Month: September 2024

  • Rusiyalı hakerlər Paşinyanın ofisinin məlumat bazasını ələ keçiriblər

    Rusiyanın haker qruplarından biri FTP ötürmə sistemi vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyanın aparatının məlumat bazasına sızdığını iddia edir.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    Hakerlər hökumətdən onların hesabına 2,5 milyon dollar köçürməyi tələb ediblər. Əks təqdirdə, məlumat bazası növbəti 48 saat ərzində məhv ediləcək.

    Qeyd olunur ki, bu ilin iyun ayında Ermənistan prezidenti, baş naziri və hüquq-mühafizə orqanlarının rəsmi saytlarına hücumun həmin haker qrupu tərəfindən təşkil edildiyi ehtimal olunur.

  • Naxçıvanda İrandan Türkiyəyə yük aparan maşında xeyli psixotrop dərman aşkarlandı

    Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “PVC” yükü aparan yük nəqliyyat vasitəsinə daxil olmuş əməliyyat məlumat əsasında gömrük baxışı keçirilib.

    Median.Az idarəyə istinadən xəbər verir ki, baxış zamanı nəqliyyat vasitəsinin müxtəlif gizli saxlanc yerlərindən təsiredici maddəsinin miqdarı 6436,125 qram olan 28605 həbdən ibarət “Tramadol hidroxlorid” tərkibli dərman preparatları aşkar edilib.

    Qeyd edək ki, “Tramadol” “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiyanın Ermənistandakı səfiri İranla sərhəddə olub

    Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İran-Ermənistan sərhədində dislokasiya olunan Federal Təhlükəsizlik Xidməti (FTX) Sərhədyanı İdarəsinin 127-ci dəstəsini ziyarət edib.

    Məlumatı Rusiyanın Ermənistandakı səfirliyi yayıb.

    Bildirilib ki, səfiri dəstənin rəisi A.Şerbakov qarşılayıb. O, gələn ilə fəaliyyət göstərməsinin 70-ci illiyi qeyd olunacaq dəstənin tarixi və gördükləri işlə bağlı səfiri tanış edib.

    Xatırladaq ki, FTX Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədlərini mühafizə edir. Bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya sərhədçilərinin ölkədən çıxarılması ilə bağlı məsələyə baxacaqlarını deyib.

    ///report

  • Şəmkir sakini ağacdan yıxılaraq ölüb

    Şəmkir rayonu Dəllər Cəyir kəndində ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hündür ağacdan yıxılaraq ağır xəsarət alan kənd sakini xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Meta” Rusiya hesablarına qadağa qoydu

    “Meta” öz bəyanatında, “Rossiya Seqodnya” və Rusiyanın digər sosial media hesablarını qadağan etdiyini açıqlayıb.

    “Meta” səbəb olaraq Rusiyaya məxsus hesabların bəzi aldadıcı yollarla sosial şəbəkə qaydalarını pozdularını göstərib.

    “Rusiyanın dövlət media qurumlarına qarşı davam edən sanksiyalarımızı genişləndirdik. “Rossiya Seqodnya”, “RT” və digər media orqanlarını xarici müdaxilə fəaliyyətlərinə görə bizə məxsus bütün şəbəkələrdə qlobal şəkildə veto edəcəyik”.

    Qadağanın tətbiqinə yaxın günlərdə başlanılacağı bildirilib.

    Qeyd edək ki, “Meta” şirkətinə “Facebook”, ”Instagram”, “WhatsApp” və “Threads” tədbiqləri daxildir.

  • Bakıda həbsxanada daha bir ÖLÜM

    Azərbaycanda məhkum həbsdə ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum Mahir Qayıbalıyev dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.

    Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 23-cü ölüm hadisəsidir.

  • Azərbaycanda gələn il orta maaşın 1 080 manata çatacağı proqnozlaşdırılır

    2025-ci ildə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 1 080 manata çatacağı proqnozlaşdırılır.

    Median.Az bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”ya istinadən xəbər verir.

    Məlumata görə, ölkədə orta maaş 2026-cı ildə 1 156 manata, 2027-ci ildə 1 238 manata, 2028-ci ildə isə 1 326 manata çatacaq.

    Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 % artaraq 1 002 manat təşkil edib.

  • Moskvadakı atışmada MMA döyüşçüləri xəsarət alıb

    Moskvada “Wildberries” mərkəzi ofisi yaxınlığında baş verən münaqişə nəticəsində taekvondo üzrə dünya çempionu, rusiyalı idmançı Umar Çiçayev xəsarət alıb.

    Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

    Bildirilib ki, Çiçaev 2009-cu ildə Malayziyada keçirilən turnirdə dünya çempionu olub. O, həmçinin iki dəfə taekvondo üzrə Avropa çempionatının qalibi olub.

    Münaqişə zamanı Çiçayevdən başqa, qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü Abubakar Mestoyev də yaralanıb. O, bütün növ karate üzrə Rusiya çempionu, karate üzrə Avropanın vitse-çempionudur.

    Daha əvvəl bildirilmişdi ki, naməlum şəxslər sentyabrın 17-də günorta saatlarında şirkətin Moskvanın Romanov prospektindəki ofisinə gəliblər. Orada kişilər şirkətin binaları ilə bağlı hər şeyi həll etməyə çalışaraq davaya başladılar. Ümumilikdə 8 nəfər saxlanılıb.

  • İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

    Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum olub.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki il ərzində bulvar büdcəsində olan 2 milyon manatdan artıq pul vəsaitini tamah niyyəti ilə mənimsəməkdə ittiham olunur.

    Hesablama Palatası bir müddət əvvəl həmin idarədə 4 milyon manatdan çox kənarlaşma halının olduğunu elan etmişdi.

    Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı geniş istintaqla isə ziyanın 2 milyondan bir qədər çox olması təsdiqini tapıb.

    İstintaq orqanı ziyanın böyüklüyünü və digər əsasları nəzərə alaraq sabiq idarə rəisinin həbsini tələb edib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İ.Mustafayev haqda 3 ay 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onun ittiham edildiyi 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinin sanksiyasında 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

  • Sabahdan bu yol da bağlanır – Sürücülərin nəzərinə!

    19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Bildirilib ki, sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.