Month: September 2021

  • Kəlbəcərdə şəhid olan jurnalistlər mükafata layiq görüldü

    Bu gün Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə “TÜRKSOY Media Mükafatı”nın təqdimetmə mərasimi keçirilib.

    Median.Az Report-a istinadən xəbər verir ki, tədbirin əvvəlində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Daha sonra şəhid jurnalistlərin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

    Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, iki gündən sonra Vətən müharibəsinin başlamasından bir il ötür: “Azərbaycan Müzəffər Ordusuna, Ali Baş Komandana minnətdarıq ki, bizi bu ləkədən qurtardı. Bu təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi deyildi, həm də şərəfə məsələsi idi. Bu xoşbəxtliyi bizə yaşatdıqları üçün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə sağlığına qovuşmasını arzulayıram. İnformasiya savaşında bizlə birgə olan, dəstək göstərənlərə də təşəkkürümü bildirirəm”.

    Nazirdən sonra TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı da çıxış edib.

    Mərasimin sonunda şəhid jurnalistlər – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov da mükafata layiq görülüb. Onların mükafatı ailələrinə təqdim edilib. Bundan başqa, siyahıda Türkiyənin “Haber Global” televiziyasının əməkdaşı Osman Girgin, “A Haber”in əməkdaşı Abdulkərim Ulak və “CNN Türk”ün sabiq işçisi, hazırda Fox TV-də çalışan Fulya Öztürk, eyni zamanda, Qazaxıstan, Qırğızıstan və Özbəkistan media nümayəndələrinin də adı var.

    Qeyd edək ki, tədbirlər çərçivəsində mükafat alan media nümayəndələrinin bir sıra dövlət və media qurumlarında rəsmi görüşləri, Şuşaya səfəri və Vətən müharibəsinin başlamasının ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirakı da nəzərdə tutulub.

  • Rus sülhməramlıların komandanı yenə dəyişdi – FOTO

    Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir.

    Median.Az-ın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.

    Xatırladaq ki, Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.

  • Bu xəstəxanaya yeni baş həkim təyin edildi – FOTO

    Tibb üzrə fəlsəfə doktoru İlkin İsmayılov Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya baş həkim təyin edilib.

    İxtisasca ümumi cərrah olan İlkin İsmayılov bundan əvvəl də Gəncə şəhərindəki özəl klinikalardan birində uzun müddət baş həkim işləyib.

    Qeyd edək ki, o, 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. İlkin İsmayılov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında, 2009-2016-cı illərdə isə Qazi Universitetinin Ümumi Cərrahiyyə kafedrasında fəaliyyət göstərib.

  • Şuşa teatrının direktoru koronavirusa yoluxdu: vəziyyəti ağırdır

    Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovun vəziyyəti ağırdır.

    Direktor koronavirusa yoluxub və hazırda Zığ Modul Tipli Xəstəxanaya yerləşdirilib.

    Yadigar Muradov Qaynarinfo.az-a açıqlamasında “hər şey yaxşı olacaq” deyə bildirib.

    Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov bu yaxınlarda Şuşada olmuş, evinə baş çəkmiş və bununla bağlı saytımıza geniş müsahibə vermişdi.

  • Gəncədə 20 yaşlı qadın bıçaqlanıb

    Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, 2001-ci il təvəllüdlü N.İbrahimova bıçaq xəsarəti alıb.

    O, xəstəxanaya yerləşdirilib.

    İlkin ehtimala görə, qadın mübahisə zəminində əri tərəfindın bıçaqlanıb.

    Faktla bağl araşdırmalara başlanılıb.

  • İçərişəhərdə vandalizmlə mübarizə məqsədli iməclik təşkil olunub

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi vandalizmə qarşı mübarizəyə başlayır.

    Bununla bağlı İdarənin mətbuat xidmətinin məlumatında bildirilib.

    Məlumatda qeyd olunub ki, İçərişəhər Bakımızın simvolu, qədimliklə müasirliyi özündə birləşdirən, Qala divarları ilə əhatə olunan, yaşı əsrlərlə ölçülən tarixi şəhərimizdir:

    “Qala divarları keçmişlə müasirlik arasında bir sədd rolunu oynayır. Burada ən xırda əşya belə qədimlikdən xəbər verir. Zaman-zaman çox hadisələrə şahidlik etmiş, əsrlərdən bizə yadigar qalan bu tarixi möcüzəni qoruyub gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Əfsuslar olsun ki, son zamanlar İçərişəhərin binaları, abidələri, divarları üzərində vandalcasına yazılar yazılır, divarlar cızılır, çirkləndirilir. Cızılan, yazılan divarları təmizləmək, tikililərin tarixiliyini və zahiri görünüşünü qoruyub saxlamaqla aparılan bərpa işləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısında duran mühüm məsələlərdəndir. Amma bu kimi məsələlərdə vətəndaşlar da dövlət qurumları ilə həmrəylik göstərəndə hədəfə daha tez çatmaq olur”.

