Month: March 2024

  • Rusiyanın baş naziri Azərbaycana səfərə gəlib

    Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin martın 5-də Azərbaycan Respublikasına səfərə gəlib.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Rusiya Hökumətinin sədrini Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər qarşılayıblar.

  • Azərbaycanda zəlzələ olub

    Ağdaşda zəlzələ qeydə alınıb.

    Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələnin maqnitudası 3,5, dərinliyi 3 km olub.

  • Nigar Camal polis idarəsinə çağırıldı

    Müğənni Nigar Camal Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

    Bu barədə müğənni öz şəxsi “Instagram” hesabında məlumat paylaşıb.

    “Bu gün ərizə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldım. Bir neçə gün öncə adımdan “TikTok” hesabı açıb, insanları şantaj edən şəxslə bağlı şikayət ərizəmi yazdım. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir.

    Daxili İşlər Nazirliyi başda olmaqla, məsələ ilə yaxından maraqlanan polislərimizə, Bakı Şəhər Baş Polis İdarəsinə öz təşəkkürümü bildirirəm. Yekun nəticə ilə bağlı yaxın günlərdə açıqlama verəcəyəm. Məsələni işıqlandıran bütün media orqanlarına isə minnətdaram”.

    Xatırladaq ki, müğənni Nigar Camala qarşı dələduzluq edilib. Elşad Eldar oğlu Məmmədov adlı şəxs “TikTok”da sənətçinin adına saxta hesab açaraq onun fanatlarına mesaj yazıb. Nigar Camalla pul qarşılığında görüşdürə biləcəyini deyib.
    //oxu.az

  • Müəllimlərin əksəriyyəti qadınlardır, gender balansı pozulub – Məleykə Abbaszadə

    Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təhsil sahəsində kişi müəllimlərin azalmasına və gender balansının pozulmasına öz münasibətini bildirib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında qeyd edib ki, insanları bu peşəni seçməyə məcbur etmək düzgün deyil.

    “Bu məsələ ilə bağlı peşəyönümlü ciddi işlər aparılmalıdır ki, oğlanlar müəllimlik peşəsini seçsinlər. Maarifləndirmə işləri artmalıdır. Gender balansı pozulub. Müəllimlərin əksəriyyəti qadınlardır. Ancaq məktəb direktorlarının əksəriyyəti kişilərdir. Dövlət qulluğunda da biz görürük ki, təhsil sahəsində rəhbər vəzifələrdə kişilər üstünlük təşkil edir”, – deyə M.Abbaszadə qeyd edib.

  • Ötən il Azərbaycanda 8 minə yaxın qızılcaya şübhəli xəstə aşkar edilib

    Respublika ərazisində 8 minə yaxın qızılcaya şübhəli xəstə aşkar edilib.

    Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilir.

    Qeydə alınmış hər bir qızılca hadisəsinin yaşayış və iş yeri üzrə, həmçinin təhsil müəssisələri, o cümlədən məktəbəqədər uşaq müəssisələri, uşaq evi, internat, sığınacaq, sanatoriya və digər müəssisələr üzrə epidemioloji müayinəsinin aparılması təmin edilib.

    Yaşa görə peyvəndlərdən kənarda qalmış uşaqların aktiv aşkarlanması və təcili vaksinasiyaya cəlb edilməsi işinə nəzarət gücləndirilib.

  • Ermənistandan Azərbaycana qaytarılan əsgərimizin atası: “Dilimiz söz tutmur”

    “Ailəlikcə sevincdən şok yaşayırıq. Sevinməmək mümkün deyil. Dilimiz söz tutmur, xoşbəxtliyimizi necə ifadə edəcəyimizi bilmirik”.

    AzVision.az xəbər verir ki, bunu Laçında azaraq Ermənistana keçən və bu gün Vətənə qaytarılan əsgərimiz Ruslan Pənahovun atası Eldəniz Pənahov deyib.

    O bildirib ki, ailəsi oğlunun geri qaytarılması ilə bağlı məlumatı dostlarından öyrənib.

