Month: May 2021

  • Masallı sakini naməlum şəraitdə xəsarət alıb

    Masallı sakini, 1975-ci il təvəllüdlü Zaur Yədulla oğlu Abdullayev qolundan ağır xəsarət alıb.

    Hadisə Viləş kəndində baş verib.

    Z.Abdullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunaraq cərrahiyə şöbəsinə yerləşdirilib. Ailə üzvlərinin dediyinə görə, Zaur Abdullayev yaşadığı evdə mübahisə zəminində əsəbiləşərək, şüşəli çərçivəyə yumruqla zərbə endirib. Nəticədə qol nahiyəsindən dərin kəsik yarası alıb. Bununla belə, onun xəsarətinin bıçaq yarası olması da istisna edilmir.

    Hadisənin hansı şəraitdə və necə baş verməsinin təfərrüatı polis araşdırmasından sonra məlum olacaq.

  • Rusiyanın 54 diplomatı Çexiyanı tərk edib

    Rusiyanın Praqadakı səfirliyinin 54 əməkdaşı Çex Respublikasını tərk edib.

    Bu barədə “TASS”a Rusiya səfirliyinin mətbuat katibi Nikolay Bryakin məlumat verib.

    Onun sözlərinə görə, səfirliyin 54 işçisi ailə üzvləri ilə birlikdə xüsusi təyyarə vasitəsi ilə Rusiyaya yola düşüb.

    N. Bryakin bildirib ki, diplomatik nümayəndəliyin ikinci qrup işçisi və onların ailə üzvləri 31 may, bazar ertəsi günortadan sonra Çexiyanı tərk edəcəklər.

    Bundan əvvəl, Çexiyanın xarici siyasət idarəsinin rəhbəri Yakub Kulqanek bildirib ki, Rusiyanın Praqa səfirliyindəki diplomatların sayı Çexiyanın Moskvadakı diplomatlarının sayına qədər azaldılacaq.

  • Pakistanda koronavirus xəstələri itlər vasitəsilə aşkarlanır

    Pakistanın şimal-qərbindəki Peşəvər şəhərinin beynəlxalq hava limanında sərnişinlərdə COVID-19 virusunu aşkarlamaq üçün xüsusi təlim keçmiş itlərdən istifadə olunur.

    Hava limanına gələn sərnişinlər sürətli test verdikdən sonra həmin nümunə itə təqdim olunur. Nümunəni iylədikdən sonra it əyləşirsə, testin müsbət çıxması deməkdir.

    İndiyədək yeni üsulla koronavirusun 4 nəfərdə aşkarlandığı bildirilir.

  • Konqoda daha bir vulkan püskürüb

    Konqo Demokratik Respublikasının şərqindəki Qoma şəhəri yaxınlığında Murara vulkanının püskürməsi başlayıb.

    Bu barədə bildirən hökumət sözçüsü Patrik Muyaya vulkanın şəhərin 25 kilometr şimalında məskənsiz bölgədə yerləşdiyini deyib.

    Həmin bölgənin yerləşdiyi təbiət qoruğu ərazisində ciddi mühafizə olunan dağlı qorillaların dünyadakı sayının dörddə biri yaşayır.

    Hökumətin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində hələ srağagün 400 minədək sakin təhlükəsiz bölgəyə təxliyyə olunub.

    Xatırladaq ki, ötən şənbə günü yaxınlıqdakı Nyiraqonqo vulkanının püskürməsi nəticəsində 34 nəfər ölmüş, 20 minədək sakin evsiz-eşiksiz qalmışdı.

  • Xarici blogerlər Gəncəyə səfər edib

    Azərbaycanda səfərdə olan bir qrup xarici bloger Gəncə şəhərinə səfər edib.

    Səfər İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Show Me Azerbaijan” layihəsi çərçivəsində baş tutub.

    Belə ki, 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni Gəncə şəhərinə gəlib.

    Onlar Vətən müharibəsi zamanı ermənilərin Gəncə şəhərini raket atəşinə tutaraq törətdiyi cinayətlərlə tanış olmaq üçün dinc sakinlərin həlak olduğu və dağıntıların qeydə alındığı ərazidə olublar. Qonaqlar burada öz həyatlarını itirmiş şəxslərin ruhuna ehtiram əlaməti olaraq güllər düzüblər. Onlara hadisə ilə bağlı ətraflı məlumat verilib.

    Qeyd edək ki, xarici blogerlər daha sonra Nizami Gəncəvi məqbərəsini və İmamzadə kompleksini ziyarət edəcəklər.

