Month: Aprel 2024

  • Azərbaycanlı general vəfat etdi – FOTO

    Uzun müddət Rusiyada Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, polis generalı Ramiz Abışov vəfat edib.

    Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

    Bildirilib ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib.

    Qeyd edək ki, polis generalı Ramiz Ziyad oğlu Abışov 1957-ci ildə Biləsuvarın Aşağı Cürəli kəndində doğulub.

  • G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

    “Böyük yeddilik” (G7) ölkələrinin energetika nazirləri 2035-ci ilədək kömürdən imtina etmək barədə birgə razılığa gəliblər.

    AZƏRTAC xəbər verir ki, yekun qərarın bu gün dərc olunacağı gözlənilir.

    Məlumata görə, İtaliyanın Turin şəhərində aprelin 29-da keçirilən görüşdə yeddi ölkənin iqlim, energetika və ətraf mühit nazirləri elektrik enerjisi istehsalında kömürdən istifadədən mərhələli şəkildə imtina olunması barədə razılaşıblar.

    “Texniki saziş mövcuddur”, – deyə İtaliyanın energetika naziri Cilberto Piketto-Fratin bəyan edib.

    “Böyük yeddilik” kömürlə işləyən elektrik stansiyalarının 2023-cü ildə bağlanmasına dair konkret addımlar atmaq qərarına gəlib. Lakin konkret qrafik razılaşdırılmayıb.

    “Bu, ötən il Dubayda COP28-də nail olmadığımız tarixi sazişdir”, – deyə Böyük Britaniyanın energetika naziri Endryu Boui “Class CNBC”yə müsahibəsində bildirib.

    O vurğulayıb ki, “Böyük yeddilik” ölkələrinin hazırda dünyaya mərhələli şəkildə kömürdən imtina olunması barədə ümumi siqnal göndərməsi faktı sadəcə inanılmazdır.

    Yekun saziş mədən yanacağından istifadədən faktiki imtina olunması istiqamətində ilk konkret addıma çevriləcək. Məsələn, G7 ölkələrini qəbul edən İtaliya 2022-ci ildə əvvəlki kimi öz elektrik enerjisinin 4,7 faizini kömürlə işləyən bir neçə elektrik stansiyasında istehsal edib. Roma hökuməti hazırda sistemləri 2025-ci il üçün dayandırmağı planlaşdırır, Sardiniyada son müddət 2028-ci ildir.

    Lakin Almaniya və Yaponiyada kömür daha böyük rol oynayır. Almaniya Federal Statistika İdarəsinin mart ayında verdiyi məlumata görə, kömürlə istehsal olunan elektrik enerjisinin payı 2023-cü ildə 26 faiz təşkil edib. Bu, onu Almaniyada elektrik enerjisi istehsalı üçün ikinci ən mühüm enerji mənbəyinə çevirib. Federal Respublika 2020-2038-ci illər dövründə kömürdən mərhələli şəkildə imtina edilməsini qanunla müəyyənləşdirib.

  • Yevlaxda Eldar şamlarının kütləvi qurumasının səbəbləri AÇIQLANDI – FOTO

    Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində, Yevlax rayonundan keçən hissəsində Eldar şamlarının kütləvi qurumasının səbəbləri məlum olub.

    Bu barədə “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvərlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Xidmətinin, Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev bildirib.

    O qeyd edib ki, son illər respublika ərazisində, xüsusilə də Aran bölgəsində şam ağaclarının kütləvi quruması halları müşahidə olunur. Qurumanın əsas səbəblərini müəyyən etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Aqrar Xidmətlər və Qida Təhlükəsizliyi agentliklərinin mütəxəssisləri ilə birgə monitorinqlər aparılıb və ağacların quruma səbəbləri araşdırılıb.

