Month: Dekabr 2023

  • Qəzzada ölənlərin sayı 21,6 min nəfərə çatıb

    İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində ölənlərin sayı 21 672 nəfərə çatıb.

    Bu barədə “Al Arabiya” telekanalı Qəzza Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

    Bildirilib ki, son 24 saat ərzində Qəzzada 165 insan ölüb. Hərbi əməliyyatlar zamanı 56 165 nəfər yaralanıb.

    Ölənlər arasında 312 tibb işçisinin olduğu qeyd edilib.

  • Ombudsman Səbinə Əliyeva Fəxri mediator diplomu ilə təltif edilib

    Mediasiya Şurası və mediatorların fəaliyyətinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fəxri mediator diplomu ilə təltif edilib.

    Diplomu Səbinə Əliyevaya Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov təqdim edərək, ona 2023-cü ildə Mediasiya Şurasının fəaliyyətinə göstərdiyi dəstəyə görə dərin təşəkkür edib və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxsahəli fəaliyyətində uğurlar arzu edib.

  • Daşkəsəndə ər-arvadı öldürməkdə təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib

    Daşkəsən rayon sakinləri 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədovu və həyat yoldaşı 1946-cı il təvəllüdlü Pəri Məmmədovanın oğurluq məqsədi ilə evinə daxil olub öldürməkdə təqsirləndirilən Şahin Ələsgərova hökm oxunub.

    Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında o, ömürlük həbs cəzasına məhkum edilib.

    İttiham aktına əsasən, Ş.Ələsgərov oğurluq məqsədi ilə ər-arvadın evinə hücum edib. Evdə olan pulları ələ keçirməyə çalışan Ş. Ələsgərova 86 yaşlı kişi və onun 77 yaşlı həyat yoldaşı müqavimət göstərib. Bu zaman o, özü ilə gətirdiyi taxta parçası ilə ər-arvadı döyərək qətlə yetirib.

    Qeyd edək ki, Məmmədovların övladı olmayıb. Hər ikisi qəsəbənin kənar hissəsində yerləşən fərdi evdə yaşayan sakit insanlar kimi tanınıb. Hadisəni törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü Şahin Arif oğlu Ələsgərov isə rayon ərazisində “Şaka” kimi tanınıb. O, əvvəllər oğurluğa görə məhkumluq həyatı yaşayıb.

    Ş.Ələsgərova qarşı Cinayət Məcəlləsinin 120.2.9 (xüsusi amansızlıqla qəsdən adam öldürmə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürməyə cəhd), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 157.1-ci (mənzil toxunulmazlığını pozma), 177.2.3-cü (oğurluq), 81.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq), 296.2-ci (eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
    //report

  • Hansı təhsilverənlər sertifikatlaşdırmadan keçmir? – QAYDA açıqlanıb

    Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.

    Bu barədə dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasında qeyd olunub.

    Qaydaya əsasən, Sertifikatlaşdırmaya cəlb olunmuş təhsilverənlərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

    Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:

    – hamilə qadınlar;
    – uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
    – ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində;
    – azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş təhsilverənlər.

    60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
    //report

  • Yanvarın 1-i Ukraynada matəm günü elan ediləcək

    Yanvarın 1-i Ukraynada matəm günü elan ediləcək.

    Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi Anton Gereşenko “X”də yazıb.

    Onun sözlərinə görə, buna səbəb dekabrın 29-da Ukraynada həyata keçirilmiş kütləvi raket hücumudur.

    A.Gereşenko bildirib ki, bu kütləvi hücum nəticəsində rekord sayda insan həlak olub.

    Qeyd edək ki, dekabrın 29-da Ukraynaya kütləvi raket hücumu olub. Nəticədə 27 nəfər ölüb, 144 nəfər yaralanıb.

    Xilasedicilər bu gün daha üç qurbanın cəsədini aşkar ediblər.

    Qeyd edək ki, dekabrın 30-u Zaporojye, Odessa və Dneprdə matəm günü elan edilib.
    //report

  • Xaçmazda kustar üsulla hazırlanmış pirotexniki vasitələr satan şəxs saxlanılıb

    Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində kustar üsulla hazırlanmış pirotexniki vasitələr satan şəxsi saxlayıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbirlər zamanı 1 nəfər rayon sakininin qayda pozuntusuna yol verdiyi və rayon ərazisində qanunsuz olaraq kustar üsulla hazırlanmış pirotexniki vasitələr satdığı müəyyən edilib. Həmin şəxsin satdığı pirotexniki vasitələr şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

    Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

  • Bakı sakini dəm qazından boğularaq ölüb

    Bakı şəhəri Yasamal rayonunda 30 yaşlı Bayramov Nicat Ağanemət oğlu evinin hamam otağında çimərkən ölüb.

    Hadisənin baş verməsinin ilkin səbəbi olaraq dəm qazı zəhərlənməsi ehtimal edilir.

    Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
    //report

  • Çin peyk internet texnologiyaları üçün eksperimental qurğunu işə salıb

    Çin kosmosa internet texnologiyalarının peykləri üçün eksperimental qurğu buraxıb.

    Məlumata görə, peyk internet texnologiyaları üçün eksperimental aparata malik “Çançjen-2C”/Long March-2C” daşıyıcı raketi bu gün Pekin vaxtı ilə saat 08:13-də (Bakı vaxtı ilə saar 04:13-red.) Çinin şimal-qərbində yerləşən “Szyusuan” peyk buraxılış mərkəzindən orbitə buraxılıb.

    Peyk müəyyən edilmiş vaxtda orbitə uğurla çatıb.

    Bu, “Çançjen-2C” reaktiv daşıyıcılarının 505-ci uğurlu buraxılışı idi.

  • Türkiyədə zəlzələ olub

    Türkiyənin şərqində 4,2 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

    Zəlzələ Elazığ vilayətində baş verib. Zəlzələ ocağı 9,36 kilometr dərinlikdə yerləşib.

    Təbii fəlakət nəticəsində dağıntılar qeydə alınmayıb.

  • Bakıda hərəkətdə olan avtomobildə qəfil buxarlanma yaranıb – VİDEO

    Bakıda hərəkətdə olan avtomobildə qəfil buxarlanma yaranıb.

    Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda deyilir.

    Bildirilir ki, Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsünün üzərində hərəkət edən avtomobillərdən birinin mühərrik hissəsində texniki səbəbdən qəfil buxarlanma yaranıb:

    “Avtomobildə azyaşlı uşaqlar olduğundan və digər təhlükəli vəziyyətin yaranmaması üçün Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən dərhal yaxınlıqda xidmət aparan yol polisi əməkdaşlarına məlumat verilib.

    Yol polisi əməkdaşlarının köməkliyi ilə yaranan problem həll edilərək, yolda digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib”.