Month: Aprel 2024

  • Lənkəranda avtobus piyadanı vuraraq öldürüb

    Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Bildirilib ki, aprelin 30-u saat 15 radələrində Lənkəran rayon sakini T.Məhərrəmov idarə etdiyi sərnişin avtobusu ilə yolu keçmək istəyən piyada, 1939-cu il təvəllüdlü İ.İbrahimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Araşdırma aparılır.

  • Dini liderlər Bakıda və Şuşada bir araya gələcəklər

    Dini liderlər Bakıda və Şuşada bir araya gələcəklər.

    Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçiriləcək Dini Liderlərin Bakı Görüşündə iştirak etmək üçün Bakıya gələn Rus Pravoslav Kilsəsinin Xarici kilsələrarası əlaqələr şöbəsinin sədri, Patriarx Kirilin vikarisi Mitropolit Antoniy ilə görüşündə qeyd edib.

    QMİ sədri Prezident İlham Əliyevin himayəsi ilə ənənəvi keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu aktual problemlərin müzakirəsi üçün ciddi platforma olduğunu diqqətə çatdırıb.

    O bildirib ki, forum çərçivəsində QMİ-nin təşkilatçılığı ilə həm Bakıda, həm də Şuşada tədbirlər keçiriləcək, 40-dan çox ölkəni təmsil edən dini liderlər və tanınmış ictimai xadimlər dinlərarası dialoq vasitəsi ilə etimadın möhkəmləndirilməsi, eləcə də digər məsələlər ətrafında müzakirələr aparacaqlar.

    QMİ ilə Rus Pravoslav Kilsəsi arasında faydalı əməkdaşlığa və qarşılıqlı etimada söykənən əlaqələrin olduğunu diqqətə çatdıran Allahşükür Paşazadə 30 ilə yaxın müddətdə davam edən Ermənistan-Azərbaycan münaqişəsinin dini zəminə keçməməsi üçün Patriarx Kirilin gördüyü işləri, vasitəçilik missiyasını yüksək qiymətləndirib.

  • Banqladeşdə anomal istilər nəticəsində azı 10 nəfər ölüb

    Banqladeşdə son bir həftə ərzində davam edən anomal isti hava səbəbindən azı 10 nəfər ölüb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Dhaka Tribune” qəzeti məlumat yayıb.

    Bu Cənubi Asiya respublikasının 17 regionunda havanın temperaturu rekord göstəricilərə çatıb. Paytaxt Dəkkədə havanın temperaturu 41 dərəcəyə çatıb.

    Sinoptiklər anomal istilərin yaxın günlərdə də davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

  • Əfqanıstanda məscidə hücum olub, 6 nəfər ölüb

    Əfqanıstanın qərbində Herat əyalətində silahlı şəxsin məscidə hücumu nəticəsində azı 6 nəfər ölüb.

    Bu barədə “Pajvak” agentliyi mənbəyə istinadən məlumat yayıb.

    Bildirilib ki, naməlum silahlı şəxsin məscidə hücumu nəticəsində 1 nəfər yaralanıb.

    Xarici KİV-lərin məlumatına görə, hücum bu əyalətin Quzara rayonunda baş verib.

  • Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb – VİDEO

    Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini “beh” qismində dələduzluq yolu ilə ələ keçirən 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Həsənov Elman saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində onun elan saytlarında gündəlik olaraq ən çox yerləşdirilən məlumatlardan saxta elanlar düzəltdiyi müəyyən olunub.

    E.Həsənov digər şəxslərin adına olan mobil nömrələrdən istifadə etməklə onunla əlaqə saxlayan vətəndaşlara həmin məhsulları satacağı vədi verərək müxtəlif məbləğlərdə “beh” alıb. Zərərçəkənlər göndərdikləri pulları həmin şəxsin özünə aid olmayan bank hesab kartlarına köçürüblər.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Doha Bəyannaməsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək verilib

    Ərəb Dövlətləri Liqası – Mərkəzi Asiya – Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında Forumun yekunlarına dair Doha Bəyannaməsi qəbul edilib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, Doha Bəyannaməsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək, sülh müqaviləsinin tezliklə yekunlaşdırılmasına dair çağırış, habelə Azərbaycanın 4 kəndinin qaytarılmasını nəzərdə tutan delimitasiya razılığının əhəmiyyətinə vurğu öz əksini tapıb.

    Bildirilib ki, Doha Bəyannaməsi eyni zamanda bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda sülh, sabitlik və təhlükəsizliyə hədə törədən mina təhdidindən dərin narahatlıq ifadə edərək, BMT və üzv dövlətləri, habelə digər maraqlı tərəfləri bu təhlükəyə qarşı mübarizədə dəstək göstərməyə dəvət edib.
    //report

  • Misir atəşkəs müqabilində HƏMAS-a 33 girovu azad etməyi təklif edib

    Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan 33 girovu azad etmək üçün Misirdən təklif alıb.

