Month: Dekabr 2023

  • Türkmənistanda “Azəbaycan milli mətbəxi və musiqisi” adlı tədbir keçirilib

    Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən Aşqabadda “Azəbaycan milli mətbəxi və musiqisi” adlı tədbir keçirilib.

    Bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib. Tədbirdə çıxış edən səfir Qismət Gözəlov Azərbaycan milli mətbəxi və musiqisi, eləcə də Azərbaycan-Türkmənistan münasibətlərinə dair qonaqlara məlumat verib və tədbir iştirakçılarını Yeni İl münasibətilə təbrik edib. 2023-cü ilin Azərbaycan üçün uğurlu olduğunu vurğulayan səfir Qismət Gözəlov bu gün üçrəngli bayrağımızın müstəqil Azərbaycanın bütün suveren ərazilərində əzəmətlə dalğalandığını qeyd edib.

    Tədbirdə Türkmənistan XİN-nin Protokol İdarəsinin rəisi Nurmuhammet Berdiyev, Türkmənistanda akkreditə olunmuş ABŞ, Türkiyə, Rusiya, Pakistan, Yaponiya başda olmaqla xarici diplomatik missiyaların rəhbərləri və nümayəndələri, eləcə də ictimaiyyət təmsilçiləri və Türkmənistanda yaşayan azərbaycanlılar iştirak edib.

    Tədbirdə iştirak edən səfirlər çıxış edərək, təbriklərini çatdırmış, ölkəmizə və Azərbaycan xalqına xoşbəxtlik, rifah və tərəqqi arzulayıb.

    Ziyafətdə milli mətbəximizin ləziz yemək və şirniyyatları təqdim olunmuşdur. Azərbaycan milli musiqi nümunələri səsləndirilib.

    Eyni zamanda tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, xalça sənəti və turizm potensialı ilə bağlı materiallar, milli musiqi alətlərimiz, eləcə də “Made in Azerbaijan” brendinin məhsulları nümayiş etdirilmiş və qonaqlara təqdim olunub.

  • Sabirabadda azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata həbs edilib

    Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edilib.

    DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsuliyyətinə cəlb edilib.

    Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    “Rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilir”, – məlumatda vurğulanıb.

  • Tanınmış modeli döyməkdə ittiham olunan şəxsin istintaqı tamamlandı

    Model Raziyyat Əliyevanı döyməkdə ittiham olunan Ziya Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
     
    APA xəbər verir ki, iş Bakı Aır Cinayətlər Məhkəməsinə göndərilib.
     
    Cinayət işi hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.
     
    Qeyd edək ki, model Raziyyat Əliyeva tanışı Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının onun tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları instaqramda yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb.
     
    DİN məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib.
     
    Z.Hüseynzadə Cinayət Məcəlləsinin 133, 177.3, 186 və 221.1-ci maddələri ilə ittiham olunur.
     
    APA

  • Sürücülər Azneft dairəsindəki bu qaydadan xəbərsizdir – 80 manat cəriməsi var – VİDEO

    Azneft dairəsində sürücülər kütləvi şəkildə qayda pozurlar. Avtosfer.az xəbər verir ki, Neftçilər prospektindən (Qız qalası istiqamətindən) gələn sürücülər sağa-Niyazi küçəsinə dönən zaman qaydaları kobud şəkildə pozurlar. Çox təəssüf ki, əksər sürücülər bu qaydadan xəbərsizdirlər.
     
    Belə ki, sözügedən istiqamətdən gələn sürücülər svetoforun əlavə bölməsi üzrə hərəkət edən zaman əsas bölməyə diqqət etməlidirlər. Yəni, əsas bölmədə yaşıl işıq yanırsa, sağa dönən zaman üstünlüyə malikdirlər. Lakin əsas bölmədə qırmızı işıq yanırsa, bu zaman dairədən gələn sürücülərə yol verdikdən sonra sağa dönməlidirlər. Əks halda 3 bal 80 manat cərimə oluna bilərlər.
     
    “Yol hərəkəti haqqında” qanunun 76-cı maddəsində qeyd olunub ki, svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.

  • Məhkəmə “8-ci km bazarı”nda gənci bıçaqlayan şəxslə bağlı qərar verdi

    Ali Məhkəmədə tanışını bıçaqlamaqda təqsirləndirilən Sərdar Soltanovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
     
    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
     
    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 il 6 aya endirib.
     
    Qeyd: Hadisə 2022-ci ilin aprelində paytaxtın Nizami rayonu “8-ci km bazarı” adlanan bazarda qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü S.Soltanov aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Orxan Vahabzadəni bıçaqlayıb. Yaralı təcili yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib və həyatını xilas etmək mümkün olub. S.Soltanova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

  • Oğlanlar I və II, qızlar III və IV qruplara üz tutur: Səbəb nədir?

