks etdirən hissəciklərin püskürməsi ilə təsir edə biləcəyi fərziyyəsini yoxlamağı planlaşdırırlar.

    SSC mütəxəssisləri bu yaxınlarda layihədə iştirak etmək barədə razılıqlarını bildiriblər. Antarktika şəhəri Kirun yaxınlığında, təxminən 600 kiloqram ağırlığında 20 kilometr yüksəkliyə qədər elmi avadanlıqları olan bir qondol aparacaq isti hava balonu atacaqlar.

    Bununla belə, heç də bütün elm adamları bu təşəbbüsü dəstəkləmir, çünki təbii proseslərə təsir göstərmək cəhdləri ciddi nəticələrə səbəb ola bilər və bunu, sadəcə proqnozlaşdırmaq mümkün deyil.

    Bundan əvvəl Bill Geyts GeekWire Summit-ə verdiyi bir müsahibəsində bütün dünya üçün 2021-ci illə bağlı bir neçə proqnoz vermişdi.

  • Gürcüstan tədricən xırda pullardan imtina edir

    Gürcüstanda 2020-ci il dekabrın 31-dən milli valyutanın tərkib hissəsi olan 1 və 2 tetriləri (qəpiklər) nağd hesablaşmalar üçün dövriyyədən çıxardıb. Artıq bu pul vahidlərinin nağd ödəniş vasitəsi kimi istifadə müddəti başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb. Məlumata əsasən, Gürcüstan Milli Bankı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2019-cu il 1 yanvar tarixindən etibarən 1 tetri nağd ödəmə prinsipi yuvarlaqlaşdırma metoduna çevrilir. Yuvarlaqlaşdırma metodu yalnız nağd ödənişə şamil edilib, nağdsız ödəniş isə yenə də bir tetri dəqiqliyi ilə mümkündür.

    Milli Bank vətəndaşlara xəbərdarlıq edib ki, 2021-ci il yanvarın 1-dən bir il ərzində 1 və 2 tetri qəpiklərinin Gürcüstanda və Gürcüstan Milli Bankında fəaliyyət göstərən kommersiya bankları vasitəsilə, 2022-ci il yanvarın 1-dən isə yalnız Gürcüstan Milli Bankı vasitəsilə ömürlük dəyişdirə biləcəklər.

  • Daşaltı uğrunda döyüşlərdə şəhid olan Şirxan Quliyevin döyüş yolu – FOTO

    Vətən müharibəsinin qəhrəmanlarından olan Şirxan Quliyev əslən Xocavənddəndir. Ailəsinin o torpaqlara qayıdacağına heç vaxt inamını itirməyən Şirxan Vətən müharibəsində son damla qanına qədər döyüşərək şəhid olub.

    Median.Az bildirir ki, AZƏRTAC-ın müxbiri şəhidin şərəfli döyüş yolu barədə məlumat almaq üçün Beyləqan rayonunda yerləşən Xocavənd rayon məcburi köçkün qəsəbəsində yaşayan Quliyevlər ailəsinə baş çəkib.

    1995-ci il sentyabrın 27-də məcburi köçkün ailəsində dünyaya göz açan Şirxanın bir zamanlar yaşadığı evdə ondan geriyə xatirələri qalıb. Çarpayısında şanlı üçrəngli bayrağımız, divarda isə Şirxanın hərbi geyimi var. Bir də onun çəkdirdiyi fotolar və bir neçə əşya. Bu gördüklərimizin hər birində Şirxanla bağlı minlərlə xatirə canlanır. Şəhidin ailəsi ilə həmsöhbət olduqca onun necə mərd, vətənə bağlı olduğunu daha dərindən öyrəndik. Şirxan dünyaya gələndə ailəsi üç il idi torpaq həsrəti ilə yaşayırdı. Böyüdükcə ata-baba yurdunun düşmən tapdağında olduğunu bilmək Şirxanın ürəyində bir hərbçi olmaq arzusunu formalaşdırır. Söylədiyi və vəd etdiyi söz isə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canımdan keçməyə hazıram ifadəsi olur. Bu istəklə Şirxan həqiqi hərbi xidməti bitirdikdən sonra müddətdən artıq hərbi xidmətçi olaraq vətən keşiyində dayanmağı özünə şərəfli yol olaraq seçir. Beş il o, cəbhənin müxtəlif istiqamətlərində xidmətdə olub. Gözlədiyi bir məqam isə döyüş əmrinin verilməsi idi. Bu arzu isə Şirxana sentyabrın 27-də nəsib olur. Ailəsi ilə danışan Şirxan deyib ki, “məqam həmin məqamdır, biz torpaqlarımızı azad edəcəyik”.