    İdarədən verilən məlumatda həmçinin vurğulanıb ki, məhz bu səbəbdən də İdarə tərəfindən Qoruğun ərazisində olan çoxsaylı binalar, abidələr, tarixi yerlərə və onların qorunmasının vacibliyinə diqqəti artırmaq üçün 25 sentyabr tarixində İdarə tərəfindən iməclik təşkil olunub:

    “İməclik zamanı İçərişəhərin bir çox küçələrində binalar, divarlar üzərində vandallar tərəfindən edilən yazılar, cızığlar və sair xoşagəlməz əməllərin nəticələrinin aradan qaldırılmasına başlanılıb. Bu kimi sosial layihələr davamlı olacaq və əsas məqsəd də ictimaiyyətin diqqətinin İçərişəhər ərazisindəki vandalizm probleminə yönəltməkdir. Təsadufi deyil ki, iməciliyə İdarənin rəhbərliyi və əməkdaşları ilə yanaşı yerli sakinlər və həmçinin bir sıra yerli internet fəalları da qoşulublar. Hamımızın əsas məqsədi tariximizin canlı şahidi olan İçərişəhəri vətəndaşlara daha yaxın və əziz etmək, onun tarixiliyinin qorunması və abadlaşdırılmasında hər kəsin payının olmasını hiss etdirməkdir. Hesab edirik ki, ərazidəki bənzərsiz abidələrin, çoxsaylı tikililərin insan müdaxiləsinə məruz qalmaması, onların tarixi görkəminə zərər yetirilmədən gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın vəzifəsidir. Bu məqsədə çatmaqda, tariximizin hifz olunmasının əhəmiyyətinin ictimaiyyətə aşılanmasında bizə qoşulacağınıza əminik!”

  • Bakıda 550 küçə dezinfeksiya edildi

    Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə sentyabr ayının 25-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı paytaxtda 550 küçə dezinfeksiya olunub.

    Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

    “Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, pandemiyadan xilas olunmaq üçün ilk növbədə vaksinasiya olunsunlar, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etsinlər”, – qurumdan bildirilib.

  • Avroviziya qalibi olan türkiyəli müğənni xəstəxanalıq oldu

    Türkiyəli məşhur müğənni Sertap Erener xəstəxanaya yerləşdirilib.

    Erener “Instagram” hesabından vəziyyəti ilə bağlı ilk açıqlamanı verib.

    “Mənimlə maraqlanan hər kəsə təşəkkür edirəm. Xəstəxanadayam, müalicə alıram. Yenidən görüşərik”, – deyə o bildirib.

    Mədə-bağırsaq problemi ilə əlaqədar müalicə alan ifaçı bir neçə konsertini təxirə salmaq məcburiyyətində qalıb.

    Qeyd edək ki, türk pop müğənnisi Sertap Erener 2003-cü ildə “Avroviziya” mahnı müsabiqəsinin qalibi olub.

  • Jan-İv le Drian: “Azərbaycan və Ermənistan XİN başçılarının görüşü müsbət addımdır”

    Fransa Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayır.

     Fransanın xarici işlər naziri Jan-İv le Drian bununla bağlı rəsmi tvitter səhifəsində yazıb.

    “Dünən – müharibədən bir il sonra baş tutan Ermənistan və Azərbaycan nazirlərinin görüşü müsbət addımdır. Davamlı sülhə nail olmaq üçün biz tam səfərbərik”, – nazirin paylaşımında deyilir.

    Xatırladaq ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşləri olub. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

  • “Taliban” beynəlxalq ictimaiyyətdən vaxt istəyir

    “Beynəlxalq ictimaiyyət “Taliban” hərəkatını mühakimə etməzdən əvvəl 20 ay vaxt verməlidir”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu “Taliban” Əfqanıstanda elan etdiyi müvəqqəti hökumətin iqtisadiyyat naziri Kari Din Məhəmməd Hənif bildirib.

    “Biz əvvəlki rejim kimi dünyadan bizə yardım göstərməsini və ya bizimlə əməkdaşlıq etməsini istəmirik. Dünya ictimaiyyəti öncəki hakimiyyətə 20 il kömək etdi, amma yenə də onlar uğursuz oldular. Qoy dünya bizə 20 ay versin, sonra uğur qazanıb-qazanmadığımıza dair mühakimə etsin”, – o deyib.