Month: July 2021

  • Azərbaycan və Sloveniya Xarici İşlər Nazirlikləri siyasi məsləhətləşmələr aparıb

    Azərbaycan Respublikası və Sloveniya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, siyasi məsləhətləşmələrdə Azərbaycan XİN-in nümayəndə heyətinə nazir müavini Fariz Rzayev, Sloveniya nümayəndə heyətinə Xarici İşlər və Təhlükəsizlik Siyasəti Müdirliyinin Baş direktoru Jernej Müller rəhbərlik edib.

    Məsləhətləşmələrdə ikitərəfli siyasi və iqtisadi-ticarət əməkdaşlığının, miqrasiya sahəsində əlaqələrin inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparılıb.

    Görüş zamanı Sloveniya tərəfinə münaqişə sonrası regional vəziyyət barədə məlumat verilib, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minalanmış ərazilərin təmizlənməsindən bəhs edilib.

    Tərəflər siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

  • Bu gündən Azərbaycanda toylar başlayır

    Sabahdan Azərbaycanda şənlik mərasimləri (toy, nişan, ad günləri və s.) keçiriləcək.

    Nazirlər Kabineti müəyyən şərtlər nəzərə alınmaqla iyulun 1-dən şənlik mərasimlərinin keçirilməsinə icazə verib.

    50 nəfərdən çox qonağın iştirak etdiyi toylarda COVID-19 pasportu tələb olunacaq

    Belə ki, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinə münasibətdə:

    – yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (bundan sonra – COVID-19 pasportu) olduğu halda icazə verilir və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi ləğv edilir;

    – İyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.
    Toy mərasimlərinin keçiriləcəyi şadlıq evləri ilə bağlı tələblər

    – şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməldir.

    – keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır;

    – şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmalıdır. Müəyyən olunmuş tələblərin pozulması hallarına görə məkan və şənlik sahibi birgə cavabdehlik daşıyacaqlar;

    – sanitar-epidemioloji tələblərə riayət olunması məqsədilə yuxarıda qeyd olunan məsələləri və digər tələbləri özündə ehtiva edən metodiki göstərişlər təsdiq olunaraq şənlik mərasimlərinin təşkili və keçirilməsində rəhbər tutulacaq;

    50 nəfərə qədər şəxsin iştirakı ilə keçirilən toylarda COVID-19 pasportu tələb olunmayacaq

    50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi saxlanılmaqla) və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağan edilir.

    Tibbi maska tələbi

    Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, əlli nəfərədək olan toy, nişan və ad günü tədbirlərində COVID-19 pasportu tələb olunmadığı üçün tibbi maska tələbi mütləqdir. Amma 50 nəfərdən 150 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində isə COVID-19 pasportu tələb olunduğu üçün tibbi maska tələbi yoxdur. DİN rəsmisi bildirib ki, 50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində rəqs edərkən maska taxmaq zəruri deyil.

    O həmçinin vurğulayıb ki, açıq havada, çadırda və digər məkanlarda toy, nişan, ad günləri mərasimlərinin keçirilməsinə məhdudiyyət tələblərinə riayət etməklə 50 nəfərə qədər şəxsin iştirakı ilə icazə verilir. Digər halda, bir məkanda iki çadır quraraq ayrı-ayrı qonaqların dəvət edilməsi üçün say tərkibinin başqa formada dəyişdirilməsinə icazə verilmir. Yalnız bir məkanda bir mərasim çadırı təşkil oluna bilər.

    Toy mərasimlərinin keçirilməsinə bu qurumlar nəzarət edəcək

    İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaqdır. Monitorinq qrupları Daxili İşlər Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndlərindən ibarət tərkibdə təşkil olunacaq.

    Qaydaları pozanlar məsuliyyətə cəlb olunacaq

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər

  • Bu gündən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qablara qadağa qoyulur

    İyulun 1-dən Azərbaycanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan edilir.

    Qadağa 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin imzaladığı “Azərbaycanın İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” fərman əsasında tətbiq edilir.

    Sənəddə deyilir ki, iyulun 1-dən ölkə ərazisində polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulacaq.

    Fərmanın müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

  • Neftçalada qadını oğlunun gözü qarşısında öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayır

    Neftçalada qadını oğlunun gözü qarşısında bıçaqlayaraq, öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayır.

    Neftçala rayon prokurorluğundan verilən məlumata görə, 15 mart 2021-ci il tarixdə Neftçala rayon sakini Leyla Səfərovanın qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

    İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Rövşən Piriyev qeyd edilən tarixdə saat 15 radələrində Leyla Səfərovanın küçədə piyada hərəkətdə olduğunu görüb sonuncunun oğlunun gözü qarşısında müstəsna qəddarlıq nümayiş etdirməklə ətrafda şəxslərin olmasına məhəl qoymayaraq ictimai qaydanı kobud surətdə pozub xuliqanlıq niyyəti ilə bıçaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd edib.

    Həmçinin, istintaqla Rövşən Piriyevin əvvəllər Leyla Səfərovanı öldürməklə hədələməsi, ictimai yerdə onu döyməsi də müəyyən edilib.

    Rövşən Piriyev Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.