    Şəhidin atası İsmixan Quliyev Şirxan barəsində qürurla danışır. Doğma yurdu olan Xocavənd torpaqlarına qovuşmaqda övladının da payı olan şəhid atası fəxr hissi ilə deyir: “Şirxan ağlı kəsən gündən deyirdi ki, torpaqlarımızı gec-tez düşməndən azad edəcəyik, hər birimiz o gözəl, səfalı Qarabağımıza qayıdacağıq, o dağlarda bizim şanlı bayrağımız dalğalanacaq. Belə də oldu. Düzdür, o, şəhidlik zirvəsinə ucalsa da, özündən sonra şanlı bir tarix yazan qəhrəmanlarımızdan biri olaraq iz qoydu. Şirxanın döyüş yolundan danışan atası deyir ki, o, öncə Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib, bir çox ərazilərin azad edilməsində rolu olub. Oradan Qubadlı istiqamətinə yollanıblar. Həmin ərazidə də bir çox uğurlu tapşırıqlarda Şirxan da iştirak edib. Noyabrın 3-də Daşaltı uğrunda gedən döyüşlərdə Şirxan yaralansa da, döyüşə davam edib. Noyabrın 7-də isə Şirxan şəhidlik zirvəsinə ucalıb.

    Şəhid anası Raisə Quliyeva qəhrəman övladı haqqında indi qürurla danışır: “Müharibədən hələ əvvəl Şirxanla danışarkən deyirdim ailə qurmaq vaxtındı. O, deyərdi ki, torpaqlarımız azad edilsin, sonra ailə qurmaq haqqında düşünərəm. Şirxanın sevmədiyi ifadə qaçqın kəlməsi olub”. Sonuncu dəfə noyabrın 2-də ailəsi ilə əlaqə saxlayan Şirxan qələbə çox yaxındır, biz artıq Şuşanı da alacağıq, bayrağımızı orada dalğalandırıb gələcəyəm deyə söz verib. Lakin Şirxanın şəhidlik xəbəri Şuşanın azad edilməsindən bir gün öncə gəlib. Özü həyatda olmasa da, ailəsinə verdiyi vədlər gerçəkləşib.

    Şəhid bacısı İlkanə Quliyeva qardaşı ilə hər zaman fəxr etdiyini söyləyib: “Biz uşaq olarkən mənə deyirdi ki, biz niyə qaçqın olduq, niyə biz öz torpaqlarımızda deyilik. Ona görə də hələ balaca vaxtından arzusu böyüyəndə hərbçi olmaq idi. O, uşaq vaxtı hərbçi görəndə onlarla şəkil çəkdirərdi. Vətənə bağlılığı həddən çox idi. Onun ən böyük arzusu torpaqlarımızın azad edilməsi və bu yolda canından belə keçmək idi”.

  • Bakıda iki maşın toqquşub – VİDEO

    Nəsimi rayonu Cavadxan küçəsində yol qəzası baş verib.

    Oxu.az xəbər verir ki, BMW markalı avtomobillə KİA markalı avtomobil toqquşub.

    Nəqliyyat vasitələrinə ciddi ziyan dəysə də, hadisə nəticəsində xəsarət alan olmayıb.

  • Kəlbəcər rayonunun Zivel kəndi – VİDEO

    Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonunun Zivel kəndindən videogörüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik.

  • Coğrafiya İnstitutu: “Xəzərin səviyyəsində enmə 2050-ci illərə qədər davam edəcək”

    Qərb mətbuatında yayımlanan məlumata görə, alimlər Xəzər dənizi səviyyəsinin əsrin sonunadək 9-18 metr enəcəyi qənaətinə gəliblər.

    “Report”un məlumatına görə, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev məsələyə münasibət bildirib.

    Alimin dediyinə görə, Xəzər dənizi dünya okeanı ilə birbaşa əlaqəsi olmayan ondan təcrid olunmuş dəniz olduğundan səviyyəsinin mütəmadi olaraq dəyişməsi, yəni enib-qaxması təbii bir haldır:

    “Dənizin səviyyəsi üzərində ilk insrtumental müşahidələr 1837- ci ildən Bakıda aparılmağa başlanılmışdır. Çoxillik müşahidələr göstərir ki, bu son 177 il ərzində dənizin səviyyəsi 3 dəfə kəskin surətdə dəyişib: 1929-1977-ci illərdə 3.0 metr aşağı düşmüş, 1978-1995-ci illərdə 2.5 metr qalxmış və 1996-cı ildən başlayaraq bu günə qədər dənizin səviyyəsində yenidən enmə müşahidə edilir və enmə 1.5 metr təşkil edir. Hal-hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -28.05 metr mütləq hündürlükdədir. İnstrumental müşahidə müddətində ən böyük dəyişkənlik səviyyəsi 1862-ci ildə (-24 m) qeydə alınmış və dəyişmə amplitudu 4m təşkil edib”.

