Month: November 2023

  • Ermənistan Aİ naminə KTMT-dən çıxmağa hazırdır

    Ermənistan Aİ naminə KTMT-dən çıxmağa hazırdır.

    Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sarkis Xandanyanın sözlərindən aydın olub.

    Ermənistan mediasının məlumatına görə, o bildirib ki, hazırda Ermənistanın KTMT-nin üzvü olaraq qalmaqda davam etməsi avropalı həmkarları arasında o qədər də narazılıq yaratmır.

    Deputat qeyd edib ki, hazırda Ermənistan KTMT-dən çıxmaq prosesinə başlamayıb, lakin buna baxmayaraq, qərarlar qəbul edilməlidirsə, ola bilsin ki, qəbul olunacaq.

    Xandanyan, həmçinin Ermənistanın Moskvadakı müzakirələrdə “səmərəsizliyinə görə” iştirak etmədiyini etiraf edib və əlavə edib ki, İrəvanın Avropa İttifaqından konkret gözləntiləri var.

  • Sumqayıtda 19 yaşlı qız itkin düşdü

    Sumqayıtda 19 yaşlı qız itkin düşüb.

    APA xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində baş verib.

    Qəsəbə sakini, 2004-cü il təvəllüdlü Günay Allahverdi qızı Nuriyeva yaşadığı evdən çıxıb gedib və bir daha geri qayıtmayıb.

    Faktla bağlı polisə məlumat verilib.

  • Binəqədidə küknar ağaclarının olduğu sahə zəbt edildi

    Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, 1 ünvanında yaşıllıq ərazi hasarlanıb.

    Bu barədə oxu.az-a ərazidə yaşayan sakinlər bildiriblər.

    Qeyd edilib ki, şosenin Motodrom yaşayış massivi ərazisində küknar ağacları məhv edilir.

    Məsələ barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq.

    Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, küknar ağaclarının olduğu sahənin hasarlanması faktı təsdiqlənib:

    “Aidiyyəti qurumlar tərəfindən Motodrom yaşayış massivi ərazisində 400 kvadratmetr ərazinin hasarları sökülüb”.

  • Azərbaycanlı müğənni boşandı

    Müğənni Elvin Mirzəzadə həyat yoldaşından boşanıb.

    İfaçı bu barədə öz sosial şəbəkəsində paylaşım edib.

    O, paylaşımında keçmiş həyat yoldaşına hörmətinin sonsuz olduğunu bildirib:

    “Əziz dostlar, üzülərək və təəssüf hissi ilə demək istəyirəm ki, ailə həyatımı bu gün rəsmi şəkildə sonlandırdım. Düzdür, əksəriyyət bu məsələni birmənalı qarşılayacaq və boşanmanı sənətimlə bağlayacaq. Ancaq səbəb qətiyyən bu deyil. Sadəcə, qismət…

    Keçmiş həyat yoldaşıma sayğım, hörmətim olduğu kimi qalır. İstəməzdim, belə olsun, ancaq hər ikimiz üçün də xeyirlisi budur deyə düşünürəm. Bu barədə artıq heç nə danışmaq istəmirəm. Yenə də “xeyirlisi” deyib, həyatıma yalnız davam edirəm.

    Allah hamınızı xoşbəxt eləsin!”

  • Ağcabədi sakinləri 10-dan çox silahı polisə təhvil veriblər

    Ağcabədi sakinləri 12 odlu silahı polisə təhvil veriblər.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

    Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 12 müxtəlif kalibrli odlu silah təhvil götürülüb.

    Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

  • Səkkiz heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olundu

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı rayonunda fəaliyyət göstərən 8 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

    Agentlikdən verilən məlumata görə, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

  • İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın 200 hərbi obyektinə hücum edib

    Son 24 saat ərzində İsrail Müdafiə Ordusunun (SAXAL) hərbi hava qüvvələri Qəzza zolağında radikalların 200 hərbi obyektinə zərbələr endirib.

    Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

    “Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri terrorçu qruplaşmalar, silah istehsalı sexləri, tank əleyhinə raket qurğuları və operativ komandanlıq mərkəzləri də daxil olmaqla terrorçuların 200 hədəfinə zərbələr endirib. Bundan əlavə, İsrail Hərbi Dəniz Qüvvələri gecə saatlarında, HƏMAS-ın hərbi dəniz qüvvələri tərəfindən təlim və silah saxlamaq üçün istifadə edilən hərbi düşərgəyə hücum edib”, – deyə mətbuat xidməti bildirib.

    Mənbə: TASS

  • ABŞ və Macarıstandan Azərbaycana quş əti gətirilməsinə məhdudiyyət qoyuldu

    Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Amerika Birləşmiş Ştatlarının Missuri, Arkanzas ştatlarında və Macarıstanın Sabolç-Satmar-Bereq, Haydu-Bihar inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün ABŞ-nin Missuri, Arkanzas ştatlarında və Macarıstanın Sabolç-Satmar-Bereq, Haydu-Bihar inzibati ərazi vahidlərində, zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-in “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Bakıda kişi marketdən 175 manatlıq şokolad oğurladı – VİDEO

    Bakıda marketlərin birindən 175 manatlıq şokolad oğurlanıb.

    Bu barədə Baku.ws-in qaynar xəttinə məlumat daxil olub.

    Hadisə Binəqədi rayonu, Xocasən qəsəbəsindəki marketdə baş verib.

    Belə ki, marketə girən kişi oradan şokoladları öz çantasına qoyub və enerji içkisi alaraq məkanı tərk edib.

    Oğurluq hadisəsi təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

  • Bakı həbsxanasında məhkum öldü

    Bakıda məhkum həbsdə ölüb.

    Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin paytaxtda yerləşən cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

    Orada saxlanılan Hümmət İsmayılov dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.