Month: September 2021

  • Şuşa barədə “28” filmi beynəlxalq festivalda nümayiş etdirilib

    Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları İdarəsi (YTB), Mədəniyyət və Turizm Nazirliyi Sinema Genel Müdürlüyü, TRT, “Anadolu” agentliyi və Boğaziçi Kültür Sanat Vəqfinin təşkilatçılığı ilə ilk dəfə keçirilən Diaspor Beynəlxalq Qısa Film Festivalı başa çatdıb.

    Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, festivala 120 ölkədən 3 123 film təqdim edilib.

    Münsiflər heyəti festivalın final mərhələsinə 24 film seçib. Onların arasında türkdilli filmlər kateqoriyasında azərbaycanlı rejissor Nazim Şərbətovun çəkdiyi qısametrajlı “28” bədii-sənədli filmi də var. Film Niderlandda yaşayan jurnalist Xatirə Sərdarqızının 12 yaşında olarkən birinci Qarabağ müharibəsi zamanı aldığı psixoloji sarsıntıdan, 28 illik həsrətdən sonra işğaldan azad edilən doğma Şuşaya qovuşmasından və öz uşaqlıq illərinə qayıtmasından bəhs edir.

    İstanbulun “Atlas” kinoteatrında filmlərin nümayişi zamanı türkiyəli tamaşaçılar “28” filmini maraqla qarşılayıblar. Filmin nümayişindən sonra rejissor Nazim Şərbətov ekran əsərinin qəhrəmanının real həyatda da əslən Şuşadan olduğunu və birinci Qarabağ müharibəsi zamanı 12 yaşında şəhəri tərk etmək məcburiyyətində qaldığını, onun uşaq vaxtı yaşadığı psixoloji sarsıntılara diqqəti cəlb edib.

    “Bu hekayədə müharibənin insanlara və uşaqlara yaşatdığı dəhşətli anları, psixoloji sarsıntılara səbəb olduğunu göstərmək istədik. Bundan başqa, məqsədimiz erməni vandallarının işğal zamanı Şuşadakı tarixi-mədəni irsimizi, abidələrimizi tarmar etdiklərini, şəhəri viran qoyduqlarını daha geniş auditoriyanın nəzərinə çatdırmaqdır”, – deyə rejissor əlavə edib.

    Qeyd edək ki, “28” filmi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının təşkilatçılığı ilə hazırlanıb. Növbəti beynəlxalq festivallara təqdim olunması nəzərdə tutulan filmin ssenari müəllifləri – Orxan Bahadırsoy və Xatirə Sərdarqızıdır. Rolları Xatirə Sərdarqızı və Nuray Məmmədzadə canlandırıblar.

  • General-mayor Ənvər Əfəndiyev Moskvadadır

    “Beynəlxalq Ordu Oyunları – 2021” yarışlarının son günündə “Tank biatlonu” müsabiqəsinin final mərhələsi keçirilir. Bütün rəqiblərini geridə qoyan Azərbaycan, Çin, Qazaxıstan və Rusiya komandaları müsabiqənin final mərhələsində yarışır.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, yarışların bağlanış mərasimində iştirak etmək üçün Moskvada səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev əvvəlcə “Dostluq Evi”ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərləri özündə əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olub.

    Hazırda nazir müavini yüksək peşəkarlıq göstərən tankçılarımızın uğurlu çıxışını izləyir.

  • Azəbaycan Milli Paralimpiya Komandası Tokio 2020-də 19 medal qazanıb

    Azəbaycan Milli Paralimpiya Komandasının Tokio 2020 Yay Paralimpiya Oyunlarında çıxışı yekunlaşıb.

    İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanıblar. Bu Azərbaycan Paralimpiya tarixində rekord nəticədir.

    Şəhanə Hacıyeva, Saleh Raman, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli, Həmid Heydəri, Elvin Astanov, Dürsədəf Kərimova, Vəli İsrafilov, Lamiyə Vəliyeva, Orxan Aslanov qızıl, Lamiyə Vəliyeva gümüş, Pərvin Məmmədov, Namiq Abaslı, İlham Zəkiyev, Səid Nəcəfzadə bürünc medal qazanan idmançılarımızdır.