    “Araşdırmalar və monitorinqlər zamanı məlum olub ki, son illər havaların isti, quraq keçməsi, qış dövründə şaxtalı günlərin sayının az olması, qlobal iqlim dəyişikliyi nəticəsində qrunt suların səviyyəsinin aşağı düşməsi bəzi ağacların, əsasən də Eldar şamlarının zəifləməsinə gətirib çıxarıb və ağac gövdələrində olan əsas ziyanvericilərin aktivliyi üçün münbit şərait yaranıb. Bu da zərərvericilərin say dinamikasında artıma gətirib çıxarıb. Əsas bizim müşahidə etdiyimiz zərərvericilər qabıq böcəkləridir ki, bu böcəklər ağacın qabığına sirayət edərək onun altına daxil olur və burada qoyulan yumurtalar, yumurtadan çıxan sürfələr floema qatını zədələyir, ağacda gedən maddələr mübadiləsi prosesinin pozulmasına səbəb olur. Bu xəstəliklərin də yayılmasının əsas səbəbi zərərvericilərin qabıq altında hərəkət etməsidir. Bunun da nəticəsində ağaclarda bir neçə ay, bəzən də bir neçə həftə içərisində kütləvi quruma halları müşahidə olunur. Bu xəstəliklərin yayılmasının ağaclarda ilkin əlamətləri odur ki, ilk olaraq yarpaqlar saralır, daha sonra qızarır və nəticədə ağaclar getdikcə quruyur. İsti havalarda isə xəstəliyin təsiri nəticəsində ağaclar daha sürətli şəkildə, 10-15 gün içərisində quruyaraq sıradan çıxır”, – V.Fərzəliyev bildirib.

    O, ərazidəki quruyan ağacların nömrələndiyini, ətrafdakı digər sağlam ağacların yoluxmasının qarşısının alınması məqsədilə onların bir hissəsinin artıq ərazidən götürüldüyünü vurğulayıb:

    “Hazırda ərazidəki digər qurumuş ağacların götürülməsi işləri aparılır, quru ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri tərəfindən təmizlənərək ərazidən daşınır”.

    Xidmət rəsmisi onu da qeyd edib ki, sahə meşə əkininə hazırlandıqdan sonra ərazidə yerli şəraitə uyğun yeni ağaclar əkiləcək.

  • Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? – AÇIQLAMA

    Bakıda sənədsiz evlərin ucuzlaşması barədə yayılan məlumatlar inandırıcı deyil.

    Median.Az bildirir ki, bu barədə Trend-ə “MBA Consulting Group” şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

    O qeyd edib ki, sənədsiz evlərin ucuzlaşması ilə bağlı məlumat yayanların bəlkə də hanısa məqsədləri var.

    “Nəyə görə inandırıcı deyil? Sənədsiz evləri kimlər tikir? Vətəndaşlar tikir və öz yaşayışları üçün tikirlər. Sənədli ev almaq üçün vətəndaşların imkanı çatmır və gedir sənədsiz torpaq alır, üzərində sənədsiz ev tikərək yaşayır. O evi də satanda ən azı çəkdiyi xərci üzərinə qoyub satır. Sənədsiz evlərin satılması da qanuni baxımdan mümkün deyil. Yəni bu evin çıxarışı yoxdur, təsdiqedici sənədi yoxdur. Necə sata bilər onu? Onun satılması da qanunsuzdur”, – deyə o, əlavə edib.

    N.İbrahimov bildirib ki, ümumilikdə mənzil bazarında durğunluq müşahidə olunur.

    “Hazırda havaların istiləşməsinə baxmayaraq, mənzil bazarında, həyət evlərinin satışında aktvliyin artması hiss edilmir. Mənzil bazarına axın yoxdur. Ümumiyyətlə notariuslarda qaydalar sərtləşdiriləndən sonra, yəni, 20 min manatdan artıq ödəniş olduqda pulun mənbəyi haqda məlumat təqdim etmək tələb edildikdən sonra, bazarda aktivlik aşağı düşdü. Bazarda hələ ki, durğunluq var, artım-azalma müşahidə olunmur”, – deyə o, vurğulayıb.

  • Bakıdan ova gedənlər şikar tapmayıb inəyi vurdular – Kuryoz hadisə

    İnəyi ov tüfəngi ilə vuran şəxslərin məhkəmə prosesi başa çatıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Xızı Rayon Məhkəməsində keçirilən prosesdə 1969-cu il təvəllüdlü Qubadlı sakini Rəvan Mirzəyev və 1976-cı il təvəllüdlü Füzuli sakini Qurban Namazova (ad-soyadlar şərtidir) hökm oxunub.

    Hökmə əsasən, hər iki şəxsin azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.

    Onların cəza almasına səbəb olan qeyri-adi hadisə ötən ilin 2 sentyabr tarixində baş verib.

    Belə ki, adıçəkilən şəxslər Bakıdan ov məqsədilə Xızıya yollanıblar. Lakin onlar meşədə ovlamaq üçün heyvan tapa bilməyiblər. Bundan sonra nahar etmək qərarına gəliblər və bu zaman onların gözünə meşədə otlayan inək sataşıb.

    Nə qədər qəribə səslənsə də, Rəvanla Qurban 200 kq çəkisi olan inəyi ov tüfəngi ilə vurublar.

    Onlar daha sonra bıçaqla heyvanı doğrayıb ətini avtomobilin arxa yük yerinə yığıblar. Bu zaman polis əməkdaşları onları saxlayıb, Xızı RPŞ-yə gətiriblər.

    Ovçular inəyi vurmaq ideyasının haradan yarandığını özləri də bilmədiyini açıqlayıb.

    Zərərçəkmiş şəxs, inəyin sahibi isə ona məxsus heyvanı fotosundan tanıyıb. Belə ki, o, polis şöbəsinə gedərək inəyinin itdiyi barədə məlumat verib. Şöbədə isə ona kəsilmiş heyvan şəklini göstərərək “bir inək vurublar, bax gör sənin inəyindir?” deyə soruşduqda, şəklə baxıb inəyin ona məxsus olmasını təsdiqləyib.

    Bundan sonra kəsilmiş inəyin ətini ona veriblər. Hadisədən sonra təqsirləndirilən şəxslər zərərçəkmişə başqa bir inək alıb veriblər. O isə ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti və tələbi olmadığını bildirib.

  • Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: “Artıq gedə biləcəyimiz bir məzar var” – VİDEO

    Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş 73 nəfərin şəxsiyyətini, basdırıldığı yerləri müəyyənləşdirib.

    Onlardan biri də Seyfəddin Nəcəfov olub.

    O, 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə əsir düşüb.

    Onun qızı Aytəkin Nəcəfova isə 30 il ata həsrəti çəkib:

    “Mən və əkizim heç vaxt atamı görməmişik. Yalnız böyük bacım onu görüb. Artıq gedə biləcəyimiz bir məzar var. Bu hisslər çox gözəldir. İnsan bu məqamda həyatının ən çöküş və xoşbəxt anını yaşayır”.

    Daha ətraflı APA TV-nin süjetində:

  • İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb

    İrandan Azərbaycana idxal olunan bəzi ərzaq məhsullarında “Kif-maya” göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Report”a verilən məlumata görə, İranda fəaliyyət göstərən sahibkarlıq subyektləri − “Soda Tejarat Diba”, “Tolidi Bazargani Modern Sazan Mandegar”, “Behzad Tejarat Aras İlman”, “Maham Tejarat Dena Paydar”, “Asia Fruits”, “Hamid Fallah Co.” və “Seyed Reza Farahmandnia” MMC tərəfindən Azərbaycana ixrac edilən xurma, püstə, zirinc və qovrulmuş çətənə məhsullarından nümunələr götürülüb, analiz edilib.

    Məlumatda qeyd edilib ki, müayinələr nəticəsində məhsul partiyalarında “Kif-maya” göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

    Bununla əlaqədar Agentlik İran tərəfinə notifikasiya verib, adıçəkilən subyektlər tərəfindən Azərbaycana məhsul ixracının dayandırılması və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsinin zəruriliyi bildirilib.

