Month: January 2021

  • Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı VACİB AÇIQLAMA

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı məlumat yayıb.

    Qurumdan bildirilib ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 22-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması yanvarın 30-dək davam edəcək.

  • Azərbaycanda və Ermənistanda əsirlikdə olan şəxslərin sayı açıqlandı

    “Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 12 hərbi qulluqçumuz və iki mülki şəxs əsirlikdən azad edilib”.

    “Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

    Onun sözlərinə görə, hazırda iki mülki şəxs erməni əsirliyində saxlanılır:

    “Azərbaycanda isə 5 erməni əsilli şəxs saxlanılır. Onlardan 2-si hərbi, 3-ü isə mülki şəxsdir. Onlar barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə məlumat verilib”.

  • Deputatlarımız Qırğızıstanda prezident seçkilərini müşahidə edəcəklər

    Milli Məclisin deputatları Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün yanvarın səkkizində ölkənin paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.

    Deputat Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin xətti ilə, millət vəkili Fazil Mustafa TÜRKPA-nın müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəklər.

    Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, seçicilərin fəallığını müşahidə edəcəklər.

    Səfər yanvarın 13-də başa çatacaq.

  • Teymur Rəcəbov Çempionlar Turuna başçılıq edir

    İki gün əvvəl Ermənistan şahmatçısı Levon Aronyana qalib gəlməklə 60 min dollar qazanan Teymur Rəcəbovun sürətli şahmat üzrə onlayn Çempionlar Turu çərçivəsində növbəti yarışının vaxtı bəllidir.

    Bu turnirin növbəti mərhələsi 6-14 fevral (müntəzəm) tarixlərində keçiriləcək. Bu yarışda qalib 30 min, finalçı 15 min dollar qazanacaq.

    Bundan başqa, Çempionlar Turunun 13-21 mart (əsas), 24 aprel – 2 may (müntəzəm), 23-31 may (əsas), 26 iyun – 4 iyul (müntəzəm), 31 iyul – 8 avqust (müntəzəm), 28 avqust – 5 sentyabr (müntəzəm) və 25 sentyabr – 3 oktyabr (final) tarixlərində mərhələləri keçiriləcək.

    Qeyd edək ki, hazırda Teymur Rəcəbov yarışın baş tutmuş iki mərhələsi – “Skilling Open” (22-30 noyabr) və “Airthings Masters” (26 dekabr – 3 yanvar) turnirləri üzrə turnir cədvəlinə başçılıq edir. Şahmatçımız ilk yarışda 3, ikincidə 88 xal toplamaqla 91 xal qazanıb.

    İkinci sırada “Skilling Open”ın qalibi Uesli So (ABŞ) gedir. Filippin doğumlu idmançının 62 xalı var. Levon Aronyan (Ermənistan) və klassik şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç) 50 xala malikdir.

    Onu da bildirək ki, müntəzəm və əsas turnirlərin fərqi reqlamentdə və mükafat fondundadır. Belə ki, əsas turnirlərdə mükafat fondu 200 min, müntəzəmdə 100 min dollardır. Final mərhələsində isə 300 min dollar şahmatçıların tutduğu yerdən asılı olaraq paylanılır.

  • Azərbaycanda iki sığorta şirkətinin lisenziyası ləğv edildi

    Azərbaycanda iki sığorta şirkətinin lisenziyası ləğv edilib.

    Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “AXA MBask” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə və “Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş müvafiq olaraq 7 dekabr 2010-cu il tarixli və 10 iyul 2012-ci il tarixli lisenziyalar ləğv edilib.

    Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Oxu.Az-a bildirib ki, bu, könüllü ləğvetmələrdir və sığorta şirkətləri bunun üçün özləri müraciət edib.

    O qeyd edib ki, sığorta şirkətlərinin lisenziyası 29 dekabr 2020-ci ildə ləğv edilib.

  • Bakıda həbsdə olan oğluna narkotik aparan ana tutuldu – FOTO

    Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

    Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum Cavadov Miryusif Sabir oğlu ilə qısamüddətli görüşə gəlmiş anası, Bakı şəhər sakini Paşayeva Ofelya Paşa qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan plastmas xama qabının içərisində gizlədilmiş ümumi çəkisi 3,411 qram olan narkotik maddə – marixuana və ümumi çəkisi 4,217 qram olan narkotik maddə – heroin aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ermənistanın təcavüzü nəticəsində ziyan çəkənlərə yardım göstərilməsinə başlanıldı – RƏSMİ

    Ermənistanın təcavüzü nəticəsində ziyan çəkmiş vətəndaşlara maddi yardım göstərilir.

    Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 2020-ci il və 14 dekabr 2020-ci il tarixli sərəncamlarının icrası prosesi yeni mərhələyə daxil olub.

    Artıq Prezidentin ziyan dəymiş vətəndaşlara ilkin maddi yardım verilməsi haqda 14 dekabr 2020-ci il tarixli sərəncamının icrasına başlanılıb.

  • Sabaha olan hava proqnozu

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, yanvarın altısında Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

    Yanvarın altısında Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Aleksandr Çepurnov peyvəndin yeni mutasiyaya təsirindən DANIŞDI

    Rusiya Elmlər Akademiyası Klinik və Eksperimental Tibb İnstitutunun aparıcı elmi işçisi, virusologiya üzrə professor, biologiya elmləri doktoru, “Vektor” xüsusi təhlükəli infeksiyalar laboratoriyasının keçmiş müdiri Aleksandr Çepurnov Media.Az-a koronavirusun yeni mutasiyası barədə danışıb.

    O qeyd edib ki, bu dəfə virusun həqiqətən daha sürətli yayılan bir növü meydana çıxıb:

    “Əlbətdə ki, bütün virus RNT-lərində mutasiyalar çox tez-tez baş verir. Hədəfli seçim halları ola bilər. Danimarkada məhv edilmiş su mamurlarını hamı xatırlayır. Virusun yeni sahibin ortaya çıxması və sonra insana qayıtması ciddi nəticələrə, yeni mutasiyalara səbəb ola bilər. Bundan başqa, daşıyıcı kimi pişiklər var və s. Beləliklə, çoxlu təhlükələr var. Bu səbəbdən “koronavirusun mutasiyası” ifadəsini eşidən hər kəs narahat olmağa başlayır”.

    Professor koronavirusun Böyük Britaniyada və Cənubi Afrikada meydana çıxan yeni ştammlarından da bəhs edib. O, bunun çox xoşagəlməz bir vəziyyət olduğunu deyib:

    “Virus, demək olar ki, iki dəfə sürətlə yayılmağa başlayıb və hətta mutasiya edib. Ancaq peyvənd virusa təsir etməsəydi və ya ölümcül vəziyyət artsaydı, daha dəhşətli olardı”.

    Çepurnov bildirib ki, peyvənd yeni ştamma təsir edəcək:

    “Britaniyadakı virusun artıq dəyişmiş variantlarından söhbət gedirsə, peyvəndin işə yaramayacağını göstərən heç bir məlumat yoxdur. Ona görə də peyvəndin kömək edəcəyini deyə bilərik. Ancaq potensial olaraq fərqli də ola bilər, bütün qorxular da bundan qaynaqlanır”.

  • ABŞ Rumıniyaya PUA və hərbi qüvvə yerləşdirdi

    ABŞ Hərbi Hava Qüvvələrinin “MQ-9 Reaper” kəşfiyyat PUA-ları və təxminən 90 hərbi qulluqçu Rumıniyanın Kampia Turzii şəhərində hava bazasında yerləşdirilib.

    “RİA Novosti” bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı Komandanlığının məlumatına istinadən xəbər yazır.

    Bildirilir ki, PUA-lar və hərbi personal uzun müddətə yerləşdirilib, lakin dəqiq vaxt qeyd olunmur.

    Onlar NATO əməliyyatlarına dəstək olaraq məlumat toplama, nəzarət və kəşfiyyat məqsədi ilə yerləşdirilib.

    ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandiri, general Ceffri Harriqianın sözlərinə görə, bu strateji məkanda pilotsuz təyyarələrin yerləşdirilməsi müttəfiqlərə və tərəfdaşlara təskinlik verir, eyni zamanda ortaya çıxan hər hansı bir təhdidə cavab ola biləcəyini düşmənlərə izah edir.

    Hərbçilər pilotsuz təyyarələrin və hərbi personalın yerləşdirilməsinin Rumıniya hakimiyyəti ilə razılaşdırıldığını, ABŞ-ın Avropadakı təhlükəsizlik və sabitliyə bağlılığından bəhs etdiyini və NATO müttəfiqləri ilə digər Avropa tərəfdaşları arasında əlaqələrin gücləndirilməsinə yönəldiyini bildirirlər.