    Alim bildirib ki, çoxsaylı policoğrafi, arxeoloji, tarixi və müşahidə məlumatları göstərir ki, son 3.5 min il ərzində Xəzər dənizinin səviyyəsində təxminən 450-500 illik periodiklik müşahidə edilir: 200-250 il müddətində səviyyə qalxır və bu müddət ərzində də enir. Xəzərdə son ən böyük səviyyə dəyişkənliyi 1862-ci ildən enmə ilə başlayıb və bu prosesin təxminən 2050-ci illərə qədər davam edəcəyi güman edilir.

    “Qeyd etmək lazımdir ki, son 500 ildə dənizin ən minimal səviyyəsi 1977-ci lldə müşahidə olunmuşdur. Bu zaman səviyyənin orta illik qiyməti (-29.00 m) bu ilki (2020-ci il) qiymətindən 1.0 m az olmuşdur, yəni dənizin səviyyəsi hazırda 1.0 m aşağı enmişdir. Xəzər dənizinin bu müddət ərzində (1977-2020-ci illər) hidrometeoroloji və ekoloji rejimində heç bir mühüm narahatedici hadisə baş verməyib.

    Ümumiyyətlə, Xəzər dənizində onilliklər ərzində baş verən səviyyə dəyişmələri iqlim dəyişkənliyi, yüz, min illik səviyyə dəyişmələri isə Xəzər hövzəsində baş verən tektonik proseslərlə əlaqədardır. Hazırda gedən enmə prosesi iqlim faktoruna söykənir ki, bu da dənizin su balansı ilə müəyyən edilir. Su balansını təşkil edən elementlərin dəyişmələri Xəzərin səviyyə dəyişmələrini təyin edən əsas amildir”.

  • Türkiyəli alimlər koronavirusu 10 saniyəyə təyin edən cihaz hazırlayıblar

    Türkiyəli alimlər koronavirusu 10 saniyəyə təyin edən cihaz hazırlayıblar.

    Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ankaranın Bilkent Universitetindən bildiriblər.

    Mütəxəssislərin sözlərinə görə, yeni cihazın əsas üstünlüyü əldə olunan nəticələrin 99 faizinin dəqiq olmasıdır. “Diagnovir” adlı yeni cihazla testin həyata keçirilməsi üçün burundan yaxma götürülmür. Bunun əvəzinə ağızın selikli qişasından nümunə götürülür və xüsusi maye ilə qarışdırıldıqdan sonra cihaza yerləşdirilir.

    Milli Nanotexnologiya Tədqiqat Mərkəzi Əli Aytak Seyman bildirib ki, koronavirus testi üzrə müsbət cavab 5-10 saniyə ərzində almaq olar. Lakin testin cavabı mənfidirsə, bu, 20 saniyə keçdikdən sonra bəlli olacaq.

  • SON DƏQİQƏ! Əhaliyə gecə ilə müjdə verildi: Nazir müavini şəxsən açıqladı

    SON DƏQİQƏ! Əhaliyə gecə ilə müjdə verildi: Nazir müavini şəxsən açıqladı

    Bu il pensiyalarda artım olacaq. Hazırda pensiyaların neçə faiz artacağı məsələsi dəqiqləşdirilir.

    Xezerxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

    Xəzər TV-nin “Birinci Studiya” proqramının qonağı olan A.Kərimov bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 8 faiz, başqa sözlə, 360 milyon manat artıb. Artıq Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 5,1 milyard manata çatdırılıb.
    Nazir müavini deyib ki, DSMF-nin büdcəsinin 97 faizi sırf sosial ödənişlərə gedir. Onun sözlərinə görə, son iki il ərzində sosial ödənişlərə xərclənən vasaitin həcmi 1 milyard manat artıb.
    A.Kərimov açıqlayıb ki, son iki il ərzində DSMF təqribən 570 milyon manata qənaət edib və dövlət büdcəsinə qaytarıb. Eyni zamanda, növbəti illər üçün də qənaət yastığı yaradılıb.

    O xatırladıb ki, ötən il pensiyalar, təqaüdlər və müavinətlər artırılıb: “Artımlar 2021-ci ildə də davam etdiriləcək. Keçən il pensiyalarda 13 faiz artım oldu. Bu il də artım olacaq. Hazırda pensiyaların nə qədər artacağı dəqiqləşdirilir”.

    Nazir müavini onu da deyib ki, Azərbaycanda 1 milyon 200 min pensiyaçı, 300 minə yaxın təqaüdçü və 500 min nəfər müavinət alan var.