  • Masallıda yeni məhkəmə kompleksi inşa olunub

    Masallıda yeni məhkəmə kompleksi inşa olunub.

    Masallı Məhkəmə Kompleksi Prezident İlham Əliyevin tapşırığı ilə tikilib.

    Kompleks “ASAN Həyat” kompleksinin və Olimpiya İdman Kompleksinin yerləşdiyi ərazidə inşa edilib. Kompleksdə rayon məhkəməsi ilə yanaşı, kommersiya və inzibati məhkəmələr, o cümlədən Şirvan Apellyasiya Məhkəməsi tərəfindən bu bölgəyə aid işlərə yerində baxılacaq. Burada yaradılan müasir şərait bölgənin 1 milyon 700 min sakininin əlçatanlığına və onlara keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə hərtərəfli imkan yaradıb.

  • Londonda Respublika Gününə aid lövhələr quraşdırılıb

    Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natavan Qrup” və Britaniya Azərbaycanlıları Assosiasiyanın birgə təşkilatçılığı ilə İngiltərənin paytaxtı London şəhərində 28 may – Respublika Gününə həsr olunmuş məlumat xarakterli bilbordlar yerləşdirilib.

    Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, lövhələrdə 28 may tarixinin Azərbaycanın Respublika Günü kimi qeyd edildiyinə, ölkəmizin Şərqdə ilk demokratik respublika yaratdığına diqqət cəlb edilib.

    Lövhələrdə məlumatlar Azərbaycanın paytaxtı Bakı şəhərinin və üçrəngli dövlət bayrağımızın təsviri fonunda yerləşdirilib.

    Lövhənin qarşısından soydaşlarımıza müraciət edən diaspor fəalları Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər və “Yaşasın, Azərbaycan!” şüarını səsləndiriblər.

  • Marketlər şəbəkəsi işdən çıxardığı əməkdaşının maaşını ödəmir

    Sumqayıt şəhərində “Qayalımarket” şəbəkəsinin marketlərinin birində satıcı işləyən Arzu Babayeva işdən xəbərsiz çıxarılmasından narazıdır.

    O, “Report”a açıqlamasında bildirib ki, işdən çıxarılan zaman ona nə xəbərdarlıq edilib, nə də hansısa müavinət ödənilib: “Həmin marketdə 5 ilə yaxın işləmişəm. Bir dəfə də olsa, məzuniyyətə buraxılmamışam. Hətta işdən çıxarılanda istifadə etmədiyim məzuniyyətlərə görə mənə kompensasiya da ödənilməyib”.

    A.Babayeva iş rejimlərinin də qanunsuz uzadıldığını bildirib: “Sanki quldarlıq dövründəki kimi idi. Qanunvericiliyə əsasən, həftədə iş vaxtı 40 saat nəzərdə tutulsa da, biz həftədə 6 gün olmaqla 12 saat (8 saatdan artıq işləməsi nəzərdə tutulur – red) işləmişik. Aidiyyəti orqanlardan xahiş edirəm məsələni nəzarətdə saxlasın və “Qayalımarket”dəki qanunsuzluqlara hüquqi qiymət verilsin”.

    Məsələ ilə bağlı sözügedən marketlər şəbəkəsi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz oldu.

  • İspaniya limanında gəmi aşıb

    İspaniyanın Valensiya muxtariyyatının Kastelyon de la Plana (Castellon de la Plana) limanında yük gəmisi aşıb.

    “Report” xəbər verir ki, limanın “Twitter” səhifəsində paylaşılan xəbərə görə, ötən gün axşam Panama bayrağı altında “Nazmuye Ana” gəmisinin konteyner yükləndiyi zaman aşması nəticəsində gəmi heyətinin 9z nəfərindən 3-ü xəsarət alıb, 2-si də itkin düşüb. Xəsarət alanlardan İspaniya vətəndaşı olan biri ciddi vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Hadisənin səbəbləri araşdırılır.

  • Bu nazirliyin xeyli sayda əməkdaşı İŞDƏN ÇIXARILDI

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov 30-a yaxın şəxsi işdən azad edib.

    Median.Az “oxu.az”a istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Qazax Rayon Şöbəsinin 30 əməkdaşı işdən azad olunaraq, Fondun Tovuz rayonun şöbəsinə köçürülüb.

    İlkin məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunun Qazax və Tovuz filialları birləşdirilərək, regional mərkəz yaradılır.

    Hazırda Fondun Qazax Rayon Şöbəsində bir neçə əməkdaş qalıb, rəhbərlik səlahiyyətlərinin icrası isə müvəqqəti olaraq Nemət Mərdalıyeva həvalə olunub.