    Bu barədə Amerikanın “CNN” telekanalı məlumat yayıb.

    Misirin Qəzzada hərbi əməliyyatların müvəqqəti dayandırılması müqabilində girovları azad etməyi təklif etdiyi bildirilir.

    İsrail bu təklifin hazırlanmasında iştirak edib, baxmayaraq ki, Qüds hakimiyyəti bununla tam razı deyil. Misirin planı iki mərhələdən ibarətdir.

    İlkin olaraq 20-33 girov bir neçə həftə ərzində döyüş əməliyyatlarının dayandırılması müqabilində azad edilməlidir. İkinci mərhələ daimi atəşkəsə nail olmaq üçün səyləri əhatə edəcək.

  • Yaponiya tarixinin ən dağıdıcı SUNAMİLƏRİ

    Sunami ən böyük dağıdıcı təbiət hadisəsidir. Bu söz yaponca “liman” mənasını verən “tsu” və “dalğa” mənasını verən “nami” sözlərinin birləşməsindən yaranıb. Yaponiya yerləşməsi səbəbindən təbiətin bu dağıdıcı qüvvələrinə tez-tez məruz qalır. Bütün təbii fəlakətlər arasında, sunamilər bu ölkənin tarixində xüsusi yer tutur, böyük dağıntılara səbəb olur və minlərlə insanın həyatına son qoyur.

    Baku.ws Yaponiyada indiyə qədər baş verən ən dağıdıcı sunamilərin siyahısını təqdim edir:

    1586-cı ildə baş verən İse-Bey sunamisi

    1586-cı il yanvarın 18-də Yaponiyanın Ise Körfəzi ərazisində 8,2 bal gücündə sunami yaradan güclü zəlzələ baş verib. Dalğaların hündürlüyü 6 metrə çatıb və bir neçə şəhərdə ciddi dağıntılar olub. İse Körfəzindəki sunami nəticəsində 8 mindən çox insan həlak olub, zərər isə çox böyükdür.

    1707-ci ildə baş verən Nankaydo sunamisi

    1707-ci il oktyabrın 28-də Nankaydo bölgəsində 8,4 bal gücündə zəlzələ baş verdi. Bu zəlzələ Sakit okean sahilində 25 metrə qədər yüksəklikdə dalğalarla sunamiyə səbəb oldu. Osaka şəhərində də ciddi zərərlər qeydə alınıb. Ümumilikdə, təxminən 30 min bina zərər görüb və təxminən 30 min insan ölüb.

    1896-cı ildə baş verən Sanriku sunamisi

    1896-cı il iyunun 15-də Yaponiyanın Sanriku sahilində 7,6 bal gücündə zəlzələ baş verib və bu sunamiyə səbəb olub. Sirahama rayonunda dalğanın hündürlüyü 38,2 metrə çatıb və 11 mindən çox evin dağıdılmasına və 22 mindən çox insanın ölümünə səbəb olub. Çinin şərq sahilində də təxminən 4 min nəfərin ölümü ilə nəticələnən və tarlalara ciddi ziyan vuran sunami qeydə alınıb.

    1771-ci ildə baş verən Ryuyku adalarındakı sunami

    1771-ci il aprelin 24-də Yaponiyanın Ryukyu adalarında 7,4 bal gücündə zəlzələ baş verdi, sunami yarandı. Bölgədəki bir çox adaya ziyan vurdu. Ən ciddi zərərlər Ishigaki və Miyako adalarında qeydə alınıb. Ishigaki adasında dalğaların hündürlüyünün 85,4 metrə çatdığı iddia edildi. Ümumilikdə 3137 ev dağıdıldı və təxminən 12 min insan həlak oldu.

    2011-ci ildə Sakit okeanın şimal sahilidəki sunami

    2011-ci il martın 11-də Yaponiyada 10 metr hündürlüyündə və 800 km/saat sürətlə hərəkət edən dalğalar gətirən güclü sunami baş verdi. 18 mindən çox insan öldü. Bu sunami 9,0 maqnitudalı zəlzələdən qaynaqlandı. Təxminən 452 min insan sığınacaqlara köçürüldü və hələ də evsizdir. Dünya Bankının hesablamalarına görə, Yaponiyanın 235 milyard dollarlıq zərəri bərpa etməsi hələ bir neçə il çəkəcək.

  • Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

    Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək.

    Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib.

    Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır.

    QMİ rəsmisi bildirib ki, Azərbaycandan Həcc ziyarətinə ayrılan 1 500 nəfərlik kvotanın dolmasına az qalıb.

    Qeyd edək ki, Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb.

    Ziyarətin bir nəfər üçün qiyməti 5 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

    Xatırladaq ki, iyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.

  • Məhkəmə Anar Məmmədli barədə qərar verib

    Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə qərar verib.

    “Report” xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, A.Məmmədli ötən gün saxlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.