    “Bir saat olar ki, xəbər tutduq. Dost-tanış zəng edib gözaydınlığı verdi. Ən sevincli günümüzdür”, – əsgər atası deyib .

    Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

    Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin “sərhədi qanunsuz keçmək”, “silah gəzdirmək” və s. maddələri ilə ittiham olunduğunu bildirib.

    Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib.

    Qeyd edək ki, o, bu gün Vətənə qaytarılıb.

  • Xalqxeber.Az xəbər portalı 12 yaşında

    Bu gün Xalqxeber.Az xəbər saytının 12 yaşı tamam olur.

    Sayt 2012-ci il martın 5-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb.

    Xalqxeber.Az günün 24 saatı işləyir.

    Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Xalqxeber.Az portalı geniş oxucu auditoriyasına malikdir.

    Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və video reportajlar da dərc olunur.

    Xalqxeber.Az saytı hər zaman doğru, dolğun, dəqiq və operativ şəkildə paylaşdığı informasiya ilə öz izləyici kütləsini qazanıb.

    Sosial, ictimai, mədəni, siyasi, iqtisadi Azərbaycanda və dünyada baş verən bütün yenilikləri oxuculara çatdıran sayt, sosial məsələlərin işıqlandırılmasına da daim həssaslıqla yanaşıb.

    Bu ötən illər ərzində oxucularına hər zaman aktual məsələlərə dair xəbərləri çatdırmağa çalışıb.

    Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində Xalqxeber.Az Azərbaycanın media məkanında özünün layiqli yerini tutub.

  • Azad edilmiş rayonlarda onminlərlə daşınmaz əmlakın arxiv sənədləri rəqəmsallaşdırılıb

    Laçın rayonu ərazisində təmir olunan 367 fərdi yaşayış evinin və 144 mənzilin, Zabux kəndində yeni tikilən 223 fərdi yaşayış evinin və Şuşa şəhərində 223 mənzilin texniki pasportu hazırlanıb.

    Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

    Qeyd edilib ki, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Zəngilan, Xocavənd, Ağdam rayonları üzrə arxiv sənədlərinin mövcud tikililərə bağlantısı işləri aparılır, yaranan uyğunsuzluqlar araşdırılaraq rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə dürüstləşdirilib.

    İşğaldan azad olunmuş ərazilərdə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə rayon icra hakimiyyətinin, mərkəzi icra hakimiyyətləri və digər dövlət müəssisə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə 2023-cü il ərzində Qarabağ Rəqəmsal Geoinformasiya Sistemi (QRGS) üzərindən 968 daşınmaz əmlak (bina və tikili) barədə arxiv məlumatları (sənədləri) rəqəmsallaşdırılıb, həmçinin 1 132 bina və tikili ərazilərdə aparılan inventarizasiya nəticəsində təsbit edilib.

    Ümumilikdə isə hesabat ilinin sonuna 164,8 min daşınmaz əmlak (bina və tikili) barədə arxiv məlumatları sənədləri rəqəmsallaşdırılaraq QRGS-yə daxil edilib.

  • “Ginnesin rekordlar kitabı”na düşmüş metro stansiyasından – VİDEOREPORTAJ

    Bu gün haqqında danışacağımız stansiya Bakı Metropoliteninin ən sadə stansiyasıdır.

    1970-ci ildə fəaliyyətə başlayan stansiyaya “Ulduz” adı verilib. 1995-ci il oktyabrın 28-də stansiyada bədbəxt hadisə baş verib. Bu tarixdə baş verən partlayış zamanı qatarın alışması nəticəsində 300-ə yaxın insan həlak olub, 270 nəfər yaralanıb.

    AZƏRTAC metronun “Ulduz” stansiyasından reportaj hazırlayıb.

    Həmin reportajı təqdim edirik:

  • TƏCİLİ: Azaraq Ermənistana keçən Azərbaycan əsgəri Vətənə qaytarıldı (VİDEO)

    Bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Vətənə qaytarılıb.

    Median.Az Report.az-a istinadən xəbər verir ki, onu gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.

    Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

    Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi “sərhədi qanunsuz keçmək”, “silah gəzdirmək” və s. ilə ittiham olunduğunu bildirib.

    Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib.