Month: July 2024

  • Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıblar

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri Cabir Məmmədov, Məhərrəm Cəbiyev və Yusif Məmmədov saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, C.Məmmədov və Y.Məmmədovun yaşadıqları evin həyətyanı sahələrində, M.Cəbiyevin isə Darquba kəndi ərazisində əkin sahəsində kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 20 ədəd çətənə kolu aşkarlanıb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Kreml: Putin Ukrayna ilə bağlı istənilən dialoqa açıqdır

    “Rusiya Ukrayna ilə bağlı istənilən dialoqa açıqdır. Bunu Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bildirib”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə dialoqun mümkünlüyü barədə danışarkən deyib.

    “Prezident Putin dəfələrlə bildirib ki, Rusiya Federasiyası qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün istənilən təmasa, istənilən dialoqa açıqdır. Biz bu açıqlığı qoruyuruq, prezident də bu barədə dəfələrlə danışıb”, – deyə Peskov Kremlin vasitəçilərlə danışıqları dəstəkləməyə hazır olub-olmadığı ilə bağlı suala cavab verib.

    Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski “The Philadelphia Inquirer” nəşrinə müsahibəsində deyib ki, o, Moskva ilə danışıqların mümkün modelini taxıl sazişinə bənzər üçtərəfli saziş formatında görür.

    Xatırladaq ki, taxıl sazişi formatında danışıqlarda vasitəçi qismində BMT və Türkiyə iştirak edib.

  • Azərbaycan və İsrail XİN rəhbərləri telefonla danışdı

    İyunun 28-də xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri İsrael Katz arasında telefon danışığı aparılıb.

    XİN-dən verilən məlumata görə, tərəflər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivlərini, beynəlxalq və regional məsələləri, Qəzza ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

    C.Bayramov Qəzzada qısa müddət ərzində atəşkəsin əldə olunmasının, hər iki tərəfdən mülki əhalinin hədəf alınmamasının, İsrail-Fələstin münaqişəsininin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.  

    Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində 2024-2026-cı illəri əhatə edən sədrliyi çərçivəsində görülməsi zəruri olan işlər və planlar telefon danışığı zamanı nəzərdən keçirilib.

    Nazir post-münaqişə dövründə bölgədəki mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə məsələləri, habelə Azərbaycan-Ermənistan sülh prosesi barədə qarşı tərəfə ətraflı məlumat verib.

    Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində iki ölkə arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.

    Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

  • Gəncədə fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlandı

    Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gəncə şəhəri, A.Səhhət küçəsi, bina 20, mənzil 5 ünvanında yerləşən “Eldar” aptekdə keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.

    Aptekdə aşkarlanan “Bəyaz Flora” MMC-yə məxsus 18 ml şüşə flakonlu “Stopain” əmtəə nişanlı qulaq damcısının gigiyenik vasitə olmasına baxmayaraq istifadə təlimatında (içlik vərəqə) bioloji aktiv qida məhsulu olduğu göstərilib. Həmçinin yoxlama zamanı aptekdə istifadə müddəti bitmiş “Kalmapol” və “OsteoCal-D” nişanlı bioloji aktiv qida məhsulları aşkarlanıb.

    Faktla bağlı qanunvericiliyə uyğun olaraq, nöqsan aşkarlanmış məhsullarla bağlı məhdudlaşdırıcı tədbir görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluqların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • İşğaldan azad olunan ərazilərə bu günə qədər ayrılan vəsaitin həcmi AÇIQLANDI

    “Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dövlət proqramı çərçivəsində 16 milyard manatdan çox vəsait ayrılıb”.

    “Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov bildirib.

    “Bununla yanaşı, özəl sektorun da bərpa-quruculuq işlərində iştirakını dəstəkləyirik və təşviq edirik. Hazırda həm dövlət-özəl tərəfdaşlığı, həm də birbaşa investisiya ilə bir sıra sahibkarlar həmin ərazilərdə fəaliyyət göstərirlər”, – deyə o qeyd edib.

  • Tanınmış aparıcı “Space”dən getdi

    Aktrisa-aparıcı Raksana İmir bir müddətdir çalışdığı Space TV-dən ayrılıb.

    Bu barədə o, özü məlumat yayıb.

    Raksana bildirib ki, bu gün öz istəyi ilə kanalla yollarını ayırıb.

    Qeyd edək ki, bir müddət öncə aktyor-aparıcı İslam Mehrəliyev Raksananın “Salamlar” verilişindən ayrıldığını açıqlamışdı.

  • Azərbaycanda yüksəkvəzifəli şəxs işdən çıxarılıb

    Elm və Təhsil Nazirliyi ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabe qurumlarda növbəti dövri yoxlama tədbirləri çərçivəsində Dağlıq Şirvan Regional Təhsil İdarəsində (RTİ) yoxlamalar aparıb.

    Bu barədə agentlik məlumat yayıb.

    Qeyd olunub ki, yoxlamalar yerli bölmələr tərəfindən təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsi, direktor və direktor müavinlərinin işə qəbulu prosesinin mövcud qaydalara uyğun təşkili, kadrların təyinatı və yerləşdirilməsi, eyni zamanda qayda və təlimatların icra vəziyyətinin yoxlanılması məqsədilə həyata keçirilib.

    Aparılan yoxlamalar zamanı sözügedən idarənin fəaliyyətində müsabiqə qaydaları və şərtlərinin, təlimati sənədlərin tələblərinin ciddi şəkildə pozulması halları aşkarlanıb. Bununla yanaşı, RTİ-nin tabeliyində fəaliyyət göstərən müəssisələrə nəzarətin təşkilində nöqsanlar aşkar edilib.

    Araşdırmanın nəticəsinə əsasən, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev elm və təhsil nazirinin müvafiq əmri ilə iyulun 1-dən tutduğu vəzifədən azad edilib.

    Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir vəzifəsinin icrası müvəqqəti olaraq idarənin müdir müavini Həmid Qasımova həvalə edilib.

  • İlham Əliyev DSMF-nin 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyib

    Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il büdcəsində dəyişiklik edilməsi qanunu təsdiqləyib.

    Bu barədə AZƏRTAC xəbər yayıb.

    Qanuna görə, DSMF-nin büdcə gəlirləri və xərcləri ilə bağlı proqnoz 6 919,9 milyon manatdan 6 949,9 milyon manata çatdırılıb.

    Gəlirlərdəki artımı məcburi dövlət sosial sığorta haqları ilə bağlı proqnozun 5 288,1 milyon manatdan 5 478,1 milyon manata, o cümlədən qeyri-büdcə sektorundan sosial sığorta daxilolmaları ilə bağlı proqnozun 3 387,1 milyon manatdan 3 577,1 milyon manata çatdırılması, əvəzində isə Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin 1 392 milyon manatdan 1 232 milyon manata endirilməsi təmin edəcək.

    Xərclərdəki artım isə əhaliyə ödənişlər üzrə xərclərin 6 681,6 milyon manatdan 6 706,6 milyon manata, o cümlədən əmək pensiyasının ödənilməsi xərclərinin 6 500 milyon manatdan 6 525 milyon manata, eləcə də Fondun aparatının və struktur bölmələrinin saxlanılması xərclərinin 130,1 milyon manatdan 135,1 milyon manata çatdırılması hesabına olacaq.

  • DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

    Korrupsiyaya görə 5 il 6ay azadlıqdan məhrum edilmiş Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov azadlığa buraxılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Xəzər Rayon Məhkəməsi qərar qəbul edib.

    Hakim qərar qəbul edərkən məhkumun cəzasının 2/3 hissəsini çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb. Z.Sultanov həbs cəzasının qalan 1 il 5 ayından azad edilib.

    Qeyd edək ki, Zakir Sultanov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Zakir Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ziyanın ödənilməsini nəzərə alaraq həbs müddətini 5 il 6 aya endirib.

    Xatırladaq ki, mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramova isə ötən ilin mayında Prezidentin sərəncamı ilə əfv edilib.

  • Prezident İSF-nin 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyib

    Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) 2024-cü il büdcəsində dəyişiklik edilməsi qanunu təsdiqləyib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Qanuna əsasən, İSF-nin büdcə gəlirləri və xərcləri ilə bağlı proqnoz 238 milyon manat saxlanılıb, amma Fondun gəlirlərinin strukturu dəyişib.

    Belə ki, işsizlikdən sığorta haqları ilə bağlı proqnoz 180 milyon manatdan 184,7 milyon manata, o cümlədən qeyri-büdcə sektorundan isşizlikdən sığorta daxilolmaları ilə bağlı proqnoz 134,6 milyon manatdan 139,3 milyon manata çatdırılıb, əvəzində Fondun istifadə olunmamış vəsaiti ilə bağlı proqnoz 57,95 milyon manatdan 53,25 milyon manata endirilib.