    Əlavə olaraq, idmançılarımız bir sıra rekord nəticələrə də imza atıblar:

    Atletika idman növü üzrə idmançımız Həmid Heydəri (F57) nizə atma növü üzrə 51.42 m nəticə göstərərək dünya rekorduna imza atıb.

    Atletika idman növü üzrə idmançımız Elvin Astanov ( F53 – nüvə itələmə) növü üzrə 8.77 metr nəticə göstərərək dünya rekordunu yeniləyib.

    Üzgüçülük idman növü üzrə təmsilçisi Vəli Israfilov (S12 – 100 metr brass ) 1:04.86 nəticə ilə Paralimpiya rekorduna imza atıb.

    Atletika idman növü üzrə idmançısı Lamiyə Vəliyeva (T13) 400 metr kateqoriyasında 55.00 saniyəlik Paralimpiya rekordunu yeniləyib.

  • I MDB Oyunlarının açılış mərasimi keçirilib

    Rusiyanın Kazan şəhərində I MDB Oyunlarının açılış mərasimi keçirilib.

    Tədbir 9 iştirakçı ölkənin paradı ilə başlayıb.

    İlk olaraq, Azərbaycan nümayəndələri səhnəyə çıxıb. Milli musiqinin sədaları altında tədbir iştirakçılarını salamlayan heyətin bayraqdarı yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu və artıq MDB Oyunlarında qızıl medal qazanmış yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) olub. Daha sonra qalan ölkələr səhnə alıblar.

    Ardınca rəsmi hissə start götürüb. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin müraciəti oxunduqdan sonra Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov yarış iştirakçılarını salamlayıb.

    Qeyd edək ki, I MDB Oyunları sentyabrın 11-dək davam edəcək.

  • Qəbələdə iki qardaşdan silah-sursat götürülüb

    Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib.

    Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən iki ədəd nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngləri, yeddi ədəd patron, bir ədəd patron darağı, bir ədəd bıçaq və iki ədəd fənər götürülüb.

  • DÇ-2022: İrlandiya – Azərbaycan oyunu başlayıb

    İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyunu start götürüb.

    Dublindəki “Aviva” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

    Matçı Fransadan olan FIFA referisi Jerom Brisar idarə edir.

  • “Heroin cihadı”: “Taliban” ən gəlirli sahədən imtina edəcək?

    “Qəbiristanlıqlar imperiyası” – bu gün əksər beyin mərkəzləri və nüfuzlu media qurumları tərəfindən Əfqanıstan məhz belə xarakterizə edilir. Tarix boyu dünyanın heç bir dövləti burada nə öz idarəçiliyini qura, nə də möhkəmlənə bilib. Və bu uğurun sirri – yerli sakinlərin ağlasığmaz müqaviməti olub. Son onilliklər ərzində dünya həm də gördü ki, əfqanlar tək partizan müharibəsində deyil, tiryək istehsalında da “uğurlu” fəaliyyətlə seçiliblər. Praktiki olaraq, beynəlxalq narkotik bazarına bütün heroin məhz Əfqanıstandan çıxarılır. Maraqlıdır ki, son vaxtlara kimi narkotik istehsalına nəzarəti həyata keçirən “taliblər”, indi bəyan edirlər ki, bu gəlirli biznesi dağıtmağa hazırdırlar. Bəs bu bəyanatların arxasında nə dayanır? Doğrudanmı Əfqanıstanın yeni hakimiyyəti bu gəlirdən imtina edəcək?

    400 min insan cəlb edilib

    2015-2020-ci illər ərzində dünyada istehsal edilən heroinin 83 faizi əfqan mənşəlidir. Narkotik istehsalı üçün əsas xammal olan xaş-xaş sahələri, əsasən ölkənin cənubunda, “Taliban” döyüşçülərinin ən çox təsir etdiyi əyalətlərdə yerləşib. 2017-ci ildə əfqan heroin biznesinin dövriyyəsi rekord – 6,6 mlrd. dollar təşkil edib. O zaman ekspertlər hesablamışdılar ki, tiryək istehsalına 400 min – Əfqanıstan ordusundan çox insan cəlb edilib. Beləliklə, 2021-ci ilin avqustunda “Taliban” əsgərləri Əfqanıstanın böyük şəhərlərinə müqavimət göstərmədən girdilər.