    Son illərin statistik göstəricilərinə əsasən demək olar ki, Azərbaycanda oğlan uşaqları ali məktəbə daxil olmaq üçün əsasən I və II ixtisas qruplarına, qızlar isə III və IV ixtisas qruplarına üstünlük verirlər.

    Maraqlıdır, görəsən ixtisas seçimində oğlanlarla xanımlar arasında yaranan bu fərq nədən yaranır?

    Valyuta.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədovun fikrincə, oğlan və qızlar arasında ixtisas qrupları üzrə seçimə təsir edən amil mental dəyərlərimizlə əlaqədardır:

    “Azərbaycanda ali məktəblərə qəbul olunmaq istəyən oğlan abituriyentlər əsasən riyaziyyat və mühəndislik ixtisasları qrupuna, qız abituriyentlər isə humanitar və pedaqoji ixtisaslar qrupuna daha çox üstünlük verir. Əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də oğlan abituriyentinin istəyi daha çox I və II ixtisas qruplarına olub. Azərbaycan bölməsində oğlanların 74.24 faizinin, rus bölməsində isə 77.34 faizinin istəyi bu iki ixtisas qrupuna yönəlib. Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisad və idarəetmə ixtisaslarına marağının yüksək olduğunun göstəricisidir.

    Qız abituriyentlərin isə humanitar ixtisaslardan ibarət III ixtisas qrupuna marağı daha yüksəkdir. IV ixtisas qrupunda da qızların ixtisas maraqları oğlanların maraqlarından 2.62-3.03 dəfə yüksəkdir.

    I və II ixtisas qrupu üzrə əmək bazarında əsasən kişi cinsin nümayəndələri çalışır. III və IV ixtisas qrupunda əmək bazarında çalışanların böyük əksəriyyətini isə qadınlar təşkil edir. Məhz bu amillər ixtisas seçimi zamanı oğlanlarla qızlar arasında faiz nisbətində yaranan fərqlərə təsir edir”.

  • Azərbaycanda cinayətlər niyə artır? (SƏBƏB)

    “Ölkədə cinayətkarlığı doğuran səbəblər müxtəlifdir. İnsanların həyat şəraiti, düşüncəsi, peşəsi ilə bağlı ən müxtəlif motivlər ola bilər”.

    Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Azərbaycan məhkəmələrinin çıxadığı hökmlərin sayından danışarkən deyib.

    Ekspert bildirib ki, maliyyə, vergi pozuntuları və digər iqtisadi xarakterli cinayətlər daha çox müşahidə edilir:

    “İnsanlar dolanışıq üçün müəyyən çətinliklərlə üz-üzə gələndə cinayətə əl atıb vəziyyətdən çıxmağa üstünlük verirlər. Amma ölkədə qətl, dələduzluq, xuliqanlıq kimi hadisələr də çoxalıb. Bu da son dövrlərdə insanlar arasında psixoloji gərginliklə bağlıdır. Psixoloji gərginliyin özü də həyat şəraiti ilə bağlı olan bir məsələdir. Hansı cinayətlərin neçə faiz təşkil etdiyini açıqlanmayıb, odur ki konkret fikir söyləmək də çətindir”.

    Qulamhüseyn Əlibəyli bəraətverici hökmlərin azlıq təşkil etməsinin səbəbini hakimlərlə əlaqələndirib:

    “Təəssüf doğuran bir məsələdir. Həmin cinayətlərlə bağlı işlər Avropa Məhkəmələrinə gedəndə orada Azərbaycan məhkəmələrinin çıxardığı qərarların əksəriyyəti ədalətsiz hesab olunur. Çünki Azərbaycan məhkəmələri daha çox ittihamedici mövqe tuturlar, onlar bəraət hökmü çıxartmaqdan çəkinirlər. Hakimlər daha çox ittihamedici aktları təsdiqləməyə çalışırlar”.

    Qeyd edək ki, 2023-ci ildə Azərbaycanda 14530 ittihamedici, 120 bəraətverici hökm çıxarılıb.

  • Kasıbların və zənginlərin fərqli bayram süfrələri – QİYMƏTLƏR

    Yeni ili bəziləri restoranlarda, bəziləri xarici ölkələrdə, bəziləri də ev şəraitində qarşılamağa üstünlük verir.

    Bəs, Yeni ili ev şəraitində qarşılayanlara bayram süfrəsi neçəyə başa gəlir?