  • Azərbaycanda kənd yolları turizmin inkişafı üçün yararlıdırmı?

    Bütün dünyada olduğu kimi, Azərbaycanda da kənd yerlərində yaşayanlar ilin isti aylarında evlərində turist qəbul etməyə, başqa sözlə, mövsümi də olsa, kənd turizminin imkanlarından faydalanmağa çalışırlar.

    Bəs bunun üçün kənd yollarımız yararlıdırmı?

    “Report” mövzu ilə bağlı ekspertlərin rəyini öyrənib.

    “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, “Azərbaycan Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi deyir ki, son illər Azərbaycan höküməti kəndlərə aparan yollarla bağlı xeyli iş görüb və bu sahədə vəziyyət elə də pis deyil: “Ucqar kəndlərimizə belə asfalt yollar çəkilib. Bu, bir tərəfdən turistlərin kəndlərə hərəkət etməsini asanlaşdırır, digər tərəfdən isə nəzərə almaq lazımdır ki, asfalt ekoloji örtük deyil, onun ətraf mühitə ziyanı var, bəzi hallarda biomüxtəlifliyi pozur. Hesab edirəm ki, təbiət şəraitə müdaxilə etmək, bütün kəndlərə asfalt yollar çəkmək məqsədəuyğun deyil. Ümumiyyətlə isə, yol çəkilişində strateji yanaşma olmalıdır. Bir neçə yol növü var ki, hamısından istifadə etməliyik, təbiətə, mühitə uyğun olanını seçməliyik”.

    “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası”nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov isə hesab edir ki, Azərbaycanda turizm imkanı olan rayonların mərkəzi yollarında problem olmasa da, kənd yolları ilə bağlı vəziyyət elə də yaxşı deyil: “Yaxşı olardı ki, turistlərin kəndlərə hərəkəti ilə bağlı çətinliklər aradan qaldırılsın. Çünki, turistlər gəzməyi sevirlər. Rayon mərkəzlərində bu baxımdan problem yoxdur, amma kəndlərdə ola bilər”.

    “Report” mövzu ilə bağlı dövlət qurumlarının da mövqeyini öyrənib. Dövlət Turizm Agentliyindən bildirilib ki, qurum turizm obyektlərinə gedən yollarla bağlı cavabdehlik daşımır.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, kəndlərə yolların çəkilməsi, mövcud yolların yenidən qurulması “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı” çərçivəsində öz həllini tapır: “Bu proqrama uyğun olaraq təmirə ehtiyacı olan yollarla bağlı siyahı tərtib olunub. Həmin siyahı əsasında rayonlarda lazımi işlər icra olunur”.

  • 144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb

    144 ticarət və 160 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

    Bununla bağlı “Report”a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Qeyd edilib ki, pozuntular Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar aparılan monitorinqlər nəticəsində üzə çıxarılıb.

    Yoxlamalar aprelin 22-29-da 158 ticarət və 171 ictimai iaşə müəssisəsində həyata keçirilib.

    Qeyd edək ki, nəzarət tədbirləri COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz qidalanma xidmətlərinin göstərilməsi məqsədilə həyata keçirilir. İlkin mərhələdə Bakı və Sumqayıt şəhərlərində yerləşən keytrinq, otel və sanatoriyalarda qida təhlükəsizliyi vəziyyətinin öyrənilməsi üçün müvafiq qiymətləndirmə keçirilib, sahibkarlarla bu istiqamətdə maarifləndirilmə işləri aparılıb. Eyni zamanda sözügedən qiymətləndirmədə iştirak edəcək müfəttişlərə tədbirlə əlaqədar müxtəlif mövzularda təlimlər keçirilir.

  • Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

    Ermənistanın Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Berkaber kəndi minalardan təmizlənib.

    Median.Az “Aysor”a istinadən xəbər verir ki, bunu Berkaber kənd icmasının başçısı Tiqran Arutyunyan bildirib.

    Onun sözlərinə görə, hazırda ərazidə delimitasiya və demarkasiya üzrə işlər görülmür.