    ABŞ əsgərləri gəldi, istehsal artdı

    Partizan həyat tərzi sürən “Taliban” məmurlara rüşvət vermək və silah almaq üçün pulu haradan aldı? Mütəxəssislərin fikrincə, “Taliban” gəlirinin 60 %-ə qədərini heroin ticarətindən əldə edir. Hər hansı bir qanunsuz psixoaktiv maddənin istehsalı kimi tiryək əkini də başqa sahələrdə olmayan super qazancı təmin edir. Əfqan kəndliləri isə gəlirin yalnız dörddə birini alır. Bunun əhəmiyyətli bir hissəsi Avropaya narkotik gətirən qaçaqmalçılara çatır. Rusiyaya Mərkəzi Asiya ölkələri, Qərbə isə Türkiyə və Balkan ölkələri vasitəsilə reallaşır. Ölkədə ABŞ əsgərləri göründükdən və “Taliban” xaş-xaş tarlalarına nəzarət edən əsas qrupa çevrildikdən sonra istehsal həcmi xeyli artdı. Məsələn, 1990-cı illərin ortalarında Əfqanıstanda təxminən 50 min hektar tiryək plantasiyası becərilirdisə, 2005-ci ildə bu ərazi iki dəfə artaraq 100 min hektardan çox oldu, səkkiz il sonra isə iki dəfə artdı.

    “Taliban”ın “reabilitasiya proqramı”

    Narkotik ticarəti Əfqanıstan iqtisadiyyatının çox əhəmiyyətli bir hissəsinə çevrilib. 2005-ci ildə ölkədə təxminən 200 min tiryək və heroin asılısı var idisə, 2015-ci ildə BMT narkotik aludəçisi olan 1,9-2,4 milyon əfqan vətəndaşı qeydə alıb. Ölkədə ixtisaslı narkoloq və sosial müdafiə mexanizmləri yoxdur, buna görə də, “Taliban”, bir növ “reabilitasiya proqramı” yaradır. Narkotik aludəçilərini öz sıralarına götürür: İslam teoloqları onlarla müəyyən işlər aparır. Bir neçə həftəlik təbliğatdan sonra normal həyata qayıda bilərlər. Ancaq yenə də hər iki nəfərdən biri “Taliban”a qoşulmağı və cihad yoluna başlamağı seçir.

    Amerika 8 milyard dollar sərf edib?

    Aydındır ki, “Taliban” bütün Əfqanıstan əhalisini narkotik asılılığından qoruya bilməz – zatən belə bir məqsəd və hədəfləri də yoxdur. Sənayenin nəinki xaricilərə, həm də yerli əhaliyə ziyan vurduğuna baxmayaraq, bir gün dozasız dayana bilməyənlər narkotiklə mübarizənin əleyhinə çıxırlar. Birləşmiş Ştatlar tiryək iqtisadiyyatına qarşı mübarizədə böyük miqdarda enerji və pul xərcləyib. Rəsmi mənbələr bu rəqəmin 8 milyard dollar olduğunu bildirir. Ancaq heç bir səy – sahələrin məhv edilməsi, basqınlar, əsas nöqtələrin bombalanması, amerikalılara məqsədlərinə çatmağa imkan vermədi. “Taliban”ın sənayeni bitirməklə bağlı yeni vədləri ilə əlaqədar insanlar 2001-ci ili xatırlayır – məhz həmin il Əfqanıstanda heroin istehsalında mühüm bir mərhələ idi. 2000-2001-ci illərdə silahlılar ilk dəfə heroin istehsalını məhdudlaşdırmağa çalışdılar. Sonra ixrac üçün tiryək yetişdirilməsinə qadağa tətbiq etdilər və əkin sahələrini on dəfədən çox azaltdılar: 82-dən 8 min hektara qədər.

    ABŞ-ın hücumundan xəbərdar idilər?