    İqtisadçı ekspert Vahid Məhərrəmov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hesablamalara nəzərən orta təbəqəli ailələrin bayram xərci adambaşına 30-40 manata başa gələcək:

    “Ailələr də il boyu vəsaitə qənaət edirlər, az xərcləyirlər ki, bayramda uşaqlarını sevindirsinlər, heç olmasa bayram süfrəsi aça bilsinlər. 4 nəfərlik ailə üçün bayram süfrəsi ən azı 120 manata başa gəlir. Amma aşağı təbəqəli ailələrin bayram süfrəsinin xərci qəpik-quruşdur. Onların əksəriyyəti ət ala bilmir. Alanlar da az miqdarda toyuq ətinə üstünlük verir. Amma imkanlı adamların süfrəsini hesablamağa dəyməz. Onlar süfrəyə quş südü də qoya bilərlər”.

    Vahid Məhərrəmov onu da əlavə edib ki, bayram günü bişən yeməklər, alınan qidalar, şirniyyatlar hər bir ailədə 2-3 gün arasında istifadə olunur.

    Bayram süfrəsində istifadə olunan ərzaq məhsullarının təqribi hesablanması belədir – plov üçün vacib olan düyünün 1 kq-ı 3,6 manat, 200 qr kərə yağı 3,20 manat, 200 qr qaysı 2-3 manat, 200 qr kişmiş 2-3 manat, 200 qr şabalıd 1,5 manat, 3 ədəd soğan 0,4 manat, 400 qr quzu əti 7 manat.

    Ərzaqların qiymətini nəzərə alaraq, 4 nəfərlik plov və aş-qara hazırlanması üçün təxminən 19 manat xərcləmək lazımdır.

    Yeni ilin atributu olan paytaxt salatının hazırlanması da baha başa gəlir: 5 ədəd yumurta 0,9 manat, 4 ədəd kartof 0,7 manat, 4 ədəd kök 0,6 manat, yaşıl noxud 3 manat, mayonez (400 qr) 2,8 manat, 2 dəstə göyərti 0,4 manat, 1 banka xiyar turşusu 3 manat, 4 ədəd təzə xiyar 0,8 manat, 200 qr dana əti 3-4 manat təşkil edir.

    Yeni il süfrəsində 4 nəfərlik paytaxt salatı 16-17 manata başa gəlir.

    Yarpaq dolmasının hazırlanması da ucuz başa gəlmir. Qoyun əti – 16-18 manat, üzüm yarpağı 2-5 manat, 200 qr düyü 0,90 manat. Yeməyin hazırlanmasında lazım olan digər komponentləri də əlavə etsək, 4 nəfərə çatacaq dolmanı ən yaxşı halda 20 manata hazırlamaq olar.

    Ev şəraitində tortun hazırlanması üçün lazım olan ərzağın qiymətləri də daxil olmaqla, 10-15 manata başa gəlir.

    Balıq yemək istəyənlər ən azı 10-15 manat xərcləməli olacaqlar.

    Meyvə arzusunda olanların da xərci çıxacaq. Almaın 1 kq 1-4 manat, naringi 1,5-2 manat, üzüm 3-4 manat, xurma 1,5 manat, portağal 1,5-2 manat, armud 2,5-3 manat, nar 2-6 manat, banan 2,6 manat təşkil edir.

    Tərəvəz salatı üçün də cibləri boşaltmaq lazım gələcək. Xiyar 3 manat (1 kq), pomidor (1 kq) 4 manat, göyərti dəstəsi 0,2 manat.

    Çərəz arzusunda olanlar nəzərə alsınlar: Qoz 6-8 manat, fındıq 5-6 manat, fıstıq 4-6 manatdır. Çörək 0,55-1 manatadır.

    Təbii meyvə şirələri 2-4 manat, şampan şərabı 5-10 manatdır. Konfet və şokaladı 6-15 manata almaq olar.

  • Magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

    Yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, dekabrın 31-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görmə məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimal olunur.

  • Ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı dələduzluqlar həyata keçirilir – XƏBƏRDARLIQ

    Son zamanlar kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı dələduzluqlar həyata keçirilir.

    Trend Elektron Təhlükəsizlik Xidmətinin (ETX) yaydığı məlumata istinadən xəbər verir ki, ilk olaraq vətəndaşlara pul qazanmaq adı altında iş təklif olunur, daha sonra müxtəlif “Telegram” quplarına qoşularaq müəyyən tapşırıqları həyata keçirmələri istənilir.

    Növbəti mərhələdə vətəndaşlardan müəyyən miqdarda ödəniş tələb olunaraq, daha çox qazancın əldə edilməsi vədi verilir.

    Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları şəxslərdən bu cür iş təklifləri gəldikdə diqqətli olmağı, həmçinin şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.