    Və bu, 11 sentyabr hücumundan bir neçə ay əvvəl baş verdi: terrorçular sanki Amerikanın hücumunu gözləyirdilər. Tiryəkin qiyməti kəskin artırıldı. Məhsul azaldıqca qiymət rekord həddə yüksəldi: bölgədə, təxminən 95 dollara satılan bir kiloqram tiryəkin qiyməti 746 dollara çıxdı. Eyni zamanda, əsas xammal ehtiyatları hələ də “Taliban” tərəfindən idarə olunurdu. Ehtimal olunur ki, o anda da özlərinə “maliyyə yastığı” qazandılar. “Brookings Institution” analitik mərkəzindən Felbsb-Braun Vanda hesab edir ki, o dövrdə “Taliban”ın addımları tiryək fermerləri arasında geniş qəzəbə səbəb oldu. 2002-ci ildə xaş-xaş tarlaları 74 min hektar ərazini tuturdusa, 2004-cü ildə amerikalıların gəlişindən əvvəlki dövrü keçdi və böyüməkdə davam etdi.

    İstehsal azalmayacaq, əksinə…

    İyirmi il əvvəlki təcrübə göstərir ki, “Taliban” narkotik istehsalına qarşı qətiyyətli addımlar ata bilər, lakin bunda o qədər də maraqlı deyil və heç həvəs də göstərmir. BMT-nin Narkotiklər və cinayətkarlıqla mübarizə idarəsinin rəhbəri Sezar Qudesin sözlərinə görə, Kabildə narkotik aludəçiləri onun məhsullarından asılı olduğu kimi “Taliban” da bu sənayedən asılıdır. Tiryək əkinləri üçün xarici subsidiyalar, istehsalı dayandıra biləcək zəmanətli tədbir olaraq göstərilir: “Taliban” İran, Rusiya və digər dövlətlərin xaşxaş əvəzinə tiryək yetişdirməyə başlayacaqları təqdirdə, on minlərlə əfqanıstanlı kəndlinin itkilərinin kompensasiya edilməsini gözləyir. Onların istəklərinin əksinə, əks proses müşahidə olunur: Əfqanıstan iqtisadiyyatının maliyyə infuziyasından asılı olduğu ölkələr “Taliban”la əməkdaşlığa tələsmir və maliyyəni dondururlar. “Taliban”ın ölkədə asayişi qoruya biləcəyi də şübhələr yaradır: avqustun 26-da Kabildə törədilən terror aktları fonunda silahlıların gücü kövrək görünür. Xaos ölkədəki iqtisadi böhranı daha da şiddətləndirəcək. Bu o deməkdir ki, narkotikdən gəlir əldə etmək ehtiyacı da artacaq və narkotik trafiki kəsilməyəcək, əksinə, daha da güclənəcək.

  • Ağdam yaxın vaxtlarda ən müasir şəhərlərdən birinə çevriləcək

    İşğaldan azad olunmuş Ağdam şəhəri hazırda böyük abadlıq-quruculuq meydanını xatırladır.

    Hazırda əsaslı bərpa, yenidənqurma işlərinin aparıldığı Ağdam şəhəri yaxın vaxtlarda müasir şəhərə, modern yaşayış məntəqəsinə çevriləcək.

    Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun Ağdamın ayrı-ayrı ərazilərində da aparılan bərpa-yenidənqurma işləri ilə bağlı yutubdakı hesabında paylaşdığı video da bunu sübut edir. Videogörüntülərdə vaxtı ilə erməni vandallığının qurbanı olaraq dağıdılmış şəhərin müasir tələblər uyğun abadlaşdırıldığı əks olunur.

  • Prezidentin göstərişi ilə 9 partiyanın ofisinin yerləşdiyi ünvan abadlaşdırılır

    Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160 B ünvanındakı binanın həyəti Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır.

    Bu barədə “Report”a siyasi partiyalardan məlumat daxil olub.

    Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işləri partiya rəhbərlərinin ölkə başçısına ünvanladığı müraciətdən sonra, Prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirilir.

    Bildirilib ki, artıq dünəndən etibarən abadlıq işlərinə start verilib. Ərazidə yaşıllıq sahəsi salınır, təmizlik işləri aparılır.

  • Ceyranbatanda ağır qəza: İki avtomobil toqquşdu, sürücülər xəsarət aldı

    Ceyranbatanda iki avtomobil toqquşub.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, BMW markalı avtomobil “Niva” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.

    Bir müddət yolda sıxlıq yaranıb. Yol polisinin müdaxiləsindən sonra nəqliyyat vasitələrinin normal hərəkəti bərpa olunub.

    Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.